525.Az

Pambıqçılığın inkişafı ilə bağlı elmi-praktiki seminar keçirilib


 

Pambıqçılığın inkişafı ilə bağlı elmi-praktiki seminar keçirilib<b style="color:red"></b>

Dünən Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində (Tərtər RAEİM) tarla şəraitində Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu (BMTB ETİ) ilə birlikdə "Azərbaycanda pambıqçılığın inkişafı və yerli sortların müqayisəli nümayişi" mövzusunda elmi-praktiki seminar keçirilib.

Seminarda Tərtər, Bərdə, Yevlax, Ağdam rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin bitkiçilik sektor müdirləri və hər rayondan iki pambıqçı fermer iştirak ediblər. Seminarda mövcud sosial izolyasiya qaydalarına əməl olunub.

Açılış nitqində BMTB ETİ-nun direktoru Elçin Xəlilov "Pandemiya şəraitində alim fermerin yanında layihəsinin icrası davam etdirilmişdir" mövzusunda çıxış edərək, mütəmadi şəkildə fermerlərə, təsərrüfat sahiblərinə, eləcə də aqrar sahə mütəxəssisləri üçün keçirilən onlayn təlimlər haqqında məlumat verib.

Tərtər RAEİM-in direktoru Bəhruz Nəzərov "Tərtər RAEİM-in əsas fəaliyyət prinsipləri, nümayiş əkinlərində görülmüş işlər" mövzusunda çıxış edib. O, hər il pambığın vegetasiya müddəti ərzində bir neçə dəfə bu cür təlimlərin, seminarların, konfransların keçirilərək, bölgə fermerlərini öz təsərrüfatlarına toplayıb, yeni innovativ texnologiyalar, düzgün becərmə aqrotexnikası, yeni yaradılmış məhsuldar, keyfiyyətli, xəstəliklərə davamlı, qısa vegetasiya müddətinə malik sortlar haqqında dolğun informasiyaların çatdırılması, aqrar sahə fermerlərinin məlumatlandırılması istiqamətində Tərtər RAEİM olaraq gördükləri işlərdən danışıb. Eyni zamanda, aqrar sahəyə, xüsusən pambıqçılığa olan dövlət dəstəyindən söhbət açaraq vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyev və Kənd Təsərrüfatı naziri İnam Kərimov tərəfindən bu istiqamətdə bir neçə qanunlar qəbul edilib, sərəncamlar imzalanıb, dövlət proqramları təsdiq edilib ki, bütün bunlar pambıqçılığın ilbəil inkişafına zəmin yaradıb. Həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində pambıqçılıq  sürətlə inkişaf edib, bu sahədə böyük sənaye potensialı yaradılıb, torpaqlarda meliorativ tədbirlər həyata keçirilib, irriqasiya sistemləri qurulub və pambıqçılığın elmi bazası gücləndirilib. Əvvəlki illərə nisbətən hazırda pambıq əkilmiş sahələrin miqdarının artırılması deyil, əsas şərt olaraq istehsal edilmiş məhsulun artırılması məqsəd seçilib.

B.Nəzərov qeyd edib ki, son illər fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün ayrılmış subsidiyalar, tətbiq edilmiş güzəştlər bu sahənin inkişafında mühüm rol oynayıb. Bütün bunları nəzərə alaraq elmi tədqiqat institutları ilə qarşılıqlı əməkdaşlıq etmək, birlikdə yeni innovativ texnologiyaları təsərrüfatlara daşımaq, alimlərin gərgin əmək sərf edərək illərlə yaratdıqları yeni sortları əkmək, fermerlərə onları müqayisəli şəkildə əyani olaraq tarlalarda nümayiş etdirmək, eləcə də fermerlər üçün təlimlər təşkl etmək, lazımi məlumatların sosial şəbəkələrdə, mətbuatda yayılmasını təmin etmək çox əhəmiyyətlidir.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov çıxışında bildirib ki, Tərtər rayon sərhəd bölgəsi olmasına, həmçinin, rayonun su mənbələrinin mənfur erməni qəsbkarlarının əlində olmasına baxmayaraq, keçən təsərrüfat ilində rayon təhvil verilmiş pambıq məhsuluna görə respublikada birinci yer tutub. O, builki məhsuldarlığı da qənaətbəxş hesab edib.

BMTB ETİ-nun İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Mahirə Vəliyeva "Pandemiya şəraitində keçiriləcək tədbirin məqsəd və məramı", BMTB ETİ-nun Seleksiya şöbəsinin müdiri, professor Ələddin Tağıyev "Azərbaycanda pambıqçılığın inkişafında yerli sortların rolu və təqdimatı" mövzusunda çıxış ediblər.

Sonda nümayiş olunan sortlara tarlada baxış keçirilib, müzakirələr aparılıb, bölgə fermerlərini maraqlandıran suallar BMTB ETİ-nun alimləri tərəfindən cavablandırılıb.

ŞAHANƏ

 





09.09.2020    çap et  çap et