525.Az

Müəllimlərin sertifikasiyası: yaşlı pedaqoqları nə gözləyir?


 

Müəllimlərin sertifikasiyası:<b style="color:red">  yaşlı pedaqoqları nə gözləyir?</b>

İKT-nin inkişaf etdiyi, yeni texnologiyaların birmənalı olaraq bütün sahələrə tətbiq edildiyi, az qala gündəlik dəyişən dünyamızda cəmiyyətin daha çox diqqət yetirdiyi təhsil sistemi də yeniləşmə tələb edir.
 
1999-cu ildən başlayaraq, ölkəmizdə bu sahədə islahatların aparılması istiqamətində az işlər görülməyib. Yeni milli kurikulum proqramlarının qəbulu, təhsildə qiymətləndirmə standartlarının tətbiqi təhsilalanların yalnız mükəmməl biliyə yiyələnmələri ilə deyil, həm də müvafiq olaraq bacarıq və vərdişlərə yiyələnmələri ilə xarakterizə olunur. Bu, daha çox dəyişən və yenilənən müasir cəmiyyətin tələblərindən irəli gəlir. Təhsilalanlarda bilik, bacarıq və vərdişləri stimullaşdıran təfəkkürün formalaşması onlarda müstəqil yaradıcılıq və tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirir. Gizli deyil ki, bu problemin həllində müstəsna yük təhsilverənlərin üzərinə düşür. Bundan ötrü müasir müəllim özünü və tədris prosesinə yanaşma formasını dəyişməlidir.

O, indi yalnız bilik vermir, şagirdlərdə müstəqil həyatın tələblərinə uyğun bacarıqların və vərdişlərin formalaşdırılmasına yönəlik bələdçi rolunda çıxış edir. Artıq auditoriyanı inzibati-amirlik metodları ilə deyil, demokratik prinsiplərlə idarə etmək lazım gəlir. Bundan ötrü təhsilverən gərək yeniliyə aparan metod və üsullarla tanış olsun, onu tədris prosesində tətbiq etməyi bacarsın. Necə deyərlər, əvvəlki üsullarla tədris prosesini "yola vermək" daha işə yaramır. Bəs onda neyləməli?

2014-cü ildən başlanan və mərhələli şəkildə 4 ilə yaxın davam edən müəllimlərin diaqnostik qiymətləndirilməsi bu problemin həllinə doğru ilk addım kimi əhəmiyyətli idi. Belə ki, imtahana cəlb edilmiş müəllimlərin ixtisas fənlərindən və kurikulumdan hansı bilik və bacarıqlara malik olduqları üzə çıxdı. Nəticələr göstərdi ki, müəllimlərin vaxtaşırı özünüyoxlama imtahanlarına təhrik edilməsi onların zəif nöqtələrinin aşkarlanmasına səbəb olur. Beləliklə, təhsilverənlərin daha çox keyfiyyətli və səmərəli işləmələri üçün istiqamətlərin müəyyənləşməsi asanlaşır.

Cari idən isə ölkə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikatlaşdırılması məsələsi gündəmə gəldi. Beş ildən bir keçirilməsi nəzərdə tutulan sertifikatlaşdırmanın reallaşdırılması, şübhəsiz, təhsilin keyfiyyətinə təsir etmək baxımından növbəti və daha güclü təkan olacaq. Əlbəttə, əvvəlki imtahandan fərqli olaraq, burada qoyulan sualların sınaq xarakteri daşımayacağını və çətinlik dərəcələrinə görə kifayət qədər ağır olacağını ehtimal etmək olar.

Digər tərəfdən, peşəkar komissiya üzvlərinin əhatəsində kurikulum qaydası ilə dərs nümunələrini təqdim etməyi bacarmaq, ixtisas fənnindən və dünyagörüşündən veriləcək müsahibə suallarını cavablandıra bilmək, xüsusilə, geyiminə, hərəkətlərinə, davranışına, fikrini ifadə etmək qabiliyyətinə və nitqinə qədər hər xırda detalların dəyərləndirilməsi müəllimlərin nəzərində sertifikatlaşdırmaya münasibətdə bir həyəcan və təlaş yaradır. Ən çox da ona görə ki, təkrar imtahana qalan müəllim yenidən tələb olunan nəticəni göstərə bilməsə, onun təhsil sahəsindən kənarlaşdırılacağı təhlükəsi var. Təhsil nazirimiz "Real TV"yə müsahibəsində sertifikatlaşdırmanın əsas prinsiplərinə toxunarkən buna da işarə edib: "...Təbii ki, müəllimlər sertifikasiya imtahanına görə çox təlaşlanır, lakin hər kəsə mərhəmətli olanda, uzunmüddətli vaxtda səmərəliliyi itiririk".

Eyni zamanda, o, sertifikatlaşdırmanın mahiyyətini də açıqlayıb və üstünlüklərini göstərib: "Sertifikasiyanın mahiyyəti ondan ibarətdir ki, müəllimlər daim hazırlıqlı olsun. Bu, müəllimləri işdən kənarlaşdırmaq üçün düşünülməyib. Müəllimin müasir tələblərə cavab verməsi təhsilalanın öyrənməsinə təsir edən amildir. Bu, təhsildə ədalətli prosesdir və söz verirəm ki, belə də davam edəcək".

Hazırkı Təhsil nazirimiz gəncdir, enerjilidir və müasir texnologiyalara əsalanan praktik düşüncə tərzinə, innovativ bilik və bacarıqlara malik bir şəxsdir. Onun bu barədə "Müəllim bu imtahanda iştirak edib tələb olunan səviyyədən aşağı və ya yuxarı olmasını aydınlaşdırır. Tələb olunan səviyyədən aşağıdırsa, əlavə 1 il vaxt verilir ki, həmin səviyyəyə gəlib çatsın" - deməsi də göstərir ki, o, müəllimin yeniliklərə sürətlə yiyələnməsində və özünü inkişaf etdirməsində maraqlıdır. Burda təəccüblü bir şey yoxdur və əslində, məsələyə köklü, ədalətli yanaşmadır. Amma gəlin görək, bunu müəllimlərin hamısımı bacara biləcəkdir? Yəqin ki, yox. Nə gizlədək, yaşlı müəllimlər üçün bu proses çətin və ağrılı keçəcəkdir.

Sosial şəbəkələrdə və Vatsap qruplarında aparılan müzakirələr də göstərir ki, bu, həqiqətən asan olmayacaq. Onda necə olsun: Ömrünün 30-40 ildən çoxunu təhsilə bağlayan, hər halda bu illər ərzində gənc nəslin təlim və tərbiyəsinə az zəhmət çəkməmiş müəllimi 50-64 yaşında indiyədək bütün vücudu və ruhu ilə bağlandığı məktəbdən və şagirdlərindən uzaqlaşdıraqmı? Bu, onun sağlamlığında mənəvi-psixoloji sarsıntılar yaratmazmı? Onsuz da son illər ən müxtəlif səbəblərdən (əsasən məişət və iş yeri ilə əlaqəli problemlər üzündən) daha da çoxalan və insan ömrünə balta çalan qan təzyiqi, əsəb pozğunluqları, şəkərli diabet, ürək çatışmazlığı, insult və sair bu kimi həyat üçün qorxulu, təhlükəli xəstəliklər yaşama riskini xeyli artırıb. Aydındır ki, bu tip xəstəliklər adətən bir qayda olaraq 50 yaşdan sonra baş qaldırır və sürətlə inkişaf edir.

İndi təsəvvür edin: 55 yaşlı müəlim sertifikatlaşdırma imtahanının həyəcanını yaşayır, keçə bilməyəcəyi təqdirdə işdən çıxarılacağını göz önünə gətirir, nüfuzdan düşəcəyi təsəvvürünü xəyalında canlandırır və bunların qorxusu ondakı mövcud xəstəliklərin şiddətlənməsinə gətirib çıxarır. Halı pisləşir və... ömrünə nöqtə qoyulur. Bu, bizə lazımdırmı? - Əlbəttə, yox! Bəs onda necə edək, imtahan olmasınmı, belədə, sürətlə dəyişən və yeniləşən dünya təhsil sistemi çərçivəsində Azərbaycan təhsilində hansı keyfiyyətdən danışa bilərik? Çıxış yolu varmı? Məncə, var.

Birincisi, müəllimlər üçün pensiya yaşı aşağı salınmalıdır. Tutaq ki, qadınlar 50-53, kişilər 55-58 yaşlarında təqaüdə göndərilməlidir. Nümunə: Türkiyə variantı. Sirr deyil ki, bu yaşlarda insanın hafizəsi, yaddaşı, xatırlaması, diqqəti getdikcə zəifləyir və bu, bir qarşısıalınmaz təbii bioloji proses kimi davam edir. İndiki halda nəinki 65 yaş, hətta 60 yaş belə müəllimlər üçün normadan çoxdur. Bu barədə düşünmək lazımdır. Müəllimlər daha çox beyinlə işləyirlər, onların əmək fəaliyyəti düşüncəyə söykənir. Yaşlaşdıqca düşünmək, qavramaq, yadda saxlamaq kimi zəruri məsələlər tükənməyə doğru gedir. Bundan sonra onlara ömürlərinin sonlarınadək yaxşı dincəlmək, tədris prosesində qazandıqları psixo-nevroloji sağlamlıqlarını heç olmasa qismən bərpa etmək lazımdır. Yay tətili dövründə müəllimlərə verilən əmək məzuniyyəti həm də, bu dövrdə işlərin ən qızğın çağına düşür, xüsusilə kənd yerlərində. Yəni hər müəllim bundan faydalana bilmir.

İndi zaman dəyişib, hətta məzuniyyət vaxtı belə, müəllimlər yeni texnologiyaların qəbulu və təhsil sistemində aparılan islahatlardan dolayı məcburi qaydada təlimlərə cəlb edilir. Əlbəttə, bu da vacibdir. Ancaq tədris ili boyu gərgin çalışmalardan yorulmuş yaşlı müəllimlərə öz qüvvələrini bərpa etmək üçün hətta, bir məzuniyyət vaxtının yetərli olmadığı bir məqamda vaxtaşırı treninqlərə, ardınca yeni tədris ili ilə əlaqədar hazırlıq prosesinə qoşulması onun normal istirahətinə mane olur. Belədə, müəllimin işində hansı keyfiyyətin olacağından danışa bilərik axı. Bunlardan çıxış edərək, müəllimlərin pensiya yaş həddinin azaldılmasını təkilif edirik.

Məlumdur ki, əmək qanunvericiliyində zərərli müəssisə və ya istehsal sahələrində çalışan işçilər üçün müəyyən güzəştlər nəzərdə tutulub və həmçinin, bu kateqoriyadan olan işçilərin pensiya həddi də kifayət qədər aşağı səviyyədə müəyyən olunub. Zənnimcə, bu tədbir qanunvericilikdə dəyişikliklər edilməklə müəllimlərə də tətbiq olunmalıdır.



Bu, məsələnin bir tərəfi. İkinci təklif isə ondan ibarət ola bilər ki, 50 yaşdan yuxarı müəllimlər üçün sertifikatlaşdırma imtahanlarının əvəzinə, diaqnostik qiymətləndirmə aparılsın və pensiya yaşına kimi bu, dövri olaraq təkrar edilsin. Məsələn, ildə bir dəfə keçirilsin. Bunu 6 aydan gec olmayaraq - yarımilliklərin sonunda da keçirmək olar. Bu, istər-istəməz müəllimə daima hazırlaşmaq, öz üzərində çalışmaq, bilik və bacarıqlarını artırmaqla onu vərdişə çevirmək imkanı verir. Hər dəfə diaqnostik qiymətləndirmənin nəticələri yaşlı müəllimlərin şəxsi səhifələrində qeyd edilir. Düşünürəm ki, bu üsul yuxarı təhsil orqanlarının mərhələdən mərhələyə müəllimin hazırlıq səviyyəsini izləməyə imkan verəcəkdir. Əldə olunmuş nəticələr əsasında müəllimə həvəsləndirmə və cəzalandırma tədbirləri tətbiq oluna bilər. Beş il bu şəkildə davam edən diaqnostik qiymətləndirmənin yekun nəticələri əsasında sertifikatlaşdırma imtahanı aparmadan, yalnız müsahibə keçirməklə, müəllimə sertifikat verilməsi mümkündür.

Şübhəsiz, respublika səviyyəsində hər bir imtahanın təşkili yüksək məbləğdə vəsait və vaxt istəyir. Fikrimcə, bu problemi aradan qaldırmaq üçün müəllim işindən ayrılmadan, məktəbdə onlayn şəklində imtahana qoşula bilər. Yəni imtahanların canlı deyil, pandemiya problemi səbəbindən, İTK-nın verdiyi imkanlardan bəhrələnməklə onlayn qaydada təşkil olunması tövsiyə edilir. Nazirliyin tərtib etdiyi suallar əsasında rayon təhsil şöbələri bu prosesi özləri nizamlaya və həyata keçirə bilərlər.

Hesab edirəm ki, bu, daha səmərəli yoldur. Yaşlı müəllimləri təlaş və həyəcandan qurtarmaq, sonu streslə bitə biləcək ağır durumlara düşməsinin qarşısını almaq baxımından belə bir üsulun tətbiqi barədə düşünməyə dəyər. Bu üsul həmin kateqoriyadan olan müəllimlərin özünü daim inkişaf etdirmək, mütəmadi hazırlaşmaq, təkrar-təkrar öyrənmək, diaqnostik qiymətləndirmənin nəticələrini yüksəltmək üçün daha artıq zəhmətə qatlaşmaq cəhətdən də faydalı olacaqdır.

Bir başqa təklifim də var. Məlumdur ki, müəllimlik ixtisasları üzrə müvafiq ali təhsil müəssisələrini bitirib, uzun müddətdir bu sahədə fəaliyyət göstərməyən şəxslər də az deyildir. Onların bir çoxu hər hansı səbəbdən pedaqoji sahədən tamamilə uzaqlaşıb, hansı ki, təhsil aldığı ali məktəbi müvəffəq qiymətlərlə bitirib. Həmçinin, ümumtəhsil məktəblərində işləməyən çoxlu sayda müəllimlər də var ki, onlar müxtəlif tədris kurslarında çalışırlar, yaxud müstəqil repetitor kimi fəaliyyət göstərirlər. Mənə belə gəlir ki, bu kateqoriyadan olan müəllimlik ixtisasına yiyələnmiş 40-45 yaşadək şəxslərin sertifikatlaşdırma imtahanlarına cəlb olunması da faydalı ola bilər.

Fikrimcə, həm müsahibədən, həm də imtahanlardan maksimum bal toplamış pedaqoji təhsilli şəxslərin istəklərinə uyğun olaraq ümumtəhsil məktəblərində yerləşdirilməsi təhsilin inkişafına kömək edərdi. Məqsəd ölkəmizdə təhsil sistemini daha da yaxşı inkişaf etdirməkdirsə, o zaman ən müxtəlif təkliflərə və variantlara baxmaq ümumi işin xeyrinə olardı.

Yusif DİRİLİ

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub


 



 





15.09.2020    çap et  çap et