525.Az

O səsi kəsin... - Aytac Sahədin yazısı


 

O səsi kəsin... - <b style="color:red">Aytac Sahədin yazısı </b>

İçimizdə bir səs var. Bizimlə bütün gün danışır. Bəzən qınayır, bəzən hirslənir, bəzən də mühakimə edir. Öz səsimiz olduğunu zənn edirik. Amma yox, insanın öz səsi özünə belə qəddar ola bilməz. Özümüzün deyilsə, bəs kimindir bu səs?

Bu səs bütün həyatımız boyu eşitdiyimiz səslərin cəmidir. O səslər ki, ən adi səhvimizdə belə, bizi qınayıb yerdən-yerə vurub. Ata səsi, ana səsi, dost səsi, tanış səsi. Hər kimsə. O qədər eşitmişik ki, bu səsləri. Doğrusunu da, yanlışını da özümüzünküləşdirmişik. Həqiqət zənn eləmişik. Yanılmışıq.

İnsanın beyni elə qurulub ki, daima özünümüdafiə mexanizmi işə düşməyə hazırdır. Bu müdafiə sistemi insanı həyatda saxlamaq üçün var. Bir təhlükə hiss etdiyimizdə ürəyimiz sürətlə döyünür, nəfəsi daha tez-tez alırıq, tərləyirik və s. Bunlar fizioloji reaksiyalar olub birbaşa psixoloji təsirdən yaranır. Bir də var təhlükə olmadığı halda belə, təhlükə kimi qəbul etdiyimiz şeylər. Bu zaman o dəhşətli səsin tonu qalxır. Əslində, onun niyyəti pis deyil, bizim yaxşılığımızı istəyir. Eynilə bizi yıxıldığımız üçün danlayan anamız kimi. Əgər nə vaxtsa anamız bizi yıxıldığımız üçün danlayıbsa, bunu bizim yaxşılığımızı istəyərək edib. Bir də yıxılmayaq deyə cəza vermək istəyib. Səhv edib, düz edib, bu, başqa məsələ. Ancaq yaxşılığımız üçün edib. İçinizdəki amansız səs kimi.

Kəsin onun səsini. Çünki bütün hekayənizi təkcə siz bilirsiniz. Özünüzü mühakimə edib dağdan-daşa vurmamışdan qabaq bir də özünüzə mərhəmətlə baxın. Nəyi niyə etdiyinizi bir də düşünün. Hekayənizi xatırlayın. Bəlkə elə yaralarınız var ki, onu heç kim bilmir. Ağrısını təkcə siz bilirsiniz, siz daşıyırsınız o yaranı. Etdiyiniz səhvlərdə travmalarınızı axtarın. Mütləq travmaların  payı var yanlışlarınızda. Özünüzü kiminləsə müqayisə edib əskik görəndə xatırlayın ki, o adam sizinlə eyni həyatı yaşamayıb. Bəlkə sizin gördüyünüz çətinlikləri də görməyib. Təbii ki, bütün uğursuzluq və yanlışlari həyatın boynuna atmaq da düzgün deyil. Mənim dediklərim hər şeyi öz boynuna götürənlərə aiddir. Onların özlərinə etdikləri haqsızlıqlar daha ağırdır. Bizimlə ən sərt şəkildə danışan insanı belə danışdığı yerdə qoya bilərik. Amma özümüzü heç yerdə qoya bilmirik. Əgər özümüzlə sərt danışırıqsa. Hər səhvinizdə özünüzə sanki ən sevimli insanınız bu səhvi edibmiş kimi yanaşın. O əziz insanınıza da belə qəddar ola bilərsinizmi? Olmazsınız, məncə. Təsəlli edərsiniz, bəlkə qınayarsınız, mühakimə edərsiniz, ancaq sevgi ilə. Baxın, özünüzə də o sevgi ilə yanaşın. Bağışlayın özünüzü. Yoxsa bütün həyatınız boyu ən yaxşı olmaq yoracaq sizi. O səsin əlində əsir-yesir qalacaqsınız. Sırf onun danlağını eşitməmək üçün daima ən yaxşı olmağa çalışacaqsınız. Hə, bu, sizi yaxşı yerlərə də gətirə bilər. Amma xoşbəxt edərmi? Əsla! Özü ilə müharibədə olan insanın qalaları gec-tez dağılmağa məhkumdur. Çünki savaş qalanın içərisində gedir  Əgər o səs sizə bir səhv etdiyinizdə fərsiz deyirsə, xatırlayın görün sizə ilk dəfə fərsiz sözünü kim deyib. O, kimin səsidir? Mütləq başqa imzalar tapacaqsınız.

Ümumiyyətlə, hər insan özünü dəqiq analiz edə bilmir. Özü edə bilməyəndə üz tutur başqalarının dediklərinə. Xüsusilə də uşaqlıq və yeniyetməlik dövründə. Əgər ətrafda onun hər etdiyində səhv tutan, qınayan insanlar varsa, hər iradı həqiqət kimi qəbul edir. Tənqiddən nəticə çıxarıb inkişafa meyl edirsə, nə gözəl. Yox, ancaq tənqid onun özünəinam hissini azaldırsa, bu, insanı mənən şikəst edir. Hələ o tənqid haqsızdırsa, daha betər. Özü haqqında daima pis söz eşidən uşaq əgər deyilənləri həqiqət kimi qəbul edirsə, bu sözləri o daim öz-özünə deyir. Görəndə ki, onu yalnız uğur qazananda tərifləyirlər, daima tənqidi təriflə kompensasiya etmək üçün əlindən gələni edir. Olur, uğurlu bədbəxt.

Özünüzü tənqid də edin, səhvlərinizi də  axtarın, amma əsla ixtiyarınızın o səsə verməyin. Bacarırsınızsa, kəsin o səsi!..

 





12.09.2020    çap et  çap et