525.Az

Düşmən olmaq sənəti - Aytac Sahədin yazısı


 

Düşmən olmaq sənəti - <b style="color:red">Aytac Sahədin yazısı </b>

Həyat ancaq gözəl günlərdən və yaxşı insanlardan ibarət deyil. Bunun pis günü dostu, düşməni var.

Yaşayacağımız günlər həyatın hədiyyəsidirsə, yaşayacağımız, insanlar bizim öz seçimimizdir. Əlbəttə, həmişə yox. Məsələn, ailəmizi, qohumlarımızı özümüz seçmirik. Amma ailə quracağımız adamı özümüz seçirik. Dostlarımızı da, düşmənlərimizi də onun kimi. Bəli, düşmənlərimizi də. Özü də düşmən seçmək dost seçmək qədər həyatımızda böyük rol oynayır. Deyəcəksiniz ki, düşmən çox vaxt özü bizi seçir. Kimsə sənə pislik edirsə, necə düşmən olmayasan, axı? Məsələ də bundadır. Kimin yanında, kimin qarşısında olacağının ixtiyarı özündə olmalıdır. Bunun üçün də düzgün analiz qabiliyyəti, hər şeyə açıq gözlə baxmaq, qarşındakı adamın səninlə situasiyaya, yoxsa ideologiyaya görə davrandığını təyin etməyi bacarmaq çox önəmlidir. Xüsusilə də sonuncu məsələdə obyektiv ola bilməyənlər tez-tez səhvə yol verirlər. Məsələn, elə adamlar var ki, nə qədər mehriban olmağa çalışsalar da, düşmən olmağa məhkumdurlar. Əqidələri, siyasi baxışları, dini inancları radikal, yaxud bir-birinə tamamilə ziddir. Belə adamların on fikrindən doqquzu üst-üstə düşməyəcək. Bu halda yalandan dost rolunu oynamaq da mənasızdır. Biri də var ki, qarşındakı adam sənin hər hansı bir mövzudakı fikrinlə razılaşmaya bilər. Bu zaman aqressiv reaksiya o insanı itirmək deməkdir. Hamı hamının sevdiyini sevməyə, dediyini deməyə məcbur deyil. Ümumiyyətlə, belə bir şey mümkün deyil. Anlayışlı insan əks arqumentlər eşidəndə bunu şəxsiyyətinə təhqir olaraq görmür, əksinə, deyilənə hörmətlə yanaşır. Ən azından özünü elə göstərir.

Gözüaçıq adamlar həm də harda nəyə göz yummaq lazım olduğunu yaxşı bilirlər. Hissləri ilə hərəkət edib ani qəhrəmanlıqlar etməkdənsə, ağlı ilə hərəkət edib karını hesablayırlar. Söhbət burada xaraktersiz olub hər şeyə göz yummaqdan getmir. Problem yaranmasın deyə, heç nəyə səsini çıxarmayan adamların nəinki düşmən, heç dost kimi də qiyməti olmur. İnsan özünə qarşı necə davranılacağını çox vaxt özü müəyyənləşdirir. Öz davranışları ilə. Əgər kimsə səni qıcıqlandırmaq üçün ayağını dəfələrlə tapdalayırsa, deməli, burada səs çıxarmaq lazımdır. Çünki görməzdən gəlmək yenidən təkrarlanmasına rəvac verməkdir. Səs çıxarmağın da təhəri var. Haqqını müdafiə etməklə "müharibə etmək" eyni şey deyil. Ən xırda şey üçün belə müharibə etməyə hazırlaşmaq insanın özünü yorur.

Bəzi adamların düşmənliyi dostluğundan daha faydalıdır. Çünki belə adamlar bizi sanki ayaqda saxlayır və daha da irəli aparır. Rəqabət inkişafın əsas hərəkətverici qüvvəsidir. Söhbət sağlam rəqabətdən gedir, təbii ki. Yox, əgər siz "ilanın ağına da lənət, qarasına da" deyirsinizsə, bu, başqa məsələ.

Uzun sözün qısası, istəsək də, istəməsək də, bizə əks olan, bizi rəqib sayan insanlar həmişə tapılacaq. Yəni nə qədər sülh tərəfdarı olsanız da, düşmən sarıdan korluq çəkən deyilsiniz. Odur ki, hər qarşınıza çıxan düşmənlə döyüşə girib ordunuzu yormayın. Müharibələrinizi özünüz seçin.

 





19.09.2020    çap et  çap et