525.Az

Aprel şəhidlərinin sırasına qoşulan oğlan - Anım


 

ÖLÜMÜNDƏN SONRA İKİ MEDALLA TƏLTİF EDİLƏN MÜLKİ ŞƏXS, SAMUXLU ŞƏHİD FƏRMAN ƏSƏDLİNİN 30 YAŞI TAMAM OLDU

Aprel şəhidlərinin sırasına qoşulan oğlan - <b style="color:red">Anım</b>

Vətənimizin torpaqlarını uzun müddətdir ki, işğal altında saxlayan erməni qəsbkarlarına cəmi bir neçə gün ərzində layiqli cavab nümunəsi, həm də yaxın gələcəkdə şanlı Azərbaycan Ordusunun həlledici hücumunun müjdəçisi kimi tarixə həkk olunan, 2016-cı ilin Aprel döyüşlərinin şəhidləri sırasında onun yaxınları və dostlarının qəlbində daim gülərüz, ürəyitəmiz, şən, kiçik ünsiyyətdə belə hamıya pozitiv enerji ötürdüyü deyilən, könüllərdə həmişə 26 yaşında gənc kimi qalacaq Fərman Əsədli də var.   

Fərman Elçin oğlu Əsədli 1990-cı il sentyabrın 10-da, Samuxun Sərkar kəndində dünyaya gəlib, burada orta məktəbi bitirib. Sonra Gəncə Dövlət Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə hərbi xidmətini başa vurub evə qayıdandan azacıq sonra ailə həyatı qurub, 2013-cü ildə şirin bir qız övladının dünyaya gəlməsi ilə xoşbəxt ata olub. Qızının adı da sanki vətən üçün canından keçən atasının xatirəsinə bir işarədir - Xatirə. 7 yaşlı bu balanın atasının şəkilləri və ona məxsus olan hər bir əşyaya xüsusi sevgisi hiss olunur. Kim bilir, bəlkə də, o, ölməz şəhid ruhunun burada dolaşdığını hər an duyur. Axı HƏQİQƏT həmişə yalnız uşaqların gözü ilə görülür, onların dili ilə də danışılır.

2016-cı ili aprel ayının ilk günü erməni silahlı bölmələri atəşkəs rejimini kəskin şəkildə pozaraq Azərbaycan Respublikasının cəbhənin müxtəlif istiqamətlərində - Goranboy, Tərtər, Ağdam və digər rayonlarımızda yerləşən Silahlı Qüvvələrimizin mövqelərini, eləcə də dinc sakinləri atəşə tutdular. Azərbaycan Ordusunun artıq qüdrətli bir güc halına gəlməsi aydın olsa da, ölkənin hər bir guşəsində, xüsusən cəbhəyə yaxın olan yerlərdə yaşayan sadə insanlar düşməndən qisas almaq, öndəki əsgərlərimizə yardım etmək istəyi ilə alışıb-yanır, öz əllərindən gələn köməyi göstərməyə hazır olduqlarını bildirirdilər.  

75 il əvvəl İkinci Dünya müharibəsi cəbhələrində Avropanın yarısını qələbə ilə, sinəsindəki döyüş orden və medallarının sayını artıra-artıra qət etmiş bir əsgərin, adını daşıdığı Fərman kişinin nəticəsi, uzun illər hərbi və hüquq-mühafizə orqanlarında çalışmış ehtiyatda olan polkovnik-leytenantın oğlu, evlərində həmişə vətənpərvər söhbətlər və nəsihətlərlə böyümüş gənc Fərman da yeni savaş xəbərinin gəldiyi anın içində öz vicdan fərmanını verdi: döyüşən əsgərlərimizə doğru yol almalı, bəlkə nəyəsə gərək olduq!

Onun bu cəsarətli qərarına sirdaş və məsləkdaş kimi yanaşdığı yeznəsi Sadiq də qoşulur. Beləcə, aprelin 2-də səhər-səhər  ərzaq, siqaret və digər lazım bilinən yük və... iki təmiz, ağ, amma yanar ürək daşıyan ağ "Niva" Qarabağ torpaqlarına yol alır.  

Bir neçə saatlıq bu yolçuluq, özündə bəlkə də gələcəkdə bir faciəvi-macara filminin mövzusuna çevrilə bilən hadisələri birləşdirir: Fərman və Sadiq Tərtər rayonunun düşmənin artilleriya atəşləri altında olan ərazilərinə yetişirlər, gətirdikləri yükü əsgərlərə çatdırırlar, bir neçə dəfə Tərtər rayon mərkəzinə gedib-gəlir, yenə əsgərlər üçün ərzaq, avtomobilllər üçün isə lazımi ehtiyat hissələrini cəbhəyə daşıyırlar, öz maşınlarıyla, eləcə də yolda xarab olmuş yük maşınını təmir etdikdən sonra onunla,  döyüş xəttinə yaxın yerlərdən yaralıları Tərtər xəstəxanasına, bir neçə nəfər şəhid əsgərimizin meyitini isə onların qulluq etdiyi hərbi hissəyə çatdırırlar. Axşam qayıtmaq istəyərkən, bir zabitimizin postlarımızın birinə aparılmasının çox vacib olduğu bəlli olur və onu həmin məntəqəyə çatdırmaq qərarına gəlirlər. Bu, Fərman üçün son yolçuluq olur. Sən demə, düşmən mövqelərindən bu gün çox fəallıq göstərən "Niva"nı davamlı müşahidə edirmişlər. Ermənilər maşının xüsusi tapşırıqla fəaliyyət göstərdiyini zənn edərək, ona çox nadir hallarda işlədilən xüsusi növ mərmi atırlar. Ağır artilleriya mərmisinin qəlpələri "Niva"nı dəlmə-deşik edir. Ölümcül yaralanan Fərman Tərtər xəstəxanasında keçinir, Sadıq olduqca ağır (o vaxtdan əlildir), zabit isə yüngül yaralanır.

26 yaşında necə deyərlər, "oturduğu yerdə" öz qəfil qərarı ilə od-alova atılan Fərman  Vətənə xidmət naminə rahatlığından keçib, risk etməyin əbədi bir dəyər olduğunu sübut etdi. Aprelin yeganə mülki şəhidi cəbhə xəttində bayaq söhbət açdığımız mərd hərəkətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra "Şücaətə görə" və "Vətən naminə" medalları ilə təltif olunub.  

Bu ilıq sentyabr günündə 30 yaşı tamam olan şəhid Fərman Əsədlinin yaxınları onun Samux rayonunun Sərkar kəndindəiki qəbrini ziyarət ediblər. Elə oğul itkisi dərdinə uzun müddət tab gətirməyərək, ötən il 54 yaşında vəfat edən ana da onun yanında dəfn edilib.

Şəhidin kənddəki baba ocağında həmin gün eşitdiyimiz xatirələrdə hamı həm yana-yana, həm də qürurla onun nə qədər həssas, incəqəlbli, vətənsevər, kitabsevər, məlumatlı, yaxşı idmançı, ailəcanlı, işgüzar bir gənc olduğunu bildirirdi. Evdə saxlanılan onlarla fotoşəkillərin - tək, dostlarla, ailə ilə, körpəsiylə, əsgərlik, tələbəlik, idmançı yoldaşlarıyla - hansını ələ alsanız, Fərman gülər və mənalı gözlərlə sizə baxacaq.

Fərmanın, hər kəsə yüksək vətənsevərlik nümunəsi kimi təqdim etməyin mümkün olduğu atası Elçin Əsədlinin söhbətlərində həm bu xüsusiyyətlər, həm də digər yüksək mətləblər yer alır: 

"Onun təbiəti belə idi - xoşniyyətli, yanımcıl. Elə eşidirdin ki, hansısa çətinliyə düşmüş dost-tanışa kömək edir. Zəng vururdu ki, ata, filan dostumla onun bir işinin dalınca filan yerdəyik, narahat olma. Amma sevginin ən böyüyü Vətənə aiddir, Fərmanda da məhz bu var idi. Odur ki, həmin apreli özü üçün bir sınaq anı kimi qəbul edib. O, həlak olanda, 90 yaşlı babası mənə üz tutdu ki, ay bala, bu, niyə belə oldu? Mən dedim, bu, sənin, mənim verdiyimiz nəsihətlərdir, sənin Qarabağ haqda yazdığın şeirlərin təsiridir ki, onun ürəyində qərar tutub. Bəs Vətən fədəkarlığı necə olmalıdır? Bu xüsusda mən hesab edirəm ki, Prezidentimizin Milli-mənəvi dəyərlərimizin, vətənpərvərliyimizin ən böyük və müqəddəs sərvətimiz olması haqda dedikləri və bunun rəhbərin özünün atdığı hər addımı ilə təsdiqləməsi hər birimiz üçün başlıca amal olmalıdır! Bizim ürəklərimizi döyündürən məhz bu hisslər olmalıdır. Kim olursan, ol, öncə Vətəndir!" 

Şəhidin bibisi Nurlana müəllimə də insanın qəhrəmanlıq xüsusiyyətlərinin yaxşı nümunələr və ürəyindəki Vətən sevgisinə bağlı olduğunu söyləyir:

"Fərman heç vaxt elə-belə, formal söhbətlər etməzdi. Hələ lap yeniyetmə ikən öz oxuduğu kitabların qəhrəmanları haqda danışırdı. Onun sevdiyi, oxşamaq istədiyi qəhrəmanlardan biri də faşistlərlə döyüşlərdə hər iki ayağını itirsə də, protezlərlə yenə döyüşlərə qoşulan təyyarəçi, real insan, Sovet İttifaqı Qəhrəmanı Aleksey Maresyev idi. Onun haqqında Boris Polevoyun yazdığı povest və bu əsər əsasında çəkilən film əsl iradə və əzmkarlıq nümunələridir".

Fərmanın döyüş yoldaşı adlandıra bildiyimiz, hazırda Bakıda yaşayan 33 yaşlı Sadiq Əliyev də "Vətən naminə" medalı ilə təltif olunub. Onun atası Natiq kişi də şəhid Fərman Əsədlinin ad günündə bu ürəkli gənclərin kişi sözü verib, bu vədi axıracan yerinə yetirdiklərini qeyd edir.

"Sadiq söyləyir ki, ata, əgər həmin o vaxt mən desəydim ki, Fərman, bəlkə qayıdaq, o, sonra mənim üzümə baxmazdı. Eyni ilə, əgər Fərman belə söz desəydi, mən onun üzünə baxmazdım", - deyə N.Əliyev oğlunun sözlərini çatdırır.

Bu "ad günü" görüşündə əsas diqqətçəkən məqam o idi ki, Fərmanın yaxınlarının söhbətlərində qürur, fərəh, Vətən sevgisi kədərdən qat-qat çox idi. Elə Fərman da doğma ocağa həmin hissləri sanki bir əmanət kimi qoyub, gedib. Doğrudan da, istər baba yurdu Sərkarda, istər də Gəncədə yaxşı ev-eşiyi, həyat şəraiti, xoşbəxt ailəsi, təminatlı işi olan Fərmanı düşünmədən cəbhə od-alovuna doğru yolçuluğa da məhz bu hisslər aparıb. Əsgəri xidmət borcunu vermiş olsa da, qəfil döyüşlərin sədasını duyan kimi, "Könlünün sevgili məhbubu - Vətən" üçün özü özünü yenidən müsəlləh əsgər sayan Fərman, ölümdən belə qorxmayan Fədakar Azərbaycan Gəncinin ən parlaq nümunələrindəndir.

Vətənin sevgisini ürəklərdən-ürəklərə şəhidlər qədər ötürə bilən ikinci bir vasitə anlayışı yoxdur. Doğrudan da, onlar yanımızda olmasalar da, ürəklərindəki Vətən Yanğısını hər birimizin qəlbinə hopdurublar.

Samux-Gəncə

 





14.09.2020    çap et  çap et