525.Az

Alban qülləsindən Alban Monastrına: min illik tariximizə doğru


 

Alban qülləsindən Alban Monastrına: <b style="color:red">min illik tariximizə doğru </b>

Üç il əvvəl Pipan ərazisində yerləşən "Alban Qülləsi"nə gedəndə məqsədim həm də ondan bir neçə kilometr aralıda, dağın düz döşündə yerləşdiyi söylənilən Alban Monastrına da getmək idi. Lakin bələdçimiz bildirdi ki, ora yol həm dikdir, həm də çətin. Bir də ki, bir gündə hər iki abidəyə getmək mümkün deyil. Geri qayıdanda gecəyə düşə bilərik. Beləliklə, Alban Monastrına getmək istəyi ürəyimdə qaldı.

Hər dəfə bu abidədən söhbət düşəndə (təbii ki, o söhbəti məndən başqa dilə gətirən yoxdur, çünki onun varlığından belə insanlar xəbərsizdirlər) qəlbimdən soyuq bir sızıltı keçirdi. Onu görmədən danışmağı özümə böyük qəbahət sayırdım. Nəhayət ki, sentyabrın 2-də həmin arzuma çatdım və bu işdə mənə dəstəyi olan hər kəsə minnətdaram.

Biz kiçik bir qrupla yola düzəldik. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Zaqatala rayonu üzrə abidə mühafizəçiləri üzrə məsul şəxs Möminət Heydərova, abidə bələdçisi Abdurahman Musayev, dağ adamı (onu mən belə adlandırdım) bələdçi Hacı və yaxın rəfiqəm Fatma həkim. Bələdçinin familiyasını ona görə yazmadım ki, o, belə təqdimatları sevmir, heç şəklinin çəkilməsinə də razı olmadı. Olduqca cəld və qıvraq olan, bu dağları qarış-qarış tanıyan və dağlara vurğun olan Hacının bələdçiliyindən çox razı qaldım. Biz səhər saat 9 tamamda şəhər Mədəniyyət evinin qabağında maşına oturduq, təbii ki, maşın bizi yalnız meşənin girişinə kimi aparacaqdı. Yolumuz Alban Monastrına idi. Yükümüz az olsun deyə yemək belə götürməmişdim. Fotokamera, videokamera və sair, səfər üçün lazım olan iş ləvazimatları elə özlüyündə bir yük idi. Həyəcanlı idim. Orada nə görəcəyəm, abidənin vəziyyəti necədir, 1600-1700, bəlkə də ondan daha çox yaşı olan tariximizə olan vandal münasibət məni necə sarsıdacaq kimi suallara cavab axtarırdım. O cavabları isə yalnız abidəni gördükdən sonra cavablandıra biləcəkdim. Əslində çox həyəcanlandığım yazını dərhal yazmaq mənim üçün çətin olur. Gərək müəyyən vaxt keçsin ki, düşüncələrim aydınlaşsın, hər şeyi analiz edim, təhlillər aparım. Bəzən yazdığım bir cümlə üçün bir ay götür-qoy etməli oluram. Bu dəfə vəziyyət başqadır. Mənim gözləməyə vaxtım yoxdur. Çünki mən bu yazını çoxdan arzulayırdım və onu yazmalıyam.

Yuxarı Tala kəndi ərazisində abidələr çoxdur. Bu da onu sübut edir ki, bu torpaqlar qədim yaşayış məskəni olub və eramızdan əvvəl 3-cü əsrdə bu torpaqlarda təşəkkül tapan və eramızın VII əsrinə qədər 1000 illik bir dövrdə hökmranlığını sürən Alban dövlətinin var olduğu torpaqlardır bu torpaqlar. Ayağımı yerə inamla basıram, çünki bu torpaqlara babalarım hardansa gəlməyiblər, bu torpaqlar ta bineyi-qədimdən bizim olub. Bunu sübut edən maddi-mədəniyyət nümunələrimiz, abidələrimiz var. Düzdür, bu abidələrin bu gün onların layiq olduqları səviyyədə qiyməti verilmir, hər halda buna səy göstərən insanlar var və mən də özümü bu sıradan sayıram.

Pipan - səndən kimlər keçdi

Pipan Yuxarı Tala kəndinin yuxarısında, yəni gündoğan istiqamətində, dağların ətəyində əsrarəngiz bir gözəlliyə malik yerdir. Kənddən xeyli yüksəkdədir. Bələdçimiz dedi ki, onun hündürlüyü Qala Düzü ilə eyni səviyyədədir. Bax, buralar qədim yaşayış məskənlərindən biri olub. Əhali sonralar indi məskunlaşdığı əraziyə köçüb. Buraların yaşayış yeri olmasının çox sübutları olub, əvvəldən də dedim ki, bizlər keçmişə o qədər də qayğı göstərməmişik. Bu keçmişdən qalan pipan ərazisindəki çoxsaylı küplərdir. Yerli əhali onlardan bir neçəsini çıxartmaq istəyib, lakin nail ola bilməyiblər. Sonra qərara gəliblər ki, torpağa basdırılan bu nəhəng küpləri mühafizə etsinlər. Mühafizə edilir, ona axı arxeoloji qiymət verilməli, onlar qeydiyyata alınmalıdırlar. Təəssüf ki, bu gün belə bir təşəbbüs yoxdur, sabah necə olacaq bilinmir. Pipandan dağların o möhtəşəm mənzərəsini seyr edirik. Dağların önündə isə şəhərimizin, Tala, Car və Zilban kəndlərinin valehedici mənzərələri göz oxşayır. Təəssüf ki, buralarda turizmlə bağlı heç bir infrastruktur yoxdur və gələn qonaqlara bu mənzərələri göstərə bilmirik. Pipanın yuxarısında, meşənin içərisində Alban Qülləsi yerləşir. Biz bu gün ora getməyəcəyik. Yerli əhalinin Buxovli adlandırdığı və Monastrın yerləşdiyi dağın girəcəyində maşından düşürük. Bələdçimiz Hacı da bizi elə orada gözləyirdi.

Buxovlinin dərdi-səri

Sərlövhə deyəsən bir qədər mücərrəd oldu. Məncə, yox. Dağın, daşın da öz dərdi, öz qayğıları var. Buxovli dağının da qayğıları bitib-tükənmirdi. Bu dağ Gündoğan istiqamətədir, yəni Şərqə doğru. Dağa giriş əlçatandır. Ona görə də burada təbiəti, meşəni qorumaq bəzən heç mümkün olmurmuş. 90-cı illərdə dağlıq ərazilərdə saysız-hesabsız qırıntılar aparılıb. Bu qırıntı sonra da davam edirdi. Ərazidə yaşayan insanlar axırda dilə gəlirlər və dağa giriş-çıxış yollarını bağlayırlar. Onların bu hərəkəti ictimai əks-səda doğurur və meşə qırıntısına son qoyulur. Lakin qırıntıların fəsadı bu gün aydın duyulur. Yay aylarında içməli su çatışmazlığının birinci izahı budur. Meşə yolu tezliklə qurtarır. Biz artıq dağa çıxmağa başlamışıq. Hələ yolun başlanğıcında telefonuma yüklədiyim "Addımölçmə" proqramını işə salmışdım. Yolun nə qədər olduğunu bilmək istəyirdim. Gözəl dağ mənzərələrini seyr edə-edə irəliləyirdik. Hacı arada dağ macəralarından da danışırdı. Yolu birnəfəsə getmək mümkün olmadığı üçün 5-6 yerdə dincəldik. Zirvəyə doğru getdikcə gücümüz azalırdı, lakin yolu davam etməli idik. Onu da qeyd edim ki, Monastr heç də Buxovli dağının zirvəsində deyil, dağın zirvəsi bəlkə də dəniz səviyyəsindən 2000 metr yüksəklikdədir. Səfərə hazırlaşdığım vaxt GOOGLE-MAP-də baxmışdım. Abidə təqribən 800 metr yüksəklikdədir. Sadəcə olaraq biz dolanbac yollarla getdiyimizdən yol uzanırdı. Növbəti nəfəsdərmədən sonra Hacı dedi ki, abidəyə lap az qalıb. Belə hissləri təsvir etmək çətindir, onu yaşamaq lazımdır. Elə bu xəyalda idim ki, telefonum zəng çaldı. Konülsüz olaraq açdım, çünki fikirlərimi başqa işlərlə qarışdırmaq istəmirdim. QHT-lərə Dövlət Dəstəyi Şurasından idi. Sabah, yəni sentyabrın 3-də keçiriləcək videokonfransda iştirak etməyə dəvət edirdilər. Video konfransın işində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici Əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev iştirak edəcək, insan hüququqları və jurnalistika sahəsində çalışan QHT rəhbərlərini dinləyəcəkdir. İştirakımı təsdiqləyərək telefonu söndürmüşdüm ki, Hacının "abidəyə çatmışıq" dediyini eşitdim. Ayaqlarım yerə kilidləndi. Ətrafa baxmağa çalışdım. Cəngəlliyə oxşar bir mənzərə! Bu yer bir az tala şəklində idi. Açıq-aydın görünürdü ki, ətrafda yaxşıca qırıntı aparılıb. Gücləri çatmayan kötükləri elə yerindəcə tərgimişdilər. Yıxılan ağaclar, kol-kos, potala adlandırılan sarmaşıq və sair. Mən abidə adında bir şey görə bilmirdim. Bax, Buxovli dağının əsas dərdi səri də bu idi. Qoynundakı incini qoruya bilmirdi.

Abidə ilə üz-üzə

Mənim bu halımı görən yol yoldaşlarım təsəlli verməyə çalışdılar.

- Narahat olmayın, dəhrə götürmüşük, indi abidəni gücümüz çatan qədər təmisləyəcəyik.

Həqiqətən çox fədakar insanlardı. Mən abidənin qarşı tərəfində oturdum, Hacı və Abdurahman işə başladı. Onlar düz bir saat kimi çalışdılar. Gücləri çatan kimi abidəni kol-kosdan, sarmaşıqdan təmizlədilər. İş gördükcə Hacı mənə məlumatlar verirdi. Düzdür, onun verdiyi məlumatları güclü analiz etmək lazım gəlirdi, hər halda mənim istifadə edə biləcəyim ikinci bir mənbə olmadığından ona qulaq asmaq və deyilənlərin içərisindən həqiqi sandığıma istinad etmək lazım gəlirdi. Hacının dedikləri: "Mən uşaqlıqdan buralara gəlib-gedirəm. Abidə ilk dəfə 1992-1993-cü illərdə partladılıb. Gəlib gördük ki, abidəni pis vəziyyətə salıblar. Guya qızıl axtarıblar. Ondan sonra da birneçə dəfə qrup halında gələrək burada gah qazıntı aparıblar, gah da partladıblar. Abidə uzaqda yerləşdiyindən yerli insanlar vaxtında xəbər tuta bilməyiblər. Yoxsa biz qoymazdıq".

Abidənin kənarı ilə gəzmək mümkün deyil, yəni təhlükəlidir. Buradakılar tikilidir, ya abidədən uçub tökülən qalıqlardır, müəyyən etmək olmur. Çünki üzərləri qalın kolluqla örtülüdür. Bələdçi bildirir ki, onlar da tikililərdir, onların bəzilərində içəriyə doğru uzanan yollar var. Abidənin içərisi tam bir tədqiqat mövzusudur, istər memari baxımdan, istərsə də onun təyinatı istiqamətində Böyük bir salonu xatırladır. Ölçülərini götürürük: uzunluğu 15 metr, eni 9 metr, hündürlüyü isə 10 metrdir. Divarın eni 1 metr 20 santimetrdir. Bələdçi öz gördüklərinə əsasən deyir ki, Şimal divarın üst örtük hissəsində çoxsaylı küpşəkilli günbəzlər var. Bu günbəzlər ay şəklində divarboyukiçik ölçüdən böyük ölçüyə kimi dururdu. Onların hamısını dağıdıblar. Güman ediblər ki, içərisində qızıl var. Bu nadanlar düşünməyiblər ki, o abidənin özü elə bütövlükdə tarix ağırlığında bir qızıldır. Mənim günbəzlərin varlığına şübhə etdiyimi görən Bələdçi israr etdi ki, divarı qalxıb oranı bir müşahidə edək. Biz düz divar qalxmağa məcbur deyildik. Onsuz da sarmaşıq divarı elə hörmüşdü ki, ondan asanlıqla nərdivan əvəzi istifadə etmək olurdu. Mən Hacının böyük çətinliklə təmizlədiyi küpşəkilli günbəzi gözümlə gördüm və indi abidəni xəyalımda canlandırmağa çalışıram. 

Çıxış yolu - videokonfrans 

Onsuz da yazıya nöqtə qoya bilmərəm. Şəkillər çəkdim, video çəkdim, bacardığım bütün məlumatları götürməyə çalışdım və üzüntülü, iztirablı hisslərlə abidədən ayrıldım. "Addımölçənim" gedəndə 7717 addım göstərmişdi, bu, 5 kilometr yarım edir. Bu qədər də yolu geri gəldik. Beynim həddindən artıq dolu idi. Suallarımı hara ünvanlayım, bilmirdim. Videokonfransdan, orada Hikmət müəllimin iştirakından istifadə etməyi düşündüm və elə də etdim. Hər çıxışçıya 3 dəqiqəlik reqlament verilirdi. Ondan səmərəli istifadə etməli idim. Videokonfransın aparıcısı Azay Quliyev sağ olsun, dedi ki, qaldırdığın məsələ aktualdır, vaxtını artırırıq. 5 dəqiqəni həm bölgə mətbuatının indiyədək KİVDF ilə olan anlaşılmaz münasibətlərinə, həm də Şimal-Qərb bölgəsindəki Alban xristian abidələrinə olan laqeyd münasibətə həsr etdim. Alban Monastrında gördüklərimi birnəfəsə çatdırdım...

Bunların üst-üstə düşməsi bəlkə də təsadüf deyildi. Bəlkə bundan sonra bir iş görülər. Mənə deyildi ki, təkliflərini göndər. Elə də edəcəyəm. Məsələlərə vətəndaş münasibətimiz olmalıdır ki, onlar öz həllini tapsın.

Elmira MEHDİYEVA
Əməkdar Mədəniyyət İşçisi, Zaqatala rayonu 

 





17.09.2020    çap et  çap et