525.Az

Zəngin və mənalı ömür yolu - Yubiley yazısı


 

TANINMIŞ ƏDƏBİYYATŞÜNAS, TƏRCÜMƏÇİ, PUBLİSİST MAQSUD HACIYEVİN 85 YAŞI TAMAM OLUR

Zəngin və mənalı ömür yolu - <b style="color:red">Yubiley yazısı </b>

Tanınmış ədəbiyyatşünas, tərcüməçi, publisist Maqsud İbrahim oğlu Hacıyev 1935-ci il sentyabr ayının 10-da Qonaqkənd (Quba) rayonunun Gümür kəndində anadan olub, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Azərbaycan EA-nın Şərqşünaslıq, Milli Münasibətlər, Arxeologiya və Etnoqrafiya və Dilçilik İnstitutlarında elmi işçi və Baş elmi işçi olub, uzun illər Əfqanıstanda və İranda fəaliyyət göstərib.

M.Hacıyev uzun illər ərzində Azərbaycan ədəbiyyatının Yaxın Şərq xalqları ədəbiyyatı ilə əlaqələrini tədqiq edib. Onun "Azərbaycanda yazılmış ilk fars dili dərslikləri haqqında", "İranda dramaturgiyanın yaranmasında azərbaycanlıların rolu", "Sabir mənim müəllimimdir", "Şairlər məskəni" kimi məqalələri İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinə həsr olunub.

M.Hacıyevin İran səfəri nəticəsində qələmə aldığı "Beş il qonşu diyarda" irihəcmli publisistik əsəri, eləcə də İrana səfərindən sonra yazdığı "İran etüdləri" sənədli povesti, "Suda toy", "Bir yay axşamı", "Üç kartof və üç yüz uşaq" hekayələri müxtəlif vaxtlarda mətbuatda işıq üzü görüb.

M.Hacıyev Əfqanıstan ədəbiyyatına və mədəniyyətinə dair bir sıra məqalələrin də müəllifidir. Onun "Məzari-Şərif muzeyində", "Sönməz məşəl", "Üç il əfqanlar arasında", "Dörd ildə gördüklərim", "Xəzər tez-tez yuxuma girir", "Yaxın qonşu uzaq qohumdan yaxşıdır", "Müasir əfqan şeirində Azərbaycan mövzusu", "Qoca diplomatın xatirələri", "Əfqanıstandakı əfşarlar haqqında" kimi elmi-publisistik müxtəlif illərdə geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. M.Hacıyevin əfqan yazıçı və şairlərinin yaradıcılığından elədiyi tərcümələr bu qədim ölkəni Azərbaycan oxucusuna tanıtmaqda böyük rol oynayıb. Onun "Əfqanıstan görüşləri" kitabı 1989-cu ildə "Yazıçı" nəşriyyatında çapdan çıxıb.

Bundan başqa, M.Hacıyevin Azərbaycan xalqının adət və ənənələrinə, həmişəyaşar qədim Novruz bayramına, unudulmuş xalq oyunlarımıza həsr olunmuş "Azərbaycanlıların adət və ənənələrindən", "Azərbaycanlıların bəzi adət-ənənələri haqqında", "İnamlar və inanclar", "Qədim oyunlarımızı həyata qaytaraq", "Xalq oyunlarımız və klassik poeziya", "Qədim Novruz bayramı haqqında", "Torpağın Novruz nəfəsi", "Novruz bayramı min il bundan əvvəl və bu gün", "Qədim azərbaycanlılarda Novruz bayramı" kimi yazıları müəllifin "İnanclar və inamlar" kitabında toplanaraq "Gənclik" nəşriyyatında çap olunub. M.Hacıyev Azərbaycan Sovet Ensiklopediyasında işlədiyi zaman dilçiliyin müxtəlif məsələlərinə həsr olunmuş yazılarla çıxış edib. O, uzun illər Azərbaycan tatlarının dili, tarixi, etnoqrafiyası, xüsusilə, bu xalqın adət-ənənələrinin tədqiqi ilə məşğul olub.

M.Hacıyevin "Tatların tarixi-etnoqrafik oçerki" monoqrafiyasında tatların mədəni inkişaf yolu, tatlarda mədəni-əxlaqi dəyərlər, tatların maddi-mədəniyyəti və qədim etiqadları kimi məsələlər tədqiq olunub. Müxtəlif illərdə onun "Tat dilinin öyrənilməsi tarixindən", "Tat etnonimi haqqında", "Azərbaycan ərazisindəki bəzi toponimik adların mənşəyi dair", "Azərbaycanın bəzi toponimləri barədə", "Tat dili", "Tatlar haqqında söz", "Tat mədəniyyətinin inkişaf yolları", "Tat dilində Azərbaycan sözləri", “Milli məsələ və Azərbaycan tatlarının ikidillilik məsələsi", "Bir can - bir ürək", "Düşmən fitfasına uymayaq", "Türkün türkdən başqa dostu var", "İftixar və qürur haqqı ilə (tatlar haqqında)", "Azsaylı xalqlara böyük qayğı", "Dövlətçilik ənənələrimizdə milli siyasət" kimi xalqların birlik və vəhdətinə həsr olunmuş məqalələri çap edilib. M.Hacıyevin tat dilinin müxtəlif ləhcələrindən biri olan Qonaqkənd ləhcəsinə dair yazdığı "Tat dilinin Qonaqkənd ləhcəsi" adlı monoqrafiyası Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatında, 1971-ci ildə çap olunub. M.Hacıyev uzun illər üzərində çalışdığı "Azərbaycan tatlarının dili (fonetika, leksika, morfologiya və sintaksis)" adlı fundamental əsərini çap etdirərək oxuculara təqdim edib. O, tat dilinin müxtəlif ləhcələrinin dil materiallarını bir sıra türk dilləri, o cümlədən, tat dilinin ən yaxın ünsiyyətdə olduğu Azərbaycan dili ilə müqayisə edərək maraqlı nəticələr əldə edib, müxtəlif sistemli dillərin qarşılıqlı əlaqələri məsələlərinə toxunub.

M.Hacıyevin qədim tarixə malik Azərbaycan tatlarının Azərbaycan xalqı tərkibində ləyaqətli yerinə, onların ümumi və müştərək vətənimizin ictimai-siyasi, ədəbi və mədəni həyatında oynadığı rola dair bir sıra yazıları ictimaiyyət tərəfindən böyük diqqət və qayğı ilə qarşılanıb. O, ilk dəfə bir sıra tat nağıllarını Azərbaycan dilinə, Azərbaycan şairlərinin şeirlərindən nümunələri tat dilinə tərcümə edərək kitab şəklində  çap etdirib.

M.Hacıyev Azərbaycanda yaşayan tatların dilini və mədəniyyətini öyrənməyə, bu xalqın adət-ənənələrini yaşatmağa xidmət edən  "Azəri Tat Mədəniyyət Mərkəzi"nin təsisçisi və sədri olub. "Azəri Tat Mədəniyyət Mərkəzi" ölkəmizdə gedən siyasi hadisələrdən kənarda qalmır, xalqımızı narahat edən bu və ya başqa məsələlərə dərhal öz münasibətini bildirir. Respublikamızın başqa siyasi və ictimai təşkilatları kimi "Azəri Tat Mədəniyyət Mərkəzi" də xalqımıza qarşı törədilmiş qanlı 20 Yanvar faciəsi, düşmən təxribatları, Azərbaycanı parçalamağa yönəldilmiş separatçılıq meyllərinə qarşı daima öz səsini ucaldıb, xəyanət yolunu, düşmən dəyirmanına su tökmək cəhdlərini qətiyyətlə pisləyib.

Maqsud Hacıyevin həyat və yaradıcılıq yolu çoxşaxəli və zəngindir. Biz tanınmış ədəbiyyatşünas, tərcüməçi, publisist Maqsud Hacıyevi - yüzlərlə ədəbi-bədii və publisistik məqalələrin, onlarla kitabın müəllifini anadan olmasının 85 illiyi münasibətilə Azərbaycanda yaşayan tatlar  və "Azəri Tat Mədəniyyət Mərkəzi" İctimai Birliyinin üzvləri adından səmimi qəlbdən təbrik edir, ona cansağlığı və sağlamlıq arzulayırıq.

Elman ƏHMƏDOV
"Azəri Tat Mədəniyyət Mərkəzi" İctimai Birliyinin sədri

 





10.09.2020    çap et  çap et