525.Az

İnsanlıq və yaradıcılıq naminə "Bərabərik" - Şahanə Müşfiqin resenziyası


 

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ İLƏ "MUZ TV AZƏRBAYCAN"IN BİRGƏ LAYİHƏSİ NƏCİB AMALLARA XİDMƏT EDİR

İnsanlıq və yaradıcılıq naminə "Bərabərik" - <b style="color:red">Şahanə Müşfiqin resenziyası </b>

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusən, fiziki məhdudiyyətli şəxslərin həyat rifahını yaxşılaşdırmaq, istedad və bacarıqlarını kəşf etməklərinə yol açmaq üçün bir-birindən maraqlı və önəmli layihələr etməyə böyük diqqət ayırır. Hər dəfə cəmiyyətdə, ictimaiyyətdə böyük rezonansa səbəb olan bu layihələr özüylə bərabər, onlarla fiziki məhdudiyyətli vətəndaşlarımıza ümid işığı olur.

Bu cür layihələrdən birini də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda "Muz TV Azərbaycan" televiziyası ilə birgə həyata keçirir. "Bərabərik" adlanan bu musiqi layihəsinin məqsədi sözügedən şəxslərə dəstək olmaqdır.

Avqustun 26-dan start verilən layihə çərçivəsində istedadlı və məlahətli səsə malik fiziki qüsurlu şəxslərlə bir sıra tanınmış müğənnilərin "Muz TV Azərbaycan"da birgə ifalarının yer aldığı silsilə verilişlər hazırlanır. Həmin verilişin ikinci çəkilişinə "525-ci qəzet" olaraq biz də qonaq olduq və çəkiliş prosesini yaxından izləmək fürsəti qazandıq. Xalq artisti Gülyaz Məmmədova, fiziki məhdudiyyətli ifaçı Mehman Talıbovun qonaq olduğu verilişdə layihə haqqında daha geniş və təfərrüatlı məlumat əldə etdik.

Səhər, deyilən vaxtda, deyilən məkandaydıq. Çəkiliş zalında qızğın məşqlər gedirdi. İlk gözümüzə dəyən Mehman Talıbov oldu. O, böyük musiqi qrupuyla birgə məşq edirdi. Məlahətli səsi hələ məşq prosesində belə bizi heyran buraxdı. Az sonra onun məşqinə duet yoldaşı Gülyaz Məmmədova da qatıldı. Bu proses o qədər marağıma səbəb oldu ki, bir az əvvəl danışdığım və müsahibə üçün gözlədiyim Pərvinə xanımın yanıma yaxınlaşmağını hiss etmədim.

Pərvinə İsmayılova layihənin baş prodüseridir. Gənc, dinamik, həvəsli, gözəl nitqə malik bu xanım bizə layihə haqqında ən dəqiq və ətraflı məlumatları verdi. Onun sözlərinə görə, layihənin əsas məqsədi fiziki məhdudiyyətli şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır: "Fiziki məhdudiyyət həmin şəxslərin istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilməyib, əksinə, onlar öz arzularına doğru inamla addımlayırlar. Yeni layihə də özündə bunu təcəssüm etdirir. Məqsəd fiziki qüsurlu şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.

Bu insanların sosial rifahı üçün dövlət, nazirlik onsuz da onlara maddi yardım və müvafiq dəstəklər göstərir. Onlar dövlətimiz tərəfindən hər cür qayğıyla əhatə olunublar. Amma bu, hər şey demək deyil. Onların daxillərindəki istedadı öncə özləri, sonra isə cəmiyyətimiz, ölkəmiz, dünyamız üçün kəşf etməkləri lazımdır. O qədər vətəndaşlarımız var ki, evlərinə qapanıb qalıblar, daxillərindəki potensialdan xəbərsizdirlər. Ya da xəbərləri var, amma onu üzə çıxarmağa cəsarətləri, şəraitləri yoxdur. Biz bu layihəylə onu göstərmək istəyirik ki, kiminsə gözünün zəifliyi, ayağının funksiyasını yerinə yetirməməsi onun evə qapanmasına, cəmiyyətdən təcrid olunmasına səbəb ola bilməz. Onlar da əllərinə mikrofon alıb rahat şəkildə səhnədə oxuya bilərlər. Axı gözəl səsləri, istedadları var.

Layihə çərçivəsində fiziki məhdudiyyətli insanların bütün maddi və sosial problemləri həll olunur. Eyni zamanda, musiqi istedadı olan fiziki qüsurlu insanların təhsillərini inkişaf etdirmələri üçün tanınmış sənətkarların iştirakı ilə ustad dərsləri də təşkil edilir.

Bu, bizim layihəmizin birinci hissəsidir. Bu birinci hissə ilin sonuna kimi nəzərdə tutulub. Bu zaman kəsiyində 10 nəfər əlilliyi olan istedadlı şəxs və onlarla yanaşı, Azərbaycanın tanınmış müğənniləri, musiqişünasları və musiqi ekspertləri, musiqi təhsil müəssisələrinin müəllimləri və professorları iştirak edəcəklər. Onlardan 6-sı kişi, 4-ü qadındır. Verilişlərimiz canlı çəkilir.

Verilişdən öncə biz layihəyə "Qəlbin nəğməsi" adlı disk və foto-albomla başladıq. Burada bütün iştirakçılarımızın məşhur müğənnilərimizlə birgə ifaları və onlar, eləcə də ifa etdikləri mahnılar haqqındakı məlumatlar öz əskini tapıb. Məlumatlar həm Azərbaycan, həm də ingilis dilindədir. Xüsusilə qeyd etmək istəyirəm ki, verilişlərimiz canlı olduğu kimi, diskdəki ifalar da heç bir texnoloji müdaxilə olmadan, özlərinin saf, təmiz səsləri əsasında yazılıb".

Bu arada Pərvinə xanım sözügedən diski mənə də təqdim etdi. Müsahibə zamanı və sonra albomu vərəqlədim, diskdəki bir-birindən gözəl ifaları dinlədim. Qəlbimdə bir daha bu istedadları üzə çıxaranlara minnətdarlıq hiss duydum.

Pərvinə xanımın məlumatları isə davam edir: "Layihə çərçivəsində silsilə proqramlarda iştirak edən hər bir əlilliyi olan şəxsə ayrı-ayrılıqda vokal müəllimi tutulur və onlarla Mahir İbrahimovun rəhbərlik etdiyi musiqi ansamblının iştirakı ilə professional səsyazma studiyalarında davamlı olaraq məşqlər keçirilir. Bu şəxslərin yalnız bir qismi musiqi təhsillidir və ya musiqi təhsillərini ali təhsil müəssisələrində davam etdirirlər. Digərlərinin isə heç bir musiqi təhsili yoxdur. Düşünürük ki, gələn ildən layihədə iştirak edən və musiqi təhsili olmayan şəxslərin istedadlarını və bacarıqlarını inkişaf etdirmək üçün onların ali təhsil müəssisələrinə daxil olmalarına kömək edəcək.

Nazirlik pandemiyaya qədər son 2 ildə bir çox mədəni-kütləvi tədbirlərin həyata keçirilməsini təmin edib. Əlbəttə, burada müxtəlif fiziki məhdudiyyətli şəxslərin iştirakını xüsusi qeyd etməliyik. Bundan başqa, nazirlik tərəfindən 2019-cu ildə əlilliyi olan istedadlı şəxslərin bacarıqlarını nümayiş etdirən "Əlillik qüsur deyil" adlı kitab-kataloq ingilis və Azərbaycan dillərində nəşr edilib. Bu da onların cəmiyyətdə tanınmasına və özünüməşğulluqla təmin olunmasına şərait yaradır. Artıq kitabın ikinci cildinin hazırlanması işlərinə başlanılıb.

Eyni zamanda, bilirsiniz ki, ölkəmizdə ilk və tək inkluziv teatr olan "Əsa" Teatrına da nazirlik tərəfindən hər zaman diqqət və qayğı göstərilib. Biz hər il onlarla müxtəlif layihələr həyata keçiririk. Pandemiya olmasaydı, bu il də edəcəkdik, amma təəssüf ki, hələlik, mövcud vəziyyət bizə mane olur. Amma yenə də inanırıq ki, tezliklə bütün bunlar bitəndən sonra biz işlərimizə qaldığımız yerdən davam edəcəyik. Hələlik isə karantindir deyə fəaliyyətimizi tamamilə dayandırmamaq üçün sosial izolyasiya qaydalarına əməl edə biləcəyimiz, az sayda insanın cəlb olunduğu bu cür layihəmizi "Bərabərik" verilişinin çəkilişlərini davam etdiririk. Gördüyünüz kimi, burda sosial məsafə də qorunur, işçilər maskalardan da istifadə edirlər, kənar şəxslər də buraxılmır.

Layihədə iştirak edən əlilliyi olan şəxslər arasında görmə, əqli və hərəkət məhdudiyyətli, eləcə də, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər var. Bundan başqa, onların gələcək həyatlarında sərbəst yaşaması və cəmiyyətimizin müstəqil üzvü olmaları üçün həmin şəxslər özünüməşğulluqla təmin edilirlər.Bu özünüməşğulluq da onların gələcəkdə rahat şəkildə pul qazanmalarına bilavasitə dəstəkçi olacaq.

Niyə məhz "Bərabərik"? Çünki bu layihədə adından da göründüyü kimi, əlilliyi olan şəxslərlə yanaşı, Azərbaycanın tanınmış müğənnilərinin dueti səhnədə canlı şəkildə nümayiş etdiriləcək. Hər bir iştirakçının həyat hekayəsi haqqında videosüjet hazırlanaraq təqdim ediləcək. Həmçinin, onların ifa etdikləri 5 duetin mahnılarının tarixçəsi də maraqlı şəkildə nümayiş olunacaq. Bununla biz göstərmək istəyirik ki, əlilliyi olan və güclü istedada və bacarığa malik olan şəxs Azərbaycan cəmiyyətində bərabər üzv kimi qəbul edilir və o, digər sağlam istedadlı şəxslərlə birlikdə eyni səhnəyə çıxıb özünü göstərə bilər. Biz müraciət etdiyimiz müğənnilərimizə də öz təşəkkürümüzü bildiririk ki, hər biri təmənnasız, böyük həvəslə bizim bu layihəyə qoşuldular, canla-başla da iştirak edirlər.

Bizim şüarımız belədir: əlillik qüsur deyil! O, yaratmaq və özünü inkişaf etdirmək üçün maneə ola bilməz. Layihənin ilk buraxılışı artıq efirdə yayımlandı. İndi isə növbəti verilişlərin çəkilişləri gedir. İnanırıq ki, həm tamaşaçılar üçün maraqlı, həm də cəmiyyətimiz üçün faydalı layihə olacaq".

Layihənin növbəti çəkilişində isə qonaq fiziki məhdudiyyətli gənc müğənni Aysel Əlizadə ilə Xalq artisti Fidan Hacıyeva idi. Hər verilişdə qonaqlarla birgə ekspertlər də iştirak edirlər. Çəkilişlərində iştirak ediyimiz verilişlərdə ekspertlər Əməkdar İncəsənət Xadimləri - bəstəkar Vaqif Gərayzadə və şair Baba Vəziroğlu idi. Verilişin aparıcısı Əməkdar artist Məsmə Aslanqızıdır. Layihənin musiqi rəhbəri, Əməkdar artist Vüqar Camalzadə, musiqi ansamblının rəhbəri isə Mahir İbrahimovdur.

 





09.09.2020    çap et  çap et