525.Az

"Bayrağa bükülənin məkanı cənnət olar..." - Adilə Nəzərin şeirləri


 

"Bayrağa bükülənin məkanı cənnət olar..." - <b style="color:red">Adilə Nəzərin şeirləri</b>

Bayrağa bükülənin məkanı cənnət olar...

Şəhid general Polad Həşimovun xatirəsinə

Ürəyim bir sim üstə inləyir pərdə-pərdə,
Yanıram alov-alov gözlərim baxa-baxa.
İllərdi ki, dözürəm sinəmdəki bu dərdə,
Neçə-neçə zülümlə qalaraq əlbəyaxa...

Dağlayır qəlbimizi hər gün axıdılan qan,
Durub gendən baxırıq bu acı həqiqətə.
Nədən göz yaşımıza acımır belə, zaman,
Oğullar qurban gedir hələ də xəyanətə.

Yolu işıq olanın ömrü bir şam kimidir,
Xain, nankor, satqına hər yerdə lənət olar.
Şəhid də ölərmi heç, - bu, bir yer çəkimidir,
Bayrağa bükülənin məkanı cənnət olar.

Düşündürsə də, məni bu meydanlar dərindən,
Sözüm yoxdu deməyə, dayanmışam nitqi lal...
Bilirəm, hardan gəlir kökü xəyanətlərin,
O gün də qurban getdi qüdrətli bir general.

O, köç etdi sevdiyi torpağın qucağına,
Ayaq saxla, salam ver, ey yolçu, bu yerlərə.
Harda olsa, baş endir şəhidin ocağına,
De, Turandan salam var, ölüb, ölməyənlərə!

Eşq olsun o kəslərə - bir amal birləşdirən,
Torpaq üçün, vətənçün fəda olan hər cana!
Eşq olsun Polad kimi oğullar yetişdirən,
Hələ yetişdirəcək doğma Azərbaycana!

Qarabağa məktub

ƏZİZİM QARABAĞ,
Sənə bu misraları bir yay gecəsinin
qapalı küncündən yazıram.
Qollarımın son döyüşə topladığı
gücündən yazıram.
Sən mənim
arzularımın üfüqlərindən də o yana
sevdiyimsən, yarımsan-eşimsən.
Səni məndən nə qədər ayrı salsalar da,
yenə də yaşamaq eşqimsən.
Adına yazılan mahnıları dinlədikcə
yol yorğunu gözlərini görürəm.
Hər gecə yuxumda
şəlalələrinin saçlarını hörürəm.
CANIM QARABAĞ,
Bilirsənmi,
30 ildir qədərim oldun-qəzam oldun.
Hansı günahı işləmişdim ki,
bu qədər ağır cəzam oldun...
Əgər bu gün dağlar, meşələr
dil açsaydı deyərdi ki,
30 illik taleyin ən viranəsi sənədisə,
sevgilərin də ən şahanəsi sənədir..
Saçlarının hər telinə
şeirlər, şərqilər yazıldi..
Bilirsənmi, 30 ildə
ürəyimdə nə qədər məzar qazıldı?..
GÖZÜM QARABAĞ,
Dünən əllərimdə bir boşluq,
qulağımda
küçə lampalarının qanlı öskürəyi,
qəlbimdə talan olmuş ümidlər vardı..
Bügünsə sevinc gözyaşlarından
islanmış dəsmalım..
Bir də
yanımda zülmə meydan oxuyan
iki ay-ulduzlu bayraq,
Zirvələr açılır, dumanlar keçir,
Təzə ümidlər göyərir qəlbimdə...
SÖZÜM QARABAĞ,
Duyursanmı, çatırmı sənə ayaq səsim?
Qolundakı qandalı,
ayağındakı zənciri qıracağam.
barıt qoxuyur nəfəsim..
Mənim qəlbimdəki məhəbbət
təkcə nərgiz qoxulu deyil.
Qorxma, Qarabağ,
daha mən də qorxmuram,
qovuşmaq ümidi varsa,
ayrılıq qorxulu deyil..

Vətənim

Uca başın buludlarla yarışsın,
Gur saçların küləklərə qarışsın,
Çətin gündü, küsənlərin barışsın,
Qızmar iyul günəşinə boy verib,
Ocaqların daha da gur alışsın.
Vətənim.

Sökülsə də, şah xalından yüz ilmə,
Zalımların tapdağında əzilmə,
Keçəcəkdir ağır günlər, üzülmə,
Ya gec, ya tez hökmü gələr göylərin, -
Ulu Tanrı susqun qalmaz bu zülmə.
Vətənim.

Möhkəm basır, şükür, hələ ayağım,
Poladdandı əyilməyən dayağım,
Sevgidəndir hər əsləhəm, yarağım.
Keşiyində kişi kimi durmuşam,
Qanadlanır başım üstə bayrağım.
Vətənim.

Şuşan, Ağdamınam, Tərtərinəm mən,
Sənə məhəbbətdə çox dərinəm mən,
Baxma ki, gül üzlü bir pərinəm mən.
Bülbüldən qurtardım, güldən qurtardım,
Bu gündən könüllü əsgərinəm mən.
Vətənim.

Salam olsun

Çayır, çeşmə, meşə, dağ,
Arana salam olsun!
Təbriz, Dərbənd, Qarabağ,
Yarana salam olsun!

Çağır oğul-qızını,
Haydan alsın xıncını..
Qolu haqq qılıncını
Vurana salam olsun!

Qoşulsun yellərinə,
Bir olan dillərinə...
Üzü türk ellərinə
Durana salam olsun!

Qatma, Eşqi sevgilə,
Haqq sevgisi seçilər..
Tovrata, həm İncilə,
Qurana salam olsun!

Baxmasınlar kəc ilə,
Mərdlik olmaz mərc ilə..
Qaranlığı vəcd ilə
Yarana salam olsun!

İçindəki nurunan,
Qəlbindəki qorunan,
O uzaqdan görünən,
Turana salam olsun!

Ağlama

Deyirlər ki, dərd eləmə hər şeyi,
Bu dünyanı sel tutacaq, ağlama.
Açılmayan hər düyünə, müşkülə,
Tanrı özü əl qatacaq, ağlama.

Aciz olma, aciz olan dərd elər,
Həyat səni döyə-döyə mərd elər,
Əlbət bir gün açılacaq pərdələr,
Yaxalara əl çatacaq, ağlama.

Nələr çəkdik bu zamanın öcündən,
Başlar itib, köç ayrılıb köçündən,
Bir gün biri sıyrılacaq içindən,
Durğun gölə daş atacaq, ağlama.

Ömür qısa, həyat acı, tale bəd,
Gəldi qondu yaxamıza hər illət,
İnanaq ki, bir dəfə də bu millət,
Tez oyanıb gec yatacaq, ağlama.

İnamınla qayanı çap, dağı yar,
Ay Adilə, son qoy gəl bu ağıya,
Nə bu vətən yem olacaq yağıya,
Nə də ki bu qan batacaq, ağlama.

 





10.09.2020    çap et  çap et