525.Az

"Sosial media istifadəçiləri bir-birinin fikirlərinə hörmət etmir" - Müsahibə


 

"SİZİN MENTALİTET" SƏHİFƏSİNİN İDARƏÇİSİ RİŞAL HÜSEYNOV: "HAQLI TƏNQİDLƏRDƏN DÜZGÜN NƏTİCƏ ÇIXARMAĞA ÇALIŞIRAM"

"Sosial media istifadəçiləri bir-birinin fikirlərinə hörmət etmir" - <b style="color:red">Müsahibə  </b>

Sosial şəbəkələrdə parlayanlar 

Budəfəki həmsöhbətimiz İnstaqramdakı "Sizin mentalitet" səhifəsinin admini Rişal Hüseynovdur. Səhifədə özü ilə bağlı heç bir məlumat yer almadığı üçün əvvəlcə müsahibimiz haqda qısaca məlumat verək. Rişal Şahmar oğlu Hüseynov 1997-ci ildə Şamaxı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb. Hazırda heç bir yerdə işləmir və bütün diqqətini "Sizin mentalitet" səhifəsinə yönəldib. 

"Sosial medianın bir üstünlüyü də operativ olmasındadır" 

- Rişal bəy, sosial şəbəkələrin imkanlarından nə dərəcədə razısınız?

- Sosial şəbəkələrin imkanları həm müsbət, həm də mənfi istiqamətlərə ayrılır. Əlimizdən gələni edirik ki, paylaşımlarımızla insanları müsbət istiqamətə doğru çəkək. Sosial medianın biznes sahəsindəki imkanları isə marketinq sahəsində işləyən şəxslərdən tutmuş adi insanlara qədər hər kəsə sərf edir. Bunun sayəsində pandemiya vaxtı bir çoxları onlayn alış-veriş vasitəsilə öz bizneslərini dayandırmadılar. Bu isə həm satıcıya, həm də müştəriyə kəmiyyət və keyfiyyət baxımından sərfəli oldu.

Sosial medianın bir üstünlüyü də operativ olmasındadır. Məlumdur ki, bir çox məlumatlar televiziyadan əvvəl sosial mediada yayılır. Hazırda xəbərlər proqramını izləyən şəxslərin sayının az olması da buna bir nümunədir. 

"... bu gün də həmin qərarımdan peşman deyiləm" 

- İnstaqram səhifənizdə Tvitter istifadəçilərinin maraqlı tvitlərini paylaşırsınız. Belə bir səhifə açmağa necə qərar verdiniz?

- 2016-cı ilin aprel ayı idi. O zaman sosial mediada fəaliyyət göstərən çox az səhifə vardı. Həmin vaxtlar Feysbuk şəbəkəsi dəbdə idi. Orada bəzi səhifələri işlətdim. Sonra İnstaqramın reytinqi daha çox olduğundan özümü burada da sınamaq qərarını gəldim. Şükürlər olsun ki, bu gün də həmin qərarımdan peşman deyiləm.

"Beş barmağın beşinin də bir olmadığı kimi..."

- Səhifənizin adından da göründüyü kimi, paylaşımlarınız mentalitetlə bağlıdır. Bir yandan mental dəyərlərdən kənara çıxmağı tənqid edir, o biri yandan da gənclərin mentalitet adı altında sıxışdırılmasına etirazınızı bildirirsiniz. Bəs sizin özünüzü daha çox hansı məsələ narahat edir?

- Məni ən çox narahat edən məsələlərdən biri paylaşımlara yazılan rəylərdir. Hərdən o şərhləri oxuyanda insanların sosial mediada bir-birilərinin fikirlərinə hörmət etmədiyinin şahidi oluram. Hərçənd beş barmağın beşinin də bir olmadığı kimi, zövqlər də hər kəsdə eyni ola bilməz. Gərək bu məsələlərdə daha anlayışlı olaq.

- Sizcə, paylaşımlarınız izləyicilərinizi qane edirmi?

- Bu gün səhifəmdə 247 min izləyicim var. Elə bir material və yaxud məlumat paylaşa bilmərəm ki, bunu hər kəs bəyənsin. İzləyicilərimizdən bəzi mözvularda məni də başa düşmələrini xahiş edirəm. 

"Zövqlərin korlanması çox qəliz məsələdir" 

- İnsanların korlanan zövqünü necə bərpa etmək olar?

- Zövqlərin korlanması çox qəliz məsələdir. Bilirik ki, zövqlər müxtəlifdir. Kimisə bizimlə eyni zövqdə, eyni düşüncədə, eyni təfəkkürdə olmağa məcbur edə bilmərik.

- Hər halda həm mənfi, həm də müsbət şərhlər olur. Sizə gələn rəylər əsasən hansı yöndədir?

- Düzü, vaxt məhdudiyyətinə görə çox zaman rəyləri oxumuram. Amma diqqət yetirəndə daha çox müsbət rəylər olur, mənfilər isə nisbətən azdır. Şübhəsiz, həmin mənfi rəylər də tənqid xarakterlidir. Haqlı tənqidlərdən düzgün nəticə çıxarmağa çalışıram.

- Tvitterdə bir səhifəniz var, ancaq izləyici sayı o qədər də çox deyil. Oradakı səhifəni də böyütməyi fikirləşirsinizmi?

- "Sizin mentalitet" səhifəsi Yutub, Feysbuk və Tvitterdə də var. Mən yalnız İnstaqram hesabını işlədirəm. Bütün fikrimizi və  gücümüzü İnstaqramdakı səhifəmizin üzərinə kökləmişik.

"Arzular böyük, istəklər sonsuzdur..." 

- Səhifənizin gələcək perspektivləri ilə bağlı hansı planlarınız var?

- Gələcəkdə "Sizin mentalitet" saytının istifadəyə verilməsi və İnstaqram hesabının təsdiqi sayılan "Mavi klik" almaq üçün çalışırıq.  Belə səhifələr üçün "Mavi klik" almaq elə də asan deyil. Bu məsələlərdə xarici ölkələrin İnstaqram peşəkarlarından dəstək alacağıq. Arzular böyük, istəklər sonsuzdur. Allah necə məsləhət bilirsə, elə də olacaq.

Günel ABBAS

 





16.09.2020    çap et  çap et