525.Az

Bizim reallıq nağılımız - Fidan Malik yazır


 

Bizim reallıq nağılımız - <b style="color:red">Fidan Malik yazır </b>

Otağın baş, bəlkə də, ayaq tərəfində (otaq dairəvi olduğundan ayırd etmək çətindir), əlqərəz, əlində həsir səbətilə yorğun, yaşlı bir nənə. Səbətin də içində sap yumaqları.

Ya nənəni mürgü tutduğundan, ya da içindəki sapların çoxluğundan səbət əyilib və sap yumaqlarından bir xeylisi yerə düşüb. Otaqdakı pişik balaları da fürsət bilib yumaqlara hücuma keçiblər. Bəlkə də, nənənin onlarla oynamaq istədiyini, saplarını bilə-bilə otaq boyu səpələdiyini düşünüb elə aludə olublar ki, əməlli-başlı saplara dolaşıb qalıblar. Az qala özləri yumağa dönüblər. Adamın lap pişiklərə yazığı gəlir. Amma bu vəziyyətə gülməmək də mümkün deyil. İşin darıxdırıcı tərəfi isə odur ki, saplar rəngli deyil. Ən azından, rəngarəng olsaydı, insanın gözünü oxşayardı. Deyəsən, nənə bu dəfə bozlu, qaralı corablar toxumaq istəyirmiş.

Ta qışdan başlayıb, yaza keçib. Yazı da yaya ötürüb. Yay da daha yükünü yığışdırıb getmək istəyir. Elə gedənə hesabdır. Otağa payız girmək istəyir. Lap astanada dayanıb. Amma nənə heç qımıldanmır. Heç deyəsən, nə corabı başa çatdırmaq istəyir, nə də sapların dolaşığını açıb, zavallı pişik balalarını qurtarmağa tələsir. Ya öz-özlüyündə pişik balalarını aid olmadıqları işə girişdikləri üçün cəzalandırmağa çalışır, ya da onların düşdüyü vəziyyəti özünün bildiyi bir səbəbdən səbirlə müşahidə edir.

Əslində, bu gün yaşadıqlarımızın bu nağıldan bir fərqi yoxdur. Sonunu bilmədiyimiz bir nağıl. Nağıla bənzətdim, çünki uşaq vaxtı dinlədiyimiz nağılların sonu hər zaman yaxşı qurtarırdı. İndi də bu nağılın sonunun yaxşı qurtaracağına ümid edirəm. Hər kəs ümid edir.

Ümid etmək gözəl hissdir. İnsanı həyata bağlayır. Amma bir də şübhə var. O da işə qoşuldusa, insanın qol-qanadını qırır. Qulağına pıçıldayır: "Kim deyib ki, bütün nağılların sonu yaxşı qurtarır?" Bir anda duruxursan. "Bəlkə haqlıdır? Axı, bəzən onu danışan belə, başlayanda təxəyyülünə güc verir və hara varacağını bilmir. Bəlkə bizi balaca vaxtı aldadıblar? Yox! Böyüklər yalan danışmazlar!"  Deyəsən, şübhə öz işini layiqincə gördü. Toxumlarını artıq səpdi. İndi yüz gün də çalışsaq, "bəlkələr" bizdən əl çəkməyəcək, içimizi asta-asta yeyəcək...

Hə, bir də nağılların sonunda alma bölgüsü olur. "Göydən üç alma düşdü. Biri sənin, biri mənim, biri də nağıl danışanın". Bunu nağıl danışan deyir. Sizcə də, haqsız bölgü deyilmi? Bir adama iki alma düşür. Olmaz ki, hərəsinə bir yarım düşsün? Hələ dinləyənin sayı çox olduqda, gəl gör indi o bir almanı neçə yerə bölməli olursan? Ümumiyyətlə, bu bölgünün belə olmasına kim qərar verib?

Bax beləcə bu gün bizlər də bu problemlərin, cavabsız sualların, ədalətsiz bölgülərin, bəlkələrin içərisində dolaşıb qalmışıq. Kimimiz dolaşıqdan çıxmaq üçün "ağıllı" yollar axtarır, kimi özünün çıxması üçün başqalarını zədələyir, kimimiz də emosional olaraq öz çarəsizliyinə təslim olur. Yəqin ki, ən pisi də təslim olmaqdır.

Çünki həyat mübarizədir! Hərəkətdir! Eynən köpək balığının okeanın dibində sağ qalmaq, yuxulu vəziyyətdə belə ölməmək üçün hərəkət etməsi kimi. Əks halda köpək balığı bədəninin ağırlığından müvazinətini itirərərək suyun lap dərinliyinə çökər, bu isə onun məhvinə səbəb ola bilər.

Təslim olmaq, həyatdan əlini üzməkdir. Daha doğrusu, həyata tutunmaq istədiyi halda özündə dirənmək gücü tapmamaqdır. Çarəsizlikdir. Təmamilə ətrafdakı hər şeyə marağın itməsidir, baş verənlərə biganələşməkdir. Sanki sonunun nə zaman gələcəyini səssizcə oturub gözləməkdir və təəssüf ki, bu vəziyyətdə insanın bütün düşüncələri qəmgin notlara yüklənir. Nəticədə xoşbəxtlik hormonları - dofamin, serotonin və endorfin ifrazı azalır və psixoloji vəziyyətlə bərabər, immun sistem ciddi şəkildə zərər çəkir və orqanizm zəifləyir. Bu gün bir çox insanın orqanizminin zəiflədiyi kimi.

Bir problem də ondadır ki, bu cür vəziyyət yoluxucudur. Bu gün hamını təlaşda saxlayan xəstəlik kimi. Bu bədbinlik zəncirvari başqalarına da sirayət edir. Amma təkcə bu deyil. Başqaları da var...

Məsələn, danışıq və yazı tərzi. Bu günün ünsiyyət forması. Tez-tələsik, durğu işarələrindən istifadə etmədən, jarqon ifadələrlə, qısaldılmış sözlərlə yazılan yazılar, edilən söhbətlər. Bu günün insanlarının ən çox istifadə etdiyi yazı forması, daha doğrusu, ünsiyyət forması. Bu gün bu tərzdə danışmaq və yazmaq tam normal vəziyyət sayılır. Əksinə, savadlı, səlis danışan insanlar getdikcə cəmiyyətdə qəribsəyir. 

Fransız yazıçısı Onore de Balzak dediyi kimi: "O yerdə ki, hamı qozbeldir, gözəl bədən çirkinlik əlamətidir".

Digər yoluxucu problem də odur ki, belə ünsiyyət tərzi bəsitləşdikcə canlı, səmimi ünsiyyət qəlizləşir. İnsanlar virtual ünsiyyətə canlı ünsiyyətdən çox önəm verir. Bir evin, eyni məkanın içində, hətta yan-yana dursalar da, bir-birlərinin səsini eşitməz olur.

Bir zaman təsəvvürə belə gətirilməyən hallar normala çevrilir. Adiləşir və mənimsənir. Zövqlər dəyişilir. Düşüncələr dəyişilir. Hamı yavaş-yavaş istəmədən də olsa aludə olur. Çünki pis vərdişlər yoluxucu olur. Məsələn, biri yanınızda bir neçə notdan ibarət bəsit bir musiqini ifa etsə, yolda  və ya radioda dinləsəniz, gün ərzində istəmədən də olsa o mahnını, musiqi zümzümə edəcəksiniz. Ta ki, beyin özü onu bir toksin kimi kənara atana qədər.

Deməli, beynimiz, ruhumuz hələ öz mənəvi immun sistemini qoruyub saxlamaqdadır. Yox, əgər bu vəziyyəti normal qəbul edib heç bir reaksiya verməsək, əsl problem o zaman yaranar. Bu cür "viruslar" ruhumuza, düşüncələrimizə qədər yeriyər və tədricən beyin, ruh öz müqavimət gücünü itirib təslim olar.

Başıma gələn analoji bir vəziyyəti danışmaq istərdim. Sosial şəbəkələrin birində bəsit musiqi ifaçısını az qala bir xanəndə dərəcəsinə ucaltmışdılar. Səhifəyə iradımı bildirdim. "Sizin səhifədən bu cür paylaşmanı gözləməzdim", deyə öz fikrimi bildirmişdim ki, şəbəkənin izləyiciləri tərəfindən təhqir atəşinə tutuldum. Şəbəkə admini (idarəedicisi) isə mənə "çox gözəl məsləhət" verdi: "Bəyənmirsizsə, səhifəni tərk edin". O anda özümü bazarda təsəvvür etmişdim. Narazılıq bildirəndə satıcının, "bəyənmirsən, get başqa yerdən al!" , deyə kobud cavab verməsi kimi. Nə yalan deyim, adminin "məsləhəti" ürəyimcə oldu və məmnuniyyətlə səhifəni tərk etdim.

Bu gün virusdan qorunmaq üçün xəstəlik olan və olmaq ehtimalı olan  məkandan uzaqlaşır və ya virus daşıyıcısı olan insanları uzaqlaşdırır, tibbi, gigiyenik profilaktik tədbirlər görür, sağlamlığımız naminə bütün qaydalara riayət edirik.

İnsan olaraq da sağ qalmaq, cırlaşmamaq, cılızlaşmamaq, mədəni, ədəbi, tarixi irslərimizin məhv olmaması üçün də lazım olan profilaktik tədbirlər görməliyik. Toksinləri özümüzdən uzaqlaşdırmalıyıq.

Bu gün gənc nəslin entuziazmı və yaşlıların həyat təcrübəsinın sintezi, çoxlu mütaliə, nikbin, savadlı, ədəbli, adət-ənənələrinə bağlı insanlarla əhatə olunmaq "mənəvi immun sistemimizin" qorunması üçün vacib olan mənəvi profilaktik tədbirlərdir.

Ətrafda hər şey nə qədər çətin görünsə də, bu gün bu yaşadıqlarımız bizim məcburi vəziyyətimiz, məcburi izolyasiyamızdır. Bu insanın insanla dostluqla, maddi, mənəvi sınandığı, seçim qarşısında qaldığı, aldandığı, aldatdığı, çilədən çıxdığı və ya tamamən susduğu bir andır. Bu cəngəllik qanunlarının insan cəmiyyətinə lap çox təzahür etdiyi andır. Bizim insanlıq imtahanımızdır. Bu həyatda heç bir şey daimi olmadığı kimi, bu vəziyyət də keçicidir. Əsas odur ki, bu nağılımızın sonunun yaxşı qurtaracağına ümidimiz itməsin. Bu fırtınadan sonra qoruyub saxladıqlarımız, itirdiklərimizdən çox olsun.

 





11.09.2020    çap et  çap et