525.Az

Fikrət Sadıqın şeirləri və oğluna xeyir-duası


 

Fikrət Sadıqın <b style="color:red">şeirləri və oğluna xeyir-duası</b>

 

AYRILIRAM

 

(2013- ilin son şeiri)

 

Qocaldım, sonra bildim ki, mən tənimdən ayrılıram,

Vətənimdə qürbətdəyəm, Vətənimdən ayrılıram.

 

Qızılı göyə  sovrulan yaralı torpaq kimiyəm,

Zəngin idim, fəqət indi - mədənimdən ayrılıram.

 

Gör hardan hara gəlmişəm, hara gedirəm, kim bilir,

Cavab tapa bilmədiyim nədənimdən ayrılıram.

 

Ağır idim, yumuluram, zərif ruha çevrilirəm,

Məni sıxan dar hücrəmdən, bədənimdən ayrılıram.

 

Bağban oldum bağ becərdim, ağac əkdim, nübar dərdim,

Bitməyənə əlim çatmaz, bitənimdən ayrılıram.

 

Dənizə batmış kimiyəm, oyaqkən yatmış kimiyəm,

Yaxınım məni unudub, ötənimdən ayrılıram.

 

Qalın dünya ormanında qərib, aciz quş kimiyəm,

Gör gündü, həm suyumdan, həm dənimdən ayrılıram.

 

Ömür təsbeh daşlarıdı, təsbeh daşları - tale tək

 Şaqqaqla şaqqıldayan ötənimdən ayrılıram.

 

Hər daşı bir döngə-dalan, əvvəl dünən, sonra bugün,

Sabahına ümidim yox, dünənimdən ayrılıram.

Dekabr, 2013

 

 

BU DÜNYADA

 

Canlıya vermədi macal,

Ehya qaldı bu dünyada.

Cansıza qıymadı əcəl

Teyxa qaldı bu dünyada.

 

Çox da inanma həyata,

Hanı sənin anan, atan?

Bir gördün, sən yoxsan ta,

Ah-vay qaldı bu dünyada.

 

Hər birimiz bir qətrəyik.

Pərakəndə, dərbədərik.

Dünyaya gəldik, gedərik.

Dərya qaldı bu dünyada.

 

Zaman çapdı qoşa atlı.

İnsanı ümid yaşatdı.

Mən gömüldüm sərt daş altda,

Qaya qaldı bu dünyada.

 

Bu yaşda donmuş nisgiləm,

Sönüb gözü yaşlı giləm.

Mən kaşı olmamış giləm,

Xülya qaldı bu dünyada.

 

Baş aldatdı hər növrağı,

Gəldi axır, vida çağı.

Daşları ağlatdı ağı,

Röya qaldı bu dünyada.

 

Qocaldım, qardaş, xəbərdar.

Bir cümlədə iki "ya" var:

Bir "ya" mən idim, gəl apar.

Bir "ya" qaldı bu dünyada.

 

İti çayda axıb getdim,

Bir şimşəyəm çaxıb getdim.

Bu dünyadan çıxıb getdim,

Dünya qaldı bu dünyada.

Yanvar, 2014

 

 

BU, BİR ATA XEYİR-DUASIDIR

Keçən əsrin 80-ci illərində bir hekayə yazmışdı: "Özgə atı". İdarə maşını sürən sürücü bir gün öz uşaqlarını həmin maşına mindirib gəzdirmək istəmişdi (əlbəttə, istirahət günündə). Birdən qonşusu onu telefona çağırdı (öz evində telefonu da yox idi). Müdir telefonda dedi ki, bəs, bu gün təcili idarəyə gəl, işim var.

Bu da "özgə atı". Sürücü pərt, uşaqlar pərişan.

İstər hekayə yazsın, istər yazmasın, onlu da, onsuz da Orxan mənim övladımdır.

Amma bu hekayədəki sürücünün taleyi onu düşündürürsə, mən sevinirəm. Çünki adi adamların, sadə adamların dərdi-sərindən yazmaq - xalqdan yazmaq deməkdir.

Orxan bunu ilk hekayələrindən bilirdi. Axırda gəlib Xeybəri tapdı. Biri-birinin davamı olan "Borc", "Qurban", "Qırmızı köynək", "Tarixi-cibi", "Xas igid", "Neft Dadaş", "Əbdüləzim kişinin taygöz atı" daha sonralar povestləri, kinossenariləri.

Eşidən deyər ki, oğlunu tərifləyir. Burada mən, bir oxucu kimi deyirəm. Orxan o adamlardan yazır ki, onlar heç kəsin yadına düşmür.

Bu - onun qəlbinə düşən ilk haqq işığındandır. İlk oxuduğu, öyrəndiyi kitablardan. Dədə Qorquddan, nağıllardan, Mirzə Cəlildən, Sabirdəndir.

Hekayətlərindəki həqiqətlərdən biri budur ki, Orxan kənddə yaşamadığı halda, yazanda kəndi məndən yaxşı görür. Bu - onun qeyri-adi fəhmidir. Bu - tarixi yaddaşdan, qandan gəlir. Uzaqdan gəlir, gendən gəlir. Kim bilir, bəlkə bu müşahidələri kimsə onun qulağına pıçıldayır. Kim bilir?!

O adamların da, Orxanın da dili xalq dilidir. Yığcam, sadə aydın. Duzludur, şirəlidir. Eynən folklor dili kimidir. Hərdən bir şeirə bənzəyir.

Sözlərini butalar bəzəyir. Butalar xalçalarımızdan gəlir. Ta qədimdən. Rəmzlər, naxışlar, ilmələr. İnci kimi sapa düzülmüş kəlmələr. Heç oxuyan varmı, görən bu hekayələri?!

Vaxtında, elə indi (indiki təbirlə desəm) onun "reklamı" olmayıb. Bəlkə çox adam oxuyub bu hekayələri. Bəlkə çox adam oxumayıb bu hekayələri. Gözümün qabağında bir kitabı var.

Bu kitabın adı "Vaxt"dır. Niyə "Vaxt"? Ona görə ki, müasirdir. Vaxtında yazılmışlardır. Bugünün hekayələridir. Uydurma deyillər!

Orada yazılıb ki, kitabın rəssamı mənəm. Mən rəssam deyiləm. Amma, üz qabığının dizaynı mənim fikrimdir. İndi, hər şey vaxtla ölçülür.

Mənim vaxtım qurtarır. Amma bir xatirəm var, deməsəm, ölləm.

Orxan 9-cu sinifdə oxuyanda bir gecə yuxudan ayılıb, birdən gözü mənim stolumun üstündəki vərəqə sataşıb. Oxuyub, görüb ki, yarımçıq qalmış şeirdir. Şeiri bitirmək istəyib. Bacarmayıb. şeirin altında öz dəsti-xəttilə bu sözləri yazıb. "İstədim atamın qələmi ilə atamın yarımçıq şeirini tamamlayım, bacarmadım. Sabah gedib özümə qələm alacağam. Bu sözə fikir verin, "özümə qələm alacağam". Mən bu cümləni onun ilk hekayəsi sayıram.

Həqiqətən ondan sonra o,  yazmağa başladı.

Orxan təkcə yazıçı, ya telejurnalist deyil. Həm yaxşı övladdır. Ata-ana, bacı-qardaş qədri biləndir. Hər axşam bizdən xəbər tutmasa, yata bilməz.

Mən bütün ata-analara belə bir oğul arzulayıram.

Orxan xeyirdə-şərdə mütləq qohumlarının-dostlarının yanında olur. Allah adamıdır.

Bizi , xalqını da, o bircə balasını da haqq işığından aldığı mehr-məhəbbətlə sevir.

Bu qədər! Mən bir o qədər mahir ədəbiyyatşünas deyiləm. Bütün bunları bir ata fəxri, ata qüruru ilə deyirəm.

İnsan zəhmətlə ucalır. Mən göz açandan, mən yox, Orxan göz açandan oxumağı, yazmağı haqqı sevib. Bu - əl boyda yazıya son söz demək vaxtı çatıb. Bu cür hekayələrin müəllifi qızıl illərini teleaparıcılığa həsr eləyib. El-oba arasında hörmət qazanıb. O, haqqsevən insandır. Qoy haqq da onu qorusun! Bu - bir Ata xeyir-duasıdır.   

 





17.01.2014    çap et  çap et