525.Az

Dövlətin humanist siyasətinin təzahürü


 

Dövlətin humanist siyasətinin təzahürü<b style="color:red"></b>

4 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Müsavat Partiyasının üzvü Tofiq Yaqublu haqqında məhkəmə qərarı dünən dəyişdirilib. Heç şübhəsiz ki, qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür.

Xatırladaq ki, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, Zeynəb Xanlarova, Anar, Çingiz Abdullayev və digərləri Yaqublu barədə verilmiş hökmün dəyişdirilməsi ilə bağlı müraciət ediblər.

O, təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb.

T.Yaqublu İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib, ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.

Səhhətinin daim həkim nəzarətində saxlanılması üçün Yaqublu istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda, xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb.

T.Yaqublunun sağlıq durumunda problem yaranmaması üçün önun özünün və həkimi Adil Qeybullanın təklifi ilə "City Hospital"da müalicəsi davam etdirilib.

Bundan əlavə, TƏBİB-in rəsmi şəxsləri və həkimləri, pentensiar xidmətin əməkdaşları xəstəxanada T.Yaqublunun yanında olublar və onun səhhətini nəzarətdə saxlayıblar.

Ölkənin əsas KİV-ləri, sosial şəbəkə istifadəçiləri QHT və siyasi partiya nümayəndələri Yaqublunun vəziyyətinin ağırlaşmasını və hətta ölümünü istəyərək bundan yararlanmağa çalışan radikal müxalifəti, xaricdəki 5-ci kolonu ciddi qınayıb.

Dünən isə məhkəmə T.Yaqublunun sağlıq durumunda ciddi problem yaranmasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirib. Bu, Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir.

Radikal müxalifətin və xaricdəki 5-ci kolonun bu qərarı "qələbə" kimi yozması, bundan sui-istifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi isə bir daha onu göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur. T.Yaqublunun qızı Nigar Həzi, AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar.

Əslində, neftin qiymətinin aşağı düşməsinə, iqtisadiyyatın geriləməsinə sevinənlər, insanların sosial durumunun ağırlaşmasını istəyənlər, koronavirus pandemiyasının geniş yayılmasını arzulayanlardən bundan artıq münasibət gözləmək mümkün deyil.

T.Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir. Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur.

Mövzunu şərh edən millət vəkili Hikmət Babaoğlu hesab edir ki, Tofiq Yaqublu barədə qərarın dəyişdirilməsi bir daha Azərbaycan dövlətinin ənənəvi olaraq hüquqi imkanlar daxilində humanist siyasətin təminində maraqlı göstərdi. Bu isə o deməkdir ki, hər bir vətəndaşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətlidir.

Deputat əlavə edib ki, məhkəmə hökmündən bəri davam edən hüquqi prosedurlar paralel olaraq həm də ictimai-siyasi müstəviyə də transfer edildi və əslində, ciddi şəkildə istismara məruz qaldı:

"Bunu edənlər Tofiq Yaqublunun azad edilməsini istəyənlər kimi görünsələr də heç də əsl məqsədləri bu deyildir. Çünki onları vətəndaşımızın həbsindən, sağlamlığından, azadlığından daha çox şəxsi siyasi çıxarları maraqlandırırdı və axıra qədər də bu mövqelərindən əl çəkmədilər. Bax ictimai vicdanı ağrıdan da elə budur. Ancaq bu marginal qruplardan fərqli olar xeyli sayda ziyalılarımız, millət vəkillərimiz, yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçiləri də var idi ki, onlar hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək dövlətimizin Tofiq Yaqublu üçün istisna hümanist mövqe ortaya qoymasını xahiş edirdilər. Tofiq Yaqublunun azadlığa çıxmasını həqiqi istəyənlər də onlar idi. Hüquq sistemimiz bütün nüansları nəzərə alaraq ölkəmizdə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni humanist qərar qəbul etdi və bu qərar hamımız tərəfindən alqışlanır".

H.Babaoğlu təəssüflə bildirib ki, hadisəni istismar edənlər yenə də guya yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər:

"Beləliklə də, həm dövlətimizin ədalətini, həm hüquqi sistemimizin humanizmini gözdən salmağa çalışırlar. Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki, Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu, yüksək qiymətləndirilməli hadisədir".

 





20.09.2020    çap et  çap et