525.Az

Türkiyə-Azərbaycan münasibətlərinə dair vebinar keçirildi


 

Türkiyə-Azərbaycan münasibətlərinə dair vebinar keçirildi<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə  "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri" adlı vebinar keçirilib.

Türkiyə Xarici İşlər Nazirliyi SAM-ın direktoru Ufuk Ulutaş iki ölkə arasında ruhən dərin bağların olduğunu deyərək bu münasibətlərin strateji, akademik və intellektual səviyyədə də inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu kimi görüşlər bu münasibətlərin daha da irəliləməsinə böyük töhfə verir.

BMTM-in İdarə Heyətinin sədri səfir Fərid Şəfiyev son zamanlar həm bölgədə, həm də Türkiyə ətrafında müəyyən gərgin hadisələrin baş verdiyinə diqqət çəkib. O, iki ölkə arasında əlaqələrin tarixi köklərə malik olduğunu bildirib və ötən gün Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümün qeyd olunduğunu vurğulayıb. Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra əlaqələr yeni mərhələyə qədəm qoyub və "Bir millət, iki dövlət" şüarı altında sürətlə inkişaf edir.

Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran çıxışında Türkiyə-Azərbaycan münasibətlərinin strateji əlaqələrdən əlavə dostluq, qardaşlıq səviyyəsində inkişaf etdiyini bildirib. Nazir müavini deyib ki, hər iki ölkə prezidentlərinin güclü liderliyi ilə əlaqələr sağlam və çoxtərəfli səviyyəyə çatıb. Onun sözlərinə görə, bu gün Azərbaycanın Türkiyədə sərmayəsi 20 milyard, Türkiyənin Azərbaycana qoyduğu sərmayə 11 milyard dollar təşkil edir. O, əlaqələrin inkişafında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, TANAP layihəsinin, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin önəmini xüsusilə qeyd edib. Y.S.Kıran bildirib ki, Türkiyədə qaz yatağının aşkarlanması əlaqələri başqa səviyyəyə çatdıracaq. S.Y.Kıran Cənubi Qafqazın strateji nöqtədə yerləşdiyini bildirib. Onun sözlərinə görə, münaqişələr bölgənin potensialından istifadə etməyə imkan vermir.

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəhbəri, səfir Yönet Can Tezel, BMTM-in şöbə müdiri Cavid Vəliyev də vebinarda çıxış ediblər.

S.QARAYEVA

 





18.09.2020    çap et  çap et