525.Az

İranda Azərbaycan dili tədris edilə bilər, bir şərtlə ki... - Müsəllim Həsənovun qeydləri


 

İranda Azərbaycan dili tədris edilə bilər, bir şərtlə ki... - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Tarixçə

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır.

Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525"

***

1946-cı il. İranın baş naziri Stalinlə nələri müzakirə edir?
 

Bilirdinizmi ki, 1946-cı ildə İ.Stalin İranın baş naziri ilə Cənubi Azərbaycan məsələsini müzakirə edib?

Məlum olduğu kimi, faşist Almaniyasının SSRİ-yə hücumundan sonra - 1941-ci ilin avqustunda sovet qoşunları İrana yeridilir. Həmin ilin noyabrında S.C.Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökuməti yaradılır.

Təbii ki, müharibənin qurtarmasına baxmayaraq, sovet qoşunlarının İranda qalması və ölkənin şimalında azərbaycanlıların Milli Hökumət yaratması İran rəhbərliyini ciddi narahat edir. Ona görə də 1946-cı ilin yanvarında İranın baş naziri seçilən Qəvvam Əs-Səltənə bu problemləri həll etmək üçün Moskvaya İosif Stalinlə rəsmi görüşə gəlir. 

Həmin görüşün Moskva arxivlərindən birində saxlanılan stenoqramından məxfilik qrifi götürüldüyü üçün biz həmin stenoqrama əsaslanırıq.

1946-cı il fevralın 21-də axşam saat 9-da İ.Stalin Qəvvam Əs-Səltənəni qəbul edir.

Qəvvam Stalinə bildirir ki, "mən diplomat deyiləm, ona görə də səmimi və açıq danışmaq istəyirəm", Moskvaya iki problemi həll etmək üçün gəlmişəm.

Birincisi, sovet qoşunlarının İrandan çıxarılması xahişidir.

Qəvvam xatırladır ki, Məclisdə (parlamentdə) tərəfdarlarım azdır, mövqeyimi möhkəmləndirmək üçün yeni seçkilər keçirməliyəm. Ancaq sovet qoşunları İranı tərk etməyincə seçkilər keçirmək mümkün deyil.

Qəvvam bildirir ki, müzakirə etmək istədiyim ikinci məsələ Azərbaycan məsələsidir...

Baş nazir İranın ərazi bütövlüyünün saxlanılması şərtilə bu işdə Sovet İttifaqından kömək istəyir.

İ.Stalin Qəvvam Əs-Səltənəni diqqətlə dinləyir və fikrə gedir... 

İ.Stalin: "Biz Bakısız yaşaya bilməzdik" 

Bilirdinizmi ki, Stalin İranın baş naziri Qəvvam Əs-Səltənəyə 1921-ci ildə "biz Bakısız yaşaya bilməzdik" deyib?

İ.Stalin Qəvvam Əs-Səltənəyə sovet qoşunlarının İrana 1921-ci il müqaviləsinə əsasən yeridildiyini xatırladır. Bu müqavilənin isə iki səbəbdən imzalandığını yada salır: "Birincisi, sovet Rusiyası təsir zonasından imtina etdi, ona məxsus əmlakı, dəmir yollarını və s. İrana verdi. Bu, ondan ötrü edildi ki, Bakını müdafiə edə bilək, biz Bakısız yaşaya bilməzdik".

İkinci səbəb ondan ibarət idi ki, biz yaxşı bilirdik ki, Versal müqaviləsi bağlanarkən İran nümayəndə heyəti bəyanat verərək Dərbəndin, Teymurxan-Şuranın, Rusiya Ermənistanının, Azərbaycanın və Xəzərin o tayındakı ərazilərin (Orta Asiya - M.H.) İrana birləşdirilməsini tələb etmişdi. Bu, İranın Sovet Rusiyasına qarşı ciddi aqressiv istəyi idi.

Bundan sonra Stalin İranın şimalında hollandlar və amerikanlar tərəfindən neft çıxarılması məsələsinə toxunur və birbaşa etirazını bildirir: "İran neft konsessiyasını üçüncü ölkələrə verməli deyil, onu Sovet İttifaqına verməlidir".

Onda hələ sovet qoşunları İranda idi və Stalin əminliklə danışa bilirdi...

Daha sonra Stalin deyir: "İran Azərbaycanının müxtariyyət məsələsi İranın daxili işidir. Əgər Qəvvam mənim məsləhətimi və köməyimi istəyirsə, vicdanla danışsaq, azərbaycanlılara nəsə vermək lazımdır. İndi başqa zamandır. Separatizmin qarşısını muxtariyyətlə almaq olar.

... İran azərbaycanlıları görür ki, Sovet Azərbaycanının məktəbləri, məhkəmələri var. Bu, onlarda təbii istək yaradır ki, bu şeylər onlarda da olsun. Muxtariyyət İrana heç bir təhlükə yaratmır. Hər şey İrana məxsus olacaq". 

Cənubi Azərbaycanda muxtariyyət məsələsinə iki baxış 

Bilirdinizmi ki, İ.Stalin həmin görüşdə əgər cənubdakı "Azərbaycanlılar SSRİ-yə birləşmək xahişi ilə müraciət etsələr, onlara bu məsələdə etiraz olunacaq" deyib?

İ.Stalin Qəvvam Əs-Səltənəyə Azərbaycana (Cənubi Azərbaycana) muxtariyyət verməyin daha düzgün olduğunu xatırladır və deyir: "Bir halda ki məsləhət istədiniz, əlbəttə, bu, mənim məsləhətimdir. Razılaşmaq, ya razılaşmamaq Qəvvamın öz işidir. Hesab edirəm ki, azərbaycanlıları sakitləşdirmək üçün nəsə vermək lazımdır".

Qəvvam muxtariyyət təklifi ilə razılaşmır, bildirir ki, oxşar hərəkat başqa yaşayış məntəqələrində də başlayar və İranın dağılmasına səbəb ola bilər.

Stalin xatırladır ki, vaxtilə Gürcüstan və Ermənistan sovet Rusiyasından ayrılmaq istəyirdilər, onalara güzəşt edildi, indi çıxmaq istəmirlər. Muxtariyyət separatizmə qarşı vasitədir.

Sonra Stalin Baş nazirdən soruşur ki, daha kim muxtariyyət istəyər? Kürdlər? Daha kimlər?

Stalin əlavə edir ki, nəsə vermək lazımdır, İran nəticədə daha da möhkəmlənər.

Qəvvam soruşur ki, hər əyalət muxtariyyət istəsə, İran necə möhkəmlənə bilər?

Stalin bildirir ki, ruslar İranın möhkəmlənməsini istəyir, biz İran azərbaycanının ayrılmasını istəmirik. Hətta əgər azərbaycanlılar SSRİ-yə birləşmək xahişi ilə müraciət etsələr, onlara bu məsələdə etiraz olunacaq.

Qəvvam Stalindən xahiş edir ki, İrana himayədarlıq etsin, amma "muxtariyyət" sözü olmasın...

Bəs Azərbaycan Milli Hökumətinin taleyi necə olsun? 

Stalin: “Azərbaycanlılar həddini aşıblar”  

Bilirdinizmi ki, İ.Stalin İranın baş nazirinə Cənubda yaşayan "Azərbaycanlılara güzəştə getmək lazımdır" təklifini verib?

İranın baş naziri Stalinlə görüşdə İran Azərbaycanında yaradılmış Azərbaycan Milli Hökuməti ilə bağlı müzakirəni davam etdirir.

Baş nazir bildirir ki, biz İran Azərbaycanına ordakı hökumətlə (S.C.Pişəvərinin rəhbərlik etdiyi Milli hökumət nəzərdə tutulur - M.H.) danışıq aparmaq üçün xüsusi missiya göndərmək istəyirik. Mən hazıram ki, orda bəzi islahatlar aparım, amnistiya elan edim, azərbaycanlılar təqib olunmasın, "muxtariyyət" söhbəti yığışdırılsın, nazirliklər ləğv edilsin, Azərbaycana öz daxili işləri ilə məşğul olmaq imkanı yaradılsın.

Qəvvam Stalinə deyir ki, İran konstitusiyasında muxtar qurumlar nəzərdə tutulmur. Amma indi azərbaycanlılar öz nazirliklərini yaradıblar, nazirləri var.

Stalin: Azərbaycanlıların hərbi naziri var?

Qəvvam təsdiq cavabı verir.

Stalin: Xarici İşlər naziri də var?

Qəvvam: Belə çıxır ki, onların Xarici İşlər naziri də var...

Stalin: Azərbaycanlılar həddini aşıblar. Bu, muxtariyyət deyil. Onların hərbi naziri, xarici ticarət naziri və xarici işlər naziri olmamalıdır.

Qəvvam təklif edir ki, nazirliklər ləğv edilsin, "muxtariyyət" sözü də işlənilməsin.

Stalin soruşur ki, bəs dil məsələsi necə olsun?

Qəvvam cavab verir ki, Azərbaycan dili İran Azərbaycanında yaşayan əhalinin doğma dili deyil, burda məskunlaşan Səlcuq işğalçılarının dilidir. İndi azərbaycanlılar İran hökumətinə, Tehrana məktubları Azərbaycan dilində yazırlar, bu dili isə tehranlılar başa düşmür, ona görə də xüsusi tərcüməçilər saxlamaq lazım gəlir.

Qəvvam Stalinə özünü onun yerinə qoymağı təklif edir. Deyir ki, Azərbaycanda mülküm var, onu idarə edən mənə məktubu Azərbaycan dilində yazır. Mən onu necə oxuyum?

Stalin: Bu, şəxsi məsələdir, sənin mülkünü idarə edən fransız da ola bilər...

Qəvvam bildirir ki, azərbaycanlıların öz dili yoxdur...

Stalin: Əvvəllər Rusiyada da deyirdilər ki, belorusların və ukraynalıların öz dili yoxdur, onların dili də rus dilidir. Lakin onlara güzəştə gedildi, indi ukraynalıların da, belorusların da öz dili var, baxmayaraq ki, onların slavyan kimi öz aralarında ümumi olan çox şeyləri var. Bu baxımdan azərbaycanlılara güzəştə getmək lazımdır.

Qəvvam Gilan hadisələrini xatırladır və Azərbaycan Milli Hökuməti ilə bağlı Stalindən bir xahiş edir... 

İranda Azərbaycan dili tədris edilə bilər, bir şərtlə ki... 

Bilirdinizmi ki, İranın baş naziri İ.Stalindən Cənubi Azərbaycanda yaradılmış Milli Hökumətə məsləhət verməsini xahiş edib?

Stalinlə görüşdə söhbət İranda yaşayan azərbaycanlıların dil məsələsindən düşür və Qəvvam orda yaşayan əhalinin Tehrana məktubları Azərbaycan dilində yazmasından narahatlığını bildirir.

Qəvvam Stalinə: Türkmənistan hökuməti Moskvaya məktubu hansı dildə yazır?

Stalin: Rus dilində yazırlar, amma respublikada ziyalılar, fəhlələr, qadınlar türkmən dilində danışır. Məktəblərdə rus dili keçilir və respublikalar arasında əlaqəyə xidmət edir... 

Qəvvam bundan sonra məktəblərdə Azərbaycan dilinin tədrisinə razılıq verəcəyini bildirir, amma yazışmaların Azərbaycan dilində aparılmasına etiraz edir...

Stalin: Yazışmanın Azərbaycan dilində aparılması ağılsızlıqdır.

Stalin daha sonra Qəvvama deyir ki, Azərbaycan məsələsi barədə düşünmək lazımdır və bu barədə əlavə bir dəfə də söhbət etməyimizə ehtiyac var.

Qəvvam Stalinin bu təklifinə başı ilə təsdiq işarəsi verir.

Sonra müzakirə başqa istiqamət alır.

Bir qədər sonra Stalin yenidən Azərbaycan məsələsinə qayıdır: “Milli məsələ indiki zamanda çox ciddi və mürəkkəb məsələdir. Azərbaycan məsələsinin üstündən sadəcə xətt çəkmək olmaz, məsələ çox böyüyüb. Azərbaycan əhalisi indi azadlığı hiss edir və heç nə onların vecinə deyil. Biz bu məsələni fikirləşək, 2-3 gündən sonra ikinci görüşdə danışarıq”.

Qəvvam xatırladır ki, 1921-ci ildə Gilanda da hərəkat başlanmışdı. Onda biz kömək üçün Rusiya səfirinə müraciət etdik, o da gilanlılara barışmağı məsləhət gördü. Bundan sonra Gilana İran qoşunları yeritdik.

Qəvvam xahiş edir ki, Stalin bu dəfə də azərbaycanlılara oxşar məsləhət versin.

Stalin: Gilanla Azərbaycan arasında fərq böyükdür. Azərbaycanda məsələ Gilandan daha ciddidir. Milli məsələ ən kəskin məsələdir. İndi hər yerdə milli hərəkat başlayıb...

Görüşün sonunda Stalin sovet qoşunlarının hələ İranda qalacağını bəyan edir. "SSRİ nə İngiltərədən, nə də Amerikadan qorxur" deyərək, soruşur ki, daha sual qalmadı ki?

Qəvvam "yox" cavabı verir və əlavə edir ki, onun qaldırdığı heç bir problem həll edilmədi...

Stalin bildirir ki, Azərbaycan məsələsinə gəlincə, bu barədə yenə fikirləşmək və bir də söhbət etmək lazımdır...

Hələ Moskvada qalmağa məcbur olan Qəvvam növbəti gün İ.Stalinə məktub göndərir.

Yenə də Azərbaycan məsələsi...

P.S. Materiallar Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivində uzun illər gözdən-könüldən uzaq saxlanılan və "Stalin fondu" kimi tanınan, üzərindən məxfilik qrifi yaxınlarda götürülən 558-ci fondun sənədləri əsasında hazırlanır...

 





19.09.2020    çap et  çap et