525.Az

"Musiqiçi madiyyatdan öncə sənətin məsuliyyətini düşünməlidir" - Müsahibə


 

VİOLONÇEL İFAÇISI ORXAN CUMAYEV: "NƏZƏRİYYƏNİ BİLMƏDƏN PROFESSİONAL MUSİQİÇİ OLMAQ MÜMKÜN DEYİL, AMMA NƏZƏRİYYƏ DƏ BİR YERƏ QƏDƏRDİR"

"Musiqiçi madiyyatdan öncə sənətin məsuliyyətini düşünməlidir" - <b style="color:red">Müsahibə  </b>

Kölgədə qalan sənətlər

Rubrikamızın budəfəki qonağı 17 ildir bu sənətlə məşğul olan gənc violonçel ifaçısı Orxan Cumayevdir.

Orxan Cumayev 1993-cü ildə Bakı şəhərində anadan olub. Uşaq yaşlarından musiqi ilə məşğul olan Orxan Cumayev Qara Qarayev adına 8 nömrəli musiqi məktəbini violonçel ixtisası üzrə bitirdikdən sonra təhsilini Bakı Musiqi Akademiyasında davam etdirib.

Hazırda Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Kaçera orkestrının 1-ci violonçelçisti və eyni zamanda, Opera Balet Teatrında köməkçi violonçelçi vəzifəsində işləyir.
 

***
 
- Sizdə musiqiyə maraq necə yarandı?

- Atam həvəskar qarmon ifaçısı olub. Məndən iki yaş böyük olan qardaşım da skripkada ifa edirdi. Skripkanı görməyim məndə maraq oyatdı, həm də özümün həvəsim var idi. Elə hey istəyirdim, oxuyum, oynayım, nəsə musiqi səsi çıxarım. Bu, uşaq dəcəlliyindən irəli gələn bir şey deyildi, musiqi səsinə ehtiyac duyurdum. İndi də çox səssizlik olanda sıxılıram, musiqi səsinin yoxluğunu hiss edirəm.

- Niyə məhz violonçel?

- Əslində, musiqi məktəbinə nağara üçün müraciət etmişdik. Lakin məktəbdə müəyyən imtahanlardan keçdikdən sonra, müdir mənim üçün violonçelin uyğun olduğunu dedi. Daha sonra bu alətin çox insanda olmaması və fərqliliyi məni cəlb etdi. Ümumiyyətlə, alətin səsinə də ayrı bir vurğunluğum oldu. Misal üçün, skripka bir az zil səsi olan alətdir, violonçelin səsi isə daha ürəyəyatımlıdır.

- Violonçelçi sənətini digərlərindən fərqləndirən xüsusiyyət nədir?

- İfa edəndə, əslində, sən danışırsan, qəlbində nə varsa səhnədə deyirsən. Bu sənətin hər bir növündə var. Əlindəki alətlə özünü, içindəki səni, ya da başqa bir insanın əsərindəki səni insanlara təqdim edə bilirsən. Violonçelin digər alətlərdən heç bir fərqi yoxdur. Fərqləndirmək bu alətdə ifa edən musiqiçidən asılıdır.

- Azərbaycanda violonçel ifaçılığı ilə məşğul olanlar olduqca azdır. Sizcə, bunun səbəbi nədir?

- Məncə, auditoriyanın az olması musiqiçiyə təsir etməməlidir. Bir nəfər dinləyici belə varsa, səhnəyə özünü ifadə etmək üçün çıxmaq insana o həzzi yaşadır. Təbii ki, marağın az olmasının bir neçə səbəbi var ki, bu problemlər bütün ölkələrdə mövcuddur. Ancaq düşünürəm ki, insan gərək öz sənətində peşəkar olsun, sonra dəyər və ya başqa nələrsə tələb etsin. Mən gözümü açandan ətrafımda olan peşəkarlar istədikləri dəyəri alıblar. Təbii ki, daha yüksəkdə ola, ya da daha yaxşısını edə bilərdilər, amma məncə, musiqiçi üçün bu, bir o qədər də önəmli deyil.

- Bəs insanlarda musiqiyə qarşı maraq oyatmaq, sənəti təbliğ etmək üçün, sizcə, nələr edilməlidir?

- Düzgün təbliğat üçün, öncəliklə, yeni nəsil çalışmalıdır. Yeni nəsil valideyn olduqdan sonra anlamalıdır ki, uşaqları üçün musiqi vacibdir. Misal üçün, mən olsam, hər növ auditoriyaya xitab edəcək musiqi proqramları təşkil edərdim. Yəni yalnız klassika yox, ilk növbədə insanların qulağına xoş gələn musiqilərdən ibarət konsertlər verərdim. Ondan sonra özlərində onsuz da, klassikaya maraq yaranacaq. Qısaca desək, insanların mövcud olan bir şeyə marağı yoxdursa, onda yeni nəsə yaratmaq lazımdır ki, təbliğ olunsun.

- Məşğul olduğunuz sənətdə sevdiyiniz və sevmədiyiniz xüsusiyyətlər nələrdir?

- Sevmədiyim xüsusiyyəti odur ki, başqa ixtisaslardakı kimi sadəcə, bir kitabı öyrənməklə bitmir. Hər gün öz üzərində çalışmalı, yeni nələrsə etməlisən. Və bunun nə vaxta kimi davam edəcəyini bilmirəm. Bu sənətdə öyrənmək, başqalarını təkrarlamaq bir yerə qədər olur, müəllimlər bunun üçün sadəcə, cığır açır, auditoriyanı necə ovsunlayacağının yolunu isə özün tapmalısan.

- Sənətdə ilk və ən böyük uğurunuz nə olub?

- İlk uğurum uşaq yaşlarımda olub. Azərbaycanda violonçel üzrə təhsil alan bütün tələbələrin iştirak etdiyi açıq dərs idi. Orda çox yaxşı ifa etməyim yaddaşımda silinməz iz qoyub. Ondan sonra bir çox müəllim mənim onların tələbəsi olmağım üçün mübarizə apardılar. Amma təbii ki, mən öz müəllimimi dəyişmədim (gülür).

Məncə, ömrümün sonuna qədər hansısa uğuruma ən böyüyü budur deməyəcəyəm. Çünki uğurun böyüyü-kiçiyi yoxdur, sonsuzdur.

- Bu sənətin sirri nədir?

- Məşğul olmaq və öz üzərində çox  çalışmaq. Bu o demək deyil ki, 24 saat musiqi ifa etməlisən. Sənətlə bağlı kitablar oxuyaraq, başqa insanların ifalarını dinləyib yeni nələrsə öyrənərək də üzərində çalışa bilərsən.

- 17 il ərzində başınıza gələn hansısa maraqlı bir əhvalatı danışa bilərsinizmi?

- Səhv etmirəmsə, 2008-ci il idi, Azərbaycanda ilk sinfonik gənclər orkestrı yaradıldı. Mən də 14 yaşlı uşaq idim. Müəllimim ora qatılmağımı məsləhət gördü.  İçəri girdikdə ilk dəfə gənc orkestr gördüm. Ona qədər baxdığım vidolardakı orkestrlər yaşlı insanlar idi. 60 nəfərə yaxın həmyaşıdlarımdan ibarət ümumi orkestr idi. Orada olan ilk ifam çox bərbad idi (gülür). Orda anladım ki, orkestr heç də mənim təsəvvür etdiyim kimi deyilmiş. Məktəbdə müəllimim notu verirdi, mən də bir neçə gün məşq etdikdən sonra ifa edirdim. Orkestrdə isə qarşına qoyulan notu ifa etməyi bacarmalısan.  Dirijor Teymur Göyçayev idi, onun tələbkarlığı nəticəsində çox şey öyrəndim və inkişaf etdim.

- Solo ifa etməyə üstünlük verirsiniz, yoxsa orkestrdə?

- Könül istəyər ki, hər zaman solo ifa edim, amma orkestrın da ayrı dadı var. Misal üçün, solo ifa etmək insanın sağ beynini inkişaf etdirirsə, orkestrdə ifa etmək sol beynini inkişaf etdirir. Orkestrdə öyrənə biləcəyin şeylərin solo ifa etdikdə üzərindən keçirsən, başqasını dinləməyə ehtiyac duymursan, onlar səni dinləyir sən onları yox. Lakin orkestrdə ifa etdikdə başqa ifaçıları dinləmək, onlara görə ifa etmək gələcəkdə solist olanda çox fayda verir.

- Sənətdə idealınız kimdir?

- Həqiqətən musiqidə ideallarım çoxdur. Misal üçün, bəstəkar soruşsanız, sizə sevimli bəstəkarımı deyə bilərəm, amma ifaçı elədir ki, ideal kimi baxmaq olmur. Sadəcə, dinləməkdən zövq alırsan və deyirsən ki, mən də onun kimi ifa edə bilərəm. Nümunə olaraq, Stevan İsserlis, Gautier Capucon dinləməkdən zövq aldığım ifaçılardandır. Stevan İsserlisin səhnədə sərbəstliyini və obraza girməsini çox sevirəm. Səsi ilə aktyorluq edir sanki.

-  Xarici orkestrlərdə ifa etməyə necə başladınız?

- Əvvəllər Azərbaycandakı orkestrlərdə ifa edərək dövlət tədbirləri üçün xarici ölkələrə gedirdim. Amma universiteti bitirdikdən sonra xarici orkestrlərdən təkliflər gəldi. Daha sonra isə 3 il Çində işlədim. Orada orkestrın 1-ci violonçelçisi oldum və bu, mənə çox böyük təkan verdi. Bu həvəsin nəticəsində sənətə yenidən qayıtdım deyə bilərəm.

- Ən unudulmaz səfəriniz hansı ölkəyə olub?

- Fransaya Birinci vitse-prezident Mehriban Əliyevanın da iştirak etdiyi bir dövlət tədbirində ifa etmək üçün getmişdim. Həm orkestr möhtəşəm idi, həm də orada 4 gün qalmağımıza baxmayaraq, bir gəncin yaşaya biləcəyi ən gözəl, unudulmaz günləri yaşadığımı düşünürəm.

- Xarici orkestrlə yerli orkestr arasında fərq varmı?

- Çox fərq var. Əsas fərq işə yanaşmadadır. Acı həqiqətdir ki, Azərbaycanda bir çox musiqiçi sənətə iş kimi yanaşır. Fikrimcə, musiqiçi madiyyatdan öncə sənətin verdiyi məsuliyyəti düşünməlidir. Çünki  bizlər Azərbaycanı təmsil edirik.

- Gələcək məqsədiniz nədir?

- Məqsədim gələcəkdə bu sənətə yiyələnmək istəyən gənclərə yaxşı bir məktəb verə bilmək üçün ifamı daha da təkmilləşdirməkdir.

- Bu sənətin nəzəriyyəsi varmı? Varsa, nəzəriyyəni bilmədən də öyrənmək mümkündürmü?

- Hobbi olaraq hər kəs istədiyi alətdə ifa etməyi öyrənə bilər. Amma professional musiqiçi olmaq nəzəriyyəsiz mümkün deyil. Amma nəzəriyyə də bir yerə qədərdir. Nəzəriyyə A nöqtəsindən B nöqtəsinə çatana qədər bəs edir. Ondan sonra hər şey insanın özündən asılıdır.

-  Son olaraq, bu sənətlə məşğul olmaq istəyən gənclərə məsləhətin nədir?

- Hər kəsə, xüsusilə valideynlərə tövsiyə edərdim ki, uşaqlarını musiqiyə yönəltsinlər. Musiqi, həqiqətən də, insanın ruhunu oxşayır, baxış tərzini dəyişir, tibbi olaraq beynin hər iki tərəfinin işləməsinə imkan verir. Məsələn, başqa sahələrdə yazırsan, oxuyursan, eyni zamanda, həm yazıb, həm də oxuyursan. Amma musiqidə həm sağ əl, həm də sol əldən istifa edirsən, həm ritmi, həm də səsi duya bilirsən. Bu qədər funksiyanı eyni anda yerinə yetirə bilmək gələcəkdə yaxşı mənada öz faydasını verir.

Aytac ASLAN

 





09.09.2020    çap et  çap et