525.Az

Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə beynəlxalq birlik niyə susur?


 

Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə  beynəlxalq birlik niyə susur?<b style="color:red"></b>

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni əməllərini davam etdirməkdədir. Dünya birliyinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin susqunluğu işğalçı ölkənin qanunsuz əməllərini daha da genişləndirməsinə rəvac verib.

Belə ki, Ermənistan Livandan olan ermənilərin işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırmağa başlayıb ki, bununla da həmin ərazilərində demoqrafik vəziyyəti dəyişməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdi.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hesab edir ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da, Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir.

O əlavə edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir:

"Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir. Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir. İstehzalı olsa da, Ermənistanın özünün qanunvericiliyinə görə bu əməllər cinayət hesab olunur. Ermənistanın Cinayət Məcəlləsinin 390-cı maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və 8-12 il cəza nəzərdə tutulur. Bu ilin iyulunda iki ölkənin dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın törətdiyi təcavüz aktı, təmas xəttindəki diversiya-sabotaj əməliyyatı cəhdi Ermənistanın növbəti təxribat və hərbi avantürizmə hazırlaşmasından xəbər verir".

Azərbaycanın Xarici İşlər Nazirliyinin də dünən yaydığı açıqlamada bildirilir ki, qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən Ermənistanın məqsədi aydındır - təcavüzkar ölkə bu yolla işğal etdiyi ərazilərdə həyata keçirilən etnik təmizləmənin nəticələrini, işğala əsaslanan status-kvo vəziyyətini möhkəmləndirməyə çalışır.

XİN Azərbaycan ərazilərini işğal altında saxlayan və bu ərazilərdə qeyri-qanuni fəaliyyəti həyata keçirən Ermənistan hökumətinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyəti əməli addımlar atmağa çağırıb.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı deyib ki, Livanda baş vermiş partlayışı bir fürsət bilən Ermənistan rəhbərliyi insanların iztirabları üzərində öz məkrli siyasətini davam etdirməyə, vəziyyətdən istifadəyə cəhd göstərir. İ.Hüseynov vurğulayıb ki, Ermənistanın baş nazirinin və müafiə nazirinin təxribatçı bəyanatları danışıqlar prosesini sonlandırmaq, danışıqların üzərindən xətt çəkmək niyyəti daşıyır:
 

"Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələdə susqunluq nümayiş etdirirlər. Lakin bu cür təxribatçı hərəkətlər qətiyyətlə pislənilməlidir. Ermənilərlə bağlı bəyanatlar səsləndirilib, işğalçılıq siyasətinin qarşısı alınmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri üzrə öz həllini tapmalıdır".

Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşdırma ilə bağlı Minsk Qrupunun biganə münasibəti qəbuledilməzdir, bu, onun göstəricisidir ki, beynəlxalq qurumlar, xüsusən də ATƏT məsələyə kifayət qədər həssas yanaşmır.

Deputatın sözlərinə görə, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməməsinin əsas səbəblərindən biri həyata keçirilən ikili standartlar və məsələyə obyektiv münasibətin göstərilməməsidir:

"Təəssüf ki, bu qurumlar kifayət qədər reaksiya vermədiklərinə görə biz bu problemi yaşayırıq. Bu laqeydlik Ermənistan dövlətinə xidmət edir və Ermənistanın aqressiv hərəkətlərini davam etdirməsinə şərait yaradır. Buna imkan vermək olmaz. Bu, tamamilə cinayətdir. Ermənilər artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal ediblər, orada məskunlaşma siyasəti həyata keçirirlər və son olaraq Livanda baş verən partlayış sonrası orada yaşayan erməniləri Dağlıq Qarabağa köçürüblər. Əlbəttə, bu, birmənalı olaraq yolverilməzdir. Biz beynəlxalq qurum və təşkilatlardan bu məsələyə adekvat münasibət gözləyirik. Ermənistanın bu cür addımlarına vaxtında kifayət qədər reaksiya verilmədiyinə görə bu, qanunsuz əməlləri davam etdirirlər. Beynəlxalq qurum və təşkilatlar tərəfindən Ermənistana təzyiqlər edilməlidir. Biz də öz növbəmizdə beynəlxalq qurumlar qarşısında məsələ qaldırmalıyıq. Diasporamız, xaricdə yaşayan azərbaycanlılar ermənilərin ifşa olunması istiqamətində fəaliyyətini davam etdirməlidir. Ermənilər tamamilə ifşa olunmalıdır və beynəlxalq aləm görməlidir ki, Ermənistan beynəlxalq hüququn heç bir norma və prinsiplərinə əməl etmir".

PƏRVANƏ

 





15.09.2020    çap et  çap et