525.Az

Yazıçılar Birliyində Aydın Məmmədovun 70 illik yubileyi qeyd edilib (Fotolar)


 

Yazıçılar Birliyində Aydın Məmmədovun 70 illik yubileyi qeyd edilib <b style="color:red">(Fotolar)</b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) türkoloq-alim, ədəbiyyatşünas Aydın Məmmədovun 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin aparıcısı, AYB-nin katibi Rəşad Məcid çıxışında mərhum yubilyarın həyat yolundan söz açıb:
 
"Görkəmli alim, böyük türkoloq Aydın Məmmədov Şəkinin qədim Kiş kəndində dünyaya gəlib. Bəlkə gənclərdə Aydın Məmmədov haqqında bilgilər o qədər də çox deyil. Amma Aydınla eyni proseslərdə iştirak edən adamlar, onu tanıyanlar Aydını heç vaxt unuda bilməzlər. Aydının işıqlı obrazı, nurlu xatirələri hamımızın qəlbində yaşayır. Uşaqlıqda bu ifadəni eşidəndə düşünürdüm ki, insanın işıqlı obrazı bu qədər yaşaya bilərmi? Amma indi bu ifadənin şablon yox, həqiqət olduğunu bilirəm. Çünki Aydının ölümündən 23 il keçib, amma onun xatirəsi yaşayır, elə bil canlıdır, bizimlə bir yerdədir. Bu gün onun işlədiyi binada çalışan onun dostları, "525-ci qəzet"in, eləcə də Tərcümə Mərkəzinin əməkdaşları, demək olar ki, hər gün Aydını yad edirlər. Aydın Məmmədov həm görkəmli türkoloq alim idi, həm də "Sovetskaya türkoloqiya" jurnalının Azərbaycan üzrə rəhbəri idi. O, ədəbiyyatşünas  alim idi, Azərbaycan ədəbi prosesinin yönləndirilməsi ilə bağlı çıxışları, müsahibələri, yazıları həmişə geniş əks-səda doğurardı.

Azərbaycanın müstəqillik qazandığı illərdə Aydın Məmmədov sözünün dəyəri və kəsəri olan ictimai xadim kimi , siyasətçi kimi tanındı. Aydın çox nadir natiqlik istedadına malik idi. Çox xoşbəxtəm ki, Aydının ömrünün son səkkiz ayını onunla bir yerdə çalışmışıq, bir yerdə işləmişik, bütün o proseslərə şahid olmuşam.  Aydının şöhrətin pikində, bütün küçədə-bazarda hamının tanıdığı vaxtı da olub, həbsxanada dustaqlara ərəb əlifbasını öyrətdiyi vaxtı da. Aydının uzun cümlələr deyib insanları öz nitqi ilə heyrətə saldığı vaxtlarını da görmüşəm, kədərli anlarında eyni cümlələri təkrarlaya-təkrarlaya, rabitəsiz danışdığı məqamlara da şahid olmuşam. Aydının obrazı heç vaxt yadımdan çıxmır. İki il öncə 48 yaşım olanda fikirləşdim ki, Aydın 48 yaşı olanda rəhmətə gedib. Amma biz Aydını 48 yaşında bilmirdik ki. O bizim təsəvvürümüzdə müdrik, qocaman, dünyagörmüş bir insan idi. Bu yaxınlarda Səudiyyə Ərəbistanından qayıdanda onun oğlu Arazla bir az söhbət elədik, uşaqlarını soruşdum. Dedi
ki, uşaqlar ikisi yüksək balla universitetlərə qəbul olublar. Böyüyü, babasının adını daşıyan Aydın 655 balla Bakı Dövlət Universitetinə, kiçiyi Ümid isə 600-dan yuxarı balla Neft Akademiyasına daxil olub. Düşünürəm ki, nəvələri istedadda, savadda babalarına çəkiblər. Onların bu gün bu tədbirdə iştirak etməsini istədim ki, görsünlər babaları kim olub. Aydın mənim həyatımda gördüyüm qeyri-adi, iti zəkaya malik nadir adamlardan idi. İndi onun haqqında danışanda hadisələri dünən olmuş kimi xatırlayırıq. Aydını əbədiləşdirən bədii nümunələrdən biri Ramiz Rövşənin ona yazdığı "Tabut" şeiridir, onu çap etdik, internetdə onu Ramizin ifasında yaydıq. Hesab edirəm ki, bütün bunlar Aydının o işıqlı xatirəsinə hörmət əlamətidir. Biz Aydını bu gün çox sevirik. Aydın bu gün dipdiridir".

AYB-nin sədri, Xalq yazıçısı Anar Aydın Məmmədovu həyatında rast gəldiyi ən istedadlı, ən ağıllı, ən savadlı insanlardan biri kimi qyimətləndirib: "Onun istedadı hərtərəfli idi. O ədəbiyyat aləminə dilçi kimi, türkoloq kimi gəlmişdi bu sahədə çox nailiyyətləri vardı. O dövrdə ədəbi tənqiddə bir zəiflik hiss olunurdu. Daha doğrusu, bizim nəslin tənqidçiləri az idi. Ona görə dilçi alimlər tənqidə girişdilər. Dilçi alim kimi Aydın Məmmədovun həmin vaxt yazdığı məqalələr ən yaxşılardan idi. Sonra Aydın siyasətlə məşğul oldu. Bu sahədə parlaq şəkildə, natiq kimi, təşkilatçı kimi, parlamentin üzvü kimi özünü göstərdi. Çox təəssüf ki, həyatının ən qaynar çağında faciəvi qəzanın qurbanı oldu. Aydının çoxillik səyləri ilə biz Tərcümə Mərkəzini yarada bildik, oranın birinci sədri kimi Aydını təklif elədik. Onun faciəli ölümünü Türkiyədə eşitdim. Qayıdandan sonra mərhum Emin Sabitoğlu ilə Kiş kəndinə getdik, məzarını ziyarət elədik, valideynləri ilə görüşdük. 

Aydının çox maraqlı kəlamları olub. Amma bir sözünü həmişə xatırlayıram: "Bizim xalqın bir xüsusiyyəti var ki, sevdiyi insanları ya dar ağacında görmək istəyir, ya da tribunada. Doğrudan da belədir. Aydın elə bir insandı ki, vaxtında da biz onun qədrini bilirdik, vaxtında da onun qiymətini verirdik, indi, ölümündən çox illər keçəndən sonra da eyni şəkildə o bizim qəlbimizdə , yaddaşımızda yaşayır. Çox sevinirəm ki, onun övladları da, nəvələri özünə layiq insanlar kim yetişiblər. Ruhu şad olsun".

AYB-nin katibi Arif Əmrahoğlu Aydın Məmmədovla münasibətindən danışıb: "Aydınla mənim tanışlığım 1973- ildən başlayıb. Həddindən artıq yaxın olmuşuq, bir-birimizə "can qardaş" deyə müraciət edirdik.  O mənim taleyimdə müəyyən xidməti olmuş bir insandır. Aydın insanı qiymətləndirməyi bacarırdı. O, deyilən sözdən daha çox, deyilməyən sözü tutmağı bacarırdı. Hər söhbəti, hər çıxışı bir məqalə idi. Xalqın taleyi ilə bağlı məsələlərdən söz düşəndə Aydının gözündə od parlayırdı. Aydın hər cəhətdən özünə qalib gəlmiş bir adam idi".

Şair Ramiz Rövşən Aydın Məmmədo

vu 1978-ci ildən tanıdıcını, ancaq ona qədər haqqında çox eşitdiyini önə çəkərək, fikirlərini bölüşüb: "Dilçilər həmin vaxt ədəbi tənqidə gəlirdilər. Yadımdadır, Kamil Vəli, Kamal Abdulla, sonralar Nizami Cəfərov kimi maraqlı imzalar tanınırdı. Aydın Məmmədov da belə maraqlı imzalardan idi. O bir dəfə mənim yaradıcılığımdan yazanda demişdi ki, Ramiz Rövşənin yazdıqları fikrin sərgüzəştidir. "Fikrin sərgüzəşti" ifadəsi o vaxt məni çox tutmuşdu. Onda hiss elədim ki, Aydında poetik düşüncə var. Ağıllı adamlar çoxdu, eləsi var, ağlını vəzifə kimi gəzdirir, eləsi var, xəzinə kimi gəzdirir. Aydının ağlı isə istedad səviyyəsində idi. Aydına elə bil bu ağlı vermişdilər ki, hamıya ondan pay versin, o istəyirdi ki, onun bildiklərini hamı bilsin.

Aydın qədim yunan filosofları kimi yazmaqdan çox, deməyin tərəfdarı idi. O, dediyinin təsirini o dəqiqə insanların üzündə görmək istəyirdi. Aydın həddindən artıq təsirli bir natiq idi.

Vaxtilə, Aydının ən şöhrətli vaxtında  bir professor mənə belə bir əhvalat danışmışdı: "Moskvada bir simpozium var idi. Üç məruzəçidən biri mən idim. Aydın da o simpoziuma gedirdi. Təyyarədə məndən soruşdu ki, o simpoziumun mövzusu nədir? Mövzunu danışdım. Getdik. Birinci gün hamımz məruzə elədik. İkinci gün məruzələr başladı. Birinci Aydına söz verdilər, durub danışdı. Sonra bizim məruzələr qaldı bir kənarda, hamı bir gün ancaq onun çıxışını müzakirə elədi".

Aydında bədii istedad vardı. Aydın çox yaxşı, səmimi şeirlər yazırdı. Bizdə qılınc qələm anlayışı var. Aydın hər ikisinə malik insanlardan idi. Onun həm sözü kəsərli idi, alim idi, söz adamı idi. həm qəhrəman idi. Yəni alimlər, şairlər haqqında demək olar ki, vaxtsız getdi, amma qəhrəman haqqında "vaxtsız getdi" demək olmur. Çünki qəhrəmanın elə ölümü onun qəhrəmanlığıdır. Hansı məqamdasa mən Aydını tale baxımından Şıxəli Qurbanovla yan-yana qoyardım. Aydınla dost olanda onu çox istədiyimi bilmirdim, Aydın rəhmətə gedəndə çox sarsıldım, yalnız onun ölümündən sonra hiss elədim ki, Aydını qədər çox istəyirəmmiş. Onu təkcə mən yox, bütün xalq çox istəyirdi".

Sonra Ramiz Rövşən yubilyara həsr etdiyi "Tabut" şeirini oxuyub.

Şair Çingiz Əlioğlu Aydın Məmmədovu çox istedadlı tənqidçi kimi səciyyələndirib: "Onun şeirə, sözə çox fərqli münasibəti vardı. Müəllifin çox dəqiq portretini yarada bilirdi. Aydının 25-30 il bundan qabaq poeziya haqqında səsləndirdiyi fikirlər bugünün özündə qədər müasirdir, dəqiq haqda danışdığını bilən bir adamın müşahidələridir. Aydın o vaxt kabinetində mənə "Manas"dan etdiyi tərcümələrindən parçalar oxumuşdu. İndi düşünürəm ki, görəsən, o tərcümələr necə oldu?"

Millət vəkili, yazıçı Aqil Abbas Aydın Məmmədovun çox işıqlı şəxsiyyət, prinsipial insan olduğunu deyib: "Aydın müxalifətçi idi, iqtidarçı. O, qəhrəman idi, dünyadan da bir qəhrəman kimi getdi".

İctimai xadim Həmid Cəfərov mərhum yubilyarı çox böyük şəxsiyyət , görkəmli alim kimi səciyyələndirib. 

Tədbirdə Nəriman Qasımzadə, şair Əlisəmid Kür xatirələrini, düşüncələrini dilə gətirib.

Aydın Məmmədovun ailə üzvləri adından oğlu Araz Məmmədov çıxış edərək atasının xatirəsini əziz tutduqları üçün tədbirin təşkilatçılarına qonaqlara minnətdarlığını bildirib.

Sevinc MÜRVƏTQIZI

 





17.01.2014    çap et  çap et