525.Az

Çinin ABŞ-a əks həmləsi - Xaqani Cəfərli yazır


 

Sİ CİNPİN DONALD TRAMPA SÜRPRİZ HAZIRLAYIB

Çinin ABŞ-a əks həmləsi - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Donald Trampın Çinin uyğur türklərinə qarşı siyasətini soyqırım kimi tanımaq niyyəti Pekinin səbr kasasını daşırıb. Pekin Vaşinqtonun bu siyasi mahiyyətli hücumuna iqtisadi yönümlü əks-hücumla cavab verməyi qərara alıb. Pekindən yayılan məlumata görə, Çin malik olduğu ABŞ-ın dövlət borclarının 20 fazini satmaq niyyətindədir.

"South China Morning Post" qəzeti Pekinin bu qərarını Çinin ABŞ-ı cəzalandırmaq istəyi kimi təqdim edib. Məsələ ondan ibarətdir ki, Çinin imtina etdiyi həmin 20 faiz xarici borc 200 milyard dollara bərabərdir. Yəni ABŞ-ın Federal Ehtiyyatlar Sistemi bu borcu geri almaq üçün 200 milyard dollar xərcləməli olacaq ki, bu vəzifənin öhdəsindən gəlmək üçün də çap maşınını işə salmaq lazım gələcək.

ABŞ-ın dövlət büdcəsinin 3.3 trilyon dollar kəsir qaşısında olduğu bir zamanda Çinə ödəniləcək 200 milyard dollar Tramp iqtidarına əlavə problemlər yaradacaq. Məsələ burasındadır ki, FES-in Çindən dövlət borclarını geri almaq üçün əlavə 200 milyard dollar çap etməsi ABŞ-ın maliyyə sistemi üçün ciddi problemlər yarada bilər. Bu isə seçki ərəfəsində Trampın siyasi karyerasına ölümcül zərbə vurmaq deməkdir. Əgər ehtimal olunan kimi, Çin bu addımı prezident seçkilərinə qədər atsa, həqiqətən Tramp administarsiyası üçün ciddi problem yaradacaq.

Ekspertlər hesab edirlər ki, rəsmi Pekinin bu intiqamı Çinə müəyyən qədər itki ilə başa gələcək. Çünki Çin malik olduğu borc kağızlarını məzənnəsindən aşağı satmaq məcburiyyətində qalacaq. Ancaq belə görünür ki, rəsmi Pekin Vaşinqtonu cəzalandırmaq üçün bu itkiyə hazırdır. Ekspertlərə görə, Trampın iki ay sonra keçiriləcək seçkidə qalib gəlməsini istəməyən Çin müəyyən maliyyə itkisindən çəkinməyəcək. Bir çox ekspertlər bu addımı Pekinin dolayısı yolla ABŞ seçkilərinə müdaxiləsi kimi qiymətləndirirlər.

ABŞ iqtisadiyyatında yaşanan kövrək stabilləşmənin Çinin bu addımı ilə sarsılacağını nəzərə alanda Trampın üzləşəcəyi problemləri təsəvvür etmək mümkündür. Məsələ ondan ibarətdir ki, son həftələr iqtisadiyyatda müşahidə olunan stabilləşmə Trampın reytinqinin bir qədər yüksəlməsinə və rəqibi Co Baydenə yaxınlaşmasına səbəb olub. Trampın siyasi texnoloqları iqtisadi vəziyyətin hazırkı inkişaf dinamikasını saxlamaqla qarşıdakı iki ayda onun Baydenlə reytinq fərqlinin tamamilə azalacağına ümid edirlər. Rəy sorğuları göstərir ki, bir ay əvvələ müqayisədə Tramp rəqibi ilə reytinq fərqini 7-8 faizə kimi azalda bilib. Halbuki bir ay öncə Co Bayden Trampı 15 pillə qabaqlayırdı. Trampın özü də artıq bir ay əvvəllə müqayisədə daha inamlı görünür. Əgər bir ay əvvəl Tramp Co Baydenin qələbəsinin hansı fəlakətə səbəb olacağı haqqında danışırdısa, artıq özünün qələbə qazanacağı haqqında danışmağa başlayıb. Belə bir zamanda Çinin ABŞ-ın 200 milyard dollarlıq dövlət borcunu iki ay ərzində satmaq qərarı Trampa ciddi problemlər yaradacaq. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, qarşıdakı aylarda koronavirusun yayılmasında artım baş verə bilər və buna görə müəyyən karantin tədbirlərinin görülməsinə ehtiyac yaranar. Karantin tədbirləri isə iqtisadi inkişafa mənfi təsir edəcək. Bütün bunlar isə Trampın qələbə ehtimalını heçə çıxara bilər.



Müşahidəçilər Çinin dövlət başçısı Si Cinpinin Donald Trampın 2016-cı ildən bu günə kimi Çinə yönəlik təzyiq siyasətinə cavab verəcəyini gözləyirdilər. Ancaq bu addımın ABŞ-ın 200 milyard dollarlıq dövlət borcunun satılmasından ibarət bir sürpriz olacağını kimsə gözləmirdi.

Qeyd etmək lazımdır ki, Trampdan fərqli olaraq Co Bayden Çinə qarşı kəskin mövqeyi ilə tanınmır. Əksinə, Co Bayden hakimiyyətə gələcəyi halda Vaşinqtonun Pekinə yönəlik siyasətində yumşalma baş verə bilər. Co Baydenin komandasından verilən mesajlardan belə qənaət yaranır ki, Demokratlar Partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-la Çin arasında ticarət müharibəsinə son qoyulacaq. Co Baydenin komandasında belə hesab edirlər ki, Rusiyanın yüksələn xətlə davam edən təcavüzkar siyasətini cilovlamaq üçün Moskvanı Pekinin dəstəyindən məhrum etmək lazımdır. Trampın antiçin ritorikası isə Pekinlə Moskvanı çox yaxınlaşdırıb və bunun nəticəsində Vaşinqtonun siyasi təsir imkanları azalıb.

Pekində və dünyanın əksər paytaxtlarında Co Baydeninin qələbəsinə ümidlə baxırlar. Hər kəs anlayır ki, ABŞ-Çin münasibətlərinin pisləşməsi bütün dünya iqtisadiyyatına mənfi təsir edəcək. Bu isə koronavirus pandemiyasının çox ciddi şəkildə zədələdiyi dünya iqtisadiyyatını komaya sala bilər. Buna görə dünyanın əksər paytaxtlarında Co Baydeninin qələbəsi həyacanla gözlənilir. Bu zaman Co Baydeninin vitse-prezident olduğu Barak Obama hakimiyyətinin qısa zamanda dünya iqtisadiyyatının böhrandan necə məharətlə çıxardığı da xatırlanır. Ehtimal etmək olar ki, Si Cinpin Donald Trampa sürprizi siyasi liderlərin əksəriyyətində gizli bir məmnunluq yaradır. Donald Trampın qaba üslubu siyasi liderlərin əksəriyyətini Co Baydenin qələbəsini arzulamasına səbəb olur. Co Baydenin qələbəsini, Donald Trampın məğlubiyyətini çoxları arzulasa da, bu prosesə ciddi təsir edə biləcək yeganə lider Si Cinpindir.

 





09.09.2020    çap et  çap et