525.Az

"İstərdim ki, bütün gənclər bu kitabı oxusunlar" - Şəmil Sadiq ilə müsahibə


 

"HƏDƏF" NƏŞRLƏRİNİN TƏSİSÇİSİ, DOSENT ŞƏMİL SADİQLƏ BU YAXINLARDA NƏŞR ETDİKLƏRİ "GENERAL POLAD HƏŞİMOV XATİRƏLƏRDƏ" KİTABI HAQQINDA SÖHBƏT

"İstərdim ki, bütün gənclər bu kitabı oxusunlar" - <b style="color:red">Şəmil Sadiq ilə müsahibə </b>

Artıq iki aydır, iyulda baş vermiş Tovuz döyüşləri, bu döyüşlərin qəhrəmanları, şəhidlərimiz gündəmdən düşmür. Xalqımız böyük coşğu içərisində qəhrəmanları yad edir, qisas almaq üçün könüllü səfərbərliyə yazılanların ardı-arası kəsilmir.

Döyüşlərin qızğın vaxtında paytaxtın küçələrinə çıxan 30 min vətənpərvərin dinc yürüşü, müharibə çağırışı, "Qarabağ bizimdir!" şüarları da bu qəbildəndir.

Tovuz döyüşlərilə assosiasiya olunan qəhrəmanlardan ən birincisi, şübhəsiz, şəhid general-mayorumuz Polad Həşimovdur. Həzi Aslanovdan sonra döyüşdə şəhid olan ilk generalımız öz ölümü ilə tarix yazaraq bir anda xalqın sevimli övladına, kumirinə çevrildi. Xüsusən, gənc nəslin idealı oldu. Hazırda generalımızın şəkli sosial şəbəkə profillərini, avtomobil şüşələrini, vitrinləri, bannerləri bəzəyir. Haqqında kitablar yazılır, filmlər çəkilir. Hərə öz sahəsinə, bacarığına, istedadına uyğun şəkildə şəhid generalımıza olan borcunu ödəməyə çalışır. Bu kitablardan birinin, üstəlik, ən əhatəli, ən dolğun olanının naşiri, "Hədəf" Nəşrlərinin təsisçisi Şəmil Sadiqdir. Onunla "Xatirə ədəbiyyatı" seriyasının 52-ci kitabı olan "General Polad Həşimov xatirələrdə" memuarından danışdıq:  

***

- Şəmil bəy, bu kitabın nəşri ideyası necə yarandı?

- "General Polad Həşimov xatirələrdə" kitabının nəşri göydəndüşmə, təsadüfi qərar deyil. "Hədəf" Nəşrlərinin bəlli strategiyası, konsepti  var. Digər nəşrlərimizə nəzər salsanız, aydın görünəcək ki, əsas ideyamız milli kimliyimizi təbliğ və tərənnüm etməkdir. Bu kitabdan əvvəl də böyük şəxsiyyətlərə həsr edilən nəşrlərimiz olub. Yusif Səmədoğlunun, eləcə də İsa Hüseynovun 40 mərasimində onların həyat və yaradıcılığına işıq tutan kitablarımızı mərasimə gələnlərə paylamışıq. Bir neçə günə bundan əvvəl isə üzərində 4 il işlədiyimiz Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan cizgi romanı oxuculara təqdim etdik.

Bundan başqa, uşaqlara milli kimliyimizi təlqin etmək, böyük şəxsiyyətləri tanıtmaq üçün nəzərdə tutulmuş layihə çərçivəsində "Böyük adam olmuş uşaqlar" seriyasından Nizami Gəncəvi, Memar Əcəmi, Şah İsmayıl Xətai, Yusif Məmmədəliyev, Kərim Kərimov və başqalarına həsr olunmuş nəşrlərimiz var. Yaxud ərsəyə gətirdiyimiz boyama kitabları digər nəşriyyatlardan fərqli olaraq təbiət lövhələri, heyvanlar yox, milli geyimlərimiz, milli qəhrəmanlarımız, tarixi şəxsiyyətlərimiz, generallarımız, idmançılarımız barədə hazırlanıb.

Tovuz hadisələrində, Azərbaycan xalqının yaşadığı acı günlər, ümumiyyətlə, düşmənlərimizin torpaqlarımıza qarşı yenidən hücumu, şəhid verməyimiz, xüsusilə, yüksəkçinli zabitləri itirməyimiz bizi dərindən ağrıdır. Polad Haşımov milli hərbi sistemdə yetişən general idi. Onun haqqında sosial şəbəkələrdə yayılan yazılar çox geniş vüsət aldı. Bu da xatirələrin toplanıb geniş oxucu kütləsinə təqdim olunmasına rəvac verdi. Bu cür hadisələr tarixdir, kitab statusdan fərqli olaraq tarixə keçir, uzunömürlüdür.

Sevindirici haldır ki, kitab haqqında sosial şəbəkələrdə elan verərkən dostlar, tanışlar, hətta tanımadığımız şəxslər, kimin nəyə gücü çatır, kömək əlini uzatmaq istədi. Hətta bir neçə dostumuz maliyyə dəstəyi göstərmək istədi. Amma bütün bu xərcləri nəşriyyatın qarşılamaq gücü olduğundan imtina etdik. Kitabın tərtibatından, dizaynından tutmuş hazırlanan materiallara qədər ən yüksək səviyyədə hazırlamağa çalışdıq. Özümü xoşbəxt hiss edirəm ki, bunu bacara, zamanında oxuculara çatdıra bildik.

- Hansısa dövlət qurumu sizə öz köməyini təklif etdimi?

- Biz özümüz müraciət etmədik. Dövlət qurumlarının iş prinsipi bəllidir. Müraciət etməsən, haradan biləcəklər ki, belə bir layihə həyata keçirilir, yaxud kömək lazımdır? Müdafiə Nazirliyinə məktub yazaraq kitabın hazırlanması ilə bağlı dəstək istədik. Bu dəstək də ondan ibarət idi ki, kitaba salmaq istədiyimiz ictimaiyyətə tanış olmayan arxiv materialları, şəkillər vardı. Müdafiə Nazirliyinin nəzdində olan nəşriyyatın rəhbəri Samir müəllim bizə dəstək oldu. Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ilə görüşdüm. Müəyyən sənəd və materialların, tərcümeyi-halın, xasiyyətnamənin əldə edilməsi üçün köməklərini əsirgəmədilər. Bundan başqa, hərb elə sahədir ki, hər materailı çap etmək olmaz. Elə nüanslar var, hərbi sirr ola bilər. Bu baxımdan nazirlik köməyini əsirgəmədi. Əlavə dəstək istəmədiyimizə görə təklif də olmadı.

Kitabın paylanması prosesində isə çox əziyyət çəkdik. Çünki cəmi 2 min tiraj çap olunmuşdu. Nəşr barədə məlumatı olan hər kəs heç olmasa bir nüsxə əldə etmək istəyirdi. Bu da mümkünsüzdür. Əlbəttə, istərdim ki, bütün gənclər, məktəblilər, tələbələr bu kitabı əldə etsinlər, oxusunlar. Hər evdə, hər ocaqda bu nəşr olsun. Amma nəşriyyatımızın müəyyən maddi bazası var və bu baza arzumuzu həyata keçirməyə imkan vermir.

Bir məsələ də var ki, istər Müdafiə Nazirliyi, istər Mədəniyyət Nazirliyi, istərsə də digər qurumlar müraciət etsə, kitabın çap olunub təhsil müəssisələrinə, qurumlara, sadə vətəndaşlara paylanılmasına kömək edə bilərik. Əlbəttə, heç bir təmənna güdmədən. Yalnız çap xərclərini ödəməklə bu işi təşkil etmək olar. Lap əvvəldən demişəm ki, bu kitabdan qazanc güdmürük. Bu, bir növ mənəvi borcdur.

- Kitab elə "Kitabevim.az"a verilən gün tükəndi...

- Əvvəl də qeyd etdiyim kimi, "General Polad Həşimov xatirələrdə" kitabı cəmi 2000 tirajla çap olunmuşdu. Nəzərdə tutmuşduq ki, Təhsil (150 ədəd), Mədəniyyət (100 ədəd), Müdafiə nazirliklərinə (100 ədəd), universitet kitabxanaları və digər kitabxanalara (150 ədəd), xaricdəki diaspor təşkilatlarına (50 ədəd), ictimai-siyasi şəxslərə (150 ədəd), sıravi oxuculara (500 ədəd), təşkilatçı, dəstəkçi və məqalə sahiblərinə (200 ədəd), mətbuat orqanlarına (50 ədəd), "Hədəf Şirkətlər Qrupu"nun müəllim heyəti və digər personalına (200 ədəd), Polad Həşimovun qırx mərasiminə (350 ədəd) ayıraq. Amma tələbat o qədər çox, kütləvi oldu ki, sıravi oxucular üçün "Kitabevim.az" mağazasına qoyulan 500 kitab 4-5 saat ərzində tükəndi. Hətta biz daha 100 ədəd kitab göndərməli olduq. Amma əlbəttə, tələbatı qarşılamadı. Nəşriyyata hər gün onlarla, bəzən yüzdən çox zəng gəlir. Hamı da generala həsr edilmiş kitabı soruşur.



- İkinci nəşri olacaqmı?

- Əvvəlcə onu qeyd edim ki, çoxları kitabın hədiyyə edilməsinə qarşıydı. Təklif edirdilər ki, kitab mütləq pulla satılmalıdır. Təklifi bu cür izah edirdilər ki, belə olan halda kitabı, həqiqətən, istəyən şəxslər gəlib pul verib alacaqlar, beləcə, ehtiyacı olanların hamısına çatacaq. Amma əvvəldən elan etmişdik ki, kitab satışda olmayacaq. İlk nəşr tamamilə pulsuz şəkildə paylanacaq. Qaldı ikinci nəşrə artıq, yaxın günlərdə hazır olacağını düşünürük. "General Polad Həşimov xatirələrdə" kitabının çap prosesində istər redaktə, istər korrektə, istər mətn baxımından mümkün olanının ən yaxşısını etməyə çalışmışıq. Düzdür, çox qısa vaxtda - 20-25 gün ərzində ərsəyə gəlib. Amma buna rəğmən, düşünürəm ki, dolğun və keyfiyyətli iş ortaya qoyulub. İkinci nəşr əməkdaşlıq etdiyimiz kitab mağazalarına paylanacaq. Onlardan da xahiş etmişik ki, kiyabın qiymətinə hansısa faiz əlavə edilməsin. Qiymət sırf kitabın maya dəyərində təyin edilib - 3 manat. Yəni bayaq da dediyim ki, biz bu kitabdan hansısa gəlir güdmürük.

- Kitabın xərclərinə kömək edən təşkilat, yaxud şəxslər oldumu?

- Demək olar, bütün xərci nəşriyyatımız, hansısa təmənna güdmədən qarşılayıb. Min tirajın kağızını almaq üçün "Halal" şirkəti kömək göstərib. Bir də övladı "Hədəf" Liseyində təhsil alan valideynlərdən birinin xeyli israrından sonra cüzi məbləğdə yardımını qəbul etmişik.

- Çox qısa müddətdə, təxminən 1 ay ərzində ərsəyə gəlib bu kitab. Bir naşir kimi, kitabda hansısa nöqsanlar görmüsünüz?

- Məncə, ciddi çatışmazlıq yoxdur. Əvvəl də dediyim kimi, redaktə və korrektəsinə, materialların seçilməsinə ciddi əmək sərf etmişik. Mümkün qədər pafosdan qaçmışıq. Üstəlik, kifayət qədər peşəkar qələm adamlarını yazı təklifinə razılaşmamışıq. Çünki onlar sağlığında generalı tanımayıblar, ünsiyyətləri olmayıb. Eşitdiklərindən, oxuduqlarından yaranan təəssüratlarını qələmə almaq istəyirdilər. Bu isə kitabı memuar kontekstindən çıxaracaqdı. Ona görə də kitabı sırf xatirələr və məktublar üzərində qurmuşuq.

Hə, bir məsələ var ki, vaxt azlığından xeyli şəxs - döyüş yoldaşları, tanışları, eləcə də generalla ünsiyyəti olan adamlar xatirələrini bölüşə bilmədilər. 

- Nəşrin strukturu barədə danışa bilərsinizmi?

- Kitab özlüyündə dörd hissədən ibarətdir. Birinci hissədə ("Polad Həşimov xatirələrdə") ailəsi, qohumları, dostları, sinif yoldaşları, yaxınlarının xatirələri yer alıb. İkinci hissə ("Zabit xatirələri") zabit və döyüş yoldaşlarının xatirələrindən ibarətdir. Üçüncü bölmədə ("Əsgər xatirələri") komandiri olduğu hərbi hissələrdə xidmət edənl əsgərlərin memuarları toplanıb. Dördüncü hissə ("Polad Həşimov fotolarda") isə 60 səhifəlik fotokollajdan ibarətdir. Az qala bütün ömrünü - bağça yaşından tutmuş şəhid olduğu dövrədək - əhatə edir.

- Kitabı artıq xeyli adam oxuyub. Təəssüratını sizinlə, nəşriyyatla bölüşən olurmu?

- Əlbəttə, təkcə mənə hər gün onlarla adam zəng edir, mesaj yazır. Hətta bir nəfər zəng etməklə də yetinməyib nəşriyyata gəlmişdi. General haqqında, kitab haqqında, ümumiyyətlə, kitab industriyası haqqında xeyli söhbət etdik. Hiss olunurdu ki, mütaliə bazası kifayət qədər geniş, analiz qabiliyyəti yüksəkdir.

Bir məsələni də qeyd edim, bütün bu sadaladıqlarımla yanaşı, qələm adamlarında "General Polad Həşimov xatirələrdə" kitabına bir qədər etinasızmı deyim, soyuqmu deyim, bilmirəm, yad münasibət var. Demək olar ki, heç bir yazıçı, şair, jurnalist kitab haqqında bircə yazı, resenziya yazmayıb, fikrini bölüşməyib. Təxminən eyni vaxtda Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyimiz cizgi roman işıq üzü gördü. Bu nəşr haqqında isə ümumiyyətlə, danışan yoxdur.

Cavid QƏDİR

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





10.09.2020    çap et  çap et