525.Az

"Gənclər arasında milli düşüncənin geniş təbliğinə çalışırıq" - Fəxrəddin Həsənzadə ilə müsahibə


 

"Gənclər arasında milli düşüncənin geniş təbliğinə çalışırıq" -<b style="color:red"> Fəxrəddin Həsənzadə ilə müsahibə</b>

Hər keçən gün dəyişən, inkişaf edən ölkəmizdə son illərdə qazanılan uğurların əksəriyyəti müxtəlif sahələrdə çalışan bacarıqlı, aktiv gənclərimizin payına düşür. Əlbəttə, dövlət rəhbərliyinin, ölkə başçısının apardığı gənclər siyasəti bu uğurun əsas qayəsini təşkil edir. Bu gün gənclər müxtəlif nüfuzlu yerlərdə, təşkilatlarda təmsil olunur, idarəçiliyini aparırlar. Gənclərin sağlam inkişafı, sosial rifahı üçün yaradılan təşkilatlardan biri də Gənclər üçün Təhsil Mərkəzidir. Mərkəz təkcə, adını daşıdığı təhsil sahəsində deyil, bütün sahələrdə gənclərin yanında olur, onları davamlı fəaliyyətə səsləyir. Xüsusən, gənclərin milli mənlik şüurunun, vətənpərvərik duyğularının inkişafında Mərkəzin təkcə paytaxt Bakıda deyil, müxtəlif rayon və bölgələrdə keçirdiyi uğurlu layihələrin rolu böyükdür. Karantin, pandemiya zamanında da fəaliyyətindən qalmayan Gənclər üçün Təhsil Mərkəzini oxucularımıza daha yaxından tanıtmaq, gördüyü işlərlə bağlı daha ətraflı məlumat almaq üçün Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə ilə həmsöhbət olduq.

- Gənclər üçün Təhsil Mərkəzi yaratmaq ideyası necə meydana gəldi?

- Gənclər üçün Təhsil Mərkəzi 2000-ci ildə bir qrup hüquq təhsilli tələbələr tərəfindən yaradılıb. Tam 5 il müddətində rəsmi qeydiyyat olmadan Mərkəzin fəaliyyət göstərməsinə baxmayaraq, 100-dən çox layihə həyata keçirilib. Əslində, 1991-ci il doğumlu biri kimi şübhəsiz, həmin zamanlarda təşkilatın fəaliyyətində iştirak etməmişəm. Amma Mərkəz o qədər bizə özəldir ki, arxiv materiallardan görülən işləri araşdırıram və ənənəvi layihələrə yenidən həyat verməyə çalışıram. Qeyd etdiyim kimi, Mərkəz 5 il qeydiyyatsız fəaliyyət göstərib, bu isə öz növbəsində yeni QHT yaradan şəxslərə bir stimuldur. Əfsuslar olsun ki, hazırda vətəndaş cəmiyyəti institutları əksər hallarda yalnız qrant müsabiqələr çərçivəsində fəaliyyət göstərdiyindən bu prosesə qoşulan şəxslərə pis nümunə olurlar.

Hər kəsin ideyadan öncə bir məqsədi olur: "Tez qeydiyyatdan keçim və qrant alım". Biz isə işimizdə bu streotipləri qırmışıq. Sualınızda qeyd edilən kimi, bu, bir ideyadır. O ideya ki, yaşayır. Maliyyədən, xüsusi diqqətdən, ögey münasibətdən asılı olmayaraq, daha da güclənir. Xatırlayıram ki, ilk dəfə Mərkəzin ofisinə könüllü kimi gələndə bir şüar diqqətimi cəlb etdi: "Biz gənclərin uğurlu inkişafı üçün çalışırıq!" Bəlkə də bu şüar estetika baxımından o qədər də uğurlu deyil, amma əminliklə deyə bilərəm ki, ideyadır. Mənə görə isə bu ideya bir estafetdir. Bəlli bir tarixi olan, bu gün komandamız tərəfindən daşınan və sabaha ötürüləcək ideya estafeti.



- Mərkəzin əsas fəaliyyət istiqaməti nədir?

- Gənclər üçün Təhsil Mərkəzinin adında vurğulandığı kimi, gənclər və təhsil siyasəti əsas prioritet istiqamətimizdir. Dövlətin konstitusiya kitabı, dinin müqəddəs kitabları olduğu kimi, bizim də nizamnaməmiz var. Çalışırıq ki, bu sənəd mahiyyətsiz kağız parçası kimi qalmasın. Fəaliyyətimiz tam olaraq qanunla müəyyən edilmiş qaydada istiqamətimiz üzrədir. Gənclər ilə bağlı hər bir fəaliyyət əsas hədəfimizdir. Gənclər arasında qeyri-formal təhsilin inkişafı onların savadılılıq dərəcələrinin artırılması, peşə hazırlığının təmin edilməsi, ixtisas üzrə təcrübə biliklərinin artırılması əsas təlim mövzumuzdur. Bununla yanaşı, Gənclər üçün Təhsil Mərkəzinin Hüquq Klinikaları modeli mövcuddur ki, bura gənclərin maariflənməsindən başlayaraq, təhsil hüququ, onların ümdə hüquqları daxildir. Mərkəz daxilində  0-18 yaş qrupundan (sağlamlıq imkanları məhdud, zorakılığa məruz qalmış, valideynlərin hər hansı birini itirmiş, ictimai təhlükəli xəstəliyə tutulmuş, təhsildən təcrid olunan, yayınan, sosial dezadaptasiya və sosial məhrumiyyət vəziyyətində) olan uşaqlara və onların valideynlərinə sosial-psixoloji, sosial-pedaqoji, sosial-tibbi, sosial-hüquqi, sosial-iqtisadi xidmətlərlə yanaşı, eyni zamanda, ehtiyacı olan sağlamlıq imkanları məhdud (SİM) uşaqlar əlil arabaları, eşitmə cihazları və bu kimi başqa reabilitasiya avadanlıqları ilə təmin edilir və onlara mərkəzimizin mütəxəssisləri tərəfindən reabilitasiya xidmətləri də göstərilir.



Bir sözlə, ənənəvi təşkilatlar kimi, biz "ən", "böyük", "önəmli", "həyati", "vacib", "olmasaq olmaz" sözləri ilə başlayan bütün ifadələrdən kənar cəmiyyətə fayda verməyə çalışan təşkilatıq. Verdiyim bu müsahibə belə şəxsim deyil, komandamız adındandır və görülən işlər hamımızın əziyyətinin bəhrəsidir.

- Hansı rayonlarla necə işləyirsiniz?

- Bildiyiniz kimi, Gənclər üçün Təhsil Mərkəzi ümumrespublika gənclər təşkilatıdır. Bu ifadə özlüyündə təsadüfi deyil, Mərkəzin Bakı ilə yanaşı, Ağcabədi, Mingəçevir, Quba, Şirvan, Gəncə şəhərlərində regional ofisi, Ucar və Ağsu  rayonunda proqram ofisi fəaliyyət göstərir. Fəaliyyətimiz əsasən regionlarda daha geniş vüsət alır. Bu, özlüyündə onunla əlaqədardır ki, biz gənclərin  inkişafını paytaxtdan regionlara deyil, regionlardan paytaxta doğru olmasının vacibliyinin fərqindəyik. Bu fəaliyyət qıraqdan göründüyü qədər çətin deyil. Sadəcə regionda tədbir etmək adı ilə paytaxt gənclərini regiona aparmaq, "regiondu, nə etsək alınacaq" təfəkkürü ilə QHT sədrlərinin bir abzas mövzu haqqında oxuyub, bütün istiqamətlərdə təlim deməsini əngəlləsək uğurlu nəticəyə tezliklə nail olarıq. Səmimi deyə bilərəm ki, region gəncləri daha mütaliəli, daha aydındırlar. Sadəcə lazım olan məsələ onların bu potensialını üzə çıxarmaq, təhsildən yayınmasının qarşısını almaq və zamanla formalaşan savadlı gənclərin regionda fəaliyyət göstərən məmurlar tərəfindən küsdürülməsinə müdaxilə etməkdir. Regionlarda daha çox fəaliyyət göstərən QHT rəhbəri kimi deyə bilərəm ki, hər icra strukturu gənclər siyasətinin nə qədər önəmli olduğunun fərqində deyillər.

- Gənc nəslin milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin inkişafında Mərkəziniz necə fəaliyyət göstərir?

- Mərkəzin əsas ideyalarından biri gənclər arasında milli düşüncənin və maarifçilik ənənələrinin geniş təbliğ edilməsidir. Biz ilk növbədə məhz bu istiqamətdə çalışırıq. Paytaxt və regionlarda Maarifçilik forum və məktəbləri adı altında 10-dan çox proqram həyata keçirmişik. Fəaliyyətimiz çərçivəsində milli şüurumuzun ümumbəşəriliyi, ümumtürklüyü, azərbaycançılıq ideologiyası əsas hədəf istiqamətimizdir. Düşünürəm ki, gənclərimizin bu istiqamətdə maariflənməsi təkcə bu günə hesablanmır, sabahı formalaşdırır. Bugünkü gənclik Əli bəy Hüseynzadəni, Mirzə Cəlili, Cavidi, Müşfiqi oxumaqdan çox, bir dəfə də olsa bu şəxsləri ruhunda yaşamalı, ən əsası yaşatmalıdır.



Gənclər arasında vətənpərvərlik ruhunun təbliğinə gəlincə isə, təbliğatla yanaşı, çalışırıq gənclər ilə vətəndaş kimi danışaq. Bu vətənin, bizim uğrumuzda şəhid və qazi olanlar sadəcə yaddaşda deyil, fəaliyyətimizdə qalmalıdır. Təsadüfi deyil ki, Gənclər üçün Təhsil Mərkəzinin əsas ofislərindən biri Ağcabədi rayonunda yerləşən Qarabağ regional ofisidir. İnkluziv təhsil mərkəzimiz bu ofis daxilində olduğundan, beynəlxalq təhsil platformalarında Qarabağ İnkluziv Təhsil Mərkəzi kimi təqdim olunuruq. Məqsədimiz təkcə Qarabağ adını yaşatmaq deyil, bizə aid olanı qaytarmaqdır.

Şahanə MÜŞFİQ

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 


 

 





16.09.2020    çap et  çap et