525.Az

Qadın halları... - Türkan Turan yazır


 

Qadın halları... - <b style="color:red"> Türkan Turan yazır </b>

Bir səhər pərdənin arasındakı kiçik boşluqdan gözünə düşən gün işığı ilə oyandı. Bir az hərəkətsiz qalıb fikirləşdi. Sonra qorxulu yuxudan indicə ayılıbmış kimi özünə gəldi. Beyninin içində fikirlər vulkan kimi püskürməyə başladı. Vücudunun hər tərəfindən lava axırmış kimi yanıb-yaxıldığı hissinə qapıldı. Elə bil, düşüncələri uzun quraqlığın ardından hər tərəfə yumurta qoyan çəyirtkələr kimi qəflətən qanadlanmışdı. Suallar beynində eyni ilə həmin çəyirtkə sürüsü kimi dayanmadan uçuşur, gözündə qaraltı, qulaqlarında uğultu yaradırdı. Gözlərini xeyli tavana zilləyərək başındakı ağrının getdikcə şiddətləndiyini görəndə birtəhər yatağından qalxdı, bəlkə yerindən dursa özünü yaxşı hiss edər deyə, amma heç otağın qapısından belə çıxmağa cəhd etməmişdi, yorğanına bürünərək ayaqlarını qarnına çəkib, çənəsini dizlərinin üstünə qoyub eləcə kresloda büzülüb qalmışdı. Halbuki həyatının ən gözəl gecələrindən birini keçirmişdi, beyni dupduru, ruhu sakitlik dolu, bədəni doymuş halda gözlərini yummuşdu. Bəs yaxşı, gecədən səhərə nə dəyişmişdi, nə idi onu bütün doğmalarını itirmiş kimi dəhşətli ruh halına məruz qoyan. Bir ara sevgilisi gəldi yanına, xeyli sağına-soluna keçdi. Ürək sıxıntısını öyrənmək istədi. Amma mümkün olmadı. Çünki cavabı yox idi. Qadın özü də nə olduğunu bilmirdi. Kim bilir, yenə hansı dərdin beynində doğumu gerçəkləşirdi.

Sual yaranır, "insan səbəbsiz özünü bu hala salarmı" deyə. Hə, salar. Əgər qarşıdakı qadındırsa, özünü daha betər fəlakətlərə məruz qalmış kimi apara bilər. Həm də heç nə baş vermədən. Qadınların bu halları çox olur. Bəzən içində uzun bir səfərə çıxır. Depressiya bir az əvvəl ütülənmiş paltar kimi səliqə ilə, qat-qat yığılır içinə. Bəzən özü də düşdüyü vəziyyətə təəccüblənir. Çünki bu, qadınların da bilmədikləri, qavramadıqları, anlamaqda çətinlik çəkdikləri anlardır. Səbəbsiz, durduğu yerdə həyatı cəhənnəm kimi gördüyü məqamlardan biridir. Özünə amansız, qəddar davranır. Ətinə dişini keçirir, özünü parçalayır. Ürəyi soyumur. Qarğa kimi gövdəsini dimdikləməyə başlayır, yara açır, parça-parça udur qanatdığı yerdən qopardığı tikələrini. Bu ədalət, mərhəmət, acıma hissinin yox edərək, özünə işgəncə verdiyi zamanlarıdır qadının. Həqiqətən də, heç bir səbəbi yoxdur. Bütün bunlar sadəcə həmin gün ruh halı özü ilə bu cür davranmağı tələb etdiyinə görədir... Qadın dünya ilə mübarizə aparıb qalib gələ bilər, amma özü-özünə savaş açanda həmişə uduzur. Özü-özünə düşmən kəsiləndə hər zaman məğlub olur.

Əksəriyyətimiz beləyik, var olan dərdlərimiz azmış kimi birdə yoxdan var edirik. Özümüzə dərd düzəldib yığırıq beynimizin künc-bucağına. Biri bitəndə digərini çıxardırıq, başına dolanırıq, mikroskopla analiz edir, ən kiçik hissəciklərini belə çəkib gün üzünə çıxardırıq. Özümüzü rahat buraxmırıq. Xəfiyyə kimi təqib edirik addımlarımızı. Bir yanlışımızı görəndə gözümüzü qırpmadan ən sərt cəzanı veririk özümüzə. Öz zindanımıza atırıq özümüzü. Məsələn, aynaya baxanda ilk olaraq çirkin tərəflərimizi görürük. Piy qatlarımıza gözümüz sataşır, barmaqlarımızın arasına alıb, sıxır, sonra yediklərimizi burnumuzdan gətiririk. Kökəlirik tərəziyə düşmən kəsilirik. İştahamzı kəsə bilmirik, yeməyi lənətlənmiş elan edirik. Ümid ışığı belə olmayan yerlərdən nəsə gözləyirik, bunu beynimizdə o qədər şişirdir, böyüdürük ki, birdə baxırıq gözləntilərimizin hündürlüyü boyumuzu çoxdan keçib. Şişirdib, böyütməkdə tayımız, bərabərimiz yoxdur. İstədiyimiz olmayanda bütün ümidlər başımıza yıxılır. Gözümüzün önündə olana yox, inanmaq istədiklərimizə inanırıq. Burnumuzun dibində duranı deyil, yalnız görmək istədiklərimizi görürük.
Adi bir sözdən hirslənirik, üstündən keçib getməli olduğumuz nüansları hikkəyə çeviririk. Ölürük qarışqadan fil düzəltməkdən ötrü. Ani qərarlar veririk, sonra verdiyimiz qərarın yasını saxlayırıq. Qürurla qarşısında dayanır, gözünün içinə dimdik baxaraq böyük məğrurluqla sevgilimizi tərk etdiyimizi deyirik. Qayıdıb evə gələrək günlərlə gözümüzün yaşını burnumuzun suyuna qarışdıraraq ağlamaqdan həlak oluruq. Baş verən hadisələrə dərhal verdiyimiz reaksiyalar dəfələrlə tavanımızı başımıza uçurur, amma dərs almırıq, eyni təpkini verməyə davam edirik. Halbuki bir saat, bir gün gözləsək, hər şey aydın olacaq, yoluna düşəcək. Bizi incidən məsələləri təkrar-təkrar, eyni şövqlə, eyni zövqlə danışırıq. Çəmbər içində çəmbər qururuq. Özümüzə əzab doğub onu canla-başla böyüdürük.

Əksər qadınların bu cür kaprizli, nəinki ətrafdakılara, heç özünə də bəlli olmayan anları olur. Özünü yeyən, beynini böyük iştahla gəmirən, öz ətini didən canlıdır qadın. Qarşı tərəfin edəcəyi ən yaxşı davranış onun bu halını normal qəbul etməkdir. Çünki bir labirintdir qadın, etdikləri heç bir riyazi əsaslara, məntiqə sığmayacaq qədər müəmmadır."

 





16.09.2020    çap et  çap et