525.Az

Rus məktəbləri haqqında - Sosial şəbəkədə yazılanlar


 

Rus məktəbləri haqqında - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Roman Abramoviçin yaxtası

Səadət Məmmədova, telejurnalist:

- 9 sentyabr - Dünya Gözəllik Günündə Roman Abramoviç istəyib ki, Bodrumda dincələnləri gözəllik şokuna salsın... Özünün 340 milyon avroluq yaxtasını sürüb gəlib Bodrum sahilinə...

Yerli camaatın və bu bölgədə dincələnlərin az qala, gözü kəlləsinə çıxıb... Yaxta o qədər yekədir ki, heç bir limana yerləşməyib, onu elə sahilə yaxın yerdə dənizin ortasında saxlayıblar...

Turistlər və yerli sakinlər bu möhtəşəm yaxtanı görmək üçün təknələrlə tura çıxıb ona yaxından baxmağa can atıblar...

Yaxtanın uzunluğu 164 metr, eni 22 metrdir, 6 mərtəbəlidir... İçində hovuzdan tutmuş helikopter meydançasına qədər hər şey var... 

Heç kim heç nəyə qulaq asmaq istəmir...

Qismət Rüstəmov, şair:

- Bloka çıxıram, qonşu qonşuya qışqırır: "Rədd ol, burdan".

Marketə gedirəm, müştəri müştəriylə dalaşır: "Rədd ol, burdan".

Feysbuka girirəm, profillər bir-birinin üstünə çığırır: "Rədd ol, burdan".

Hamı eləcə "rədd edir", heç kim heç nəyə qulaq asmaq, heç nəyi "qəbul etmək" istəmir.

Bu, covid-dən də təhlükəlidir... 

Soyuqdəymə ola bilməz

Rəqibə Nazimqızı, şair, jurnalist:

- Korona gələndən heç kəs "soyuqdəyməliyəm", "qripə yoluxmuşam" yazmır, fikir vermisiz?

Sanki soyuqdəymə ola bilməz, varsa, mütləq koronadır... 

“Kontakt Home” haqqında  

Nuranə Nəsib, Feysbuk istifadəçisi:

- “Kontakt Home” nə qədər şikayət olsa da, dəfələrlə gündəmi zəbt etsə də, loqosu belə gündəm olsa da, çox böyük şirkətdir. Demək olar ki, şərtləri ən sadə, hər kəsin məhsul almasına şərait yaradan yeganə şirkətdir, baxmayaraq ki, məhsul müştəriyə 3 qat bahasına təqdim edilir. Qrupu istəməyən satmazdı. Qrup alınıb deyə şirkəti qınamaqdansa, satanı qınamaq lazımdır. Feysbuk qrupudur. Çox sadə. Almaq istəyib alıb, lap əcəb edib. 

Dövr bunu tələb edir 

Rəşad Süleymanov, jurnalist, hərbi ekspert:

- Avstraliya hökuməti müdafiə sənayesi sektorunda fəaliyyət göstərən 20 kiçik biznes subyektinə 11 milyon Avstraliya dolları məbləğındə qrant ayırıb.

Maliyyə yardımında məqsəd gələcəyə yönəlik layihələrin yerli olaraq yaradılması, yerli kadrların müdafiə sənayesində iştirakının artırılmasıdır.

Artıq bir çox dövlətlər ordunun təchizatında yerlilik faizinin yüksəldilməsi, həmçinin, müdafiə sənayesinin ixracatda payının artırılması üçün özəl şirkətlərə bu və digər formada dəstək proqramları həyata keçirirlər.

Bir ədəd əl qumbarasının bir barrel neftdən baha olduğu dövr bunu tələb edir. 

"Qrafo" "cızmaq", "yazmaq", "qazımaq" deməkdir...

İbrahim Nəbioğlu, jurnalist:

- Qədim yunanca "qrafo" (grapho) "cızmaq", "yazmaq", "qazımaq" deməkdir...

Qramofon: səs yazmaq.

Bioqrafiya: həyatı yazmaq.

Biblioqrafiya: kitabları yazmaq/təsnif etmək.

Coğrafiya: yer üzünü yazmaq/cızmaq.

Demoqrafiya: əhalini yazmaq/qeydiyyata almaq.

Epiqraf: son yazı/məzar daşı yazısı.

Fotoqrafiya: işığı yazmaq/görüntünü qeyd etmək.

Etnoqrafiya: milləti, etnosu yazmaq.

Xoreoqrafiya: rəqs yazmaq.

Kosmoqrafiya: kainatı yazmaq.

Paleoqrafiya: qədim yazıları öyrənmək.

Paraqraf: kənar yazı.

Seysmoqrafiya: zəlzələni yazmaq, qeyd etmək.

Teleqraf: yazı göndərmək.

Tomoqrafiya: bədəni görüntüləmək.

Topoqrafiya: yeri çəkmək. 

Rus məktəbləri haqqında  

Azər Cəfərov, əməkdar hüquqşünas:

- Rus məktəbləri və məktəblərdə rus bölmələri bağlanmalıdır. Dünyanın çox ölkələrində (məsələn, Avropanın mərkəzində yerləşmiş Lüksemburqda) belə bir təcrübə var: 9, 10, 11 və 12-ci siniflərdə (bəzi ölkələrdə orta təhsil 12 illikdir) bəzi fənlər (kimya, fizika, riyaziyyat, biologiya, coğrafiya) ingilis dilində keçirilir. Azərbaycan da bu təhsil konsepsiyasını qəbul etməlidir. İzaha ehtiyac yoxdur ki, elmi ədəbiyyatın 90-95 faizi ingilis dilindədir, ən reytinqli Ali təhsil ocaqları ingilis dilli ölkələrdədir, dövlətlərarası münasibətlərdə ən çox işlənən dil ingilis dilidir və s. Və nəhayət, Azərbaycan getdikcə Rusiyanın təsir dairəsindən qopmaqdadır. Bu sirr deyil ki, Azərbaycanda rus dilinə olan "qayğı" iqtisadi, elmi zəruriyyətdən deyil, daha çox siyasi məqsədlərə qulluq edirdi. 

Bu, o Bəhruz Səfərəliyevdir ki... 

Hikmət Xudiyev, əməkdar jurnalist:

- 11 sentyabr vətənpərvərliyi, ictimai ləyaqət və əxlaqı ilə Qarabağın adına başucalığı gətirən, böyük qəlb və səxavət sahibi Bəhruz Səfərəliyevin ad günüdür.

Bu, o Bəhruz Səfərəliyevdir ki, ötən əsrin 90-cı illərindən başlayaraq daxili işlər orqanlarının yüzlərlə əməkdaşı vətən yolunda düşmən gülləsinə sinə gərərək ağır yaralar alarkən, qeyrətli vətən övladlarımızın tam müalicə olunub yenidən xidmətə qayıtmasında ən ağır yük onun rəhbərlik etdiyi DİN-in Tibb İdarəsinin üzərinə düşüb.

Bu, o Bəhruz Səfərəliyevdir ki, Azərbaycanın ərazisinin 20 faizə qədərinin işğal edilməsi, 1 milyonadək qaçqın və məcburi köçkün ordusunun yaranmasından iqtisadi və sosial böhran fonunda respublikanın səhiyyəsinin də bir sıra problemlərlə üzləşdiyi bir vaxtda o, Azərbaycan Respublikasında Hərbi Tibbi Təminat üzrə Əlaqələndirmə Şurasının üzvü, DİN-in Tibb İdarəsinin rəisi kimi bütün çətinliklərə yüksək təşkilatçılıq və vətənpərvərliklə sinə gərərək daxili işlər orqanları əməkdaşlarının sağlamlığının keşiyində durub, Qarabağda erməni gülləsinə tuş gəlmiş yaralılarımızınn müalicə olunmasında respublikamızın səhiyyə potensialı ilə kifayətlənməyərək, xarici ölkələrin sağlamlıq ocaqları ilə bilavasitə əlaqə yaradaraq yaralılarımızın respublikamızdan kənarda - İran İslam Respublikasında, Almaniyada, Rusiya Federasiyasında, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Bolqarıstanda tanınmış səhiyyə ocaqlarında müalicə olunmasına nail olub.

Bu, o Bəhruz Səfərəliyevdir ki, dünya şöhrətli iranlı cərrah Cavad Heyət, Türkiyənin dünya miqyasında tanınmış həkim-pofessorlarından İbrahim Yıldırım, Büngür Sönməz, Oktay Dinclə, Murad Karaçoğlu, Çingiz Kuday, Yunis Aydın, Nəcməddin Pamir, Sərvət Öztürk, Oktay Ardan, Cem Dəmirəl, Müzəffər Altuntaş, Həsən İlkova, Orxan Barlaş, İngiltərədən Tom Makullif, Tekin Atalar və digər tanınmış həkim və cərrahlar məhz onunla olan şəxsi münasibətlərinə görə neçə-neçə soydaşlarımızın sağlamlıqlarının bərpa olunmasına öz töhfələrini veriblər.

Bu, o Bəhruz Səfərəliyevdir ki, Azərbaycanın iqtisadi problemlər yaşadığı illərdə məhz onun əlaqələri nəticəsində Küveytdən iki dəfə 40 ton dərman təmənnasız olaraq Azərəbaycana gətirilərək səhiyyə qurumlarına təhvil verilib.

Bu, o Bəhruz Səfərəliyevdir ki, Qarabağda hər anı ölüm olan günlərdən illər ötməsinə baxmayaraq, bu gün də neçə-neçə polis işçisi "ikinci ömür"ləri üçün özlərini məhz ona borclu sayırlar.

Bu, o Bəhruz Səfərəliyevdir ki, DİN sistemində 35 il heç bir cəza almadan qüsursuz xidmət edib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə "İgidliyə görə" medalı ilə təltif olunub, 2008-ci ildə dövlət başçımızın sərəncamı ilə "Əməkdar həkim" fəxri adını alıb, iki dəfə "SSRİ-nin səhiyyə əlaçısı", iki dəfə "DİN-də əla xidmətlərinə görə" döş nişanları ilə mükafatlandırılıb, I, II və III dərəcəli "Qüsursuz xidmətlərə görə" medallarına layiq görülüb, bütün bunlarla yanaşı, məcburi köçkünlərin, qaçqınların, müxtəlif təbəqələrə məxsus insanların "çox çeşidli" problemlərini yorulmadan yaxın-uzaq, çoxlarının əlçatmaz hesab etdiyi ünvanlara müraciət edərək həll edib və bundan zövq alıb, xeyirxahlıq mücəssəməsi olaraq qəlblərdə yaşamaq səadətini qazanıb - uca Allahın bəyəndiyi əməllərin daşıyıcısı olub. Və beləcə atasına - Qarabağın say-seçmə kişilərindən biri olan Zülfiqar Səfərəliyevə rəhmətlər oxutdurub.

Ad gününüz mübarək olsun, Bəhruz müəllim! Min bir xatirənin ünvanı olan doğma Ağdamı azad görmək, qoynunda gəzib dolaşmaq, o cənnət məkanda vurğunu olduğunuz Azərbaycan muğamlarını dinləmək, Qarağacı məzarlığını ziyarət etmək nəsibiniz olsun!..

 





11.09.2020    çap et  çap et