525.Az

Arxeoloji ekspedisiyalar Qərb bölgəsində tədqiqatlar aparır


 

SAMUX VƏ NAFTALAN ƏRAZİLƏRİNDƏ ÇOXTƏBƏQƏLİ YAŞAYIŞ MƏSKƏNLƏRİ AŞKARLANIB

Arxeoloji ekspedisiyalar Qərb bölgəsində tədqiqatlar aparır<b style="color:red"></b>

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ölkənin ayrı-ayrı bölgələrində tədqiqat aparan ekspedisiyaları bu mövsümdə də daha bir neçə əhəmiyyətli elmi nəticələr əldə ediblər.

Samux rayonu ərazisində indiyədək qeydiyyata alınmamış qədim yaşayış məskəninin aşkarlanması da onlardan biridir. Belə qədim yaşayış yerlərindən biri də Samux rayonunun Qədili kəndi ərazisində aşkarlanıb. Üçtəpə adlanan bu qədim yaşayış məskəni, elə adından məlum olduğu kimi, 3 təpədən ibarət olub, təxminən 3 hektar ərazini əhatə edir. Bir-birindən 7-10 metr məsafədə qərar tutan təpələr  dərin yarğanlarla ayrılır. Təxminən 50 metr hündürlüyə malik  təpələr Quşqara çayının dərin yataqları ilə əhatə olunub, həmçinin,  Kür çayı da onların yaxınlığından axır.

Gəncə-Samux ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru, professor Arif Məmmədov qeyd edir ki, yaşayış məskəni çoxtəbəqəli, yəni özündəki qatları ilə bir neçə mədəni dövrü əhatə edən yaşayış yeridir. "Alt təbəqədə qədim qəbiristanlıq yerləşir, üst təbəqə isə ilk orta əsrlərə aiddir ki, bunun da araşdırılmasında əldə olunan ən böyük tapıntı qala divarlarının yerinin müəyyənləşdirilməsi və onun  üzə çıxarılmasıdır. Bundan başqa, burada həmin dövrdə yaşayan insanların təsərrüfat həyatını əks etdirən xeyli sayda maddi mədəniyyət qalıqları - ərazidə yaşayan insanların həm maldarlıq və həm də əkinçiliklə məşğuliyyətinə aiddir", - deyə o bildirir.

Arif Məmmədovun sözlərinə görə, hələlik qazıntılar ilk üst qatda aparılır. Daha dərin qatda qazıntı işləri aparılan zaman əldə oluna biləcək tapıntılar bu məskənin əski yaşlarını müəyyən etməyə imkan verəcək.

Aşkar olunan yaşayış məskəni haqda  Mədəniyyət və Turizm Nazirliyinə xəbər verilib, ərazi nazirlik tərəfindən qeydiyyata alınıb.

Arxeoloqlarımızın daha bir elmi ekspedisiyası Naftalan yaxınlığında  uğurlu tapıntılar əldə edib.  AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Naftalan şəhəri yaxınlığında Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində daha bir çoxtəbəqəli yaşayış yeri aşkar edilib. Yaşayış yeri 10 metrdən artıq hündürlüyü olan təpəni və onun ətrafında ümumən 5 hektara yaxın ərazini əhatə edir..

Yaşayış yeri təpənin demək olar ki, bütün ərazisini əhatə edib. Abidənin əsas təbəqəsi eneolit (eramızdan əvvəl  6-4-cü əsrlər) dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrdən artıqdır.

"Eneolit dövrünə aid təbəqədən e.ə. 5-ci  minilliyə aid düzbucaqlı və dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, qazma evlər, saxsı qab fraqmentləri və daş əmək alətləri aşkar edilib. Yaşayış yerində həmçinin,  son tunc-ilkin dəmir (e.ə. 14-8-ci əsrləri əhatə edir - Z.M.) dövrünə aid torpaq qəbirlərin, antik dövrdə isə küp qəbirlərin yerləşdirildiyinin şahidi oluruq. Abidənin mərkəzi və şimal-qərb hissəsində, eneolit təbəqəsinin üzərində, orta əsrlərdə məskunlaşma izləri görünür. Orta əsrlər dövrünə aid mədəni təbəqədən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinir. Yaşayış yeri əlverişli təbii-coğrafi mövqedə yerləşməsinə və sahəsinin böyüklüyünə görə diqqəti cəlb edir", - deyə ekspedisiya rəhbəri bildirir.



Böyük müalicə turizmi potensialı olan Naftalan şəhərində arxeoloji tədqiqatların aparılması abidələrimizin tədqiqi və təbliği baxımından çox əhəmiyyətlidir.

Əlavə edək ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun daha bir ekspedisiyası bir müddət əvvəl Ağstafa rayonunun Xətai kəndi ərazisində də  Neolit dövrünə aid yaşayış yeri aşkar edib.

İnstitutdan bildirilir ki, bölgələrdə arxeoloji tədqiqatlar davam edir.

Zakir Muradov
Samux, Naftalan

 





09.09.2020    çap et  çap et