525.Az

Aqrar sahədə kooperativlərin qurulmasının hansı faydaları var? - Müsahibə


 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ŞÖBƏ MÜDİRİ ARAZ İSMAYILOV: "XARİCİ BAZARA ÇIXIŞ TƏMİN ETMƏK ÜÇÜN ƏN OPTİMAL YOL KOOPERATİVLƏRİ İNKİŞAF ETDİRMƏKDƏN KEÇİR"

Aqrar sahədə kooperativlərin qurulmasının hansı faydaları var? - <b style="color:red">Müsahibə</b>

Artıq bir müddətdir, hər həftə "Fermer" rubrikasında kənd təsərrüfatı sahəsində özünə şəxsi biznes quran bir müsahiblə sizlərin görüşünə gəlməyə çalışırıq.

Onlarla söhbətimizdə təsərrüfatlarını necə qurduqları, necə idarə etdikləri, bu işin çətinlikləri və qazancı barədə söz açırıq. Bu müsahibələrin məqsədi həm dövlətin kənd təsərrüfatı sahəsinə ayırdığı diqqət və qayğıya dəstək vermək, həm də bu sahədə insanların maariflənməsinə xidmət etməkdir.

Kənd təsərrüfatı həqiqətən bərəkətli, gəlirli sahədir. Əgər işi düzgün qurursansa, zəhmətin az, qazancın da çox olur. Aqrar sahədə iş yükünü azaldıb, qazancı optimallaşdırmağın yollarından biri və ən əlverişlisi də bu sahədə kooperativlərin yaradılmasıdır. Amma insanların əksəriyyəti ya bir-birinə güvənmədikləri, ya da bu sahədə lazımi məlumata sahib olmayıb nümunələrlə qarşılaşmadıqları üçün kooperativlərin qurulmasına o qədər də maraq göstərmirlər. Ona görə də Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılovla söhbətimizdə aqrar sahədə kooperativlərin qurulmasının faydalarından danışmaq qərarına gəldik.  

***

- Araz müəllim, əvvəlcə kooperativ quruluşunun nə olduğu və onun faydaları haqqında məlumat verməyinizi xahiş edirik.

- Kooperativ birgə təsərrüfatçılıq formasıdır. Aqrar sektorun inkişafının effektivliyinin təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən biridir. Kənd təsərrüfatı sahəsində kiçik əmtəə istehsalından rəqabət qabiliyyətli məhsul istehsalına keçmək, innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazara çıxışı təmin etmək üçün ən optimal yol kooperativləri inkişaf etdirməkdən keçir.

Kooperativlərin yaradılmasında başlıca məqsəd, ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli şəkildə bəhrələnməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək, məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperatv üzvlərinin iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.

- Kənd təsərrüfatı kooperativlərinin başlıca üstünlükləri deyəndə nə nəzərdə tutulur? Bu iş sahibkarlar üçün nə dərəcədə riskli, nə dərəcədə gəlirlidir?

- Kənd təsərrüfatı kooperativlərinin üstünlüklərini sıralasaq, belə bir mənzərə ortaya çıxar. Əvvəla, kənd təsərrüfatı kooperativlərinin üzvlərinin gəliri daha çox, xərci isə daha azdır. Çünki xərclər və risklər bir neçə subyektə bölünür. İkincisi, kooperativlər, dövriyyə vəsaitlərinin daha rasional və səmərəli şəkildə istifadə olunmasına imkan verir.  Üçüncüsü, kənd təsərrüfatı məhsullarının vahid mərkəzdən satın alınmasında kooperativlər daha önəmli rol oynayırlar. Dördüncüsü, kooperativlər kənd təsərrüfatı istehsalçılarının sabit bazara və birlik kimi kredit qabiliyyətli hesab edildiyi üçün maliyyə çıxışlarına əlçatarlılığını təmin edir.

Həmçinin, zəruri aqrokimyəvi vasitələrin və toxumların satın alınması zamanı güzəştli qiymətin tətbiqi, ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri və müasir standartlara cavab verən texnikalarla təmin olunmaq imkanları yaranır.

- Araz müəllim, indiyəcən belə kooperativlər qurulubmu? Qurulubsa, hansı bölgələrimizdə?

- "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə pilot olaraq Sabirabad rayonunda 133 ailənin 850 hektarlıq pay torpaqlarından ibarət "Birlik", 231 ailənin 730 hektarlıq pay torpaqlarından ibarət "Axısxalılar" və Qax rayonunda 96 ailənin pay torpaqlarından ibarət 350 hektarlıq "Atababa Fındıq" istehsal kooperativləri yaradılıb. Yenə 2019-cu ildə Samux rayonunun Füzuli kəndində 420 ailənin 70 hektarlıq pay torpaqlarını əhatə edən "Bərəkət" Tərəvəz Toxumçuluq Kooperativi, Saatlı rayonunun Sarıcalar kəndində 270 ailənin 300 hektarlıq pay torpaqlarından ibarət əkinçilik üzrə "Bolluq" İstehsal Kooperativi və Quba rayonunun İsnov Qışlaq kəndində 6 hektar ərazidə 15 ailəni birləşdirən heyvandarlıq üzrə "Qızıl Alma" İstehsal-İstehlak Kooperativi yaradılıb. 2020-ci ilin əvvəllərində Ağsu rayonunda taxılçılıq üzrə 1950 hektar ərazidə "Sünbül" İstehsal Kooperativi, Cəlilabad rayonunun Kazımabad və Qarazəncir kəndlərində, Göytəpə qəsəbəsi və Cəlilabad şəhərində yaşayan 25 ailənin 220 hektar pay torpaqlarında "Cəlilabad İstehsal Kooperativi" yaradılıb.

- Hazırda kənd təsərrüfatı ilə məşğul olan insanlarda kooperativlərə maraq yaratmaq üçün dövlət tərəfindən hansı subsidiya forması tətbiq edilir?

- Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası"na uyğun olaraq 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkməyə görə kənd təsərrüfatı kooperativlərinə güzəşt olaraq 10 faiz artırılmaqla əkin subsidiyası tətbiq edilib. Bu da əlbəttə ki, kənd təsərrüfatı kooperativlərinin fəaliyyətlərini daha da stimullaşdıracaq.

- Yəqin, bu kooperativlərdə zaman-zaman müəyyən problemlər də yaranır? Bunlar hansı problemlərdir və vaxtı-vaxtında öz həllini tapa bilirmi?

- Bəli, olur və o problemlərin həlli istiqamətlərində işlər görülür. Buna misal olaraq, Sabirabad rayonunda fəaliyyət göstərən "Birlik" İstehsal Kooperativinin Beşdəli və Yaxadəllək ərazilərində görülən işləri göstərə bilərik. Bir tərəfli olaraq 41 km drenaj xəttinin qazılması həyata keçirilmiş,1 ədəd su nasos stansiyası quraşdırılmışdır. Həmçinin, Aqrolizinq ASC tərəfindən 90 hektar şum işlərinin aparılması üçün güzəştli şərtlərlə traktorllar ayrılmışdır. Suvarma problemlərinin aradan qaldırılması məqsədilə Nazirlik tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC-yə olan müraciəti nəticəsində Kür çayının Şirvan SES-in yerləşdiyi Muğan ərazisindən kooperativin ərazisində yerləşən beton kanala su verilməsi təmin olunmuşdur.

Həmçinin, Sabirabad rayonunda fəaliyyət göstərən "Axısxalılar" Toxum İstehsal Kooperativin ərazisində yerləşən 4 ədəd su nasosu təmir olunmuş, Aqrolizinq tərəfindən 150 hektar şum işlərinin aparılması üçün güzəştli şərtlərlə traktorllar ayrılmışdır. Kooperativin 150 hektar ərazidə əkmiş olduğu qarğıdalı satışının həyata keçirilməsi ilə Aqrar Tədarük və Təchizat ASC ilə danışıqlar aparılmışdır.

Bundan başqa, Qax rayonunda fəaliyyət göstərən "Atababa" Fındıq İstehsal Kooperativində fındıq ağacları üçün güzəştli şərtlərlə bitki mühafizə vasitələri ilə təmin olunmuş, su kanallarının su ilə rahat axınını təmin etmək məqsədi ilə 4 km uzunluqda kanalı müxtəlif qarışıq tullantılardan təmizlənmişdir.

Bütün bu işlər Saatlı, Quba, Qobustan, Şamaxı, Qax, Cəlilabad rayonlarındakı koperativlər üçün də görülüb, insanların su, əkin sahəsi və texnika problemləri həll olunub. Qeyd edək ki, bu kooperativlər təkcə əkinçiliklə bağlı deyil, həm də maldarlıqla, arıçılıqla bağlı bir çox rayonlarımızda kooperativlər yaradılıb və onlarda işin düzgün təşkili üçün müəyyən yardımlar edilib.

- Rayonlarda kooperativlərin sayının artmasının, həm kənd təsərrüfatı ilə məşğul olanlar, həm də dövlət üçün hansı faydaları var?

- Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi, onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcək. Torpaq və digər əmlakın birləşdirilməsi ilə kooperativ təsərrüfatın yaranması isə fermerlərə öz aralarında fəaliyyət bölgüsü aparmağa imkan verəcək. Həmçinin iri investisiya layihələrinin tətbiqinə, mövcud texnikadan qarşılıqlı istifadə edilməsinə, yeni texnikaların alınmasına, bank ödənişlərinin vaxtında həyata keçirilməsinə imkan yaradacaq. Bu da daha çox və daha səmərəli məhsul əldə etmək deməkdir. Bu, əlbəttə ki, həm istehsalatın artımına xidmət edir, həm də kooperativə qoşulan hər bir təsərrüfatçının iş yükünü azaldır və asanlaşdırır.

- Gələcəkdə yenə bu cür kooperativlərin qurulması nəzərdə tutulurmu? Bu kooperativlər hansı bölgələrdə, hansı təsərrüfat sahələrini əhatə edəcək?

- Bəli, ilin sonuna qədər müxtəlif təsərrüfat sahələri üzrə yeni kooperativlərin yaradılması nəzərdə tutulub. Onlardan, Cəlilabad rayonunda çiyələk istehsalı üzrə, Lənkəran rayonunda çəltikçilik və çayçılıq üzrə, Xaçmaz rayonunda gilas istehsalı üzrə, Bərdə və Ağcabədi rayonlarında pambıq istehsalı üzrə, Göyçay rayonunda xurma istehsalı üzrə, Zaqatala rayonunda çay istehsalı üzrə, Astara rayonunda sitrus meyvəçiliyi üzrə, Hacıqabul və Ağdaş rayonlarında taxıl istehsalı üzrə kooperativlərin yaradılması nəzərdə tutulub.

Natəvan ABDULLA

 





18.09.2020    çap et  çap et