525.Az

Yeni piyada keçidlərinin inşası


 

BU, ƏHALİNİN RAHATLIĞININ VƏ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASINDA MÜHÜM ROL OYNAYIR

Yeni piyada keçidlərinin inşası <b style="color:red"></b>

Azərbaycanda həyata keçirilən geniş miqyaslı infrastruktur islahatları, yeni yolların, yeraltı və yerüstü piyada keçidlərinin inşası ölkəmizin müasir inkişafının, eyni zamanda, əhalinin rahatlığının və təhlükəsizliyinin təmin edilməsinin göstəricisidir. Bu gün ölkə üzrə yeraltı və yerüstü piyada keçidlərinin inşası və istifadəyə verilməsi də bu mənada mühüm əhəmiyyət kəsb edir.

Statistikaya əsasən, paytaxt Bakıda 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si yeraltı piyada keçididir. Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib.

Rayon və şəhərlərin daxilində - 3 ədəd (Quba, Zaqatala, Qəbələ) piyada keçidləri var.

Bu günədək ümumilikdə respublikamızda 180 ədəd piyada keçidi tikilərək istifadəyə verilib. Hazırda ölkə üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir.

Millət vəkili Anar Məmmədov mövzu ilə bağlı deyib ki, Azərbaycanda artıq müasir yol infrastrukturu qurulub, magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Onun sözlərinə görə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.

A.Məmmədov vurğulayıb ki, ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır: "Bu baxımdan nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı ölkə üçün xüsusi əhəmiyyət daşıyır. "Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq", - deyən Prezident İlham Əliyevin sərəncamları və tapşırıqları ilə ölkəmizdə yol infrastrukturu ildən-ilə müasirləşir. Nəqliyyat sektorunun formalaşdırılması ölkənin beynəlxalq aləmə çıxışını təmin etməklə yanaşı, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını reallaşdırır. Artıq Azərbaycan beynəlxalq nəqliyyat sistemində əhəmiyyətli rol oynayan ölkəyə çevrilib. Buna ölkəmizin yerləşdiyi coğrafi mövqe və iqtisadi potensialı zəmin yaradır. Elə ölkə daxilində yeniləşdirilən yol infrastrukturu da dövlətin prioritet məsələlərindən hesab olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır".

Deputat deyib ki, dünyada neftin qiymətinin aşağı düşməsinə və iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur: "Hətta demək olar ki, Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib.

Məlum olduğu kimi, sentyabrın 9-da Prezident İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etdi. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Ümumiyyətlə, Bakı şəhərində 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si yeraltı piyada keçididir. İndiyədək 180 ədəd piyada keçidinin tikilərək istifadəyə verilməsi yol infrastrukturunun yaxşılaşdırılması sahəsində çox mühüm və ardıcıl işlərin həyata keçirilməsinin göstəricisidir. Bu gün ölkəmizdə avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir və ölkəmizin artan iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir".

Siyasi şərhçi Azər Həsrət isə hesab edir ki, Prezidentin Mərdəkan-Zuğulba avtomobil yolundakı piyada keçidinin açılışında iştirakı təqdirəlayiq və diqqətçəkəndir: "Azərbaycan bu gün elə bir səviyyəyə gəlib çatıb ki, doğrudan da, yollarımız yüksək sürət üçün əlverişlidir. Eyni zamanda, yeni salınmış, təmir edilmiş, yaxud bərpa edilmiş yollarımızda yüksək sürətli hərəkət qaçılmazdır. Yəni artıq Azərbaycan avtomobillərin yavaş sürətlə hərəkət edə biləcəyi bir ölkə deyildir. O baxımdan da hərəkətin uyğunlaşdırılması və hərəkət imkanlarının uyğunlaşdırılması zərurəti mütləqdir. Cənab Prezident də bu zərurəti yaxşı anladığı üçün ölkənin müxtəlif bölgələrində, xüsusilə də Bakı kimi ən böyük və insanların, nəqliyyatın intensiv hərəkət etdiyi şəhərdə yerüstü keçidlərin tikilməsinə ayrıca diqqət yetirir. Yəni bu, Azərbaycanın həm də iqtisadi inkişafının, insanların rifah halının yüksəlməsinin daha bir göstəricisidir. Qeyd etdiyimiz kimi, buna bir zərurət yaranmışdır və o zərurətin ödənilməsi əlbəttə ki, yerinə yetirilməsi vacibdir. Məhz buna görə də, cənab Prezident bu cür məsələlərə xüsusi diqqət ayırır. Şəhərdə avtomobillərin sayı həddən artıq çoxdur. Bu çoxluq da onu zəruri edir ki, yollarda hərəkətin optimallaşdırılması üçün müxtəlif vasitələr, qurğular tikilsin, istifadəyə verilsin. Yerüstü və yeraltı keçidlərin də tikilməsi məhz bu amildən qaynaqlanır. Təbiidir ki, bütün bunlar insanların xidməti üçündür. İnsanlar bundan istifadə edəcəklər, etməlidirlər və dövlət də o zərurəti həmişə nəzərə alır".

PƏRVANƏ

 





11.09.2020    çap et  çap et