525.Az

Ana dilimizə Nəriman Nərimanov münasibəti - Məqalə


 

GÖRKƏMLİ ƏDİB VƏ İCTİMAİ-SİYASİ XADİMİN ƏSƏRLƏRİNDƏ ANA DİLİ MƏSƏLƏSİ "DƏRDLƏRİMİZİN ƏLACI" MÖVQEYİNƏ YÜKSƏLİB

Ana dilimizə Nəriman Nərimanov münasibəti - <b style="color:red">Məqalə </b>

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 fevral 2020-ci ildə görkəmli yazıçı-dramaturq, publisist, ictimai-xadim, maarifçi, tərcüməçi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi ilə bağlı Sərəncam imzaladı.

Sərəncamın icrası ilə bağlı təhsil və mədəniyyət müəssisələrində kütləvi tədbirlərin keçirilməsi Nəriman Nərimanovun çoxşaxəli irsinin hərtərəfli və dolğun şəkildə təhlilinə rəvac verməkdədir. Ana dilimizin böyük hamisi Ümummilli Lider Heydər Əliyev N.Nərimanovun elmi və ictimai-siyasi fəaliyyətinə qiymət verərkən qeyd edirdi ki, o, "öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir". Professor Yusif Seyidovun da dəyərləndirməsi maraq doğurur: "N.Nərimanov M.F.Axundovdan sonra, dilin ictimai əhəmiyyətini düzgün qiymətləndirən, dilin nəzəri və praktik məsələlərinə dərindən nüfuz edən, Azərbaycan ədəbi dilinin xalq dili üzərində formalaşması yollarını əsaslandırmağa çalışan ikinci ədib idi".

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan məktəblərində ana dilinin yüksək səviyyədə tədris olunması məsələsində Nəriman Nərimanov daima mübarizə aparmış və bu sahədə təqdirəlayiq xidmətlər göstərmişdi. O, həmin dövrün məşhur ziyalıları kimi bütün qüvvələrini anadilli məktəblərlə yanaşı, ana dilinin tədris səviyyəsini yüksəltməyə yönəltmişdi. Azərbaycan dilinin tədrisi sahəsində qarşıda duran hər iki mühüm problemin həllində böyük fəallıq nümayiş etdirmiş, dərs dediyi illərdə təlim-tərbiyənin, xüsusilə Ana dili təliminin bir sıra vacib məsələləri ilə yaxından tanış olmuşdu.

N.Nərimanovun pedaqoji fəaliyyətində diqqəti cəlb edən ən mühüm məsələlərdən biri ana dili dərsliyinin yazılması ilə bağlıdır. "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" və digər iki dərsliyi eyni tarixdə - 1899-cu ildə Bakıda çap olunub. O, başqa millətlərin, ələlxüsus da rusların dilimizə olan marağını nəzərə alaraq 55 səhifəlik "Türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça"sını ərsəyə gətirmişdi. Bu da ana dilimizin təbliği və onun yayılması, praktik olaraq öyrədilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir.

Rus və Azərbaycan dilində oxuyan şagirdlər üçün nəzərdə tutulan "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" adlı ilk dərsliyində müəllif öz məqsədini və  kitabın əhəmiyyətini belə xarakterizə edir: "Biz özümüzü türk-Azərbaycan tayfasından hesab edib ana dilimizə cüzi bir nəf gətirməkdən ötrü bu kitabçanı düzəltdik. Sərf və nəhv elmi çox çətin elmlərdən biridir və bu elmlə məşğul olan gərəkdir bir dilin barəsində yazanda o dili yaxşı bilmiş olsun; hərçənd biz türk dilini yaxşı bilmirik və hünərlər göstərməmişik, bununla belə qeyrətli, mərifətli əhli-qələm qardaşlarımızın köməkliyinə ümid bağlayıb özümüzə bu cürəti götürdük".

O, dilimizin ümumi qrammatik sistemini şagirdlərə öyrətməklə yanaşı, mənası çətin anlaşılan sözlərin də izahanı verir. Həmçinin onu da göstərir ki, "Bu zəmanədə mədəniyyətli millətlər çalışırlar ki, dillərini və yazılarını asana çıxartsınlar, çünki bir lisanın yazısı nə qədər asan olsa, o lisan o qədər tez yayılıb o dildə yazılan inşalar daha tez intişar tapar". Bəhs etdiyimiz bu əsərin "Müqəddimə" hissəsi daha da maraqlıdır. O, ana dili ilə bağlı qarşıda duran vəzifələri və əsərin yazılmasına rəvac verən bəzi dil problemlərinin olduğunu vətəndaş yanğısı ilə dilə gətirir. Əsasən vahid bir orfoqrafiya qaydalarının olmaması yazı zamanı nöqsanların yaranmasına, ədəbi dil normaların vahid prinsipinin olmamasına gətirib çıxarır. Müəllif yazır: "Bu axır zamanda mərifətli əhli-qələm qardaşlarımız tövrbətövr kitablar yazmağa məşğuldurlar, ancaq bu vaxtadək türk-Azərbaycan dilində bir qayda olmamağına görə hər kəs nə tövr istəyir, yazır. Qaydasız yazılan inşalar nə dilə, nə  millətə nəf gətirməz". "Nə qədər, ədibimiz varsa, bir o qədər də yazı qaydamız var" (C.Məmmədquluzadə) kimi ümummilli bəlaya düçar olan ziyalılarımızı fikir birliyinə dəvət edir.

N.Nərimanov Ana dilinin başqa dillərin təsirində əritmək istəyənlərə və digər dillərin əsarətində saxlamaq istəyənlərə qarşı üsyan edir və təəssüf hissi ilə, ürək yanğısı ilə vurğulayır ki, "O ana ki, sənə o dildə tərbiyə veribdir, sənə o dildə yaxşını yamandan tanıdıbdır, sənə o dildə layla deyibdir və axırda haman o dildə Allahını tanıdıbdır!"

Nəriman Nərimanov adlı şəxsin şəkli.

"Dərdlərimizin əlacı" adlı silsilə təşkil edən məqalələri onu ciddi və fədakar dilçi alim kimi, ana dilinin sistemli və ardıcıl tədqiqatçısı kimi keyfiyyətlərini xarakterizə etməyə zəmin yaradır. Doğma dilimizin saflığı uğrunda mübarizənin önündə gedən cəsarətli, vətənpərvər ziyalı N.Nərimanov dilçilik elmi sahəsində yazdığı qiymətli əsərlərində dəyərli fikirlər orta qoyub. O, əhalinin bütün təbəqələrinin ana dilində dünyəvi təhsilə yiyələnməyini lazım bilir və bu ideyanı qızğın müdafiə edirdi. Onun silsilə məqalələrində bu fikir aydın şəkildə özünü göstərirdi ki, bir millət özünü tanımayınca, hüququnu düşünə bilməz. Bu məqsədlə də ictimaiyyətə aşağıdakı sualları ünvanlayır: "İndi biz islama qulluq edən bir çox tayfalardan biriyik: məlum bir qanun altında yaşayıb, özümüzə türk deyib də xüsusi bir məslək dalınca getməliyikmi? Getməliyik desəniz, özümüzü gərəkdir tanıyaq. Fəqət tanımaq üçün nə lazımdır? Milli dil, milli məktəb, milli mətbuat və qeyri-şeylər deyilmi?" Milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat - bunları vəhdətdə görən ədib millətin gələcəyinin bu zəmin də formalaşmasını diqqətə çatdırırdı. O, ana dilinin varlığını millətin əsas atributu və varlığının əsas səbəbi hesab edir. N.Nərimanov həmçinin ədəbi dilimizin öz təbii inkişaf axarı və yolu canlı xalq dilinə əsaslanan istiqamətin aparıcı mövqeyini də bu məqalədə izah edirdi.

Nəriman Nərimanov ana dilimizə xor baxanlara qarşı mübarizə aparır və sərt mövqe nümayiş etdirirdi. O, Azərbaycan dilinin gələcəyinə inanırdı və arzularının həyata keçəcəyinə böyük ümidlər bəsləyirdi.

"Bəzi yoldaşlara cavab" məqaləsində türk dilinin geniş yayılmasının, idarələrdə işlənməsinin "bisavad, əzilmiş, avam" fəhlə və kəndlilərin məfkurəvi inkişafına, mədəniyyətinin yüksəlməsinə, dövlətin möhkəmlənməsinə, dünya mədəniyyətinə və həmrəyliyinə inteqrasiyasına faydalı təsirindən söz açaraq, sonda yazır: "Nəhayət, məsələyə hüquqi nöqteyi-nəzəricə də baxmaq olur. Türk dili Azərbaycanda dövlət dili elan olunmuşdur, ona binaən öz hüquq və imtiyazına təmamilə malik olmalıdır. Kimsənin onu ləğv etməyə nə haqqı, nə də cəsarəti ola bilər. Azərbaycan bəzi siyasi və iqtisadi şərait nöqteyi-nəzəricə öz torpağını və sərvətini güzəşt edə bilər. Fəqət öz dilindən imtina edə bilməz, kiməsə də yol verməz ki, bu dilin qiymətini Azərbaycanda əksiltsin. Qoy burasını türk dilinin əleyhinə çıxışda bulananlar bilsinlər".

N.Nərimanov ruspərəst şovinistlərin mövqeyinə qarşı öz mövqeyini belə izah edirdi: "Türk (azərbaycanlı) uşaqları tək Puşkini deyil, həm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk (azərbaycanlı) uşağı özünə doğma olan əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini, Xalq şairləri Vaqifin, Zakirin, Vidadinin şeirlərini biləndən sonra bunları bilməlidir". O, Azərbaycan dilinə ikinci planda baxan, rusdillinin təsirində əridən kommunistlərin mövqeyinin çar Nikolayın mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayaraq onları çəkinmədən şovinist adlandırmışdı.

Nəriman Nərimanovun "Həftə fəryadı" başlıqlı silsilə məqalələrində də dillə bağlı bir sıra məsələlərə nəzər yetirib, öz münasibətini bildirib. Ümummilli bəlaları, ələlxüsus da, dil məsələlərini müntəzəm olaraq qabardan ədib bu məsələni daima diqqətdə saxlayıb.



Nəriman Nərimanov 1906-cı ildə Bakı şəhərində keçirilən Müəllimlərin Qurultayının açılışı münasibətilə yazdığı təbrik məqaləsində Qafqazdakı "müsəlman balalarının" dərdlərinə çarə tapılacağını vətəndaş yanğısı ilə qeyd edir. O, "dərdlərimizin əlacı"nın Ana dilinin layiq olduğu mərtəbəyə yüksəlməsi sayəsində baş tutacağına əminliyini dilimizə verdiyi yüksək dəyərlə bu şəkildə izah edir: "Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyyati-qələbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə!".  Müəllif daha sonra oxucusuna belə bir sualla müraciət edir: "Nə əcəb bu vaxtadək böylə fikirlərə düşmürdük? Yoxsa ana dilimizi əhəmiyyətsiz, fəqir bir dil hesab edib etina etmirdik? Yox, əfəndim; firəng dili Avropada nə məqamı haiz isə, bizim də ana dilimiz Asiyada o məqamı haizdir. Lakin biz özümüz qədrini bilməyib guşeyi-nisyanə atıb ehmal etmişdik, bəli, "ehmal eimişdik" söyləyirəm, hürriyyət olmasa idi, dilimiz bu halətdən xilas olmayacaq idi, əsarətdən qurtulmayacaq idi.

Nəticə olaraq qeyd edək ki, Azərbaycan ədəbiyyatının, ictimai mühitinin qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynayan N.Nərimanovun doğma ana dilimizin qorunması, inkişafı istiqamətində də böyük, təqdirəlayiq xidmətləri var. Onun dilçilik görüşlərini araşdırarkən görürük ki, bir dilçi alim səriştəsi ilə doğma dilimizlə bağlı dəyərli fikirlər irəli sürüb və bu sahədə "dərdlərimizin əlacı"nın tapılması naminə ardıcıl şəkildə fəaliyyət göstərib.

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





17.09.2020    çap et  çap et