525.Az

Samuxun kəndlərində suvarma üçün artezian şəbəkəsi genişləndirilir


 

ÖLKƏ BAŞÇISININ SƏRƏNCAMINA UYĞUN OLARAQ TƏKCƏ CARİ İLDƏ ƏLAVƏ 15 SUBARTEZİAN QUYUSU QAZILIR

Samuxun kəndlərində suvarma üçün artezian şəbəkəsi genişləndirilir<b style="color:red"></b>

Ölkə başçısının Samux rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirləri nəzərdə tutan Sərəncamına uyğun olaraq rayonunun 13 yaşayış məntəqəsində  ümumən 15 ədəd subartezian quyusunun qazılması işləri ardıcıl həyata keçirilir.

8 aprel 2020-ci il tarixli həmin sərəncam ilə rayonda su təchizatının yaxşılaşdırılması  məqsədilə subartezian quyularının qazılması üçün  1,05 milyon (bir milyon əlli min) manat ayrılıb.

Bu istiqamətdə işlərin həcminin əsas hissəsi görülüb, nəzərdə tutulan 15 subartezian quyusundan 10-u artıq qazılıb.

Bu günlərdə isə Qiyaslı kəndində əhalinin suya olan tələbatını yaxşılaşdıracaq yeni subartezian quyusu təhvil verilib. Təkcə bu qurğu yerli fermerlərin 50 hektara  yaxın əkin ərazisinin suvarılmasına xidmət  edəcək.

"Son illər müşahidə olunan quraqlıq şəraitində əkin-biçinimizin əmələ gəlib-gəlməyəcəyi riski altında çalışmışıq. Sağ olsun prezidentimiz, ən sadə kənd adamının da qayğılarına bələd olub yerlərdə müvafiq tədbirlər görmək üçün sərəncamlar verir. Artıq kəndimizdə su problemi olmayacaq, məhsulumuz da inşallah, bərəkətli olar", - deyə Qiyaslı kənd sakini Azad Kərimov sevincini bölüşür.

Samux Suvarma Sistemləri İdarəsinin sahə rəisi  Elşən Rüstəmov qeyd edir ki,  Prezidentin müvafiq sərəncamı ilə yeni subartezian quyularının  ərsəyə gətirilməsi işi  ilk növbədə  suya daha çox ehtiyacı olan əraziləri əhatə edir: "Rayonumuz üzrə ümumən 28 min hektardan çox əkin sahələrinin suvarılmasında kanallar və digər xətlərlə yanaşı, 540 ədəd subartezian quyularının da payı var. 66 subartezian quyusu isə 2013-2020-ci illər ərzində ölkə rəhbərinin yerlərdə suvarma işinin yaxşılaşdırılması ilə bağlı sərəncamları üzrə işə salınıb. Təxmini hesablamalarımıza görə, rayon üzrə daha 50-60 arteziana ehtiyac var".

Cari mərhələdə rayonun kəndlərində 15 yeni subartezian quyusunun qazılması işləri ilin sonuna kimi yekunlaşacaq.

Zakir MURADOV
Samux

 





10.09.2020    çap et  çap et