525.Az

Qazax məktəbliləri yeni binalarda dərs keçəcəklər


 

RAYONUN BİR SIRA KƏND MƏKTƏBLƏRİ HEYDƏR ƏLİYEV FONDU TƏRƏFİNDƏN YENİLƏNİR

Qazax məktəbliləri yeni binalarda dərs keçəcəklər<b style="color:red"></b>

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi çərçivəsində təhsil sahəsi üzrə  hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının tikintisi və ya əsaslı təmiri məsələsi də yer alıb.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələri də ölkəmizdə təhsilin inkişafında mühüm əhəmiyyət daşıyır. Məhz bu layihələr çərçivəsində ölkəmizin hər yerində çoxsaylı məktəb binaları, körpələr evi-uşaq bağçaları inşa olunur.

Qazax rayonunda da təkcə bu il Heydər Əliyev Fondu tərəfindən bir məktəb üçün yeni binanın tikilməsi, digər bir məktəbin isə əsaslı şəkildə yenidən qurulması işləri aparılır. Belə ki, Sarıvəlli kənd tam orta  məktəbinin 220 şagird yerlik yeni binası  inşa olunur.

Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblərdən biri,  Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan, 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi isə Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulub və bu məktəb artıq ilk dərs günündən şagirdlərini qoynuna alacaq.

Əsaslı təmirinə ötən il iyul ayının ortalarından başlanılan Kosalar  məktəbinin ümumi sahəsi 25 min kvadratmetr, bina sahəsi isə 5500 kvadratmetrdir.  Tədris binası 2 korpusdan ibarətdir. Birinci korpus üçmərtəbəli, ikinci korpus isə ikimərtəbəlidir.

“Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə onun adını daşıyan Kosalar məktəbinin əsaslı şəkildə yenidən qurulması xəbərini  biz müəllimlər və şagirdlərimiz  böyük sevinclə qarşılamışdıq. İndi budur, hamımızın gözlədiyi gün yetişdi. Hörmətli Mehriban xanımın təhsil sahəsinə olan qayğısını əldə rəhbər tutan inşaatçılar bütün işçilər işləri yüksək səviyyədə həyata keçirdilər. Bu gün bütün kənd sakinləri, məktəbin müəllim-şagird kollektivi, eləcə də valideynlər öz minnətdarlıq hisslərini bildirirlər", - deyə Məktəbin direktoru Samir Hüseynov qeyd edir.

Məktəb bu günün tələbləri baxımından ən yüksək səviyyədə inşa edilib. Korpuslar da geniş siniflər, fənn kabinələri, laboratoriyalar, kitabxanalar, idman salonu, mətbəx-yeməkxana, informatika otaqları, tibbi-psixoloji məntəqə, arxiv və s. bu kimi yerlər mövcuddur.

Yeni məktəbdə açıq havada  futbol və basketbol meydançası da yaradılıb. Kənd sakinlərinin  istəyini nəzərə alaraq arxa hissədə, məktəbin həyətində əlavə olaraq güləş zalı da tikilib ki, burada gənc pəhləvanların yetişdirilməsi nəzərdə tutulub.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, həyətə asfalt döşənib, bura müasir işıqlandırma sistemi ilə təmin olunub.

Əlavə edək ki,  rayonda Təhsil Nazirliyi tərəfindən daha bir məktəb - Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün də 180 şagird yerlik yeni bina inşa olunur. Həmçinin, ölkə başçısı tərəfindən Qazaxdakı Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanan sərəncama əsasən bu təhsil ocağı üçün də yeni bina inşa ediləcək.

Zakir MURADOV,
Qazax

 





15.09.2020    çap et  çap et