525.Az

Karantinin izləri -Aytac ASLAN yazır


 

Karantinin izləri -<b style="color:red">Aytac ASLAN yazır</b>

Hər gün eşitdiyimiz "insan hər şeyə alışır" cümləsi artıq şablona çevrilib. İnsanlar bu cümləni bəzən həqiqi mənasında, bəzən də sözün gəlişi deyirlər.

Lakin COVİD-19 sübut etdi ki, sözün əsl mənasında insan hər şeyə alışır. Bunun canlı nümunəsi isə biz özümüzük. Misal üçün, ilk karantin qərarını eşidəndə hər kəs qaçaqaç dolu, monoton həyatdan bir müddət də olsa uzaqlaşacağı üçün çox sevinirdi.

Vaxt keçdikcə həmin həyat üçün darıxmağa başladıq. Zamanla bunun yerini stress aldı, hər kəsdə qəribə bir aqressiya yarandı. Ancaq günlər, həftələr, aylar keçdikcə insanlar cəmiyyətdən təcrid olunaraq evdə qalmağa alışdı. Hər zaman deyirlər ki, insan sosial varlıqdır. Pandemiya dövründə biz sosial varlıq olmağa vərdiş etdik.

Bütün dünyada insanların rahat istirahət, səyahət edə biləcəyi vaxt yay aylarıdır. Amma əvvəlki illərdən fərqli olaraq, bu yay insanlar dənizdən zövq ala, günəşin şüalarını hiss edə, ilin ən gözəl çağını doyunca yaşaya bilmədilər. Günəşin, təbiətin verdiyi enerji ilə yayda insanların üzündən təbəssüm əskik olmazdı. Yay ayları, həm də ailələrin bir yerə toplaşdığı, deyib-gülməyə, səhərə qədər şirin söhbət etməyə zaman ayırdığı vaxtdır. Qısaca deməli olsam, yay aylarında ilan dərisini dəyişən kimi insanlar da ruhunu yeniləyir sanki. Əfsuslar ki, bu yay ötən illərdən fərqli olaraq, insanların üzündəki gülüş, gözlərindəki sevinc kədərlə əvəzləndi. Ailələr birlikdə vaxt keçirmək əvəzinə, birdən onlara da virus yoluxar deyə, bir-birindən qaçdı. Rəngarəng, həyat dolu yay ayları bu il boz, soyuq qış aylarına bənzəyirdi.

Son günlərdə virusa yoluxanların sayının azalması ilə bağlı karantin qaydaları da yumşalır. Lakin insanların psixologiyası, ruh halı karantin qaydaları kimi tez dəyişə bilmir. Həyatımız yavaş-yavaş əvvəlki vəziyyətinə qayıtsa da, biz qayıda bilmirik. Fikir vermisinizsə, bir çox insan hələ də lazım olmayanda çölə çıxmır, restoranlara, parklara belə getmir. Səbəbini soruşduqda isə, "İçimdən çölə çıxmaq gəlmir" - deyirlər. Əslində, bu, adını tənbəllik qoyduğumuz təhlükəli alışqanlıqdır. Aylardır evdə qalan insalar öyrəşdiyi ruh halından çıxa bilmir. Hətta əvvəllər sosial olan insanlar belə, indi izdihamdan qorxur, evdən uzaqlaşan kimi özünü təhlükədə hiss edir. Karantindən öncə "Zaman su kimi axıb gedir" - deyən insanlar indi vaxtın çox yavaş keçdiyini deyirlər. Məsələn, karantindən əvvəl bir il insanlar üçün çox böyük görünürdü. Daim dəyişən, qaçaqaç dolu həyatımız olduğu üçün bir ildə çox şey dəyişir, nə qədər yeni insan tanıyırdıq. Nəticədə, ilin hardan gəlib keçdiyini bilmirdik. Amma indi o nəhəng bir il cılızlaşaraq o qədər ləng hərəkət edir ki, hər dəqiqə bir saat kimi gəlir insana.

Artıq payız fəsli yaxınlaşır. Yay fəslini yaşaya bilməyən insanlar bütün ümidlərini payıza bağlayıblar. Yayda  insanların simasında  görə bilmədiyimiz təbəssümü, sevinci, gümrah ruh halını payızın gəlişi ilə görürük. Fəsillər yer dəyişib sanki. Hər kəs payızın gəlişini yay fəsliymiş kimi sevinclə qarşılayır. Yay fəslindən ümidləri üzülmüş, qəlbi qırılmış bizlər təsəllini payızda tapmaq istəyirik. Sərt karantindən sonra insanlar ürəklərində qalan arzularını, yay üçün qurduqları planları payız fəslində yaşamağı ümid edirlər. Bu il payızın gəlişi ilə rəngini dəyişən yalnız yarpaqlar olmayacaq yəqin - insanlar da ruhunu yeniləməyə hazırlaşırlar...

 





15.09.2020    çap et  çap et