525.Az

Azərbaycanda ilk dəfə onlayn Bilik Günü qeyd olundu


 

Azərbaycanda ilk dəfə onlayn Bilik Günü qeyd olundu<b style="color:red"></b>

“Green Start Academy”nin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Onlayn Bilik Günü keçirilib.

Tədbir “Green Start Academy”nin sosial şəbəkələrindən canlı yayımlanıb.

Təşkilatın rəhbəri Aysel Rəsulzadə “Green Start Academy”nin məqsəd və vəzifələrindən danışaraq, hər zamankı kimi cəmiyyətin aparıcı qüvvəsi olan, gənc nəslin yetişməsində və şəxsiyyət kimi formalaşmasında vacib rol oynayan təhsil işçilərinin maariflənməsinə xidmət etdiklərini dilə gətirib.

Təhsil nazirinin müşaviri Elnur Nəsibov iştirakçıları və  təhsil ictimaiyyətini Bilik Günü münasibəti ilə təbrik edərək, nazir Emin Əmrullayevin təbrikini çatdırıb.

Yeni tədris iliylə bağlı yeniliklərdən söhbət açan Elnur Nəsibov, hazırda pandemiya şəraitində təhsilin idarə olunması ilə bağlı Təhsil Nazirliyinin mövqeyini ictimaiyyətə bəyan edib. Nazir müşaviri “Green Start Academy”nin fəaliyyətini yüksək qiymətləndirib və pandemiya dövründə bu tipli tədbirlərin keçirilməsinin vacibliyini qeyd etməklə, təşkilatçılara bu fəaliyyətlərindən dolayı təşəkkürünü çatdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əskərov, Şuranın sədr müavini, təhsil mütəxəssisi Nadir İsrafilov, Təhsil İnstitunun Təlim nəzəriyyəsi və metodikası şöbəsinin müdiri Bibixanım İbadova, Təhsil İdarəediciləri Assosasiyasının həmtəsisçisi, təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov, təhsil üzrə mütəxəssis Elşən Qafarov, TAM-ın (Teaching Advancement Matrix) baş direktoru Cəfər Mənsimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Hüseynova, Cəbrayıl rayon H.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Əziz Əliyev adına Həkimlərin Təkmilləşmə İnstitutunun Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, eyni zamanda orta və ali məktəb müəllimləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik və çıxışlar ediblər.

“Green Start Academy”nin əməkdaşları – 22 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Aygün Cəfərli, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova, psixoloq Gülşən Nəhmətova çətin pandemiya şəraitində müəllim və valideynləri daha tədbirli olmağa çağırmaqla, öz tövsiyələrini paylaşdılar.

Bundan başqa, təşkilatın bölgələrdə fəaliyyət göstərən müəllim nümayəndələrinin çalışdıqları təhsil müəssisələrindən Bilik Günü ilə bağlı çəkdikləri videoroliklər ilə tədbirə qatılıblar.

 





17.09.2020    çap et  çap et