525.Az

Fatih Terim: "Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq"


 

Fatih Terim: "Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq"<b style="color:red"></b>

“Oyuna nəzarət bizdə oldu. Xüsusən də, ilk yarıda yaxşı başlanğıc etdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçirilən oyundan sonra deyib.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada 3:1 hesablı qələbə qazanan Türkiyə təmsilçisi növbəti mərhələdə Xorvatiya “Hayduk”una rəqib olub.

Oyunsonrası mətbuat konfransında Terimin qalibiyyət şərhi belə olub: “Erkən qol və üstün oyun səbəbindən arxayınlıq yarana bilərdi. Çünki həftəsonu çempionat oyunumuz var. Xeyli qol epizodumuz oldu. Mən futbolçularımdan məmnun qaldım”.

- Bu gün gözlənilən "11-lik" olmadı. Bu nə ilə bağlı idi?

- 3 dəyişiklik haqqımız var. 4 nəfərə də istirahət verdik. Bəzilərinin oynamasına ehtiyac var idi. 6-7 futbolçumuz nisbətən istirahət etmiş oldu. Bu gün doğru rotasiya oldu. Digər oyunçuların da nə qədər hazır olduğunu gördük. Əsas odur ki, evə qələbə ilə yollanırıq və heç kim ağır zədə almadı. Bu dəyişikliklər tez-tez olacaq. Sabah tezdən İstanbula çatacağıq. İki məşqdən sonra bazar günü oyuna çıxacağıq. Bu üzdən dəyişikliklərə ehtiyacımız var.

- "Neftçi" barədə nə deyə bilərsiniz?

- "Neftçi" yaxşı komandadır. Bizə yüksək tempdə cavab verdilər. Bizim onlardan daha yaxşı olmağımız normal haldır. Bu gün uduzmağımız sürpriz olardı. "Neftçi"yə uğurlar arzulayıram.

- Azərbaycanın qonaqpərvərliyi və baş məşqçi kimi 500-cü oyununuz barədə nə deyə bilərsiniz?

- Azərbaycana təşəkkür edirəm. Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq. Onlar bizim qardaşımızdır. Bu gün 500-cü oyunum idi. Bunu sözlərlə ifadə etmək çox çətindir. Yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokuboklarda da 100-cü qələbədir. Danışanda asan gələ bilər, amma bu rəqəmlər asan başa gəlmədi.

- Hesabı açdıqdan sonra tempi saldınız. "Neftçi"nin qolu sizi oyatdı?

- Bəli, ikinci hissənin əvvəlində standart vəziyyətdən buraxdığımız qol bizi oyada bilər. 1:0 davam etsəydi, bəlkə belə olmazdı. Bu uzun yolda ilk hədəfimiz qələbə qazanmaq idi. Buna nail olduq. Bəzən qol komandanı yuxudan oyada bilər. İkinci qolu tez vurmağımız da oyunun qırılmasına səbəb oldu.

- "Neftçi"nin bir neçə oyunçusunu bəyəndiyinizi demişdiniz. Bu gün onlara kimisə əlavə edə bilərsiniz?

- Bu gün öz komandama konsentrasiya olmuşdum. "Neftçi"dən kimisə görməyə halım yox idi.

- Jesse Sekidika vaxtilə "Neftçi"də baxışda olub bəyənilməyib. Onu hansı xüsusiyyətinə görə bəyənmisiniz?

- Biz onu bəyəndik, belə şeylər olur. Gənc oyunçular üçün erkən qərar verməmək lazımdır. Çünki qısa müddətdə inkişaf edə bilər. İnşallah, daha yaxşı olacaq.

- III mərhələdə rəqibiniz "Hayduk" olacaq. Rəqib barədə nə düşünürsünüz?

- Onların bugünkü matçını izlədim. Digər rəqibdən daha yaxşı idi. Tarixi bir klubdur. Dünya futbolunda yeri olan bir ölkənin komandasıdır. Diqqət etməliyik. Pandemiya dönəmində hər şey ola bilər. Bizim ilk hədəfimiz qrupa vəsiqə qazanmaqdır. Sonda bizə göstərilən qardaş münasibətə görə hər kəsə təşəkkür edirəm.

 





17.09.2020    çap et  çap et