525.Az

İlləri ömür kimi yaşadı... - Anım


 

GENERAL-LEYTENANT ÇİNGİZ MƏMMƏDOVUN İŞIQLI XATİRƏSİNƏ DƏRİN EHTİRAMLA

İlləri ömür kimi yaşadı... - <b style="color:red">Anım</b>

Ömür - yaşanılmış illər, aylar deyil. Xalq üçün, Vətən üçün yaşanılmış illərdir, aylardır ömür. İllərə, aylara ömür qüdrəti verənlərə həmişə xalqın qədərsiz sevgisi olur.
 
Bu sevginin qüdrəti məkana sığmır, zamanın hüdudlarını aşır. Mustafa oğlu Çingiz hərbçi ömrü yaşamağı qərara alanda 17 yaşlı orta məktəb məzunu idi,  bu dünya ilə vida anlarında yaşadığı ömrü kino lenti kimi gözlərinin önündə son dəfə canlanarkən  "Mən illəri ömür kimi yaşadım" deyə düşünəndə isə general-leytenant idi, 69 yaşı vardı.

Polkovnik rütbəsində Hərbi Elmi Mərkəzdə xidmət edəndə zabitlərin hər uğuruna azərbaycanlı çılğınlığıyla sevindiyini görəndə yaşadığım duyğuları dan yeri söküləndə çiçəklərin ləçəklərində közərən şeh bilirdim, o anlarda kimsənin baxışına bənzəməyən baxışını bürüyən fərəhi, qüruru yaz yağışından sonra göy üzünə yayılan qövsi-qüzeh bilirdim.

"Çingiz müəllim" müraciəti də ona "Cənab polkovnik", sonralar "Cənab general" müraciəti qədər könül xoşluğu verirdi. Tanıdıqlarının bir ürək tutumunca sevgisiylə əhatələnən Çingiz müəllimimiz yoxdu indi. Məsləhət, güvənc və inam yerimiz idi Çingiz müəllim. Tanıdığım, xarakterinə yaxından bələd olduğum general-leytenant Çingiz Məmmədov illərə ömür qüdrəti verib yaşadı.

Xalq şairi Məmməd Rahimin təbirincə desək, insan elə yaşamalıdır ki, son nəfəsindən bir nəfəs dərimincə vaxt belə keçməmiş ellər desin ki, dünyadan gözəl bir insan gedir. "Gözəl insan" ifadəsi təkcə mənim, sənin, onun üçün yaxşı xasiyyətli olanlara şamil edilmir. Belə insanlar cəmiyyət üçün gərəkli işlər görənlərdi, yaşantıları xalqın, dövlətin mənafeyinin zərrəsi olanlardı. Mehmandarov da belə yaşadı, Əlağa Şıxlinski də, Həbib bəy Səlimov da,  Məmməd (Masey) bəy Sulkeviç də, Murad Gəray Tlexas da, Cəmşid Naxçıvanski də... neçə on illər də keçəcək, bu adlar-soyadlarla birlikdə Çingiz Məmmədov ad-soyadı da tarixdə qalacaq, yaşadılacaq. Vəfa borcu kimi biz yaşatmalıyıq və yaşadacağıq...

Çingiz Mustafa oğlu Rostov Ali Hərbi Məktəbini, sonra F.E.Dzerjinski adına Hərbi Akademiyanı bitirmişdi. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdi. Çingiz Məmmədovun sovet ordusundakı sonuncu vəzifəsi strateji təyinatlı raket qoşunlarının komandiri vəzifəsi idi. Bu vəzifə sovet dövləti üçün son dərəcə strateji əhəmiyyətli bir vəzifə idi və Çingiz Məmmədov öz savadı, təcrübəsi və xidməti keyfiyyətləri ilə bu vəzifəyə irəli çəkilmişdi.

Çingiz Məmmədov 1992-ci ilin may ayında Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmətə başladı. O zaman Silahlı Qüvvələrin Baş Qərarfah rəisi olan general-leytenant V.Bərşadlı elə ilk görüşdə Ç.Məməmədovun yüksək savada və dərin zəkaya malik olduğunu görüb dərhal Müdafiıə Nazirliyində yeni yaradılan Hərbi Elmi Tədqiqatlar və Nizamnamələr şöbəsinin rəisi vəzifəsini təklif etdi. Bu şöbə sonralar Hərbi Elmi Mərkəzə çevrildi. Çingiz Məmmədovun qarşısında yeni yaradılan Azərbaycan Ordusu üçün hərbi nizamnamələrin və digər rəhbər sənədlərin hazırlanması, Azərbaycan dilində hərbi terminalogiyanın formalaşdırılması, Azərbaycanın hərb tarixinin araşdırılması kimi vəzifələr qoyulmuşdu. Bütün bu işlərin təşkilatlandırılması üçün Çingiz Məmmədov təcrübəli mütəxəssisləri tapıb şöbəyə topladı və qısa müddət ərzində ordu üçün lazımlı olan çox dəyərli işlər görməyə müvəffəq oldu. Əvvəlcə ümumqoşun nizamnamələrinin uyğunlaşdırılmış variantı, sonradan isə yeni hazırlanmış variantı Milli Məclis tərəfindən qəbul edildi. Hərbi terminologiya ilə bağlı bir neçə lüğət nəşr edildi. Çingiz Məmmədovun böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə  Azərbaycan Ordusunun şəxsi heyətinin geyim eskizlərinin hazırlanması idi. Bu eskizlər çox kiçik əlavələrlə bu gün də qüvvədədir.

Çingiz Məmmədovun rəhbərliyi ilə Azərbaycanın hərb tarixinin peşəkar səviyyədə araşdırılmasına başlandı. Onun qayğısı ilə Azərbaycanın hərb tarixinin çox maraqlı səhifələri araşdırılaraq çap etdirildi və bu gün də bu iş dəyərli hərbi tarixçi alimlərimiz tərəfindən çox yüksək peşəkarlıqla davam etdirilir.

1992-ci ildən 2003-cü ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə, 2003-cü ildən 2014-cü ilədək isə Müdafiə nazirinin müavini vəzifəsində xidmət etdi general-leytenant Çingiz Məmmədov. Onun erudisiyası da, istənilən rütbəli zabitlə səmimi münasibəti də, hərbi elmi biliyə əlahiddə əhəmiyyət verməsi də zamanında ordu quruculuğuna gərəkli idi, indi tarixdi. Bu günə o illərdən baxanda qürurlanıram: general-leytenant Çingiz Məmmədovu şəxsən tanımışam, dəfələrlə səmimiyyətlə kəlmələşmişik, erudisiyasından, dünyaduyumundan bəhrələnmişəm. Bu və ya digər gərginliyi onun səbrinə sığınıb yaşadığım anlar da olub; zabit rütbəsi vətəndaşlığını, vətəndaşlığı zabit rütbəsini mənən tamamlayan zabitlərdən idi zəngin və hərtərəfli biliyə, güclü yaddaşa,  qibtəolunacaq istedada, yüksək azərbaycançılıq ruhuna malik olan general-leytenant Çingiz Məmmədov.

Azərbaycan Silahlı Qüvvələrində xidmətimin və fəaliyyətimin təxminən son 10 ili general-leytenant Çingiz Məmmədovun bilavasitə tabeçiliyində keçib. Bu illər ərzində tanıdığım və son nəfəsiməcən unutmayacağım ən ali rütbəli zabitlərdən olub Çingiz müəllim...

General-leytenant Çingiz Məmmədov ölkəmizdə keçirilən NATO tədbirlərində tez-tez iştirak edirdi.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının həyata keçirilməsi bölməsinin rəisi vəzifəsində xidmət edirdim. Xarici ölkələrdən biri ilə ikitərəfli hərbi əməkdaşlıq planı ilə tanış olandan sonra Çingiz müəllim məni qəbul edib bəzi məsələlərə aydınlıq gətirməyimi xahiş etdi (məhz xahiş etdi!). Səbirlə dinlədi, plana xeyli əhəmiyyətli qeyd və əlavələr etdi. Bu əlavələr Silahlı Qüvvələrimizin şəxsi heyətinin hərbi bilik və bacarıqlarını təkmilləşdirmək, onların beynəlxalq miqyasda təcrübə qazanması baxımından olduqca əhəmiyyətli idi.

General-leytenant Çingiz Məmmədov Müdafiə nazirinin müavini vəzifəsində xidmət edirdi və istər ölkədaxili, istərsə də xarici tədbirlərlə bağlı sənədlərin əksəriyyəti onunla razılaşdırılırdı. Təqdim edilən sənədləri çox diqqətlə oxuyar, həsəd aparılası səliqə ilə düzəliş və əlavələrini edərdi. Anlaşılmazlıq olanda isə lazımi suallar və şərhlər verər, kollegial şəkildə düzgün seçim edilməsinə şərait yaradardı.

Ölkəmizdə Beynəlxalq Hərbi İdman Şurası (BHİŞ) çərçivəsində 2004-cü ildə hərbçilərin cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü, 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatı, 2010-cu ildə BHİŞ-in Avropa Konfransı və 2013-cü ildə hərbçilər arasında futbol üzrə dünya Kuboku keçirildi. Bu tədbirlərin hazırlanmasında, yüksək səviyyədə başa çatmasında general-leytenant Çingiz Məmmədovun əvəzolunmaz əməyi və fədakarlığı da indi tarixdir.

Heç bir əsaslı səbəb olmadan xidməti vəzifəmin yerinə yetirilməsinə açıqdan-açığına maneçilik törədildiyinə, özümə də məlum olmayan səbəblərə görə təqib olunduğuma, verilmiş qeyri-qanuni tapşırıq və göstərişləri yerinə yetirməkdən imtina etdiyimə görə haqsız  və ədalətsiz basqılara məruz qalırdım. Günahım olmaya-olmaya cəzalanmaqdan hədsiz dərəcədə narahat idim. Hərbi xidmətimin belə davam etməsini istəmirdim. Ona görə də 2006-cı il mart ayının sonunda tərxis olunmağımla bağlı raport yazdım, Müdafiə nazirinin müavini mənim obyektiv  faktlarımı dinlədi, mənə inandı və  təkidli xahişimlə  sənədləri imzaladı. Təsadüfən həmin məqamlarda Müdafiə naziri hazır sənədlərin imzalanmağa gətirilməsini tələb edibmiş. Əmr iki saat müddətində imzalandı. Müdafiə naziri ehtiyata buraxılmağımdan xəbər tutanda əmrin surəti artıq müvafiq yerlərə göndərilmişdi. Mənim nə fikirdə olmağımı öyrənmək istəyənlərə, söz-söhbət yaranmasın deyə, xidmətə qaytarılmağımı təklif edənlərə "heç yerə müraciət etmək fikrində deyiləm. Silahli Qüvvələrin Hərbi Akademiyasında işləmək istəyirəm. Müdafiə nazirinin buna razılıq verməsi bəsimdi" dedim... Xahişim yerinə yetirildi.

Güləş üzrə 24-cü Dünya Çempionatına hazırlıqda iştirakım nəzərdə tutulmuşdu. Çempionatın keçirilməsi üçün yaradılmış Qərargah Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində yerləşdiyinə görə tədbir qurtarana kimi orada Xarici dillər kafedrasının baş müəllimi vəzifəsinə, tədbir başa çatan kimi isə Silahli Qüvvələrin Hərbi Akademiyasında Xarici dillər kafedrasının rəis müavini-baş müllimi vəzifəsinə təyin edildim. 14 il bu təhsil müəssisəsində işlədim. Yeni təyin olunmuş komandanlığın diqqəti, qayğısı, ədalətli qərarı və təqdimatı əsasında möhtərəm prezidentin müvafiq sərəncamı ilə 2015-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görüldüm. Çingiz Məmmədovun köməkliyi sayəsində akademiyada iki ən müasir ingilis dili linqafon kabineti yaradıldı, gənc və istedadlı qadın müəllimələr Xarici dillər kafedrasında işə qəbul edildi və bu gün akademiyanın ən qabaqcıl və sayılıb-seçilən müəllimləri kimi tanınırlar.

Nazir müavininin diqqət və qayğısı sayəsində qadın müəllimlərin xaricə ezamiyyətə göndərilməsi qadağası aradan qaldırıldı. Nəticədə, Xüsusu təyinatlı hərbi təhsil müəssisələrinin qadın müəllimələri beynəlxalq kurslarda iştirak etmək və öz dil biliklərini NATO standartları səviyyəsində təkmilləşdirməyə nail oldular. Bunun nəticəsində bu gün Azərbaycan Ordusunun yüzlərcə zabiti NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərcivəsində keçirilən bütün tədbirlərin ən fəal iştirakçılarından biridir.

Mən onun yüksək intellekt sahibi olmasının, insanlıq və saflığı hər şeydən üstün tutmasının, nəfsi toxluğunun, həmişə haqqın-ədalətin tərəfdarı olduğunun, hərbçilərə kömək edəndə mənəvi zövq aldığının şahidiyəm.

2008-ci il avqust ayının 27-si səhər saat 10 idi. Keçmiş döyüşçu dostum və həmyerlim Ələsgər Əhmədov zəng vurub bildirdi ki, sabah axşam qızı Günayın toyu olacaq, ancaq kürəkənimi (Kəlbəcərli leytenant Nicat Rzayevi. Hal-hazırda mayor rütbəsində hərbi xidmətini davam etdirir) xidmətdən buraxmırlar. Qəti bildiblər ki, sabah səhər tezdən buraxılacaq və toydan sonra xidmətdə olmalıdır. Xidmət xidmətdi. Bəs insanlıq? Dərhal Çingiz müəllimə zəng etdim. Bir neçə dəqiqədən sonra məlum oldu ki, toyu olan gənc zabiti yola salmaq üçün axtarırlar...  Növbədənkənar məzuniyyət verilmiş zabit komandanlığın ayırdığı maşınla Bakıya göndərilmişdi...

Yüzlərcə hərbçiyə göstərdiyi xeyirxah qayğı və köməklik sayəsində haqsız, qərəzli cəzaların və Silahlı Qüvvələrdən qanunsuz tərxis olunmaların qarşısı vaxtında alınıb. Onların bir çoxu Vətənə öz oğulluq borclarını bu gün də layiqincə verməkdə davam edir.

2015-ci ildə ingiliscə-azərbaycanca hərbi lüğət üzərində işi tamamladığıma görə nəşrə hazırlamaq istəyimi Çingiz müəllimə bildirdim. Kitabın elmi redaktoru olmasını xahiş etdim. Əvvəlcə razılaşmadı. Xeyli müddətdən sonra razılıq verdi. Lüğəti üç dəfə redaktə etdi, (özünün) peşəkar töhfəsini və çox lazımi köməyini əsirgəmədi. Lüğət nəşr ərəfəsindədir. Çox təəssüflər olsun ki, Çingiz müəllim onun nəşrini görmədi...

Keçən yay general-leytenant Çingiz Məmmədov artilleriya təyinatlı "Dağlarda döyüş" adlı kitabı yazdığını, bu kitaba azərbaycanca-rusca-ingiliscə izahlı lüğət hazırladığını dedi və köməyimi xahiş etdi. Təbii ki, köməyimi əsirgəmədim. Coğrafiya İnstitutunda hörmətli generalımızı yüksək səviyyədə qəbul etdilər. Onun peşəkarlıqla hazırladığı və tərtib etdiyi  lüğətə və kitaba layiq olduğu yüksək rəy verildi.

Onu da qeyd edim ki, dəyərli generalımızın həmin kitaba əlavə kimi hazırladığı dağçılıq terminlərinin izahlı lüğəti Hərbi Nəşriyyatda nəfis şəkildə işıq üzü gördü. Çox təəssüflər olsun ki, mükəmməl şəkildə ərsəyə gətirdiyi və Dağlıq Qarabağın azad edilməsi üçün aparılacaq döyüşlərinin çətin dağlıq şəraitdə gedəcəyini nəzərə alsaq, ordumuz üçün qiymətli vəsait olan "Dağlarda döyüş" kitabının nəşri gözəgörünməz qüvvələr tərəfindən məsləhət görülmədi... 

Sonuncu dəfə zəng edəndə xəstə olduğunu bildirdi...

Bu ləyaqətli və layiqli general həqiqi hərbi xidmətdə olduğu müddətdə Silahlı Qüvvələrimizin daha qətiyyətlə formalaşmasında, komplektləşdirilməsində, təkmilləşdirilməsində, təhsil sisteminin NATO standartlarına uyğun qurulmasında, səviyyəsinin yüksəldilməsində, hərbi dərsliklərin hazırlanmasında, hərbi elmi tədqiqat işlərinin təşkilində, ordumuzun döyüş potensialının yüksəldilməsində, hərbi nizamnamələrin, təlimatların, direktivlərin, hərbi lüğətlərin hazırlanmasında və nəşrində olduqca dəyərli işlər görüb.

Həm yaradıcılığa, həm də tarixə böyük ehtiramı vardı. Bu ehtiram xalqa sevgi idi. Xalqımıza, dövlətimizə dərin və tükənməz sevgisi ilə yaşayırdı, xidmət edirdi. Hərbçilərin hərbi biliklərə dərindən yiyələnməsini arzulayırdı. Elə bu arzunun nəticəsiydi ki, leytenant Rəşid Hüseynovun (hazırda ehtiyatda olan mayor, "Əməkdar jurnalist") redaktorluğu, Çingiz Məmmədovun baş redaktorluğu (ictimai əsaslarla) ilə "Hərbi Bilik" jurnalı, 1930-cu illərdə tam artilleriya generalı Əlağa Şıxlinskinin nəşr etdirdiyi eyniadlı jurnalın davamı kimi nəşrə başladı.

O vaxtlar "Hərbi Bilik" jurnalının tele-variantı da hazırlanır, ayda bir dəfə Azərbaycan TV ilə yayımlanırdı. Jurnalda dərc edilmiş materialları müşayiət edəsi süjetlərin çəkilişində televiziyanın operatorlarının köməyindən bəhrələnilirdi ki, bu da vaxt itkisinə yol verirdi, bəzən çəkilişlər hərbi tələblərə cavab vermirdi. Yəni operator, rejissor nə qədər peşəkar olsa da hərbi səriştəsi olmadığına görə arzulanan süjet alınmırdı. Onda Müdafiə Nazirliyinin Sənədli Filmlər Kino-Tele Studiyasının yaradılması ideyası gündəmə gəldi. Bu qiymətli və son dərəcə əhəmiyyətli ideyanı da məhz Çingiz Məmmədov reallaşdırdı...

On illərin deyil, yüz illərin tarixini yaşatma vasitələrindən biri də muzeylərdir. Hər eksponatı tarixin bir dönəmini, bir çağının yaşadan muzeylər xalqın mənəvi dünyasının mühafizəçisi olur. Bu baxımdan Hərb Tarixi Muzeyinin yaradılması təkcə hərb tariximizin deyil, həm də dövlətçilik tariximizin səlnaməsidir. Çingiz Məmmədovun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Hərb Tarixi Muzeyi yaradıldı. Bu gün onun eksponatları tariximizin əski çağlarından üzü bu yana zəngin mədəni, mənəvi, dövlətçilik irsidir.

O illərdə, hələ Hərbi Akademiya yaradılmamışdan əvvəl hərbi elmi tədqiqatlar da unudulmaz Çingiz Məmmədovun rəhbərliyi ilə aparılmağa başladı.

... Təzəcə yaradılan ordumuzun şəxsi heyətinin istifadəsində Azərbaycan dilində, təbii ki,  heç bir dərslik, təlimat, nizamnamə və s. vəsait yox idi. Artıq onların tərcümə və tərtib olunmasına, hazırlanmasına başlanılmışdı. Bu işdə ikinci çətinlik həmin zəruri vəsaitlərin nəşri məsələsi idi. O illəri xatırlayanlar yaxşı bilirlər ki, digər sahələrdə xammal çatışmazlığı olduğu kimi, kitab nəşri sahəsində də poliqrafiya materiallarının qıtlığı yaşanırdı. Lazımi ədəbiyyatı özəl mətbəələrdə çap etdirmək isə Müdafiə Nazirliyinə çox baha başa gələrdi. Onda Çingiz müəllim Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında Hərbi nəşriyyatın yaradılması məsələsini qaldırdı, bunun hərtərəfli səmərəli və vacib olduğuna yüksək vəzifəli şəxsləri inandırdı və müsbət cavab aldı... Məhz onun rəhbərliyi, birbaşa köməyi və qayğısı sayəsində Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatı qısa bir müddətdə yaradıldı, o illər üçün kifayət edəcək maddi-texniki baza ilə təmin edildi və fəaliyyətə başladı... hamı gördü və inandı ki, sifarişlərin kənarda deyil, Hərbi nəşriyyatda nəşr edilməsi Müdafiə Nazirliyinin nə qədər vəsaitinə qənaət edilməsinə imkan yaradır.

Hərbi Nəşriyyat birbaşa Çingiz müəllimin tabeliyində fəaliyyət göstərdiyi illərdə bütün şəxsi heyət onun tələbkarlığı ilə yanaşı, qayğısını da daim hiss edir, hər bir əməkdaş təkcə vəzifə borcu yox, həm də bir İNSAN kimi onu sevir və hədsiz hörmət bəsləyirdi.

Böyük ürək sahibi idi Çingiz müəllim. İlləri ömür kimi yaşayırdı o. İnsanları, insanlığı, Vətəni tükənməz məhəbbətlə sevirdi. Xatirəsini onun Vətən sevgisinə layiq səviyyədə yaşadacağıq. Hərbçi məsuliyyətiylə, vətəndaş məsuliyyətiylə, azərbaycançılıq məsuliyyətiylə yaşadacağıq...

 





17.09.2020    çap et  çap et