525.Az

Ağsaqqal - Anım


 

FƏTTAH HEYDƏROV: "ÖMÜR GERİ DÖNSƏYDİ, ELƏ BU CÜR YAŞAYARDIM..."

Ağsaqqal - <b style="color:red">Anım</b>

20 fevral 2008-ci il. Həmin gün Prezident İlham Əliyevin sərəncamı ilə ölkənin mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunmuşdu. Üç gündən sonra 70 yaşı tamam olacaqdı. Onun haqqında AzTV-nin "Xəbərlər" proqramına süjet hazırlamalı idim. Milli Məclisdə görüşdük.

Qarşımda dünya görmüş, mənən zəngin, peşəkar və məsuliyyətli bir insan vardı. O qədər maraqlı müsahib idi ki, söhbətimiz uzun çəkdi - bir televiziya süjetinə sığışmayacaq qədər uzun. Operator kasseti mənə verəndə "Tamam dolub" dedi...

Təvazökarlıq etməyəcəyəm, süjet də maraqlı alınmışdı, efirə getdi. Özü də çox bəyənmişdi... Üstündən bir neçə il keçmişdi, "Səhər" proqramına qonaq gəlmişdi Fəttah müəllim, AzTV-nin həyətində rastlaşdıq, o süjeti bir də xatırlatdı, "Milli Məclisə seçkilər zamanı təkcə onu göstəririk seçicilərə, vəssalam" dedi və gülümsündü...

O vaxt iki saata yaxın müsahibəni kassetdən silməyə qıymamışdım, həmin müsahibə əsasında mətbuat üçün də yazı hazırlamışdım, amma heç harada dərc etdirməmişdim, arxivimdə qalmışdı...

... Bu il avqustun 4-də Fəttah müəllimin vəfatı xəbəri, sanki o söhbəti "diriltdi". Və bu "diriliş" göstərdi ki, müdrik insanlar ölmürlər, hər zaman xatirələrdə yaşayırlar. 12 il əvvəl alınan müsahibəni Fəttah müəllimin xatirəsinə hörmətlə oxuculara təqdim etməyi özümə borc bildim. Çünki onunla söhbətdə bir daha dərk etmişdim ki, insanlar doğulduqları torpağa çox bənzəyirlər: dağ adamları vüqarlı, çölçülər genişürəkli, cənublular coşğun, şimallılar soyuqqanlı... Onu da doğulduğu torpağa bənzətmişdim: vüqarlı, müdrik, alicənab, qətiyyətli, sədaqətli, xeyirxah... Milli adət-ənənələrə, ali dəyərlərə hörmət xarakterinin əsas cizgiləri idi. Amma o, həm də doğulduğu yurda başucalığı, şərəf gətirənlərdəndir. Fəaliyyəti el-obasına, xalqına, millətinə, dövlətinə sədaqət nümunəsi, həyat tərzi, vətənpərvərliyi, humanistliyi gənclərə örnək idi...

Ömrü boyu müxtəlif məsul vəzifələrdə çalışıb, ona etibar edənlərin inamını doğruldub. Bir üstünlüyü də o olub ki, hansı vəzifəyə sahiblik etməsindən asılı olmayaraq, həmişə haqqın, ədalətin tərəfində olub, problemləri yoluna qoyan insan olub. İşgüzarlığına, idarəçilik məharətinə, insanlara təmənnasız münasibətinə qibtə edənlər, həsəd aparanlar da az olmayıb. Heç vaxt gördüyü işlərdən isə mükafat ummayıb, şöhrət dalınca qaçmayıb. Amma elə şöhrət də, yüksək mövqe və nüfuz da, mükafat da bütün ömrü boyu onu izləyib...

Naxçıvanın Babək rayonunun Çeşməbasar kəndində sadə, zəhmətkeş bir kəndli ailəsində doğulan Fəttah Səməd oğlu Heydərov 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdu, müxtəlif məsul vəzifələrdə işləmişdi. 6 çağırış Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri idi...

***

"Mən hər səhər yuxudan İlanlı dağın arxasından çıxan Günəşin şüaları altında oyanmışam..." 

- Deyəsən, ömrünüz qaçaqaçda, qovhaqovda keçib. Yəni heç bekar, işsiz vaxtınız olmayıb...

- Orta məktəbi bitirib birbaşa əmək fəaliyyətinə başlamışam, qiyabi təhsil almışam. İlk dəfə kənd klubunun müdiri olmuşam, sonra da öz kəndimizdə müəllimlik etmişəm...

- O kənd, o illər necə qalıb yadınızda?..

- O kənd bir an da yadımdan çıxmır. İndiki Babək rayonunun, o zaman Naxçıvan rayonu adlanırdı, Çeşməbasar adlı bir kəndidir. Naxçıvanın 10-12 kilometrliyində bir aran kəndidir. Mən hər səhər yuxudan İlanlı dağın arxasından çıxan Günəşin şüaları altında oyanmışam, Ağrıdağın arxasında Günəş gizlənəndə yuxuya getmişəm. O kənd xatirimdə belə qalıb. Ağlım kəsəndə kəndimizin çox ağır illərini görmüşəm. Müharibənin son illərində məktəbə getmişəm...

- Orta məktəbdə necə şagird idiniz, müəllimləriniz sizdən razı idimi?

- Bircə gün də dərs buraxmazdım, oxumağa çox həvəsim vardı, qiymətlərim əla idi. 7 il öz kəndimizdə oxuyandan sonra 3 il qonşu kənddə - Nehrəmdə oxudum. XIX əsrin sonlarında o kənddə yazıçı-dramaturq Cəlil Məmmədquluzadə dərs deyib. Məktəbi bitirən kimi işə başladım. Camaatla isti münasibətim, onlara bağlılığım az vaxtda məni partiya işinə apardı. 1966-cı ildən irəli çəkildim və Naxçıvan şəhərinə köçdüm...

- Bəs ailənizi, valideynlərinizi necə xatırlayırsınız? Onların sizə  öyüd-nəsihəti ən çox nə ilə bağlı idi?

- Həyatda üç şeyi özümüz seçmirik: valideynləri, nəsil-kökümüzü, Vətənimizi, bir də nə qədər ömür sürəcəyimizi. Azərbaycanın cənnət guşəsindənəm, gileylənməyə haqqım yox. Sadə bir ailədə doğulmuşam. Bunun üçün də Tanrıya şükranlıq edirəm. Nə qədər ömrüm var, bunu da tək olan Allah bilir... Valideynlərim əkin-biçinlə məşğul idilər. Çoxlu mal-qaramız vardı. Ailəmiz onun gəliri ilə dolanırdı, üstəlik, qonum-qonşuya, qohum-əqrəbaya, imkansızlara da əl tuturduq. Müharibə dövrü idi. Xatirimdə qalıb ki, kənddə kişi az idi, çoxu cəbhəyə getmişdi. Atam da, anam da başsız ailələrə kömək edirdilər. Atamın sözü bu idi ki, dözün, çətin günün ömrü az olar. "Payız keçər, qış qurtarar, yaz olar, yaman günün fasiləsi az olar" - onun bu sözləri o vaxt kənddə dillər əzbəri idi. O, çox danışmağı sevməzdi, amma elə danışardı ki, beynimizə əbədi həkk olardı. Təkrarı da xoşlamazdı, sözü bir dəfə deyirdi, elə deyirdi ki, bəs edirdi. Atam həyatda ilk bələdçim, ilk tərbiyəçim, ilk yolgöstərənim olub. O mənə həyatı sevdirib, zəhmətə alışdırıb, xeyirxahlıq öyrədib. Atamın gözlərindəki aydınlıq, sönməyən işıq ömrüm boyu mənə arxa, kömək, dayaq olub. O, işıq əllərimdən tutub yerimək öyrədib, beynimi, düşüncələrimi nura qərq edib, fikrimi formalaşdırıb. O müqəddəs insanın sevgisini, xeyir-duasını indi də başımın üstündə hiss edirəm... Atam həm də poetik ruhlu insan idi, öyüd-nəsihətini də poetik dillə verərdi. Təhsil almağın tərəfdarı idi, heç vaxt razı olmazdı ki, bir gün belə dərsdən qalım. Mən Bakıya təzə gələndə arxamca bir məktub göndərmişdi. Orada yazdıqlarını indiyədək unutmuram:

Kotan sürən deyər yaxşı kəl ola,
Xırman döyən deyər yaxşı vəl ola.
Mərd igidin qaşısında ləl ola,
Dönüb baxmaz görüm hansı rəngdədir... 

Bu bayatı sonralar mənim həyat devizimə çevrildi... 

- Bəs ananız?..

- Anam zəngin bir ailənin qızı idi. Öz müqəddəs ailə ocağına möhkəm tellərlə bağlı olan, ailə-ər-uşaq qayğısı çəkən əsl Şərq qadını idi. Başımıza pərvanə tək dolanardı. Səliqə-sahmanına, ədəb-ərkanına söz ola bilməzdi. Böyük-kiçiyin yerini bilərdi, bizə də bunu öyrədərdi. Bişirdiyi xörəklərin dadı hələ də damağımdadır... Həddən artıq sadəliyi, nəcibliyi onu təkcə qohum-əqrəbaya yox, qonum-qonşuya, kənd camaatına da doğmalaşdırmışdı. Necə deyim, Allah öz sevgisini ondan əsirgəməmişdi, o da bu sevgidən hər kəsə pay verə bilirdi. Anam xalq təbabətini də gözəl bilirdi, xəstələrin də dadına çatırdı... İndi də kəndimizdə hamı: "Allah rəhmət eləsin, o cür insanlar bir də dünyaya gəlməyəcək" deyə onları rəhmətlə yad edir. Bir xatirə dastanı yazıblar elə bil. Sanki ömürləri boyu bir boxça bağlayıb, bu boxçaya da yaxşılıq, xeyirxahlıq yığıb, sabaha əmanət qoyublar. Hər dəfə valideynlərimi xatırlayanda bir daha əmin oluram ki, bu dünyada yaxşılıqdan, yaxşı addan başqa heç nə qalmır...

- Söhbətiniz o qədər təsirlidir ki... Qəribədir, insan yaşa dolduqca ilk beşiyi, doğulduğu yurd onu daha çox çəkir özünə, unudulmur onlar...

- Mümkün deyil axı... Yalnız manqurtlar unuda bilər. Dünyaya gözümü ilk açdığımda onları görmüşəm başımın üstündə, ilk duyduğum nəfəs də, ilk eşitdiyim səs də onlarınkı olub. Anamın ruhumu oxşayan nazlı laylaları, atamın xoş avazlı pıçıltıları indi də yaddaşımdadır. Bu, yaddaşımın ən əziz, ən məhrəm guşəsidir. Necə unutmaq olar? Atamın öyüdləri qalıb yadımda, anamın əllərinin istisi, ətri, dadı... Valideynlərimin üz cizgiləri, çöhrələrindəki riyasız məsumluq, təmizlik bu gün də gözümün önündən çəkilmir. Onlar biz övladları üçün hər cür fədakarlığa hazır idilər. Kəndimiz, el-obamız, qonum-qonşularımız da hafizəmin pozulmaz guşəsinə köçüblər... Nə isə...

- İndi o yerlərin, o illərin xiffəti varmı ürəyinizdə?..

- Hər gün... Hər gün... Yenə deyirəm, hər səhər İlanlı dağın arxasından boylanan Günəşin şüaları altında yuxudan oyanmışam, o yerləri necə unuda bilərəm?.. Bilirsiniz, insan keçmişini bilmədən, keçmişinə hörmət qoymadan bu gününün, sabahının mənasını anlamaz, qiymətini bilməz. Dünənim mənim üçün çox dəyərlidir. Çox şükürlər olsun Allaha ki, dünənim mənim üçün xiffət olaraq qalmır. Nə vaxt yadıma düşürsə, qısa müddətə olsa da, gedib ürəyim istəyən yerləri görüb, əzizlərimi ziyarət edib qayıdıram. Bu, qəlbimi doydurur, gözümü doydurur, göz yaddaşımı təzələyir, ruhumu rahatlayır... 

"... Yaddaşıma ən çox hopub qalan kənddə müəllim işləməyimdir..." 

- Az vaxtda partiya işinə irəli çəkildiniz. Necə düşünürsünüz, hansı xarakteriniz sizi belə tez tanıtdı, sizə vəzifə həvalə etdilər?..

- Tez-tez özüm də ötənləri saf-çürük edirəm... Bilirsiniz, səbəb nə idi?.. Məktəb illərində bədii, tarixi ədəbiyyatı çox oxuyurdum. Oradakı obrazlar hafizəmdə, həm də "bizim millət, bizim xalq" anlamını formalaşdırırdı. Xarici ədəbiyyatı oxuyandan sonra isə hər iki mühiti, obrazları, onların idrakını, düşüncə tərzini, insanların münasibətini müqayisə edirdim. Məsələn, Fransada belə olub, Almaniyada belə, Amerikada da belə... Bu müqayisə məni, həm də öz xalqım, öz millətim haqqında düşünməyə vadar edirdi. Bu, əlbəttə, bir yeniyetmənin, bir gəncin ürəyində baş qaldıran ilk vətənpərvərlik duyğuları idi. Böyüdükcə bu məsələlər diqqətimi daha çox çəkirdi. O zaman elə bil ki, insanların təfəkkür tərzində nəsə çatmırdı, onları səfərbər etmək, mütəşəkkillik yaratmaq, qabağa düşüb nəsə bir yaxşı işin dalınca aparmaq lazım idi. Bir sözlə, elə bil lider çatışmırdı, belə bir liderə ehtiyac vardı. Bu cür fkirlər o vaxt dərnəklərdə səslənirdi və tezliklə də yayılırdı... Təsəvvür edin, müəllim işləyəndə diplom işim didaktikadan olub: "Sənin tədrisində məntiqin və intuisiyanın yeri"... Hə, bir gün məni gözlənilmədən kənd məktəbindən götürüb Vilayət Partiya Komitəsinin ideologiya şöbəsinə təlimatçı apardılar. İnsanların ərizə və şikayətləri ilə məşğul olurdum, tədbirlərdə çıxış edirdim. Bu çıxışlar nə idi, nə məqsəd güdürdü? Bu cür çıxışlar cəmiyyəti istiqamətləndirmək məqsədi daşıyırdı, əslində, bütün tarix boyu belə olub. Həmin tədbirlərdə insanlar məni dinləyir, başa düşür, anlayır, qəbul edirdilər. Və buradan da qarşılıqlı inam və hörmət, nüfuz yaranırdı. Belə-belə, sabahım üçün zərrə-zərrə zəmin yaranırdı, hörmət, nüfuz qazanırdım. Sonra da vəzifələrə yolum başladı...

- Həyatınızı mərhələlərə, dövrlərə bölürsünüzmü? Fəaliyyətinizin Naxçıvan dövrünü necə səciyyələndirirsiniz?

- Yox, həyatımı hansısa mərhələlərə, dövrlərə bölməzdim, çünki ömrümün bütün çağlarında öz əqidəmə, öz təfəkkürümə sadiq olmuşam. Yaşadığım ömrün Naxçıvan dövrünə gəlincə, onu xatırlayanda yaddaşıma ən çox hopub qalanı kənddə müəllim işləməyimdir. O illər mənim üçün daha unudulmazdır. O səbəbdən ki, saf, beyni ağappaq kağız kimi olan uşaqlarla işləyirdim. O mühitdə süni heç nə yox idi. Hətta o uşaqların qidalanması belə süni deyildi! Bəli, mən bu fikri xüsusi vurğulayıram... Bu uşaqlara həm fənləri tədris edirsən, həm oxuduğun kitablardan, sevdiyin qəhrəmanlardan söhbət açırsan, həm də xalqının tarixindən danışırsan. O uşaqlar da sənin dediklərini maqnit kimi çəkirlər, sözlərini göydə tuturlar, qavrayırlar, ağappaq beyinlərinə yazırlar. Beyinləri, düşüncələri təmizdir axı... İnanın, ömrümün həmin dövrü mənimçün olduqca dəyərlidir. Hərdən o illəri xatırlayanda müəllimlərə qibtə edirəm... Vilayət Partiya Komitəsində isə özümdən böyüklərlə işləmişəm, savadlı, təhsilli, təcrübəli, təşkilatçı, xüsusilə insanları cəlb etməyi, səfərbər etməyi bacaranlarla. Onlardan çox şey öyrənmişəm. Bu insanların hər biri heykəlləşib, abidələşib ürəyimdə, gözlərimin önündə, yaddaşımın əziz yerində qalıblar... Şəxsi həyatım da o təkrarsız yerlərlə bağlı olub. Naxçıvanın bənzərsiz təbiətindən zövq almışam, min bir nemətindən dadmışam. Doğma yurdun halal nemətlərinin dadı hələ də damağımdadır. Mən keçmiş günləri çox şirin, çox əziz xatirələrlə, amma kövrək hisslərlə yada salıram. Xatirələrim məni incitmir, əksinə, sevindirir və bir az da kövrəldir... 

"Qəbələnin bugünkü gözəlliyi Heydər Əliyevin ora düşən işığının nəticəsidir..." 

- Amma Naxçıvandan yox, Qəbələdən millət vəkili seçildiniz, xalqın elçisi oldunuz. Özü də Qəbələ camaatı sizi üç dəfə dalbadal deputat seçdi...

- Həyat qəribədir... Mən taleyə, qismətə, alın yazısına inanan adamam, ona görə də ömrüm boyu nəyinsə dalınca qaçmamışam, sidq-ürəkdən inanmışam ki, insana qisməti böyük Allah verir. Sözsüz ki, üzərimə düşən vəzifəyə böyük məsuliyyətlə yanaşmışam. Bəlkə ona görə də həmişə məni dəvət ediblər ki, filan işi gör, filan vəzifəyə get... Naxçıvandan məni Ordubada ikinci katib göndərdilər. İkinci katiblikdən isə Naxçıvana Əhaliyə Məişət Xidməti naziri təyin etdilər. Ab-hava, mühit fərqli idi, tamam başqa sahənin adamları ilə işləməli idim. İl yarım işlədim. Sonra... Allah Ulu öndər Heydər Əliyevə rəhmət eləsin, onun insanlara münasibəti, iti zəkası, uzaqgörənliyi nəticəsində təzədən partiya işinə qayıtdım. O görmüşdü mənim işimi, qiymətləndirmişdi məni... Ordubadda birinci katib işlədim, sonra Culfada... Sonra yenə Naxçıvana qayıtdım, bu dəfə Mədəniyyət naziri kimi. 12 il bu vəzifədə çalışdım... Sonra dövr dəyişdi, zaman dəyişdi, çox hadisələr baş verdi, necə deyərlər, çox sular axdı, duruldu. Ölkəmiz ikinci dəfə müstəqilliyini qazandı. Azərbaycanın xilaskarı, Ümummilli lider Heydər Əliyev xalqın təkidi, istəyi, arzusu ilə ikinci dəfə hakimiyyətə gəldi. Öz qüdrəti ilə ölkəni dağılmaq, yox olmaq təhlükəsindən qurtardı... Və mən cəsarət edib müstəqil dövlətimizin ilk Milli Məclisinə deputatlığa namizədliyimi irəli sürdüm. Özü də Naxçıvandan yox, Qəbələdən, çünki məni, həm də Qəbələyə bağlayan tellər vardı. Əhali də məni çox isti qarşıladı, səmimi qəbul etdi, seçkilərdə qalib gəldim. Həyatımın yeni dövrü, yeni mərhələsi başladı. Bu dövr, bu mərhələ yeni mühitdə yeni adamlarla işləmək idi. Onlarla böyük məmnunluqla işlədim, əlimdən gələni etdim. Bir-birimizi duyduq, anladıq, başa düşdük...

- Və dostlaşdınız...

- Bilirsiniz, insanların qəlbinə yol tapmaq üçün onlara xidmət etməlisən, onlarla həmrəy olmalısan, onların halına yanmalısan. Sevincini öz sevincin, kədərini öz kədərin bilməlisən. Dərdinə şərik çıxıb, şad gününə sevinməyi bacarmalısan. Bax, belə olsa, çox iş görə bilərsən, lap dağı dağ üstünə qoyarsan... Bəli, bizim dostluğumuz tutub və mənə elə gəlir ki, bu dostluq hələ uzun müddət davam edəcək... İndi Qəbələ tanınmaz dərəcədə dəyişib. Orada hər şey gözəldir: təbiət də, insanlar da...

- Dediniz ki, Heydər Əliyev sizin fəaliyyətinizə hər zaman yüksək qiymət verib. Ulu öndəri necə xatırlayırsınız?

- Böyük öndərimiz Naxçıvanda cahanşümul işlər görəndə, ölkəni bəlalardan xilas edəndə, camaat ayağa qalxıb onu birmənalı olaraq hakimiyyətə gətirəndə, demək olar ki, mən onun yanında idim! İndi də fəxr edirəm ki, bax o müqəddəs mübarizədə mən onun yanında olmuşam! Bir yerdə çalışırdıq, bir yerdə işləyirdik! Dahilərin, rəhbərlərin, liderlərin, böyük şəxsiyyətlərin yanında olmaq da insana şərəf gətirir, onu tanıdır başqalarına. Məni də görmüşdülər. Və ona görə də mən qəbələlilərlə görüşəndə böyük ümidləri vardı ki, bu tanışlığın, mənim başımın üstündə olan o böyük qüvvənin, o kölgənin onlara da çox böyük xeyri dəyəcək. Dəydi də... Ulu öndərdə ilahi bir xüsusiyyət vardı. Onun ayağı hara dəyirdisə, ora gülüstana dönürdü. Bunun canlı şahidiyəm. Mən hələ Naxçıvanda işləyəndə hamımız arzu edirdik ki, Heydər Əliyevin ayağı bizim rayona, bizim sahələrə dəysin. O gəlib-gedəndən sonra hər şey dəyişirdi, məhsuldarlıq artırdı, xeyir-bərəkət aşıb-daşırdı. Lap möcüzə idi!..

(Ardı növbəti sayımızda)

 





12.09.2020    çap et  çap et