525.Az

Tükənən və ya israf etdiyimiz enerji - Fidan Malik yazır


 

Tükənən və ya israf etdiyimiz enerji - <b style="color:red">Fidan Malik yazır </b>

Bizim canlı, onunsa texniki vasitə olmasına baxmayaraq, biz və telefonumuz bir-birimizə çox bənzəyirik.

Bir zamanlar uzaq məsafədən naqillər, elektrik enerji vasitəsilə sadəcə, səsləri ötürmək üçün icad edilmiş, bu gün isə çoxşaxəli funksiyaları yerinə yetirən, həyatımızın ayrılmaz hissəsi olan texniki qurğu. Getdiyimiz hər hansı məkanda bir neçə saatdan çox qalası olsaq, ilk növbədə telefonumuzun enerjisinin tükənməsindən ehtiyat edir, artırmaq üçün vasitə axtarırıq. Əsas məqsədimiz telefonun enerjisinin daima 100 faiz olmasıdır. Onun yaddaş kartının vəziyyəti isə bizi çox az halda maraqlandırır. Halbuki bizə maraqlı gələn, həyatımızı yüngülləşdirəcək proqramları, əyləncə və maraq üçün mahnıları, videoları, şəkillərı məhz ora yükləyirik. Bir müddətdən sonra isə telefonumuz artıq "sözə baxmır". Bu yükləmələrdən tez-tez donur, iş funksiyası zəifləyir. Əgər bu texniki vasitə bizə baha başa gəlibsə, atmağa heyfimiz gəlir. Bir daha yaddaşını təzələyir, müasir dillə desək, hətta format edir, istifadə edə bildikcə edir və nəhayət, tamamilə istifadəyə yararsız vəziyyətə gəldikdə onu lazımsız bir əşya kimi ya zibilliyə atır, ya da evdəki şkafın gözlərindən birinə qoyur və varlığını unuduruq.

Özümüzü bir anlıq telefonumuzun yerində təsəvvür etsək, ondan bir fərqimiz olmadığını görərik.

Son zamanlar tez-tez eşitdiyimiz və özümüzün də dilə gətirdiyimiz şikayətlərdir - heç nəyə həvəsim yoxdur, gücüm, enerjim tükənib. Sözsüz ki, uzun çəkən hər hansı xəstəlik və ya yaşanan hər hansı travma sonrası depressiv vəziyyətdən söz getmir. Bu halda işini mükəmməl bilən həkimin müdaxiləsi mütləqdir. Bu halları istisna etsək, normal vəziyyətdə gücümüzün tükənməsi onu düzgün sərf etməməyimizdən irəli gəlir.

Bəs bizim enerjimiz hara sərf olunur? Daha doğrusu, biz onu necə israf edirik?

Məsələn, yarımçıq qalmış ideyalarımız və ya istəklərimiz. Hər dəfə nə üçünsə plan qurduqda və onu tamamlamadıqda, o, beyinaltı yaddaşımızda yarımçıq bir proses kimi qalır. Bu, "bağlanmamış qeştalt" adlanır.

Qeştalt - bizim hər hansı tələbatımız zamanı yaranan yaradıcı düşüncəmizdir. Məsələn, biz yemək istəyirik. Aclıq istəyimizi dərk etdiyimiz an qeştalt formalşır: biz nə yeyə biləcəyimiz və ya yemək istədiklərimiz haqqında düşünürük. Ağlımıza müxtəlif yeməklərin obrazı gəlir və bu bədənimizdə bəzi hisslərin baş qaldırması ilə müşayət olunur. Beləcə, yeməklə bağlı planlar qururuq, imkan daxilində istədiyimiz yeməyi tapıb yeyirik. Bütün bu proses qeştaltın formalaşması və bağlanmasıdır.

Qeştalt bağlanmadıqda, həmin an heç nə ilə ifadə olunmasa da, lazımından artıq enerjimizi alır və beyinaltı yaddaşımızda yarımçıq bir proses kimi qalır. Odur ki, beynimizi yarım qalmış fikirlərlə yükləməməli, başladığımız ideyanı tamamlamalıyıq.

Tamamlanmamış ideyalarımızdan başqa da enerji tükədicilərimiz var. Məsələn, özünə və başqalarına yalan danışmaq. Yalan danışmaq yaddaşı çox zəiflədir. Çünki daima yanılmamaq, səhv buraxmamaq üçün yanlış informasiyalarla beynimizi yükləyirik ki, bu da həmçinin çox böyük enerji sərfidir. Buna görə də ilk növbədə özünü və başqalarını aldatmaqdan, eləcə də olmadığımız bir obrazı yaratmaqdan uzaq olmalıyıq.

İncikliklər, özünə qapanmalar, özünü hər kəsdən izolyasiya etmənin başqa formaları da enerji israfıdır. Biz bəzən kimdənsə inciyirik. Bəlkə də, qarşı tərəfin çox önəm vermədiyi və çoxdan unutduğu söhbət, mübahisə və ya hadisə haqqında saatlarla, günlərlə düşünür, götür-qoy edir, incik gəzir və zamanla özümüzə qapanırıq.

İzolyasiya zamanı insan zəifləyir. Çünki bizim orqanizmimiz açıq bioloji sistemdir. Başqalarıyla ünsiyyət, təmas, inkişaf, yerdəyişmə bizim üçün həyati vacib proseslərdir.

Qorxu, etibar etməmək, lazımsız narazılıqlar, hətta düşmanlıqlar. Dava, döyüş zamanı orqanizm dalaşmaq, çətinə düşdükdə isə qaçmaq istəyir. Bu vəziyyət isə insanı mənəvi olaraq tükədir.

Yüksək dərəcədə fiziki və emosional yükləmələr. İnformasiya çoxluğu. Təsir edə bilməyəcəyimiz məsələlər üçün lazımsız narahatlıq.

Yuxusuzluq və yetərsiz yuxu. Oyandıqda isə yuxudan doymamaq hissi.

Yuxulamaq və dincəldikdən sonra rahatlıq hissi orqanizmi bərpa edən vacib amillərdəndir. Rahat və tam yuxu ilə orqanizm bərpa olunur, daxili narahatlıqlar dəf edilir, yeni günə adaptasiya hissini gücləndirir. Bədən bütünlüklə yenilənir.

Çox yemək, daha doğrusu, normadan artıq yemək, spirtli içkilər, nikotin intoksikasiyası. Bunların istifadəsi zamanı daxili orqanlar, hətta beyin zədələnir, yaddaş zəifləyir, özünə güvən, hörmət, əminlik hissi aşağı düşür.

Kiminləsə uzunmüddətli, lazımsız söhbət, öz-özüylə çək-çevir, nə üçünsə narahatlıq hissi. Bunlar qiymətli enerjimizin lazımsız sərfidir. Odur ki, bu vəziyyətdə susmaq və ya səsli-küylü məkandan uzaqlaşmaq özümüzü daha güclü hiss etməyə kömək edə bilər.

Toksinlər. Toksinlər təkcə qəbul etdiyimiz zərərli qida və ya maddələrdən yaranmır. Bəzən ətrafımızda da toksik insanlar olur. Daha dəqiq desək, mənfi auralı, insanlar. Yəni, daima şikayət edən, aqressiv, bizim özgüvənimizi əzməyə çalışan və s. neqativ xarakterli insanlar da böyük enerji sərfidir.

Ekoloji çirkli mühit insana nəinki fizioloji cəhətdən ciddi ziyan vurur, hətta ruhən də çox yorur. Təsəvvür edin ki, biz hər gün güllü-çiçəkli, səliqəli, xoş ətirli və ya pis qoxulu, natəmiz bir mühitdəyik. Sizcə hansı daha xoş təsir edər?

Hər səhər məcburən, bəyənmədiyimiz işə getmək, ya da istəmədiyimiz ixtisasa, peşəyə yiyələnmək stimullaşma, motivasiya hisslərini öldürməklə yanaşı, həm də bizi mənən əzir, aqressiv və ya məsuliyyətsiz bir insan halına gətirir. Bir müddətdən sonra isə, hətta məcburi belə olsa, bu işlərin öhdəsindən gəlməyə gücümüz qalmır.

Bütün bunlarla yanaşı, bir də qeyri-ciddi, yorucu, narahat münasibətlər də böyük enerji tükədicidir. Bayağı münasibətlər və onların əsarətində qalmaq da insanın psixoloji vəziyyətinə və mənəvi gücünə böyük zərər vuran faktorlardır.

Bütün bunlar bizim telefonumuza yüklədiyimiz və zamanla onu yararsız hala gətirən lazımsız proqramlar, yükləmələrə bənzəyir. Hətta telefonumuzun enerji şkalasının minimumda olduğu zaman istifadəsi daha zərərli olduğu kimi, bizim də enerji gücümüz azaldıqda onu son şkalasına qədər israf etmək, həm psixoloji, həm də fiziki olaraq orqanizmimizə və ətrafdakılara böyük zərər vurur. Çünki bizim bu vəziyyətimizdən əhatəmizdəki insanlar da təsirlənir. Bütün bunlar bizim hər birimizin bildiyi, eyni zamanda, çox tez-tez unutduğu, lakin hər an xatırlamalı olduğumuz məsələlərdir. Təəssüf ki, çox vaxt bir robot olmadığımızı, hətta robotun belə zamanla təmirə, yenilənməyə ehtiyac duyduğunu, sərf etdiyimiz gücün və həyatın əbədi olmadığını, bu həyatın bizə bir əmanət kimi verildiyini unudur, özümüzə asta-asta sui-qəsd etmiş oluruq. Əmanətimizə xəyanət edirik və buna görə də təbiət, kainat bizdən öz qisasını almış olur, biz şkafın bir gözünə atdığımız yarasız telefonumuzun vəziyyətinə düşürük, istər fiziki, istərsə də mənəvi cəhətdən yararsız hala gəlirik.

Halbuki, bizdən tələb olunan sadəcə, sağlam və insanca yaşamaqdır. Çünki bizim yaşadıqlarımızla yaşatdıqlarımız öz növbəsində ətrafa sirayət edir və bumeranq olaraq özümüzə qayıdır.

 





18.09.2020    çap et  çap et