525.Az

"Münasibətlərin yeni müstəviyə keçməsi üçün yaradılan şəraiti qoruyub saxlamalıyıq" - Müsahibə


 

FUAD ƏLİYEV: "HANSI PARTİYA RƏHBƏRİNİN SÖZÜ, NARAZILIĞI VARSA, GƏLİB DİALOQDA İŞTİRAK ETSİN, FİKRİNİ BİLDİRSİN"

"Münasibətlərin yeni müstəviyə keçməsi üçün yaradılan şəraiti qoruyub saxlamalıyıq"   -<b style="color:red"> Müsahibə</b>

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevdir.


- Fuad bəy, bir müddətdir ki, Azərbaycanda, belə demək mümkünsə, iqtidar-müxalifət dialoquna start verilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə müzakirələr aparır. Sizin fikrinizcə, iqtidar-müxalifət dialoqunun aparılması nə üçün vacibdir?

- İlk növbədə onu qeyd edim ki, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur - Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması hakimiyyətin siyasi partiyalarla müntəzəm iş aparmaq, sağlam əməkdaşlıq qurmaq istəyindən irəli gəlir. Bu şöbənin rəhbəri Ədalət Vəliyevin partiya sədrləri ilə ayrı-ayrılıqda görüşü dövlətin siyasi partiyalara verdiyi önəmin daha bir göstəricisi sayıla bilər. Bu, eyni zamanda, ölkədə siyasi mühitin saflaşdırılması, münasibətlərin normallaşdırılması deməkdir. ALDP bu görüşü yüksək qiymətləndirib. Bu görüşləri hakimiyyət-müxalifət arasında dialoqun ilk addımı hesab etmək olar. Bu gün həmin dialoqun baş tutması olduqca əhəmiyyətli və vacibdir. Düzdür, bunu istəməyən qüvvələr də mövcuddur. Amma əgər biz Azərbaycanda siyasi münasibətlərin sağlamlaşmasını, iqtidarla müxalifət arasında münasibətlərin saflaşmasını istəyiriksə, hakimiyyətlə dialoqa getməliyik. Bütün sivil və demokratik ölkələrdə hakimiyyət-müxalifət dialoqu baş tutur. Bu dialoq təkcə iştirakçı tərəflərin deyil, bütövlükdə cəmiyyətimizin xeyrinədir.  ALDP hakimiyyətin təşəbbüsü ilə başladılan siyasi dialoqu, bu istiqamətdə atılan ilkin addımları müsbət qiymətləndirir və biz onun davamlı olmasına ümid edirik.

- Siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasında iqtidar-müxalifət dialoqu hansı rolu oynaya bilər?

- Hakimiyyət-müxalifət dialoquna aparan ilkin addımların atılması onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır. Bu konfiqurasiyanı qorumalıyıq. Hakimiyyət-müxalifət münasibətlərinin yeni müstəviyə keçməsi üçün yaradılan fürsət və şəraiti qoruyub saxlamalıyıq. Müxalifətin istəyi siyasi münasibətlər sisteminin yenilənməsi və daha sivil, demokratik münasibətlər qurulmasıdır. Bu istək hakimiyyət rəhbərliyi tərəfindən dialoq vasitəsilə həyata keçirilirsə, bunun nəyi pisdir. Niyə buna mane olmalıyıq?

- Sizin rəhbərlik etdiyiniz partiya prosesə nə dərəcədə aktiv cəlb olunub və dialoq çərçivəsində hansı məsələləri qaldırıb, nə kimi təkliflər irəli sürmüsünüz?

- ALDP həmişə istər müxalifət daxili, istərsə də müxalifətlə hakimiyyət düşərgəsi arasında dialoqun tərəfdarı olub. Biz ölkədə siyasi sistemdə də islahatların aparılmasını istəmişik. Eyni zamanda, milli və dövlətçilik maraqları naminə həmrəylik tərəfdarı kimi çıxışlar etmişik. Dəfələrlə digər siyasi partiyalara bu mövzuda müraciətlər etmişik. Müxalifətə ölkədə keçirilən bütün seçkilərdə seçkilərin demokratik və şəffaf keçirilməsində hökumətə dəstək olmaq təklifini vermişik. Təəssüflər olsun ki, müxtəlif obyektiv səbəblərdən çağırışlarımız nəticəsiz qalıb. O ki, qaldı dialoqda səsləndirdiyimiz təkliflərə, həmişə cəmiyyətimizi, ictimaiyyəti narahat edən problemləri, məsələləri qaldırmışıq. Konkret olaraq seçki məcəlləsində bir sıra dəyişikliklərin edilməsinin vacibliyini, proporsional seçki sisteminin tətbiq edilməsini, parlamentli respublika formasına keçid, seçkilərə qatılan, lakin parlamentə düşməyən siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi, partiyaların qeydiyyat prosedurunun yumşaldılması, Bakı merinin seçki yolu ilə seçilməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində siyasi partiyaların fəaliyyətinin intensivləşdirilməsi, bu istiqamətdə hakimiyyətlə birgə addımlamağı... və digər önəmli sosial, iqtisadi təkliflər səsləndirmişik. Ümid edirəm ki, hakimiyyət siyasi partiyaların təkliflərini nəzərə alacaq.

- Hakimiyyətin dialoq başlayandan bəri atdığı addımları necə qiymətləndirirsiniz? İlkin nəticələr sizi qane edir?

- İlk addımları müsbət qiymətləndirirəm. Hələ nəticələrdən danışmaq tezdir. Hakimiyyət hələ müxalifətlə münasibət qurur, tənzimləyir. Düzdür, fikir mübadilələri aparmışıq, təkliflərimizi səsləndirmişik. Bəli, bir sıra partiyaların qeydiyyata alınması məsələsini vurğulamaq olar, amma ümumillikdə, hələ ortada konkret nələrsə yoxdur. ALDP  təmərküzləşmənin, qarşılıqlı anlaşma yolu ilə bütün məsələlərin həllinin tapılmasının tərəfdarıdır. Müxtəlif məsələ və problemlərə müxtəlif yanaşmalar ola bilər, bu, təbiidir, amma sivil müxalifətçiliyi də davam etdirməyi bacarmalıyıq. Bizim istəyimiz budur. Hakimiyyət-müxalifət dialoquna atılan ilk addımlar onu göstərir ki, ölkə rəhbərliyi də bu məsələdə maraqlı tərəfdir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Prezident Administrasiyasının rəsmisi Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşündən müsbət nəticələr gözləyirəm.

- Bilirsiniz ki, iki partiya - AXCP və Müsavat dialoqda iştirakdan imtina edib. Onların imtina səbəbləri nə dərəcədə əsaslıdır? Sizcə, imtinadansa, danışmaq, müzakirə aparmaq cəmiyyət üçün daha faydalı ola bilərdimi?

- ALDP həmişə dialoq tərəfdarı olub. Heç vaxt destruktiv mövqe nümayiş etdirməyib. Hakimiyyətin fəaliyyətini tənqid də etmişik, milli və dövlətçilik maraqları naminə həyata keçirdiyi islahatları təqdir də etmişik. Bütün seçkilərdə də iştirak etmişik. Heç vaxt boykot tərəfdarı olmamışıq. Seçkiləri boykot edən təşkilatlara da tövsiyəmiz bu olub ki, seçkidə iştirak edib, güclərini sınasınlar. Məğlub olmaq partiyaya utanc gətirməz, azından öz gücünü sınayar, təcrübə toplayar. Hər bir partiyanın da qərarına hörmətlə yanaşmışıq. Çalışmışıq ki, anlaşılmazlıqlar, problemlər danışıqlar vasitəsilə öz həllini tapsın. Adını çəkdiyiniz partiyaların da qərarlarına hörmətlə yanaşmışıq. Amma AXCP və Müsavat dialoqdan imtina etməməliydilər. Əgər onları hansısa problem və məsələ narahat edirsə, gəlib fikir və təkliflərini dialoq vasitəsilə səsləndirə bilərlər. Onu da bildirim ki, Prezident Administrasiyasının şöbə müdirinin müxalifət partiya rəhbərləri ilə görüşündən sonra radikal müxalifət düşərgəsində narahatlıq baş qaldırdı. Milli Şura adlanan qurum rəsmiləri hətta bizi satqınlıqda belə ittiham etdilər. Bilirsiniz, o adam sağlam fikir söyləyə bilər ki, cəmiyyətdə nüfuz sahibi olsun, siyasi fəaliyyəti, keçmişi ləkəli olmasın. Bu gün radikal düşərgədə bütün həyatı çirkab içində olan adamların bizi satqın adlandırmağa mənəvi haqları yoxdur. Hakimiyyətlə dialoqa getmək satqınlıq deməkdirmi? Biz onlar kimi xarici qüvvələrə satılmamışıq, öz dövlətimizə, Azərbaycanın inkişafına, demokratikləşməsinə xidmət etmək üçün fikirlərimizi, təkliflərimizi hakimiyyətə çatdırmaq üçün dialoqa gedirik. Vətəndaşların problemlərinin görüşdə səsləndirilməsi, pensiyaçıların, aztəminatlı ailələrin problemlərini, uşaq pulunun verilməsi və digər sosial problemlərlə bağlı görüşlərdə fikir mübadiləsi aparmışıq. Məgər, bu, satqınlıqdır? Hansı partiya rəhbərinin sözü, narazılığı varsa, gəlib dialoqda iştirak etsin, fikrini bildirsin, Prezident Administrasiyasının qapıları onun üzünə açıqdır. Radikal müxalifətin bəzi fiqurları iddia edirlər ki, dialoqda iştirak edən müxalifət partiya rəhbərləri öz şəxsi problemlərinin həllinə çalışırlar. Buna inanmıram. Şəxsən mən, dediyim kimi, Prezident Administrasiyasının rəsmisi ilə görüşdə heç bir şəxsi problemdən söz açmadım. Dövlət qeydiyyatına alınan, qərargahla təmin olunan, prezident, parlament və bələdiyyə seçkilərində iştirak edən, güclü beynəlxaq əlaqələrə malik olan bir partiyaya rəhbərlik edirəm. Hakimiyyətdən başqa istəyim nə ola bilər ki? Axı dialoq şəxsi problemlərin çözülməsi üçün deyil, siyasi münasibətlərin sağlamlaşması, qurulması üçün atılan addımdır. Bunu dərk etmək istəməyənlər, hakimiyyətlə dialoqa gedən siyasi qüvvəyə çamur atmağa çalışır. Milli maraqlar deyil, şəxsi maraqları düşünənlər belə fikir söyləyə bilərlər.

- Bu gün iqtidar-müxalifət münasibətlərinin sivilləşməyə doğru getdiyini söyləmək mümkündür?

- Atılan ilk addımlar bunu deməyə əsas verir. Əgər bu, davamlı olarsa və hakimiyyət partiya rəhbərlərinin əsaslı fikir və təkliflərini qəbul edərsə. Digər tərəfdən, hakimiyyət-müxalifət münasibətlərindən əgər həm iqtidar, həm də müxalifət nəsə qazanırsa, bundan ümumilikdə xalq qazanmış olur. Dialoq münasibətlərin sivilləşməsinə xidmət edir. Hakimiyyətlə aramızda olan dialoq cəmiyyətdə konstruktivliyə xidmət edir, Azərbaycanın dövlət və milli maraqlarına cavab verir. Bütün bunlar tərəflər arasında münasibətlərin normallaşmasına xidmət edəcək bir amildir. 

- Dialoq prosesinin inkişafını necə görürsünüz?

- Bu, hakimiyyətdən asılıdır. Amma həyata keçirilən proses məndə inam yaradır ki, hakimiyyət müxalifətlə dialoqa böyük əhəmiyyət verir. Ədalət Vəliyevin hətta qeydiyyatdan keçməyən partiya rəhbərləri ilə görüşməsi məsələnin ciddi olduğunu deməyə əsas verir. Hətta bir partiya rəhbəri ilə bir neçə dəfə görüşməsi hakimiyyət rəhbərliyinin müxalifətin fəaliyyətinə önəm verdiyinin göstəricisidir. Dialoq prosesi müvəqqəti xarakter almamalıdır. Milli maraqlarımız üçün hakimiyyətlə dialoqa hazır olmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin həllində isə hakimiyyətin yanında olmalıyıq. Milli məsələlərdə müxalifətçilik etmək düzgün seçim deyil.

- Fuad bəy, bu prosesdən Azərbaycan cəmiyyətinin qazancı nə olacaq?

- Nəzərə alsaq ki, siyasi münasibətlər sisteminin digər elementi siyasi partiyalardır, o zaman siyasi partiyalar cəmiyyətin müəyyən bir sosial təbəqəsinin maraqlarını ifadə edən, eyni zamanda, mənafeyini müdafiə edən və həmçinin, hakimiyyət uğrunda mübarizə aparan təşkilatdır. Ölkədə siyasi mühit sağlamlaşarsa, siyasi münasibətlər sistemində demokratiya yaranarsa, siyasi islahatlar həyata keçirilərsə, bundan daha çox cəmiyyət qazanmış olacaq.

PƏRVANƏ

 





16.09.2020    çap et  çap et