525.Az

"Ali Yorğun" yaxınlarımın mənə verdiyi təxəllüsdür" - Sosial şəbəkələrdə parlayanlar


 

GƏNC İFAÇI ALİ YORĞUN: "HƏR MUSİQİNİN İÇİNDƏ BİR HEKAYƏ GİZLƏNİR"

"Ali Yorğun" yaxınlarımın mənə verdiyi təxəllüsdür" - <b style="color:red">Sosial şəbəkələrdə parlayanlar</b>

Budəfəki müsahibimiz sosial şəbəkələrdə Ali Yorğun adı ilə çıxış edən gənc ifaçı, bəstəçi və söz yazarı Elşən Əliyevdir.

Elşən bəylə söhbətimiz də elə fəaliyyəti kimi çoxşaxəli oldu. Müsahibəmizə giriş vermək üçün ondan sosial şəbəkələrin fəaliyyətində hansı yeri tutduğunu soruşduq.

Elşən bəy daha çox Yutub kanalı üzərindən işlər gördüyünü dedi. O, həmçinin bildirdi ki, kanalında musiqi yaradıcılığı ilə yanaşı, tok-şoular da təqdim edir. 

***

- Arabir Yutub kanalında tok-şoular təşkil edirəm. Bu tok-şoulara Mingəçevir və ətraf rayonlardan tanınmış incəsənət xadimlərini dəvət edirəm. Və onların uğura gedən yolda atdıqları addımlardan danışırıq. Əyləncəli məqamlar da çox olur. Proqramımın adı "Art time"dır. Format olaraq da özümə məxsusdur. 

"... o gündən musiqidən ayrılmıram" 

- Necə oldu ifaçılığa meyl elədiniz?

- Özümü dərk etdiyim andan musiqi mənim üçün özünüifadə tərzidir. 14 yaşımda böyük qardaşım mənə gitara almışdı, elə o gündən musiqidən ayrılmıram.

"İstedadın yoxdursa, həmin sahədə alacağın ali təhsil sadəcə, vaxt itkisidir" 

- Ali təhsiliniz də musiqi ilə bağlıdır, ya necə?

- Xeyr, tamamilə fərqlidir. Turizm üzrə təhsil almışam. Məncə, təhsil önəmlidir, ancaq istəyinə çatmaq üçün əsas şərt deyil. Bir sözlə, istedadın yoxdursa, həmin sahədə alacağın ali təhsil sadəcə vaxt itkisidir.

- Ailənizdə sizdən başqa musiqi ilə məşğul olan var?

- Xeyr, ailədə tək musiqiçi mənəm (Gülür).

- Həm hip-hop, həm də pop musiqi janrında ifa edirsiniz. Bunlardan sizə hansı daha yaxındır?

- Janr olaraq heç bir musiqi növünü digərindən ayırmıram. Sözlərini, musiqisini bəyəndiyim hər mahnını dinləməyi sevirəm. Çünki hər musiqinin içində bir hekayə gizlənir. Məncə, hekayələri dinləyərək kəşf etmək daha gözəldir.

- Özünüzə məxsus bir musiqi studiyanız var. Yəqin aranjiman işini də bacarırsınız...

- Yalnız səs studiyası yox, eyni zamanda, foto və video studiyam da var. İşlərimi daha çox söz yazarlığı və bəstələrimlə davam etdirirəm. Bu səbəbdən aranjiman işləri də məni cəlb edir.

- Boş vaxtlarınızda hansı işlərlə məşğul olursunuz?

- Boş vaxtlarımda daha çox dünya musiqisi və ədəbiyyatı ilə bağlı araşdırmalar edirəm. Eyni zamanda, yeni bəstələr üzərində işləyirəm. Sevdiyim işlə məşğul olduğumdan bu iş mənim üçün həm gəlir mənbəyi, həm də əyləncədir.



- Sosial şəbəkələrdə öz ad-soyadınızla yox, Ali Yorğun adı ilə çıxış edirsiniz. Niyə məhz bu adı seçmisiniz?

- Sevdiyim işlərdən biri də mahnılar üçün söz yazmaqdır. Siz də təsdiq edərsiniz ki, yazıçıların hər birinin özlərinin və ya ətrafdakıların onlara verdiyi təxəllüsləri olur. Məndə də eynilə bu cürdür. Ali soyadımdan götürülüb. Yorğun isə yaxınlarımın mənə verdiyi təxəllüsdür.

"Kitab oxumaq həyatımın əsas tərkib hissəsidir"

- Deyirlər, Qarabağ bölgəsindən olan adamların səsi daha gözəl olur. Səsinizdəki məlahətin, musiqi istedadının Qarabağla bir əlaqəsi var?

- Doğrudur, Qarabağ bölgəsindən olan insanların səsində xüsusi rəng olur. Amma mən qarabağlı deyiləm.

- Kitab oxumaqla aranız necədir?

- Kitab oxumaq həyatımın əsas tərkib hissəsidir. Hətta mənə elə gəlir ki, bu, hamı üçün belədir.

- Nə vaxtsa solo konsert təşkil etmək fikriniz varmı?

- Qrup şəklində kiçik məkanlarda konsertlər təşkil etmişik. Dövlət tərəfindən təşkil olunan konsertlərimiz də baş tutub. Böyük kütlə qarşısında konsert isə hər bir yaradıcı insanın arzusudur. Ümid edirəm, bir gün o arzuma da nail olacağam.

Günel ABBAS

 





09.09.2020    çap et  çap et