525.Az

"O vaxt Türkiyə Azərbaycana yetərincə dəstək verə bilmədi" - Müsahibə


 

MEHMET İŞIK: "QARDAŞ OLDUĞUMUZUN XARİCİNDƏ BİR ŞEY SÖYLƏYƏN FİTNƏÇİLƏRƏ FÜRSƏT VERMƏMƏLİYİK"

"O vaxt Türkiyə Azərbaycana yetərincə dəstək verə bilmədi" - <b style="color:red">Müsahibə  </b>

Ondan çox kitab müəllifi olan və həyatını tarixi araşdırmalara həsr edən türkiyəli tarixçi yazar Mehmet İşık müsahibimiz oldu və Qarabağ mövzusundan danışdıq.  

- Mehmet bəy, tarixdən məlumdur ki, ermənilər Qarabağ ərazisinə əvvəl Türkmənçay, daha sonra isə Ədirnə müqaviləsi əsasında köçürülüb. Osmanlı İmperiyası öz ərazisindən 90 min erməninin Qarabağa köçürülməsinin gələcəkdə belə bir problem yarada biləcəyini hesablaya bilməmişdimi?

- Bu müqavilələrin imzalandığı tarixdə Osmanlı Navarində çox ağır məğlubiyyətə uğramışdı. Qərbdə rumlar üsyan çıxarmış və dövlət qurmuşdular. Misirdə Məhəmədəli Paşa üsyanı başlamışdı. Üsyan o qədər yayılmışdı ki, II Mahmud bütün gücünü buraya yönləndirmək məcburiyyətində qalmışdı. Daha sonra Məhəmmədəli Paşanın oğlu İbrahim Paşa Adananı, Kütahyanı ələ keçirib Bursaya istiqamət alarkən II Mahmud ruslardan kömək istədi. Ruslar Hünkar İskelesi müqaviləsi ilə ilk dəfə Qara dənizə girdi, Boğazları keçərək Mərmərə dənizinə gəldi. Bu zaman II Mahmud ondan "Sən nə edirsən?" - deyə soruşanlara "Dənizə düşən ilanı qucaqlayar" cavabını vermişdi. Bu söz əslində, Bakıda, Gəncədə, Qarabağda və bir çox digər bölgələrdə yaşanan qətliamların əsas səbəbidir. Biz o vaxt təmkinli, ağıllı davrana bilmədik, çünki səltənət əldən gedirdi. Həm də o zamanlar türklər ermənilərə sadiq bir millət kimi baxırdılar. Yəni onların həmin bölgələrə göndərilməsində böyük bir təhlükə görmürdülər. Hətta rumların üsyanından sonra dövlət idarəçiliyində ermənilərdən də istifadə edilməyə başlanılmışdı. Biz yalnız 1993-cü ildə Amerika missionerləri Anadoluya gəlib erməniləri katolik və protestant etməyə başlayanda səhv etdiyimizi anlamağa başladıq.

- Köçdən söz düşmüşkən, ermənilərin bu köçlər zamanı onlara qarşı törədilən soyqırım iddiaları ilə bağlı nə deyə bilərsiniz?

- 1915-ci ildə imperiya ərazisində 13 milyon əhalidən əli silah tutan 1 milyon 300 min nəfər orduya çağrılmışdı. Bəs geridə kimlər qalmışdı? Ermənilər. Onlar 18 martda Çanaqqalaya hücum edildiyində Maraşda Zeytun üsyanını başlatmış, türkləri arxadan vurmuşdular. Kəndlərdə onlarla döyüşəsi heç kim qalmamışdı, əli silah tutanların hamısı orduda idi. Bundan istifadə edən ermənilər yaşlılara zülm vermiş, qadınlara təcavüz etmiş, uşaqları öldürmüşdülər. Daha sonra Ənvər Paşa, Tələt Paşa və Camal Paşanın da daxil olduğu komitə cəbhədən gələn əsgərlərin bütün bunları görəndə erməniləri sağ buraxmayacaqlarını düşünərək onları başqa bir coğrafiyaya köçürməyi qərara alırlar. Amma biz Stalinin krım-tatar türklərinə, abxazlara, çeçenlərə, çərkəzlərə etdiyi kimi onları buz çölünün ortasına göndərmədik, aclığa məhkum etmədik, vaqonlarda öldürmədik. Biz onları Maraşdan alıb Hələbə, Vandan alıb Deyruza apardıq. Yəni Osmanlı torpaqları içərisində bir yerdən başqa yerə köçürdük, yerlərini dəyişdirdik. Mallarının dəyəri nə isə satdıq, pullarını ciblərinə qoyduq, getdikləri yerlərdə yerləşmələri üçün satınalmalar həyata keçirdik. Frans Verfelin "Musa dağında 40 gün" adlı kitabı, hətta filmi var. Orada bu köçürmələr zamanı ermənilərə işgəncə verdiyimizdən, onları qətl ettiyimizdən bəhs edilir. Musa dağı Hatayın cənubunda yerləşir. Adana aeroportundan cəmi 100 kilometr aralıdadır, istəyən gedib baxa bilər. Burada ən məhsuldar torpaqlar ermənilərə məxsusdur. Ermənilərin kəndləri də, kilsələri də durur və burada sərbəst şəkildə yaşayırlar. Bizim soyqırım etməyimiz üçün Musa dağına ehtiyacımız yox idi. Sizə maraqlı bir fakt deyim. Maraş Fransa tərəfindən işğal edilərkən fransızların yanında Beyrutdan gətirdikləri 2 min muzdlu erməni əsgəri vardı. Onlarla birlikdə qətllər törətdilər. Bəs Fransa məğlub olanda Maraşdakı ermənilərin hamısı çıxıb getdilərmi? Xeyr. Fransızlar sadəcə, rüşvət kimi dəyərli daş-qaş aldıqları erməniləri özləri ilə apardılar. Buradakı 53 min əhalinin 21 mini erməni idi. Fransızların apardıqları isə 2 min. Geridə qalan 19 min erməninin burada yaşaya bilməsi üçün Maraşın başçıları toplandılar və yalnız qəsdən qətl törədən 60 nəfəri məhkəməyə çıxararaq cəzalandırdılar. Qalan ermənilər heç bir sıxıntı olmadan burada yaşamağa davam etdilər və sonradan Amerika və Fransa missionerlərindən aldıqları pasportla Avropaya getdilər. Siz elə zənn etməyin ki, Şimali İraqda və Şimali Suriyada Türkiyənin mücadilə etdiyi şəxslər kürdlərdir, əslində, biz o bölgələrdə bir vaxtlar Deyruza, Hələbə yerləşdirilmiş ermənilərlə mübarizə aparırıq.

- Bəs ötən əsrin əvvəllərində Qarabağ müharibəsi zamanı niyə Türkiyə Azərbaycana dəstək üçün ordu göndərməkdə tərəddüd etdi?

- Biz yeni-yeni dövlətə sahib idik. Burda bir məsələni açıqlamaq istəyirəm. Türkiyədə 1950-ci ilə qədər təkpartiyalı bir sistem vardı. Bu dönəmdə yaşanan Boraltan körpüsü hadisəsi bizim üçün böyük bir dərddir. Daha sonra 60-cı illərdəki çevriliş, 80-də yenə çevriliş, 70 ilə 80-ci illər arasında alevi-sünni, sağ-sol qarşıdurmaları, insanların bir-birlərini qətl etməsi. 80 ilə 90-cı illər arasında Turqut Özalın tətbiq etdiyi sərbəst bazar iqtisadiyyatı siyasətinə görə, ölkə iqtisadiyyatının çökməsi. 90-da GAP kimi bir layihəni həyata keçirəcək olmasından dolayı Özalın zəhərlənərək öldürülməsi. Bundan başqa, 1990 ilə 1998-ci illər arasında Türkiyədə hər gün yüksək rütbəli paşalara sui-qəsdlər edilirdi. Milli, türk düşüncəsinə sahib olan, qardaşlıq deyən kim varsa, ya kasetləri yayımlanır, ya da ailəsi və ya özü təhdid edilirdi. Bir sözlə, bütün enerjimiz tükənmişdi. Bu mövzuda azərbaycanlı qardaşlarımız, əlbəttə, haqlıdırlar. Amma bizim də içimizdə türk birliyinin olmasından qorxan xainlər vardı. Düşünün, 1990-1993-cü illər Türkiyədə ən böyük PKK hadisələrinin yaşandığı, demək olar ki, hər gün evlərimizə şəhidlərin gəldiyi, bir gecədə PKK tərəfindən 33 əsgərin güllələndiyi günlər idi. İçəridən xaosa sürükləndiyinə görə o vaxt Türkiyə Azərbaycana yetərincə gərəkli dəstək verə bilmədi. Amma bunu da unutmayaq ki, bu gün Ermənistan orada böyük bir dövlət ola bilmirsə, bunun səbəbi Türkiyədir. Türkiyədə kim Ermənistana yaşıl işıq yandırarsa, türk xalqı onu cəzalandırar.

- Bu yaxınlarda Qarabağda gərginliyin yenidən artmasından sonra Türkiyə ilə Azərbaycan ordusu birgə təlimlərə start verdi. Bu haqda nə deyərdiniz?

- Məncə, azərbaycanlılar ermənilərə möhlət verməli və deməlidir ki, müəyyən edilmiş  müddət ərzində iğal edilmiş torpaqlardan çəkilin, yoxsa biz bu torpaqları zorla alarıq. Əslində, bu təlimlərdə də biz aydın şəkildə bunu söyləyirik. Biz artıq 10-20  milyonluq bir xalq deyilik, Anadoluda 85 milyona gəlmiş güclü bir xalq, dövlətik. Biz boynuna boyunduruq taxılacaq, diplomatiya stolunda lağa qoyulacaq dövlət deyilik. Azərbaycanlı qardaşlarımız bu duyğu və düşüncə içərisində olmalıdırlar. Belə davranılsa, biz uğur qazanacağıq. Diplomatiya ancaq qaliblərin müəyyən edəcəyi bir məsələdir, qalib olarsanız, masa arxasında qazana bilərsiniz. Müharibənin yaxşı bir şey olmadığını hamımız bilirik. Biz də kiminsə qanını tökməyə maraqlı deyilik. Amma biri bizim haqqımıza qəsd edərsə, dünyanın şah damarını kəsərik.

- Mehmet bəy, əlavə demək istədiyiniz nəsə varmı?

- Qarabağın işğalda olduğu hər gün azərbaycanlı qardaşlarımızın oradakı haqlarını bir az da çox itirməsinə səbəb olur. Biz bunun bədəlini Kiprdə çox ödədik. Qarabağla Kipr mənim üçün eynidir. 1882-ci ildə bizə dəstək olacaq deyə ingilislərə təslim etdiyimiz Kipr adasında sonradan rumları gücləndirdilər. Türkiyənin bu məsələ ilə bağlı başı çox ağrıdı. Və nəhayət, 1974-cü ildə Türkiyə bir gecədə Kiprin yarısını aldı və sərhədlərini çəkdi. Belə lazım idi və oldu. Qarabağda da bunu etmək lazımdır. Bir də, İsmail Bəy Qaspralının dediyi kimi, dildə, fikirdə, işdə birlikdə hərəkət etməliyik. Qardaş olduğumuzun xaricində bir şey söyləyən fitnəçilərə fürsət verməməliyik.

Maral NƏCƏFLİ
İstanbul

 





11.09.2020    çap et  çap et