525.Az

Azərbaycan yazıçılarını kim harda gizlədib? - Yusif Yusifzadənin yazısı


 

Azərbaycan yazıçılarını kim harda gizlədib? - <b style="color:red">Yusif Yusifzadənin yazısı </b>

Keçən il Azərbaycan Dillər Universitetinin magistrantı oldum. Bu bəlalı bir il mənim həyatımın ən gözəl illərindən oldu. Xahiş edirəm, qəzəblənməyin. Mən yaradıcılıq nöqteyi-nəzərindən yanaşdım. Nə isə, 2020 adlı bu qarabasma haqqında zəhlətökən bir tərif kifayət edər. İkinci, üçüncü və sair təriflər üçün heç məndə də material yoxdu. Əlqərəz, uğurlu il sayıram bu ili.

Bunları niyə qeyd elədim, özü də başlayan kimi? Ona görə ki, yazıdakı xırda-para hadisələr hamısı bu il baş verib. Keçirəm məğzə. Azərbaycan Dillər Universitetində maraqlı bir fakültə var. Bu fakültəni siz Azərbaycanın hələm-hələm digər universitetlərində, onların qaranlıq koridorlarında görə bilməzsiz. Heç bizim universitetdə də görünən yerdə deyil: dördüncü mərtəbədə, koridorun ən sonunda, adı - Yaradıcılıq fakültəsi.

Keçən  qış Yaradıcılıq fakültəsinin yazıçılarla görüşlərinin birinə "levi" yolla "sızdım". Necə qaçıra bilərdim axı, sevimli yazıçım Şərif Ağayar gəlmişdi. Bu görüşdən təqribi bir həftə əvvəl Bakı Slavyan Universitetində onunla görüşdən xəbər tutub ora yollansam da, məni içəri buraxmamışdılar. Bu səbəbdən daha da arzulu idim.

Ön sırada əyləşib Şərif Ağayar və Qismət Rüstəmovun ədəbiyyat haqqındakı bənzərsiz fikirlərinə qulaq asırdım, əlimdə də "Yapon Ədəbiyyatı Antologiyası". Gözəl bir ədəbi atmosfer idi.

Hələ mövzuya çox yaxınlaşa bilməmişəm? Bunu mən də hiss elədim, indi hazır olun bu yazının yazılmasına səbəb olan cümlə gəlir. Özü də müəllifinin dilindən vasitəsiz nitqlə.

Şərif Ağayar: - Azərbaycanlı oxucunu mən qınamıram ki, o niyə oxumur? Axı, bu adam həyatının hansı döngəsində bədii ədəbiyyatla qarşılaşıb?!

Dank! Elə bil kimsə başımın arxasına bir şillə ilişdirdi. (Məktəbdə mənlə belə şit zarafat edən məzmunsuz sinif yoldaşımı xatırladım.) Axı bunu bu vaxta qədər niyə fikirləşə bilməmişəm. Bu eşitdiyim cümlə məni bərk silkələdi. Bəli, axı, azərbaycanlı oxucu harda bədii ədəbiyyatla qarşılaşıb? Evdə, məktəbdə, universitetdə, hərbi xidmətdə? Yoxsa evlənəndə? Axı harda? Sıravi bir azərbaycanlı çox zaman bədii ədəbiyyatla rastlaşmadan ölür. Yerli yazıçılar qalsın bir qırağa hələ. Ya da qalmasın. Mən bu yazıda "yoxa çıxan" yerli yazıçılardan yazmalıyam.

Niyə uzağa gedirik, götürək elə mənim özümü. Ədəbiyyatın təkcə məktəbdə tədris olunan fənn olmadığını biləndə bığlı-saqqalı kişi idim. Onuncu sinifdə oxuyurdum. O vaxt qədər mən bilmirdim ki, kitabxana, kitab evi nədi. Bir təsadüf nəticəsində bu döngədə mən bədii ədəbiyyatla qarşılaşmışdım. Hərbi xidmətdə hələ olmamışam, evli də deyiləm deyə, bu iki döngədə ədəbiyyatın olub-olmadığından xəbərsizəm (Niyə təəccüblənirsiz, əziz oxucu, məgər bu ölkədə azmı qeyri-adilik görmüsən?). Amma digər üç yerdə olduğumdan dəqiq deyirəm ki, oralarda bədii ədəbiyyat yoxdur.

Görüşdə eşitdiyim cümlənin təsirindən ayılmamış, daha bir, amma bu dəfə ümidverici cümlə eşitdim. Yenə Şərif Ağayar: "Kitab sənayesi qurmaq lazımdır".

Nə, sənaye? Gözümün önündə buxar maşınları, binalar, dəmir konstruksiyalar canlandı. Bir də ilinə 28 milyon avro alan Kriştiano Ronaldo dişlərini ağartdı, sonra hamısı yoxa çıxdı.

Görüş bitdi. Dərs başladı, dərs qurtardı, evə gəldim.

Uzun-uzun düşünməyə başladım. Mən hansı yerli yazıçıların kitabını almışam bu günə kimi? Əlimi köhnə kitab rəfimə atdım. İlahi, rəfimin 90 faizi xarici ədəbiyyat imiş. Bəs günahkar tək mənəm? Yox! Günahkar bu vaxta qədər kitab sənayemizi qura bilməyənlərdir!

Hesab edirəm ki, ölkəmizdə ədəbiyyatla məşğul olan hər hansı bir şəxs - yazıçı, şair, tənqidçi... könüllü şəkildə bu işi görür və onların yazdıqları kitabların hardasa nəşriyyat depolarında yığılıb qalması, yekunda da endirimli yarmarkalarda qəfildən peyda olması, ən mədəni halda, haqsızlıqdır.

Elə bu yaxınlarda "Qanun" Nəşriyyatının 1, 2, 3, 5 manatlıq kitablar yarmarkasında yerli yazıçıların kitablarını tapdım, hərəsindən birini aldım. İnanın, zövqlə oxudum hər birini (siyahı ilə nəşriyyatın saytında tanış ola bilərsiz). Bizim yazıçılar ölkəmizdə bəh-bəhlə oxunan dünya yazıçılarının bir çoxundan heç nə ilə geri qalmırlar. Sadəcə onları gizlətdikləri yerdən tapıb çıxarmalıyıq. Bu isə asan məsələ deyil.

Təbii ki, yazıçılıq, şairlik dəbdəbə yaraşan peşələr deyil. Amma bu daha o demək deyil ki, yazıçılar, şairlər görünməz olmalıdırlar.

Yuxarıda yazdıqlarım və ya bu yazının bütünü həm mütaliə etməyən, həm də ancaq dünya ədəbiyyatını mütaliə edən insanlarımıza, oxuculara aiddir. Madam ki, qeyd elədim, məcburən ancaq dünya ədəbiyyatını mütaliə edən "elit oxucular" haqqında da nəsə yazmalıyam.

Bilmirəm, bu haqda bilirsiz, yoxsa yox, amma hər yeni il ərəfəsi Feysbukun məşhur "Kitabsevərlər" qrupunda "Bu il oxuduqlarım" heşteqi və ya başlığı ilə, istifadəçilər oxuduqları kitabların siyahısını paylaşırlar. Paylaşılan siyahıların 90 faizi, mənim köhnə rəfim kimi, xarici ədəbiyyatlarla doludur. Mən o oxucu kütləsini qətiyyən qınamıram, nə olsun ki, dırnaq içində vermişəm adlarını və onlara baxıb deyirəm:

- Yerli oxucu var, yerli yazıçı da var, sadəcə onları görüşdürmək lazımdır.

Əslində xalqımız adam tanımağa, məşhur eləməyə hər an hazırdır. Xalqın bir nümayəndəsi mən: "Gəldimee gəldim Mikayıl"ı tanıyıram, özü də heç bir səbəb yox ikən, amma tanımadığım xeyli yazıçı var. Yerli yazıçıları da şairləri də oxuculara bir neçə dəfə göstərmək lazımdır, kitabları ilə birgə.

Çox uzatmayım, ümid edirəm, yerli oxucular və yerli yazıçılar tez bir zamanda qovuşub, xoş günlərə çıxarlar.

 





17.09.2020    çap et  çap et