525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>

İnsan həyatının ən yaddaqalan günlərindəndir ilk dəfə məktəbə, dərsə getdiyi gün...
İlk müəllim də unudulmur.
İlkləriniz mübarək!

***

Telefonları sındırmaq dövrü də olacaq...

***

Sabah yaxşı olacaq!
Zaman-zaman insanları yaşadan, təskinlik verən, nikbin ovqat yaradan həm də bu ümid olub. Pandemiya bu sısqa işığa da kölgə saldı. Sabahın daha pis olacağının məyusluğunu aşıladı insanlara. İndi bədbinliyin və məyusluğun şahə qalxdığı, cövlan etdiyi zamandır.

***

Camaat hirsini tökməyə yer axtarır...

***

Nə qədər gözəl, insani keyfiyyətlər sıradan çıxır...

***

Yay gəldi, getdi, xəbərimiz olmadı...

***

Günahkarları keçmişdə axtarın...

***

Gönüqalın olmayanlar üçün yaşamaq çətinləşib. Korona qalın gönlərə təsir edə bilmir.

***

Hörmətli Çingiz müəllim! Siz həssas məsələyə toxunmusunuz. Ona görə də müxtəlif, əks, ziddiyyətli fikirlərin səslənməsi təbiidir. Fərqli düşüncəli, müxtəlif səviyyəyə və tərbiyəyə malik insanların olmasına və səsləndirdiyi kobud fikirlərə də sakit baxmaq, alışmaq lazımdır. Hər sözü ürəyinizə salıb, hər fikrə reaksiya verməyin...

***
Dünyayla barışmaq lazımdır!..
Elə COVİD-19-la da...
Ən müdrik məsləhət, ən dəqiq yol işarəsi şairin misralarındaymış. Getdikcə, gördükcə, baxdıqca, buna daha çox əmin olursan.

***

Hər sərsəm fikrə reaksiya verməyə borclu deyilsiniz...

***

İndi televiziyalarımızda maraqlı, səviyyəli, maarifçi verilişlər çoxdur. Mövzuların müxtəlifliyi və genişliyi də öz yerində...
Bəzi məqamlarda sosial şəbəkələrə uduzsa da, elektron medianın yenidən revanş götürəcəyi açıq sezilir...

***

Sim-sim.az saytının 5 yaşı tamam olur. Düzü, bu rəqəm mənə iki cəhətdən qəribə gəldi. Əvvəla, düşünəndə nədənsə bu 5 ilin çox tez ötüb keçdiyi duyğusuna qapıldım. İkinci tərəfdənsə, Sim-sim.az-ın 5 ildən xeyli artıq zaman ərzində fəaliyyətdə olduğunu zənn etdim. Çünki bu sayt öz sanbalı, fəallığı ilə yüksək təəssürat doğurur. 5 yaşı münasibətlə saytın bütün əməkdaşlarını və oxucularını təbrik edirəm. Sim-sim.az saytı yaranan gündən bəri öz fərqliliyi və ciddiliyilə seçilib. O, ədəbiyyat ətrafında olan hansısa qalmaqalları şişirdib süni hay-küy yaratmağa yox, ciddi ədəbiyyatı təbliğ etməyə, ədəbi dəyərləri öz oxucusuna geniş tanıtmağa və həm Azərbaycan, həm də dünya ədəbi prosesində baş verən ən yaxşı hadisələrin təbliği ilə məşğul olmağa çalışıb. Orada bizim səviyyəli yazarlarımız, müasir ədəbiyyatımızın istedadlı, intellektli nümayəndələri fəaliyyət göstərirlər. Bu sayt öz təmkinli, ciddi mövqeyini bu illər ərzində qoruyub saxlamağı bacarıb. Düşünürəm ki, bundan sonrakı beşilliklərdə də bu cür davam edəcək.
Sim-sim.az-çılara yeni uğurlar və yeni yubileylər!

***

Allah hamını arzularına çatdırsın...

***

Elə adamlar var sadəcə, dərdlərinin dinlənilməsini istəyirlər, başqa umacaqları yoxdur.

***

Biz virusa çox yoluxmuşuq...

***

Təhkiyəsindən nə istədiyi aydın görünür...

***

COVİD-19 da seçim eləyir, hər adamı tutmur...

***



Televizoru açdım ki, xəbərlərə baxam, gördüm Mədəniyyət kanalında Adriano Çelentano və Ornella Mutinin baş rollarda oynadıqları 40 yaşlı "Höcətin yola gətirilməsi" filmini göstərirlər. Yüz dəfə baxsam da, yenə ayrıla bilmədim. Nostalji, sevgi və sənət gündəmi üstələdi...

***

Mədəniyyət kanalı indi də Fikrət Əmirovun "Min bir gecə" baletini verir.
Möhtəşəm sənət əsəridir. Öz musiqinlə, mədəniyyətinlə qürur duyursan...

***

Fransada yaşayan həmyerlimiz - kinorejissor, yazıçı Şain Sinaria Fransa Müqavimət Hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılov haqqında yazdığı "Bir ömür, iki tale" adlı sənədli romanı ilə olduqca ciddi bir əsər ortaya qoyub.

Müəllifin bədii təxəyyülünün xüsusi rəng qatdığı əsərdə Fransada Akmed Mişel adı ilə tanınan "Xarqo" ləqəbli Əhmədiyyə Cəbrayılovun nəsli-kökü, şəcərəsi, həyatı, eləcə də İkinci Dünya müharibəsində başına gələnlər və keçdiyi döyüş yolu təsvir edilir. Həcmcə qalın, informasiyalarla zəngin bu kitabı oxuduqca müəllifin ən müxtəlif tarixi mənbələrə müracət edərək çoxşaxəli araşdırmalar apardığı, belə bir bitkin əsər ortaya qoymaq üçün bir neçə illik böyük əmək sərf etdiyi açıq-aydın hiss olunur. Fikrimcə, bu kitab həm də Ə.Cəbrayılovun 100 illik yubileyinin keçirilməsiylə bağlı Azərbaycan Prezidentinin sərəncamına ən layiqli töhfələrdən biridir.



Mən bu qalın kitabı təkcə müəllifi 42 illik dostum Şain Sinaria - Əliyev Şahin Ərşad oğludur deyə yox, həm də lazımlı, maraqlı bir əsər olduğuna və axıcı dildə yazıldığına görə oxudum. Onu da deyim ki, Şahin əsərlərini fransız dilində yazır, amma doğma dilimizi də unutmayıb. Tərcüməçi Çimnaz Vəliyevanın xidmətini qeyd eləməklə, onu da deməliyəm ki, əsərin təhkiyəsindəki koloritdən və bir çox incə məqamların Azərbaycan dilində sərrast və yerində ifadə olunmasından müəllifin çevirmə prosesinə müdaxiləsi və dəsti-xətti aydın görünür.

Dostumun bu gərəkli və lazımlı iş üçün çəkdiyi zəhmətinə hörmət və ehtiramımı bildirir, belə sanballı əsər ərsəyə gətirdiyinə görə onu təbrik edirəm.

Şahin bundan əvvəl də İkinci Dünya Müharibəsində Fransada faşistlərə qarşı vuruşmuş həmyerlimiz Şəmmədlə ailə qurub Azərbaycana gələn, o vaxtdan da İmişlidə yaşayan fransız qadının taleyindən bəhs edən "İvon Bottonun arzuladığı həyat" romanını yazmış və əsər kitab halında həm Fransada, həm də Azərbaycanda çap olunmuşdu. O kitabdakı kimi burada da çoxlu arxiv sənədlərinin tapılıb üzə çıxarılması bir yandan Şahinin araşdırmaçı kimi səriştəsini göstərirsə, o biri yandan da, sənədli roman olmasına baxmayaraq, əsərdəki təsvirlər, bədii təxəyyül, axıcı və rəvan təhkiyə, oxucunu darıxmağa qoymamaq kimi keyfiyyətlər onun bir yazıçı kimi parlaq istedadından və peşəkarlığından xəbər verir.

"İvon Bottonun arzuladığı həyat" kimi Şahinin bu əsəri də məndə çox ciddi təəssüratlar yaratdı. Məncə, hər iki roman son illərdə Azərbaycan ədəbiyyatını zənginləşdirən vacib və lazımlı nümunələrdir. Bu kitablar həm də Azərbaycan-Fransa əlaqalərinin inkişafı baxımından da çox əhəmiyyətlidir. Hesab edirəm ki, Şain Sinarianın "Bir ömür, iki tale" romanı rəsmi səviyyədə qiymətləndirilməyə, təbliğə, təltif və mükafatlara layiq əsərdir.

Belə bir romanı məhz mənim dostumun yazmasından isə ikiqat qürur duyuram. Onu da deyim ki, əsərlə bağlı müəyyən suallarım da var. Bir qisminin cavabını virtual əlaqəmiz zamanı öyrənmişəm. Sağlıq olsun, qalan suallarımın cavablarını da, pandemiya imkan versə, Şahin Bakıya gələndə onun özündən - üzbəüz soruşacağam.

Bir daha belə bir sanballı əsər yaratdığına görə əzizim Şahini təbrik edirəm.

 

 





16.09.2020    çap et  çap et