525.Az

UNEC-in modern memarlıq elementləri ilə zəngin yeni kampusu - Təhsil


 

UNEC-in modern memarlıq elementləri ilə zəngin yeni kampusu - <b style="color:red">Təhsil</b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.

Sentyabrın  3-də baş tutan tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da  iştirak ediblər. Yeni tədris korpusunda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev "Universitetlər üçün də nümunə olmalıdır" deyə bildirib. Birinci xanım Mehriban Əliyeva isə "İnsan lap yenidən tələbə olmaq istəyir..." fikrini diqqətə çatdırıb.

Qeyd edək ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan yeni binada texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada auditoriya, mühazirə, linqafon otaqları, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb. 

Yüksək səviyyəli infrastruktur və tədqiqat laboratoriyaları 

UNEC-in 3-cü korpusu Azərbaycan təhsili üçün yeni perspektiv sayılacaq örnəklərdəndir. Yüksək səviyyəli infrastruktur və tədqiqat laboratoriyaları Azərbaycan ali təhsil sistemi üçün əsl yenilik sayılmalıdır. Texnologiya istiqamətli ixtisaslar üçün nəzərdə tutulan korpusdakı laboratoriyalar bu yöndə elmi tədqiqat aparmaq üçün çox vacib resurs rolunu oynayır. UNEC-in yeni tədris korpusunda BP Azərbaycan şirkətinin sponsorluğu ilə yaradılacaq 3 laboratoriya da fəaliyyət göstərəcək: Qida kimyası laboratoriyası, Qida texnologiyası laboratoriyası, Ekologiya laboratoriyası. Bu laboratoriyalar bu ildən UNEC-də açılan yeni ixtisasların - Ekologiya mühəndisliyi və Qida mühəndisliyi ixtisaslarının tədrisinə yardım edəcək. 

Maddi texniki təchizat göstəricilərinə görə tam fərqli bir layihə 

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, bir müddət  əvvəl də UNEC-lə bağlı fikirlərini bölüşərkən universitetin bu möhtəşəm kampus haqqında danışıb: "Orda tədris üçün yaradılmış texnoloji dəstək komponentləri  heyrətamizdir. Maddi texniki təchizat göstəricilərinə görə tam fərqli bir layihə ortaya qoyulub və ərsəyə gətirilib. Ən başlıcası isə bu Kompus tədrisin zamanla ayaqlaşmasının birbaşa xidmətində duracaq. Amma məni hər belə uğurla tamamlanmış işlərdən sonra narahat edən bir məsələ olur. Yeni istifadəyə verilən təhsil ocaqları və ya onların  müəyyən bir tədris korpusu bir neçə il sonra tanınmaz hala düşür. Belə səviyyəli Kampuslar isə  özlərilə yuxarı səviyyəli rəftar tələb edir ki, keyfiyyətli təhsil mühitinin formalaşdırılmasında və yüksək ixtisaslı kadrların yetişdirilməsində öz yüksək xüsusi çəkisini daha uzun müddət qoruyub saxlaya bilsin. Xoşbəxtlikdən bu kompus yüksək idarəçilik bacarıqlarına sahib Ədalət müəllimin  birbaşa nəzarəti daxilində olacağından burda  yaradılmış bu müasir standartların, modern elementlərin, texnoloji komponentlərin hələ uzun illər keyfiyyətini öz üzərində saxlayaraq, Azərbaycanın kadr potensialının artırılmasına öz töhfəsini verəcək". 

Əvvəlki nəsillər indiki UNEC-lə qürur hissi keçirirlər 

Millət vəkili Etibar Əliyevin sözlərinə görə, dünya ilə bərabər, ali təhsil də sürətlə dəyişir. Sosial-iqtisadi dəyişikliklərin ritmi universitet islahatlarını daha da sürətləndirir. Əvvəlki nəsillərin universitetlərin sürətlə dəyişməsinə gümanları az idi. Əvvəlki nəsillər Ali təhsili ictimai fayda kimi qəbul edirdilər.  Dövlət subsidiyası omadığı təqdirdə ali məktəblərin yaşaması məsələsi sual altında qalırdı. Milli akkreditasiyadan (buna yoxlama da deyirdik) kənara çıxmaq mümkün deyildi. Əvvəlki nəsillərə verilən təhsil  ənənəvi pedaqogika və texnologiyanın məhdud tətbiqi ilə kifayətlənirdi. Çağımızda artıq ali təhsil şəxsi fayda gətirən dəyərə çevrildi. Beynəlxalq akkreditasiya və keyfiyyətin beynəlxalq auditi yarandı. Dəyişən pedaqogika ilə yanaşı, təhsilə texnologiyaların tətbiqi genişləndi. Dövlət subsidiyası azaldı, universitetlər  əlavə gəlir axtarmağa başladılar: "Qeyd etdiyim bu trayektoriya bütün dünya universitetləri üçün cızılıb. Universiteti keçmişdən gələcəyə ləyaqətlə aparmağı yalnız islahatçı rektor bacara bilər".

E.Əliyev bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın UNEC-in 3-cü korpusunun açılışında iştirak etmələri onu göstərdi ki, qısa bir vaxtda islahatları ilə önə çıxan bu universitet həm də infrastrukturunu (kampusunu) zənginləşdirməyi də prioritet seçib: "UNEC ölkəmiz üçün insan kapitalının inkişafına öz töhfələrini artırmaq üçün məkanını genişləndirdi. Zaman isə bu Universitetin xeyrinə işləyir. Universitet rəhbərliyi arasıkəsilməz rasional islahatlar aparmağı, yeni çağırışlara cavab verən qərarlar qəbul etməyi, şəffaf təhsil və elm mühiti yaratmağı bacara bildi. Əvvəlki nəsillər indiki UNEC-lə qürur hissi keçirirlər. Çünki Narxoz adı yoxa çıxıb. Yeni nəsillərə isə yaradılan şəraitdən bəhrələnərək mükəmməl təhsil almağı arzulayıram". 

Ölkənin universitet modeli 

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov UNEC-i ölkənin universitet modeli olaraq görür: "UNEC-in yeni korpusunun istifadəyə verilməsi Azərbaycanda yeni tədris ili ərəfəsində çox mühüm hadisə oldu. UNEC son illərdə xeyli yenilənib. Onun timsalında biz Azərbaycan universiteti modelini görürük. Hər zaman fəxrlə deyirik ki, UNEC yeni və ən müasir təhsil müəssisəsidir. Bura həm universitet, həm də elmi tədqiqat mərkəzidir. Dünyada aparılan yenilikçi işləri bu ali təhsil müəssisəsinin timsalında görə bilərik. Yeni tədris binası 3000 tələbə üçün nəzərdə tutulmuş böyük kompleksdir. Eyni zamanda, burada təhsillə bağlı ən son tələblərə cavab verən auditoriyalar qurulub. Ümid edirım ki, burada təhsil alan tələbələr layiqli kadr olaraq gələcəkdə inkişaf edəcəklər. UNEC-in yeni tədris korpusu Prezident və vitse-prezidentin təhsil sahədində gördüyü işlərin davamıdır". 

Yeni korpus təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edəcək 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  UNEC-in yeni korpusunda 24 saat  fəaliyyət göstərəcək kitabxanadan digər universitetlərin də yararlanmasının faydalı ola biləcəyini deyir: "UNEC-in yeni korpusunun istifadəyə verilməsi kifayət qədər əlamətdar hadisədir. Yeni bina yeni imkanlara-müasir texnologiyaya, müasir kitabxanaya, müxtəlif sahələrə əlçatımlılıq deməkdir. Yeni korpus tədris prosesinin daha çevik təşkil olunmasına, təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edəcək. UNEC digər universitetlərimiz üçün nümunədir. Yeni korpus kifayət qədər modern formada hazırlanıb. Şərait yaradılsa və  digər universitetlərin tələbələri də UNEC-də təşkil olunan kitabxanadan istifadə edə bilsə, çox faydalı olar. Digər universitetlərimizin də bu cür tədris korpusları yaradılması arzu olunandır". 

UNEC-in ən başlıca strategiyası 

Təhsil eksperti Məlahət Mürşüdlünün dediyinə görə, UNEC-in 3-cü yeni korpusunun istifadəyə verilməsi Azərbaycan təhsili çox sevindirici haldır. Universitetlərin təhsil keyfiyyətinə təsir edən faktorlardan biri müasir maddi texniki bazadır: "UNEC-də "Rəqəmsal iqtisadiyyat", "Mühəndis iqtisadiyyatı" fakültələrinin, texniki-texnoloji üzrə 9 yeni ixtidasın yaradılması, nəhayət, yeni korpusun inşa edilərək istifadəyə verilməsini mühün yenilik hesab etmək olar. Texnoloji istiqamətli ixtisaslar üçün nəzərdə tutulan korpusda elmi tədqiqatlar aparmaq üçün hərtərəfli şərait yaradılıb. Bu şərait məhz tədrislə tədqiqatı bütövləşdirməyə xidmət edəcək. Bu UNEC-in ən başlıca  strategiyalarından biridir. Eyni zamanda, bu şərait tədris edən gənc müəllimləri tədqiqat aparmağa təşviq edəcək. Korpusda təhsil alacaq tələbələr də unudulmayıb. Laboratoriyalar, işıqlı auditoriyalar, müasir tələblərə cavab verən kitabxana, idman zalı tələbələrin ixtiyarına verilib. Bu kampus 90 yaşlı UNEC-in öz müəllim-professor heyətinə, tələbələrinə və ümumən təhsilimizə bir töhfədir".

S.QARAYEVA

 





12.09.2020    çap et  çap et