525.Az

"Dünya qadın düşüncəsinə həsrət qalıb" - Sosial şəbəkədə yazılanlar


 

"Dünya qadın düşüncəsinə həsrət qalıb" -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Siyasət həm də danışmaq və görüşmək məsələsidir

Erkin Qədirli, millət vəkili:

- Tofiq Yaqublu işi, keçmiş siyasi məhbuslara bəraət, vətəndaş cəmiyyətinin durumunu liberallaşdırmaq və s. məsələlər haqqında hökumətin ReAl-la danışmasından yararlanmaq yerinə, ReAl-ı satılmışlıqda suçlamaq, ağıllı siyasi davranış deyil. Vaxtında onlara edilmiş danışıq təklifini qəbul etsəydilər, bu gün ölkəmiz üçün doğru və faydalı mövzularda özləri hökumətlə danışa bilərdilər. Problemlərin həllini danışıqların ön şərti kimi deyil, mövzusu kimi görmək gərəkdir. Siyasət həm də görüşmək və danışmaq məsələsidir.

Rus bölməsinin1000 abituriyenti "Azərbaycan dili"ndən 2 alıb

Taleh Quliyev, Feysbuk istifadəçisi:

- "Azərbaycan dili" fənni üzrə imtahan verən rus bölməsinin 1500 abituriyentindən 1000-i "iki" alıb. Yəni onların üçdə ikisi dilimizi ümumiyyətlə, bilmir.. Fikrimcə, işə qəbul zamanı namizədlərə rusca və ingiliscə ilə yanaşı, Azərbaycan dilini də (beynəlxalq olmasa da, dövlət dilidir!) bilməsi şərt kimi qoyulsa, belə biabırçılıq ortaya çıxmaz.

Təkcə gözəl mətn yazmaqla yazıçı olunmur

Vüsal Məmmədov, jurnalist:

- Yazıçı olmaq üçün ən azı iki şey mütləqdir: 1) Gözəl təhkiyə qabiliyyəti, 2) Maraqlı ideyalar. Bu ikisindən biri yoxdursa, yazıçı da yoxdur. Təkcə gözəl mətn yazmaq qabiliyyəti adamı yazıçı etmir.

"Yüksəliş" müsabiqəsində zəhərlənmə

Bəxtiyar Hacıyev, ictimai fəal:

- Hökumət istedadlı, potensiallı və ambisiyalı gəncləri üzə çıxarıb, onları irəli, yuxarı aparacağını iddia edib, "Yüksəliş" adında müsabiqə keçirirdi. Baxmayaraq ki, son təyinatların bir çoxunda gənclər qohumluq və digər faktorlara görə təyin olunublar, bir çox gənc bu müsabiqədə iştirak edirdi.
Bu gün müsabiqənin əyani imtahan mərhələsində 24 mərkəzdən 5-də kütləvi qida zəhərlənməsi baş verib, gənclər zəhərləniblər, Təcili Tibbi Yardım onlara ilkin yardım göstərib.
Bu məsələ çox ciddi araşdırılmalıdır, 24 mərkəzdən 5 mərkəzdə qida zəhərlənməsi sadəcə məsuliyyətsizlik olmaya da bilər.

Din ticarəti

Şəhla Cabbarlı, tarixçi:

- Deyir, İranda Aşura zəncirlərini istehsal edən xüsusi müəssisə fəaliyyət göstərir. Bizim ölkəyə də ordan sifariş edirlərmiş İranın burdakı mollaları. Ərəblər şeytana atılan daşdan pul qazandıqları kimi, bunlar da zəncir və möhürlərdən qazanırlar.

Bu həbs dövlətə ziyanlıdır

Jalə Mütəllimova, jurnalist:

- Tofiq Yaqublunun səhhətindən dolayı verilən bu ədalətli qərara çox sevindim. Düşünürəm, azad ediləcəyinə də çox qalmayıb. Hikkə, aqresiya ilə yox, sevgi və ədalətlə söz demək həmişə faydalıdır. Bu həbs dövlətə ziyanlıdır.

Təhqir nəyə lazım?!

İlqar Rəsul, jurnalist:

- Dostlar, çalışıb fikirlərimizə görə bir-birimizi təhqir etməməliyik, məncə. Ən münasibi, xoşuna gəlməyən fikrə irad bildirməkdir. Müəllifi dostluqdan çıxartmaq, blok etmək də olar. Amma təhqir nəyə lazım? Həm də sənə birbaşa dəxli olmayan ümumi fikrə görə.
Dünən biri məni dolayısı ilə "axmaq" adlandırdı. Mən cavab vermədən onu blok elədim.
Demirəm, mən ağıllıyam. Amma tərbiyə də yeri gəldi-gəlmədi adamın axmaqlığını üzünə çırpacaq qədər aşağı olmasa, yaxşıdır...

Dünya qadın düşüncəsinə həsrət qalıb

Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü:

- Fəlsəfə tarixində çox, çox az filosof qadın var ki, öz fəlsəfi sistemi ilə tanınır. Səbəblər müxtəlifdir, ancaq səbəblərin arasında qadınların düşüncələrinin buna qadir olmaması yoxdur.
Hamısı obyektiv səbəblərdi - rəsmi qadağalardan tutmuş ölümə qədər. Dünya qalıb qadın düşüncəsinə, qadın toxunuşuna həsrət...

Azərbaycan xalqı səbr göstərmək niyyətində deyil

Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri:

- Ermənistanın qonşuluğunda olan ölkələrin ərazisinin, tarixi -mədəni irsinin mənimsənilməsinə yönəlmiş qəsbkar siyasətinin növbəti bariz nümunəsi Livandan erməni ailələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə köçürülməsidir.

Süni şəkildə Qarabağda demoqrafik vəziyyəti dəyişməklə status-kvonu qorumaq, işğalın nəticələrini qəbul etdirmək ücün yerli və köçürülən erməniləri "yeni ərazilər uğrunda yeni müharibə" doktrinasının girovu kimi istifadə etmək sələflərinin "yolunu" davam etdirən Paşinyan iqtidarının faşist ideologiyasına əsaslanan təcavüzkar siyasətindən qaynaqlanır.

Müxtəlif səbəblərdən ev-eşiyini itirmiş İnsanların həyatını (hətta onlar erməni olsalar belə) alver predmetinə çevirmək, yeri gəldikdə onları çeşidli yollarla öz siyasi və iqtisadi maraqları naminə qurban verməkdən belə çəkinməyən Ermənistan bununla indiyədək insanlıq və bəşəriyyət əleyhinə törətdiyi cinayətlərin sırasına yenilərini də əlavə etməkdədir.

Bu bir həqiqətdir ki, tarix və zaman hər şeyi olduğu kimi dəyərləndirir və belə cinayətlər cəzasız qalmır.
Amma hər birimizin getdikcə daha aydın dərk etdiyimiz bir həqiqət də var ki, Azərbaycan xalqı və dövləti bu kimi beynəlxalq cinayətlərə qarşı daha dözüm və səbr göstərmək niyyətində deyildir.

Hakimiyyətə gəlmək üçün xanımı Anna Akopyanla birlikdə əyninə geyindikləri sülh göyərçinləri libasını hərbi formaya dəyişərək Azərbaycan ərazisində Kalaşnikov avtomatı ilə əzələ nümayiş etirməklə sülh prosesini birdəfəlik basdıran Paşinyan nəinki sələfləri ilə, eləcə də beynəlxalq hüququ ayaqlar altına alaraq onunla bir sırada dayanmağı seçənlərlə birlikdə bu törətdiklərinə görə cavab verəcəklər.

Biləcəridən o tərəfdə oxunmayanlar Çingiz Abdullayevə hücum edirlər

Aidə Eyvazlı, telejurnalist:

- Yazıları və kitabları Biləcəridən o tərəfdə oxunmayanlar fürsət tapıblar. Çingiz Abdullayevə hücum edirlər. Kişinin oğlu deyir ki, kitab oxuyun, dil öyrənin, cahil olmayın. Son 30 ildə uşaqlarınıza hansı kitabı oxutdunuz, nə öyrəndiniz ki, Feysbukda söyüş söyüb, ayaqqabısını geyib, yerişini yeriyə bilmədiyiniz şəxsiyyətlərin dalınca, savadsız qafanızla ağzınıza nə gəldi danışdınız? Feysbuk bazarında hamınız yazıçı, şair, jurnalist oldunuz. Sonra da əl troluna çevrildiniz. Kimisə mühakimə edəndə, əvvəlcə bir özünüzə baxın, sonra həmin adam haqqında söz deməyə haqqınız olub-olmadığlnı fikirləşin. Yuyulmamış qaşıq kimi ortaya düşüb ürək bulandırmağa nə var ki. Mənim Rus İmperiyasına böyük nifrətim var. Lakin rus dilini çox sevirəm. Bu dildə Tolstoyu, Çernışevskini, Qoqolu, Lermantovu oxumuşam. Və bundan əlavə, bildiyim bütün dillər mənim var-dövlətimdir.

Jurnalistika ixtisasına qabiliyyət imtahanında gördüyüm dəhşət...

Aydın Quliyev, "Bakı-xəbər" qəzetinin baş redaktoru:

- Bir neçə ildir ki, jurnalistikamızın bakalavr və magistr səviyyələrinə qəbul üzrə qabiliyyət imtahanlarında iştirak edirəm. Peşəmizə meylin səviyyəsindən razıyam və ildən-ilə artır.

Razılaşa bilmədiyim şeylər isə sadəcə, dəhşətdir... İmtahan təşkilatçısı olan DİM-ə sağ oldan başlayım. Həqiqətən hər şey əla təşkil olunur. Ancaq builki abituriyentlərin yazı səviyyəsi......

Yazı dilimizin orfoqrafik, leksik, qrammatik qaydalarına əməl edilməsi və durğu işarələrinin yerində işlədilməsi sarıdan vəziyyəti görəndən sonra sadəcə, bunu dedim: "Biz hara gedirik və ya bu cür yazı qabiliyyətinə malik nəsil tək jurnalistikamızı yox, bütünlüklə bizi hara aparır?!" "Da" və "də"lərin harada bitişik, harada ayrı yazılmalı olduğunu bilən yoxdur, bağlayıcı və ədat anlayışından tam xəbərsizlik hökm sürür, sözləri danışanda necə deyirsə, yazanda da o cür yazır ("demək' sözünü ləhcə ilə "demey" kimi). Yazı dilinin səlisliyindən söz gedə bilməz, məntiqli və ifadəli cümlə qurmaq qabiliyyəti görmədim, xətlər bəzən heç Misir heroqliflərinin məşhur oxucusu Şampalyonun belə oxuya bilməyəcəyi bərbad gündədir və sair. Bunlar kimlərəsə adi və ya gərəksiz görünə bilər. Ancaq adi görünən bu səhv və çatışmazlıqlar yazıda "mələk" və ya "məlik" qədər fərqli məzmunlar ortaya qoya bilir. Fərqi gördünüzmü?

İnsafən abituriyentlərimizin dünyagörüşü maşallah, yüksək səviyyədədir, "ingilis uşaqlarını" da üstələyə bilərik. Hər hansı sərbəst mövzuya polifonik baxış ortaya qoya bilirlər, sağdan, soldan, arxadan və qabaqdan tam ehtivalı görüntünü təsvir edə bilirlər. Ancaq razılaşaq ki, bunlar müasir dövrün ümumi inkişafının təhsildən asılı olmayaraq uşaqlarımıza verdiyi səviyyədir. Təhsilimizin isə uşaqlara nələri verə bilmədiyi üzərində düşünməyə dəyər...

Jurnalistikamızın "korifeyləri "sayılan ustad pedaqoqların danışmalarını, münasibət bildirmələrini gözləyirəm...

Düşünəndə ki, belə yazı qabiliyyətinə malik gənclərimiz sabah bir müəssisənin rəhbəri olanda başqa bir təşkilat rəhbərinə məktubları, ya özündən yuxarı instansiyaya hesabat-arayışları necə yazacaq, adamı həqiqətən dəhşət bürüyür... Həm də bu dəhşəti jurnalistikaya yazı qabiliyyətindən imtahan verən və təbii ki, az-çox hazırlaşmış abituriyentlərimizdən görürük....

İndi görün, başqa ixtisaslardakı "gələcək alimlərimizin, həkimlərimizin, texnoloq, memar, arxitektor, hüquqşünaslarımızın yazı qabiliyyətləri nə gündədir?!. Bəlkə, yazı qabiliyyəti heç gərək deyil?!.

 





15.09.2020    çap et  çap et