525.Az

Bakının işğaldan azad edilməsi - Əbülfəz Quliyev yazır


 

Bakının işğaldan azad edilməsi -<b style="color:red"> Əbülfəz Quliyev yazır</b>

Osmanlı Türkiyəsinin XX əsr hərb tarixində böyük xidməti olan hərbi xadimlərdən biri də Xəlil paşadır. 1918-ci ildə Osmanlı Türkiyəsinin baş komandanı Ənvər paşa tərəfindən İraq cəbhəsindən geri çağırılaraq Nuru paşa Qafqaz İslam Ordusunun komandanı, Xəlil paşa isə Şərq Ordular qrupunun komandanı olaraq bölgəyə göndərilmişdi.

Nuru paşa və Xəlil paşanın böyük əzmkarlığı, təşkilatçılığı və fədakarlığı sayəsində  1918-ci ilin 15 sentyabr tarixində Azərbaycanın əbədi paytaxtı olan Bakı şəhərinin başı üzərini almış təhlükə aradan qaldırıldı. Ona görə də 15 sentyabr 1918-ci il Azərbaycanın şanlı qəhrəmanlıq tarixinə qızıl xətlə yazılmışdır.
Ənvər paşa və Nuru paşa haqqında Azərbaycan mətbuatında az-çox yazılsa da, Hafiz Kamal bəy oğlu Xəlil paşa haqqında oxucularımızda kifayət qədər məlumat yoxdur. Bu səbəbdən Xəlil paşanın Türkiyədə bir neçə dəfə böyük tirajla nəşr olunmuş "İttihad və Tərəqqidən Cumhuriyyətə bitməyən savaş" adlı xatirələr kitabını dilimizə uyğunlaşdırıb Azərbaycanda nəşr etdirmək qərarına gəldim. Hörmətli oxucuların diqqətinə çatdırdığım bu yazı da həmin kitabın bir bölməsini (ixtisarla) təşkil etməkdədir.


Xəlil paşa KUT

... Düşmən qüvvələr çəkilərkən ümumi qərargahdan gələn bu şifrəni əmr zabitim gətirib mənə verdi. Orada yazılımışdı: "VI ordu əmrinizdə qalmaq surətilə Qafqaz ordularının da birləşdirilməsi ilə təşkil edilən Şərq orduları qrupu komandanı vəzifəsinə təyin edilmişsiniz. Yeni vəzifənizi qəbul etmək üzərə İstanbul üzərindən Qafqaza hərəkət etməniz nəzərinizə çatdırılır.

Baş komandan əvəzi Ənvər".

Yoldaşlarımla vidalaşaraq Nusaybin üzərindən qatarla İstanbula gəldim... Dərhal başkomandanlıq qərargahını ziyarət edərək Şərq orduları komandanı vəzifəsi haqqında məlumat aldım, bir neçə gün ailəmlə qaldıqdan sonra "Gülnihal" vaporu ilə təkrar müharibə yolunu tutdum...

Baş qərargahdan verilən əmr belə idi: "Batum-Tiflis-Bakı dəmir yolundan bir mənzil yolu olaraq yararlanmaq surəti ilə Xəzər dənizində üstünlük ələ alınacaq, dəniz yolu ilə Bakı-Ənzəli yolu qurulacaqdır".
Rus ordusunun dağılıb çəkilməsindən sonra ingilislər bu qüvvələrdən bir qismini əmr altına almış və ermənilərdən təşkil olunmuş dəstələrlə və yenə ingilislərdən yardım almış Biçeraxovun başçılıq etdiyi kazaklar İran yoluyla ingilislərlə birlikdə gəlib Bakıya yerləşmişdilər...

İlk iş Bakının işğaldan azad  edilməsi və bu qüvvələrin dağıdılmasından ibarət idi. Bu səbəbdən Bakıya hücum edəcək idim.

Bakının işğaldan azad edilməsi bizim üçün mütləq bir vəzifə idi və bunun üçün qardaşoğlum Nuru paşanın başçılıq etdiyi ordunun gücləndirilməsi, təkviyə edilməsi lazım idi. Təkviyə üçün də ən uyğun yol Gümrü-Tiflis-Gəncə dəmiryolundan faydalanmaqdı.

Dəmiryolunun açılmasından sonra göndərilən birliklərlə artıq təkviyə qüvvələrinin göndərilməsini dayandırdım, çünki göndərilən və orada olan qüvvələr Bakının alınmasına kifayət edərdi. Mən də Gəncə üzərindən Bakı ətrafına getdim.

İslam ordusunun Bakı ətrafında tutduğu mövqe düşmən mövqeyinə topçu atəşi ilə hakimdi. Təkviyə məqsədilə gətirilən ağır topçu bateryaları lazımi yerlərə yerləşdirildi...

Dan yeri ağarmağa başlamışdı ki, piyadaların özünəməxsus hayqırışları ilə bomba və süngü döyüşü başladı... Hücum qolunun sağına və soluna hücum edən düşmənin ehtiyat qüvvələri qəmə (xəncər) şəklində irəliləyən birliklərimin sağa və sola açdıqları yelpazə atəşi ilə geri oturdulurdu...

Düşmən bəzi hallarda  əks hücuma keçir, ancaq bizim birliklər təkrar onların üstünə atılır, hamısını yerindəcə əzib keçirdilər... Düşmənin ehtiyat hissələri şəhərin mərkəzinə çəkilməyə məcbur oldu...
Səhər tezdən başlayan döyüşlər axşama qədər davam etdi... Və bu döyüşlərdə bəzən özümü əlimdə mauzer ön xəttə atdığım zaman da oldu...

İngilis birlikləri geri çəkilərkən yerdə qalan digər düşmən qüvvələr Bakıdakı böyük bir qazarmaya dolmuşdular. Xəbər alan kimi, böyük bir cəbhə təşkil edə biləcək qazarma topçu atəşilə darmadağın edildi...

Şəhərdə silah səsləri gecə-gündüz davam edirdi... Şəhər ingilislərin nəzarəti altında olduğu zaman ermənilər və bolşeviklər yerli türk xalqına qarşı geniş bir qətliam törətməyə girişmişdilər... Hər məhəllədə ermənilər türklərdən meyit qalaqları düzəltmişdilər...

Ordu yorğun düşmüşdü. Orduya bir günlük istirahət verdikdən sonra birliklər şəhəri ələ keçirdi. Bir yandan yanğınlar söndürüldü, digər tərəfdən də asayişi təmin etməyə başladıq. Nuru paşa məndən daha əvvəl şəhərə girərək böyük bir oteli  qərargah olaraq seçdi, mən daha sonra şəhərə girdim. Cəngavər ruhlu və böyük vətənsevər Nuru paşanın bu, bəlkə də həyatının ən gözəl günü idi...

Mən şəhərə girərkən yanımda qərargah rəisim polkovnik Parakuin ilə ikinci rəis polkovnik Basri bəy vardı. Şəhərin dalda yerində döyüş zamanı öldürülmüş, ancaq meyitləri götürülməmiş bir neçə ölü gördük... Parakuin birdən-birə əsəbiləşdi və var səsi ilə bağırmağa başladı:

- Burada silahsız insanlar öldürülmüşdür.

Otelə çox az qalmışdı ki, meydan kimi bir yerdə qırx üç adamın Nuru paşa tərəfindən asdırılmış meyitlərini gördük. Bunlar  ingilis qoşunları şəhərdə ikən yerli türk xalqına zülm etmiş və müharibə zamanı evlərin talan edilməsi ilə məşğul olmuş bəzi ermənilərdi. Nuru paşa müharibə dövrünün şərtlərinə əməl etmiş, onları hərbi məhkəmənin qərarı ilə asdırmışdı. Parakuin bu dəfə axmaqcasına danışmağa başladı:

- Bu, doğru deyildir, bu, qətliamdır...

Artıq səbrim tükənmişdi. Ona veriləcək cəza eynilə dar ağacından asılmaq ola bilərdi, çünki onun hərəkəti müharibə qaydalarına zidd idi. Biz bir dövlət üçün vuruşurduq, onun-bunun fikri bizi maraqlandırmırdı. Görəsən, Parakuin eyni şəkildə asılmış türkləri görsə, bu etirazı göstərərdimi... Ona sərt bir şəkildə bunları dedim:

- Parakuin, ya səsini kəs, ya da sənin aqibətin hərbi məhkəmədə bəlli olar...

Susdu və oteldə yanıma gələrək:

- Mən artıq sizin yanınızda xidmət edə bilıməyəcəyəm, - dedi.

- Sizin xidmətinizə ehtiyacımız yoxdur, azadsınız, - dedim.

Bu zaman  küçələrdə ermənilər tərəfindən qətl edilmiş yerli türklərin meyitləri toplanır və yüzlərlə uşaq, cavan, qoca arvad və kişi onlar üçün qazılmış qəbirlərdə əbədi uyumaq üçün torpağa tapşırılırdı. İnsanlığın gördüyü vəhşiliklərdən biri də ingilislərin işğalı altında olan Bakıda türk xalqının başına ermənilər tərəfindən gətirilmiş bu vəhşilikdir.

Parakuindən sonra qərargahımın ikinci şöbə rəisi olan mayor Qrossman da istefa verməyə məcbur olduğunu bildirdi. Bu mayoru çox istəyirdim. Parakuinin təsiri altında qalaraq istefa etdiyini anladım. Sonra da belə bir elan verdim: "Qərargahımda olan bütün alman zabitləri istefalarını verərək Tiflisdə fon Kresin əmrinə girəcəklər".

Alman zabitlərinin əsl incikliklərinin səbəbi başqa idi. Bunun fon Kres tərəfindən Bakının azad edilməsinə qatılmaq üçün göndərilmək istənən birliklərin bu qələbədə iştirakının qarşısının alınmasından qaynaqlandığı məlum idi... Alman zabitləri verdiyim əmrə əsasən toplandılar və hamısı bir yerdə Tiflisə doğru yola çıxdılar... Bakıda işim qalmamışdı artıq...

Buranı Nuru paşaya təhvil verib Tiflis üzərindən Gümrüdəki qərargahıma qayıtdım.

 





15.09.2020    çap et  çap et