525.Az

Sevin Azərbaycanı - Yazı


 

Sevin Azərbaycanı - <b style="color:red">Yazı</b>

Vətəninin olmağı xoşbəxtlikdir. Müstəqil dövlətinin olmağı isə sözlə ifadə olunması mümkün olmayan böyük xoşbəxtlikdir.

Azərbaycan xalqı əsrlər boyu çox bəlalar çəkib, haçalanıb, parçalanıb, ancaq müvazinətini və müqavimətini itirməyib. Xalq Ulu Tanrının ona ən böyük ərməğanı olan Vətəninin bir hissəsini qoruyub saxlaya, müstəqil dövlətini yarada bilib.

Belə bir deyim var: "Ərazi o zaman vətənə çevrilir ki, milli ruhla canlanmış olsun". Bu millətin milli ruhu Vətən naminə həmişə canlı olub. Onu öldürməyə isə min illərdir, heç bir qüvvənin gücü çatmayıb. Fransız filosu Jan Jak Russo yazırdı ki, dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. Azərbaycan xalqının da mövcudluğu dövründə misilsiz qəhrəmanlıq nümunələri Vətən naminə edilənlərdir. Xalq qəhrəmanı Babəkin yadellilərə qarşı mübarizəsi, tarixi torpaqlarımızda ilk mərkəzləşdirilmiş dövlət yaradan Şah İsmayıl Xətainin apardığı müharibələr, döyüşlər, Xalq Cümhuriyyətinin qurucularının fədakarlıqları, müasir müstəqil dövlətimizin banisi, Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri Azərbaycan üçün idi. Bu böyük şəxsiyyətlər, onların silahdaşları bütün məhrumiyyətlərə, əziyyətlərə, çətinliklərə dözdülər, yeri gəldi imtiyazlarından imtina etdilər, Vətən üçün canlarını belə əsirgəmədilər. Ona görə ki, onlar Azərbaycanı sevirdilər. Vətən sevgisi onları əlçatmaz zirvələrə ucaltdı, xalqın gözündə böyütdü, ölümsüzləşdirdi.  

Xalqımızın varlığını qoruyub saxlaması, müstəqil dövlət qurmaq əzmi təkcə tarixi şəxsiyyətlərinin deyil, həm də hər bir övladının Vətən sevgisinin nəticəsidir. Əlbəttə ki, Vətənə məhəbbət hissinin formalaşdırılmasında, tarixi məqamlarda Vətən sevgisinin bütün çətinliklərə qalib gəlməsinin təmin edilməsində böyük şəxsiyyətlərin mühüm rolu var. Ancaq reallıq odur ki, bu torpaqlarda yaşayanlar Azərbaycan sevdalısı olmasaydı, nə torpağı, nə millətin varlığını qorumaq, nə də müstəqil dövlət qurmaq mümkün olardı.

Azərbaycan sevgisi bizim milli ədəbiyyatımızın, musiqimizin, müxtəlif incəsənət növlərinin baş mövzusudur. Şair və yazıçıların yazdığı ən yaxşı şeir və nəsr nümunələri, ən gözəl musiqilərimiz, ən möhtəşəm rəsm əsərləri Azərbaycanımıza həsr olunub. Nizamidən Məmməd Araza, qədər görkəmli şairlərimizin, böyük Üzeyirdən Tofiq Quliyevə, Vasif Adıgözəlova, Firəngiz Əlizadəyə, Tofiq Bakıxanova qədər bəstəkarlarımızın əsərlərindəki Azərbaycan ruhu, Bəhruz Kəngərlidən Tahir Salahova qədər  rəssamlarımızın rəsmlərindəki milli kolorit millətimizin hər bir övladının özünü vətəndən ayrı hesab etmədiyinin, Azərbaycan sevgisinin parlaq nümunələridir.

Vətən sevgisi Azərbaycan xalqına qüdrətli dövlətdə yaşamaq xoşbəxtliyi nəsib edib. Azərbaycana olan sevgimizin nəticəsidir ki, indi millətlər içində millətimizin imzası, xalqlar arasında xalqımızın öz yeri var. Azərbaycana olan sevgimizdir dövlətimizi dünyanın inkişaf etmiş, beynəlxalq miqyasda söz sahibinə çevrilən ölkə səviyyəsinə gətirib çıxaran. Ölkəmizin ən ucqarlarına çəkilən rahat yollar, qəsəbə və kəndlərdə tikilən müasir məktəblər, səhiyyə ocaqları, mədəniyyət müəssisələri də, şəhərlərimizdə və paytaxtımızda aparılan nəhəng quruculuq işləri də  Vətənə böyük məhəbbətlə görülən işlərdir.

"Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər", - deyən Prezident İlham Əliyevin bu fikirləri böyük məna kəsb edir. Ölkə rəhbəri bilir ki, müstəqil dövlətçiliyimizi, millətimizin varlığını qoruyub saxlamağın yolu Vətən sevgisindən keçir. Prezident şəxsi nümunə göstərərək hər bir vətəndaşımızı Azərbaycanı sevməyə, Onu göz bəbəyimiz kimi qoruyub saxlamağa çağırır. İlham Əliyevin Vətən sevgisi Azərbaycanı bütün təhlükələrdən qoruyur, ölkəmizi sürətlə irəli aparır, milli və dövlətçilik maraqlarımızı təmin edir.

Azərbaycan bizim odumuz, ocağımız, evimizdir. O, bizim hamımızın həyəcanı, harayıdır. O, bizim ruhumuzda, qanımızdadır.  Qan istəsə qan, can istəsə can verəcəyimiz ilk və son mənzilimizdir. Vətən hər birimiz üçün müqəddəsdir, qibləgahdır. Azərbaycanın milli tarixi bel sütunumuz, milli dəyərləri, dövlətçilik ideologiyası ürəyimiz, hər qarış torpağı göz bəbəyimizdir. Bu mənada Vətəni qorumaq, Onun təəssübünü çəkmək elə özümüzü qorumaq deməkdir.

Ancaq təəssüflər olsun ki, bütün dövrlərdə olduğu kimi, bu gün də sapı özümüzdən olan baltalar millətimizin bütövlüyünə, ölkəmizə zərər verməyə çalışırlar. İstər Azərbaycanın daxilində aparılan islahatları sabotaj etməyə cəhd göstərən "5-ci kalon"un nümayəndələrini, istərsə də müxtəlif xarici ölkələrdə yaşayan, Vətənimizə qarşı qarayaxma kampaniyası aparan "Youtube" qəhrəmanlarını anlamaq mümkün deyil. Axı onların hər birini bu Vətən qoynunda böyüdüb, boya-başa çatdırıb. Hakimiyyətə, iqtidara, liderlərə müxalif olmaq olar, ancaq doğulduğun torpağa qarşı olmağın heç bir izahı yoxdur. Bu mənada xaricdə yaşayan, Vətənə qarşı qarayaxma kampaniyası aparan "Yutub qəhrəmanları" - Orduxan Teymurxanı, Məhəmməd Mirzəlini, Tural Sadıqlını, Sevinc Osmanqızını və digərlərini anlamaq mümkün deyil.

Vətəni sevməyin akademik yanaşması olmur. Azərbaycanı sevmək, ona ləyaqətlə xidmət etmək üçün "akademik" olmağa da gərək yoxdur. Bunun üçün sadəcə vətənpərvər, qeyrətli və vicdanlı olmaq lazımdır. Məsələn, hansısa kənddə yaşayan, heç adını belə yazmağı bacarmayan, ancaq ürəyi vətən eşqi ilə döyünən əlləri qabarlı bir fəhlə milli dövlətinin, xalqının maraqlarını xarici qüvvələrin maraqlarına və şəxsi ambisiyalarına qurban verən Bakıdakı akademikdən müqayisəolunmaz dərəcədə dəyərlidir.

Dövlətə, uzun illər xidmət etdiyin ideallara, qazandığın nə varsa, hamısını borclu olduğun siyasi iradəyə xəyanəti müqəddəs kitabımız "Qurani-Kərim"dən və İslam Peyğəmbərindən sitatlar gətirərək ört-basdır etmək cəhdləri əbəsdir. Xalq hər şeyi bilməsə də, insanoğlunun bütün əməlləri Allah-Təalaya agahdır.

Hədislərdə buyurulur ki, Vətənin bütövlüyünün qorunması üçün insanlar öz doğma torpaqlarını sevməli və düşmənlərlə əməkdaşlıq etməməlidirlər. Hər bir ölkənin qanunvericiliyində ən ağır cinayətlərdən hesab olunan Vətənə xəyanəti Uca Allah da pisləyir: "Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!"

Haqq yolundan azanların bir çoxu onlarla günahsız insanın yolunu azmasına səbəb olaraq ikiqat günaha batıblar.

"Öz vətəninə mənsub olmayan bəşəriyyətə də mənsub deyil".  Bu fikir mənə məxsus deyil. Haqq yolundan azan bəzi xəyanətkarların xidmət etdiyi dövlətin görkəmli publisisti, ədəbi tənqidçisi Vissarion Qriqoryeviç Belinskinin sözləridir. Belə insanlar unutmamalıdırlar ki, tək Belinskinin vətənində deyil, dünyanın istənilən yerində bu reallıq belə qəbul olunur. Yəni öz doğma anasına övlad ola bilməyən kimsəyə övladlıq edə bilməz. Və bəşəriyyətə mənsub olmayan birdəfəlik şpris kimi istifadə olunduqdan sonra tullantı qutusuna atılacaqdır.

Çağdaş dövrümüzün filosofu Əbu Turxan yazır: "Milləti sevmək odur ki, onun hər üzvünün uğuruna öz uğurun kimi sevinəsən və günahı üçün öz günahın kimi xəcalət çəkəsən". Dövlətimiz üçün problem yaradan, sabotajla məşğul olanların millətini sevmədiyi və onun hər bir üzvünün uğurana sevinmədiyi gün kimi aydındır. Heç şübhə yoxdur ki, Azərbaycansevər ziyalılar belə nadürüstlərin günahları üçün xəcalət çəkirlər. Axı son nəticədə onlar azərbaycanlıdır. Və onların yaramaz əməllərini bütün dünya görür.  Belə hallar əlbəttə ki, millətimizin imicinə mənfi təsir göstərir.

Bu məqalənin yazılmasına Cabir Novruzun bu yaxınlarda oxuduğum bir şeiri vəsilə oldu. Görkəmli şairin "Sevin Azərbaycanı" şeirinin sonuncu bəndi ilə də yazını bitirir və antiazərbaycan qüvvələrə qoşulanlara, Vətəninə dönük çıxanlara, dövlətimizin inkişafına mane olanlara, ölkəmizdə aparılan islahatları sabotaj etməyə çalışanlara bir vətəndaş kimi müraciət edirəm: 

Ay bizdən ola-ola bizə yağı olanlar,
Vətənə sevgidə də az marağı olanlar;
Xalqına xidmətdə də tamah gəzən dənilər;
Özümüzdən olanlar, özümüzə qənimlər;
Siz də qeyrətə gəlin, imana-dinə gəlin,
Vətən bağışlar sizi, vətən eşqinə gəlin,
O sizə çörək verib, nəzri-niyaz eyləyib,
Yalnız onun sevgisi sizi xilas eyləyər.
Sevməyirsizsə barı boğazına çökməyin.
Bu ulu məhəbbətə çağırıram hər kəsi,
Divin canı şüşədə, onun bizdədir canı...
Məndən çox sevirsiniz bu torpağı bəlkə siz,
Amma təkrar deyirəm; sevin Azərbaycanı,
Sevin Azərbaycanı...

 





08.09.2020    çap et  çap et