525.Az

Daha 38 dövlət əmlakı hərraca çıxarılacaq


 

Daha 38 dövlət əmlakı hərraca çıxarılacaq <b style="color:red"></b>

Oktyabrın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti dəfə hərrac təşkil edəcək.

Bu barədə "525-ci qəzet"ə nazirlikdən bildirilib.

Məlumata görə, hərraca 38 dövlət əmlakı çıxarılacaq. Bunlardan 23-ü kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 14-ü isə nəqliyyat vasitəsidir.

Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılacaq dövlət əmlakları respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri və istehsal müəssisələridir.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Qeyd edək ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) "Elektron hərrac" bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

 





16.09.2020    çap et  çap et