525.Az

İctimai fikirdə milli ideya və özünüdərk məsələləri - II məqalə


 

İctimai fikirdə milli ideya və özünüdərk məsələləri - <b style="color:red">II məqalə </b>

Ədəbi düşüncədə milli özünüdərk problemləri

Bir əsrdə iki dəfə müstəqilliyini qazanmış Azərbaycan xalqı buna qədər böyük bir milli özünüdərk prosesindən keçib. Zaman-zaman xalq bu mərhələlərdən keçərək milli özünüdərkin ən yüksək səviyyəsinə çatıb və dövlətçiliyini formalaşdırıb. XIX əsrin ortalarından xalqın ədəbi, bədii, mədəni fəaliyyət potensialı artaraq milli ideya ətrafında birləşib. Xalqın milli ideya ətrafında keçdiyi özünüdərk prosesi həm də ədəbi düşüncədə öz əksini tapıb.

Milli "mən" şüurunun formalaşması həm də ictimai fikri formalaşdıran milli mətbuatın yaranmasından və inkişaf xəttindən keçir; mətbuatın xalqın, millətin "görən gözü, eşidən qulağı, deyən dili" olduğunu nəzərə almış olsaq, uzun illərdi bədii düşüncədə yol gələrək gündən-günə formalaşmaqda olan bu şüurun mətbuatda konkretləşməsi və açıq müstəvidə formalaşması mərhələsi başlayır. Kökə, mənşəyə qayıdış, öz kökünü tanımaqdan başlayaraq toplumu, xalqı gələcək hadisələrə hazırlamaq, mövcud  şüurunu milli yöndə inkişaf etdirmək üçün bədii düşüncə ilə yanaşı, publisistikanın olması vacib amillərdən biri idi. Avropa xalqları bu yoldan keçmiş, millətləşmə prosesində milli mənlik şüurunun formalaşmasını əsas amillərdən hesab etmişdir.Milli mətbuatın ilk nümunələrində və satirik jurnallarda da şairlərin, yazıçıların çoxunun gizli imza ilə çıxış etməsinin səbəblərindən biri məhz milli dərketmə problemindən qaynaqlanırdı.

Bədii düşüncədən sonra ictimai fikir milli dərketməni yeni bir müstəviyə keçirir; ictimai-siyasi proseslər inkişaf etdikcə və həyatın ritmi artdıqca dünya ilə ayaqlaşma (müasirləşmə!) bu prosesi bir qədər də sürətləndirir. Xalqın oyanışında, problemlərinin qoyuluşunda mətbuat diskussiya meydanı kimi milli özünüdərkin yeni formalarını ortaya çıxarır. Özünün dövrü mətbuatını Avropa XVI, Rusiya XVIII, Qafqaz xalqlarından gürcülər və ermənilər XIX əsrdə yaratdığı və özü də bir neçə qəzetlə təmsil olunduğu halda, Azərbaycan xalqı yalnız 1875-ci ildə buna nail oldu.

"Əkinçi" qəzeti bütün sahələrdə yeniliyi təbliğ edir, yeni ictimai şüur formalaşdırmağa çalışırdı. H.Zərdabi yaxşı başa düşürdü ki, xalqın ictimai şüurunun, milli mənlik düşüncəsinin formalaşdırılması, hər şeydən əvvəl, mədəni səviyyəsini yüksəltməkdən, onu maarifləndirməkdən keçir. İstər xəbərlərdə, istərsə məktubat bölmələrində mədəni səviyyə ilə bağlı müxtəlif materiallar verilirdi.                         

"Əkinçi"nin toxunduğu məsələlərdən biri də dil problemi idi; buna görə də qəzetin dili sadə və anlaşıqlı idi. Bəzən hər hansı bir məqalədə molla məktəbləri və mədrəsələrdə keçilən fars dilinə qarşı çıxılırdı. Bunun əvəzində üsuli-cədid məktəbləri açmağı və orada ana dilində tədrisi məsləhət görürdü. Bəzən isə açıq şəkildə bizi gözlyən təhlükədən danışaraq deyirdi ki, istəyirsinizsə Azərbaycan milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, ona dil verin, azərbaycanlılar öz dillərini itiriblər. Sizin sözlərinizi onlar anlamırlar. Onların dilini tapın, verin, onlar yazsın, qabağa getsin, məktəblər bina edib, öz dillərində elm təhsil etsin.

"Əkinçi"də yeniləşmə kontekstində azadlıq və sərbəstlik məsələləri ilə bağlı fikir də formalaşdırılırdı. Bir çox məqalələrdə ictimai-siyasi həyatı təhlil edərkən Avropa həyat formalarını təqdir edir və Rusiyanın da son zamanlar bu yolu tutduğunu göstərirdi. Əslində Ə.Hüseynzadənin sonralar "Həyat" qəzetində qoyduğu avropalaşmaq məsələsinin ilk rüşeymlərinin də burada atıldığını söyləmək mümkündür. Qərb-Şərq kontekstinin müqayisəsi zamanı Qərbi üstün tutmaq meyli sadəcə sözlə deyilmir, faktlarla təsdiq edilirdi. Bunu qəzetin özü də yazırdı. "Əkinçi" qəzetinin 9  iyun 1877-ci il sayının "Daxiliyyə" bölümündə "neçə dəfə Avropa tayfalarının, yəni Məğrib-zəminin bizim tayfalardan, yəni Məşriq əhlindən artıcaq tərəqqi etməyindən və onun səbəblərindən danışmışıq, - deyə bir daha bu məsələyə toxunulurdu. Publisist burada tərəqqinin səbəbini azadlıqda axtararaq vaxtilə azadlıqdan bixəbər olan Avropa əhlinin geridə qaldığını, ancaq azadlıq əldə etdikdən sonra tərəqqi etdiyini qeyd edərək yazırdı: "Əgərçi bizim şəriətimizə görə qul azad etmək çox böyük savabdır, amma biz bu barədə həm işi gec qanmışıq,satınalma qulu azad etməyi savab hesab edə-edə, biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyil?

Bəli, biz hamımız quluq və buna səbəb bizim ata-baba adətləridir. Xülasə, Məşriq-zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa,  biz tərəqqi etməyəcəyik və edə bilmərik".

"Əkinçi" təcrübəsindən sonra milli mətbuat mühitində 1879-1880-ci ildə "Ziya" ("Ziyayi-Qafqaziyyə") qəzeti əvvəlcə Tiflisdə (cəmi 76 asyı) və 1883-84-cü illərdə Şamaxıda (cəmi 183 sayı) çapdan çıxmışdır. Qəzetdə dövlət xəbərləri, beynəlxalq agentliklərin elanları, xarici xəbərlər, daxili xəbərlər, yerli xəbərlər, felyetonlar bölümləri əhatə olunurdu.Qəzet dövrün aktual problemlərinə toxunur, "Əkinçi"dən başlanan bəzi dini diskussiyaları davam etdirirdi. Dövrün siyasi rejiminin və dövlət quruluşunun doğurduğu ictimai ziddiyyətlərə aydınlıq gətirir, sosial-mədəni problemlər təhlil edilir, xalqın həyat tərzinə aid materiallar dərc edilirdi. "Telefonoqramlar", "Məmləkət əhvalatı", "Paytaxt qəzetələrinin təzə xəbərləri", "Elan" və b. başlıqlar altında verilən xəbərlər və təhlillər oxucunu məlumatlandırmağa yönəlmişdi. "Rusiya vedemosti" qəzetinin 296-cı sayına istinad edərək, bahar fəsli təzədən rus qoşununun Axaltəkə tərəkəmələrinin (türklərinin) üstünə yürüş etməsi haqqında verdiyi xəbər əhəmiyyətli idi. Ümumiyyətlə,paytaxt qəzetlərinin təzə xəbərlərinin ətraflı verilməsi dünya hadisələrindən maraqlı məlumatlar əldə edilməsi üçün imkan yaradırdı.

"Ziya"dan sonra "Kəşkül"ün ilk sayı 1883-cü ilin yanvarında çıxmış və sələfinin yolunu davam etdirmişdir. Dərginin redaktoru Cəlal Ünsizadənin proqram xarakterli məqaləsində xalq yolunu tutacağı, xalqa bağlı olacağı bildirilir və "Məcmuəmizin dili və əsil ibarəsi məmləkətimizin müsəlmanlarının məfhumu olan türki-Azərbaycan dilindən ibarət olacaqdır",-deyə xəbər verirdi. Əgər "Əkinçi" də türk sözü cəmi bir neçə yerdə işlənmişdisə, "Kəşkül"də "vətən", "Azərbaycan", "Azərbaycan dili", "türki" kimi ifadələr yerində işlədilərək oxucularda milli kimlik şüurunu formalaşdırırdı.

"Kəşkül"də çap olunan felyetonlar məsələnin qoyuluşu və ona yanaşma baxımından daha mütərəqqi mövqe tutur. "Kəşkül" dövrün bir sıra aktual məsələlərinə, beynəlxalq hadisələrə də toxunur, bu səpkidə məqalələr dərc edirdi. İlk sayında İngiltərənin və çarizmin Orta Asiyada apardığı müstəmləkəçilik siyasəti, Şeyx Şamilin rəhbərliyi altında aparılan milli azadlıq hərəkatı barədə oxucuya məlumat verirdi. Cəmiyyətin həyatında baş verən dəyişiklikləri "Kəşkül" vaxtında əks etdirməyə çalışır, kapitalizmin meydana gəlməsi prosesində milli hərəkatın təzahürlərini mümkün qədər əks etdirirdi. Ziyalıların şüurunda "Azərbaycan milləti" məfhumunun oyanması bu dövrə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, "din" və "millət" məfhumları ayrı-ayrı şeylərdir. "Kəşkül" qəzeti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstərmiş və ictimai-siyasi şüurun inkişafına kömək etmişdir. İlk dəfə bu dərgidə xalqın milli kimliyi ilə bağlı müzakirə açılır. "Avam gəzmək, yuxu yatmaqmı?" məqaləsində Tiflis vağzalında bir xarici ilə bir müsəlmanın dialoqu verilir. Bu dialoqda din ilə dilin ayrı-ayrı nəsnə olması aydınlaşdırılır.Qəzetdə ilk dəfə olaraq milli kimlik məsələsi dialoq şəklində qoyulur. "Kəşkül"ün açdığı bu müzakirə sonralar digər mətbuat orqanlarında bu və ya digər şəkildə qoyulmuş, milli kimlik və özünüdərketmənin əsas yollarından biri olmuşdur.

"Bir şəxs" imzası ilə verilmiş "Ana dilimiz" məqaləsi də "Avam olmaqmı, yuxu yatmaqmı?" felyetonu ilə səsləşirdi. Burada dil problemi qoyulur və göstərilir ki, "öz millətini əbədi saxlamaq istəyənlər öz ana dillərini saxlamağa çalışmalıdırlar və o dildə elm və fünuni övladi-millətə verməlidirlər". Çünki ana dilini yaxşı bilməyən, onun ləyaqətini qiymətləndirməyən adam başqa dilləri heç cür qiymətləndirə bilməz. İnsan öz dilindən başqa neçə dil bilmiş olursa, o qədər də qədrini artırır. Ancaq ana dilini bilməyin vacibliyini də unutmağın düzgün olmadığını öz oxucusuna təlqin edirdi.

"Kəşkül" dərgisinin milli ideya baxımından "Əkinçi" yolunu davam etdirdiyi daha aydın görünür. Bu ənənə çar senzurasının da diqqətini cəlb etmiş, təqiblərə məruz qoymuşdu. Bu səbəbdən də dərginin səhifələrində "Kəşkül" vəqti-müəyyəndə çıxmadı" ifadəsinə tez-tez rast gəlinir. Burada dil, ədəbiyyat, maarif və s. məsələlərə dair nəzəri və publisist məqalələr, orijinal bədii əsərlər, rus, Avropa və Şərq ədəbiyyatından tərcümələrə də yer verilirdi. Dərgidə A.Bakıxanovun "Təhzibül əxlaq" əsəri, M.F.Axundzadənin həyat və yaradıcılığı geniş işıqlandırılmışdı. Onun tərcümeyi-halı ilk dəfə burada getmiş, komediyalarının xarici dillərə tərcümə olunması və onların Avropada şöhrət qazanması, həmçinin komediyalarının tamaşaya qoyulması barədə oxuculara mütəmadi məlumat verilmişdir. Bundan başqa, qəzetdə Seyid Əzim Şirvani, eləcə də rus şairləri və onların yaradıcılığı haqqında da məqalə dərc olunması ədəbiyyat məsələlərinə xüsusi yer ayırdığını göstərirdi.

"Kaspi"nin Azərbaycan milli şüurunun, özünüdərk prosesinin formalaşmasındakı rolunu iki mərhələyə bölmək olar; birinci mərhələ, qəzetə rus redaktorlarının rəhbərlik etdiyi dövr; ikinci mərhələ isə, Ə.Topçubaşovun rəhbərliyi dövrüdür. 1881-ci ildən qəzetin ilk redaktoru Kuzmindən başlayaraq Y.Starsev, N.Svinkin, P.Qardiyevski, Y.Baldreva, Sokolinski, K.Karyaginə qədər qəzetdə gedən materiallar bütünlüklə xalqın milli ictimai şüurunun formalaşmasına yönəlməsə də, yeganə mətbuat orqanı kimi Azərbaycan ziyalılarının çıxış etdiyi qəzetlərdən biri olur. Bu dövrdə H.Zərdabi, M.Şahtaxtlı, M.Topçubaşov, N.Nərimanov, Ə.Ağayev, F.Köçərli, M.Mahmudbəyov kimi ziyalılar qəzetdə müxtəlif mövzulu məqalələrlə çıxış edir, milli məsələ olmasa da, xalqın mədəni, iqtisadi, sosial problemlərini qaldırmağa nail olurdular.

Xalqın milli özünüdərkində M.Şahtaxtlının rolunu ayrıca qeyd etmək lazım gəlir. Həm də ona görə ki, adı getməsə də, bir müddət bu qəzetə redaktorluq etmişdir.Onun "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı" məqaləsi türkçülük baxımından olduqca əhəmiyyətlidir. Məlumdur ki, bu dövrdə Azərbaycan xalqı işğalçı tərəfindən tatar adlandırılırdı. M.Şahtaxtlı məhz rusdilli mətbuatda xalqın "tatar" adlandırılmasına qarşı çıxır və onun necə adlandırılması haqqında mübahisə açırdı. O yazırdı: "Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onun dilini isə Azərbaycan dili adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsinin İranla Rusiyanın payına düşmüş Aderbeydjan (Azerbaycan) mahalı indiki Zaqafqaziyadır, əhalisi isə türk xalqıdır. Onları həm Şərq yazıçıları, eləcə də Avropa coğrafiyaçıları və etnoqrafları başqa adla yox, Azərbaycan türkləri adlandırırlar...

Zaqafqaziya müsəlmanlarının danışıq dili tatar dili deyil, türk dilidir ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və Azərbaycan türkcələri. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili deyil, Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı" ("Kaspiy", 1891, 1 may).

Bununla yanaşı, "Kaspi"nin auditoriyası rusdilli oxuculara yönəldiyindən Azərbaycan əhalisinin milli ictimai şüurunun formalaşmasında payı az olurdu. Üstəlik senzuranın qəzet üzərindəki kəskin nəzarəti milli ruhlu məqalələrin getməsini əngəlləyirdi. Həm də qəzet xalq kütlələrinə gedib çatmır, yalnız bir qisim ziyalı arasında yayılırdı. Bu isə xalqın milli özünüdərkində əsaslı rol oynamırdı. Xalqın milli dərki prosesində onun danışdığı qəzetin yaranması əsas məsələlərdən biri idi. Görünür, buna görə N.Nərimanov "Əliqələmli müsəlman ziyalıları haqqında bir neçə söz" məqaləsində Azərbaycan ziyalılarının Cənubi Qafqazda rus dilində çıxan qəzetlərdə çap etdirdiyi məqalələrə münasibət bildirirdi. Müəllif bu məqalələri müsbət qiymətləndirsə də xalqın milli özünüdərkində yetərli hesab etməyərək yazırdı: "...bu məqalələrin müəllifləri mədəni cəhətdən geridə qalmış öz həmməzhəblərinə müəyyən bir xeyir vermək istəyirlər; onlar var qüvvələri ilə avam camaatı cəhalət girdabından xilas edib həqiqət yoluna salmağa çalışırlar. Lakin əfsus! Bu ağaların zəhməti xidmət etdikləri və onların gözündə cahil və dərrakəsiz görünən bir cəmiyyətə, çətin ki, azacıq bir xeyir verəcəkdir" ("Kaspiy", 1896, 1 fevral).

N.Nərimanovun rus dilində yazan milli müəllifləri öz dilində qəzet çıxarmağa və bu dildə yazmağa səsləməsinin səbəbləri çoxdur. Lakin bir əsas səbəb ondan ibarətdir ki, mədəni cəhətdən geridə qalmış xalqa onun dilində qəzet lazım idi. Yalnız o zaman Azərbaycan ziyalılarının gördüyü işin qiyməti ola bilərdi. Bu yanaşma digər Azərbaycan ziyalılarının elə "Kaspi"də dərc edilən məqalələrində də vurğulanırdı. Əlbəttə, bu fikri "Kaspi" qəzetinin bütün dövrləri üçün demək o qədər də doğru olmazdı. Çünki bu qəzetin rus redaktorlarının rəhbərlik etdiyi dövrlə Azərbaycan ziyalılarının rəhbərlik etdiyi dövr arasında fərqlər olduqca böyük idi. İkinci tərəfdən, anadilli mətbuat orqanları nəşr edildikdən sonra "Kaspi"nin istiqaməti də bir qədər dəyişmiş olur. Xalqın milli özünüdərk prosesinin formalaşmasında anadilli qəzetlərlə yanaşı, "Kaspi" qəzeti də müəyyən rol oynayır. Bu rol azərbaycanlı baş redaktorların dövründə daha da artır, sistemli xarakter daşıyır. XX əsrin əvvəllərindən başlayaraq qəzetin bu istiqamətindəki rolu rusdilli tribunaya üz tutması ilə daha da artır.                Ə.Topçubaşov qəzetdə yalnız milli məsələlərə önəm vermirdi, həm də Rusiyanın müxtəlif bölgələrində yaşayan bütün müsəlman əhalisi haqqında xəbərlər və materiallar dərc etməyi qarşısına məqsəd qoymuşdu. Bu məqsəd Ə.Topçubaşovun fəaliyyətində də özünü göstərir. O, Rusiya Dövlət Dumasının ən böyük fraksiyalarından birinə-Müsəlman fraksiyasına sədrlik edirdi. "Kaspi" qəzeti uzun müddət Rusiya müsəlmanlarının yeganə rusdilli qəzeti rolunu oynamışdır ki, bu da müsəlmanların milli kimliyini və mübarizəsini əks etdirmək baxımından olduqca əhəmiyyətlidir. "Azadlıq hərəkatında müsəlmanlar", "Müsəlmanların dirçəliş dövrü", "Millətlərin barışdırılması", "Tatar-Azərbaycan dilində qəzet çıxarmağın vacibliyi" və sair məqalələrində bir publisist kimi xalqın formalaşmasında, mədəni, siyasi tərəqqisində yeni yollar arayırdı. Milli mədəni sahədəki bu məqalələri XX əsrin əvvəllərindən siyasi xarakter almağa başlayır və xalqın siyasi düşüncəsini inkişaf etdirirdi. Əgər Ə.Topçubaşovun redaktor olmasına qədər ayrı-ayrı ziyalıların pərakəndə dərc edilən məqalələrində milli ictimai şüurun formalaşması yönündə fikirlər yox dərəcəsində idisə, onun redaktorluq etdiyi dövrdən bu prosesə start verilmiş oldu. H.Zərdabi, M.Şahtaxtlı, C.Hacıbəyli, Ə.Ağayev, M.Mahmudbəyov, N.Nərimanov, F.Köçərli, N.Vəzirov, H.Minasazov, Ü.Hacıbəyli, Z.Sultanov, Ö.F.Nemanzadə, R.Əfəndiyev, M.Sidqi, S.M.Qənizadə, H.Vəzirov və b. məqalələrində milli maarif, məktəb, mətbuat məsələlərinə toxunulur, xalqın keçmişi və bugünü haqqında problematik məsələlərə münasibət bildirilirdi. H.Zərdabinin məqalələrində xalqın siyasi, iqtisadi vəziyyəti dəyərləndirilirdi.

"Kaspi" qəzetində ardıcıl çıxış edən müəlliflərdən biri Ə.Ağayevin məqalələri ictimai-siyasi məzmunu ilə fərqlənirdi. Bu məqalələrdə Qərbin və Şərqin müxtəlif problemləri, eləcə də ictimai-siyasi məsələləri işıqlandırılırdı. "Misir və ingilislər", "Müsəlman aləmində qadın təhsili", "Müsəlman alimləri və onların elm sahəsinə verdikləri töhfələr", "Müsəlmanların nəzərinə" və s. onlarla məqalələrində islamın "qızıl dövrü" üçün xarakterik olan ictimai fəallığa və axtarışa çağırır. Ə.Ağayevin "Kaspi"də çap olunan "Raskolnikovlar və Kərəmlər" məqaləsi özünün milli ruhu, kəsərliliyi ilə diqqəti cəlb edir. Bu məqalənin çap olunma səbəbi publisistin ictimai şüurda milli özünüdərk probleminə nə qədər önəm verdiyini göstərir. Onun "Kaspi"də dərc edilən məqalələrində ("Müsəlman qadınının emansipasiyasına dair", "Zəkat və xüms", "Müsəlman dünyasında qadın təhsili" və s.) islam maarifinə aid fikirlərə də yer verilir. Ə.Ağayev islam və qadınla bağlı məqalələrində islamda qadına geniş hüquqlar verildiyini müdafiə edərək "Məhəmməd beləliklə qadının əxlaqi əhəmiyyətini yüksəldərək, ona elə geniş hüquqlar verir ki, bəzi müasir qanunvericilər, məsələn, fransız qanunvericiləri bunları fikirlərinə belə gətirə bilmirlər",-deyə əsl islamın mahiyyətini anladırdı. Bütün bunlarla yanaşı, islam dünyasının gələcəyini tərəqqidə görür, "ruhən, cismən əzilmiş, şikəst edilmiş" toplumun inkişafı üçün yollar düşünürdü. "Yuxu və ölüm" məqaləsində müsəlmanlara müraciət edərək onları oyanmağa çağırır: "Oyanın, oyanın, ey qəflət yuxusunda uyuyanlar! İndi yatıb xülyalara dalmaq vaxtı deyil, indi tələsmək, hərəkətə gəlmək vaxtıdır, bu acı həqiqəti biz müsəlmanlar nəhayət ki, dərk etməliyik" ("Kaspiy", 1904, 5 sentyabr).

Məqalələrinin böyük bir qismi xalqın milli ictimai-siyasi, ədəbi, dini, islami düşüncəsinə həsr olunmuşdu. Bu məqalələrində yalnız azərbaycanlıları deyil, Rusiyada yaşayan bütün türk-müsəlman xalqlarını müdafiə edirdi. Bu cəhətdən "Müsəlman xalqlarının vəziyyəti" adlı silsilə məqalələri milli özünüdərk kontekstində əhəmiyyətli yer tutur. Burada publisist islam və onun tarixi haqqında fikirlərini arqumentlərlə əsaslandırırdı. Bu məqalələrinə görə, bəzən onu islamçı kimi də qələmə verməyə çalışmışlar.

"Kaspi" qəzetinin milli özünüdərk yolunda rolu XX əsrin əvvəllərində bir qədər də artır. Bu zaman Qafqazda erməni terroru başlamışdı. Ona görə də çoxsaylı erməni qəzetlərinə rusdilli "Kaspi"də cavab vermək ehtiyacı yaranmşdı. Belə vaxtlarda materialların rus dilində yayılması onun əhatə dairəsini daha da genişləndirirdi. Qəzet öz səhifələrində "Daşnaksütyun" partiyasının milli nifaq siyasətini pisləməklə kifayətlənmir, baş verən terror hadisələri haqqında materiallar da dərc edirdi. "Kaspi" qəzeti bu tendensiyanı axıradək gözləmişdir. 1917-1918-ci il hadisələrini obyektiv şəkildə öz səhifələrində əks etdirərək informasiya blokadasını aradan qaldırmağa çalışırdı. Görünür, buna görə də mart qırğını hadisələrində ermənilər "Açıq söz" qəzeti ilə yanaşı, "Kaspi" qəzetini də unutmamış, hər iki redaksiyanı od vurub yandırmışdılar.

Beləliklə, XIX əsrin sonlarında mətbuatın Azərbaycan xalqının milli ictimai şüurunun formalaşmasında özünəməxsus yeri olduğunu görürük. Bu proses xüsusilə H.Zərdabi, Ə.Gorani, C.Ünsizadə, M.Şahtaxtlı, Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, N.Nərimanov, Ü.Hacıbəyov kimi publisistlərin yaradıcılığında özünü qabarıq şəkildə göstərir. Yeni əsrdə bir çox mətbuat orqanlarının yaranması ilə xalqın ictimai-siyasi, milli şüurunu formalaşdırır.

 





17.09.2020    çap et  çap et