525.Az

Mədəniyyət sahəsində yeni çağırışların konseptual ifadəsi


 

NAZİR VƏZİFƏSİNİ İCRA EDƏN ANAR KƏRİMOVUN PARLAMENTİN MÜVAFİQ KOMİTƏSİNDƏKİ ÇIXIŞI BU İSTİQAMƏTDƏKİ İSLAHATLARA ƏTRAFLI AYDINLIQ GƏTİRDİ

Mədəniyyət sahəsində yeni çağırışların konseptual ifadəsi<b style="color:red"></b>

Ölkəmizdə son zamanlarda aparılan kadr islahatlarından sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olundu və Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası ona tapşırıldı. Bundan öncə Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsini icra edən nazir müavini yeni ad olduğu üçün Azərbaycan ictimaiyyəti onu bir o qədər yaxından tanımır.

"525-ci qəzet" olaraq bununla bağlı, YUNESKO-nun baş ofisinin yerləşdiyi Fransada yaşayan və mədəniyyət sahəsində aktiv fəaliyyət göstərən həmyerlilərimizin A.Kərimovun fəaliyyətinə dair təəssüratlarını oxucularımıza təqdim etmişdik. Eyni zamanda, A.Kərimov gələcək uğurlu işlərindən xəbər verən ilkin addımı da Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti ilə atmışdı. Bununla bağlı da qəzetimiz tanınmış ziyalılardan, mədəniyyət xadimlərindən fikirlər almışdı. 

Onun sentyabrın 17-də Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasının ilk iclasında səsləndirdiyi fikirlər də ictimaiyyətin diqqətini çəkib. Çünki hazırda hər kəsin diqqəti mədəniyyət sahəsində nəzərdə tutulan və bu istiqamətdə baş verəcək dəyişikliklərə yönəlib.

A.Kərimov sözügedən iclasda çıxış edərək mədəniyyət sahəsinin və Nazirliyin qarşısında duran vəzifələrdən söhbət açıb. Son aylarda görülən işlər və Mədəniyyət Nazirliyinin perspektiv planları barədə ətraflı məlumat verərək strateji sahə olan milli mədəniyyətin qorunması və inkişafı, ölkə və dünya miqyasında təbliği və təşviqi, müasir dövrün tələbinə uyğun olaraq gəlir gətirən sahəyə çevrilməsi üçün mütəxəssislərin və vətəndaşların təkliflərinin nəzərə alındığını deyib.

Mədəniyyət Nazirliyinin funksiyasının mədəniyyət siyasətini müəyyən edən və həyata keçirən, strateji və sistemqurucu bir qurum olduğunu vurğulayan Anar Kərimov islahatlara aşağıda göstərilən istiqamətlər üzrə başlandığını diqqətə çatdırıb:

- Yeni Mədəniyyət strategiyasının hazırlanmasının vacibliyini bildirirək burada əsas istiqamətlər və prioritetlərin mədəniyyətin insan və cəmiyyətin inkişafında rolunun gücləndirilməsi, mədəni irsin qorunması və onun inkişafının təmin edilməsi, mədəniyyətdən yumşaq güc kimi ölkəmizin strateji məqsədləri üçün istifadə olunması.

- Mədəniyyət sisteminin hüquqi bazasının təkmilləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, mədəniyyət sahəsində müasir infrastrukturun qurulması, mədəniyyətin məzmununun zənginləşdirilməsi, dayanıqlı maliyyələşmə və iqtisadi modellərin hazırlanması

- Mədəniyyət sahəsində fəaliyyətin yeni yanaşmalarla həyata keçirilməsi, mədəniyyət sahəsinin inkişafı üçün rəqəmsallaşdırma və standartlaşdırmanın həyata keçirilməsi, bu sahədə standartların və nəzarətin təkmilləşdirilməsi, maliyyənin effektiv idarəolunması məqsədilə özəl-dövlət tərəfdaşlıq modellərinin qurulması, yaradıcı sənayenin inkişafı, fəaliyyətin səmərəliliyinin əsas göstəricisi sistemi ilə idarəetmənin və sahənin inkişafı ilə bağlı layihə yönümlü həllərin tətbiqi

- Tarix və mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı ciddi təhlillərin aparılması, dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısının konkret beynəlxalq meyarlara cavab verən formatda tərtib edilməsi, abidələrin müasir texnoloji imkanlar vasitəsilə pasportlaşdırılması, həmçinin, bərpaya ehtiyacı olan abidə və qoruqların mövcud maliyyə imkanları çərçivəsində bərpasının həyata keçirilməsi, habelə, bu prosesə beynəlxalq təşkilatlar və qeyri-dövlət, özəl şirkətlərin də cəlb edilməsi. Özəl sektorun bu sahəyə cəlb edilməsi üçün dövlət tərəfindən münbit şəraitin yaradılması, o cümlədən, vergi güzəştlərinin tətbiq olunması. İşğal edilmiş ərazilərdəki tarix və mədəniyyət abidələrinin mövcud vəziyyəti barədə beynəlxalq müstəvidə təbliğat işinin gücləndirilməsi, tarixi-mədəni irsimizin qorunması məsələsində dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, daha güclü effekt verən vətəndaşlar, araşdırma mərkəzləri və sosial media vasitəsilə edilən müraciətlərdən istifadə edilməsi, bununla bağlı strateji yol xəritəsi hazırlanması

- İqtisadi modellərlə bağlı dövlətin maliyyə və administrativ yükünün azaldılması məqsədilə mövcud imkanlar çərçivəsində sahəvi publik hüquqi şəxslərin yaradılması, mədəniyyət müəssisələrində çalışan  şəxslərin əmək haqlarının çox da yüksək səviyyədə olmadığını nəzərə alaraq, yeni iqtisadi modellərin tətbiqi ilə bu məsələnin həll olunması.

A.Kərimov bildirib ki, mədəniyyət sahəsində yeni strateji istiqamətlər müəyyən edilib və bunun həyata keçirilməsində bəzi problemlərlə üzləşilir: "Bu problemlərin bir çox hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlıdır. Bu, bizə idarəetmənin, iqtisadi modellərin tətbiq edilməsi üçün lazımdır. Sirr deyil ki, mədəniyyət sahəsində çalışan şəxslərin maddi imkanı heç də yüksək səviyyədə deyil. Dəyişikliklər bu sahədə çalışanların əməkhaqqılarına da müsbət təsir edəcək. Bu sahədə Mədəniyyət komitəsinin dəstəyini istərdik. Digər məsələlər şəffaflıqla bağlıdır. Bu sahədə şəffaflıq mütləq təmin olunmalıdır. Bu, səmərəlilik əmsalının artırılması məsələsidir. Həmçinin, infrastruktur və maddi texniki bazanın təkmilləşdirilməsi məsələsi də var. Bunun inkişafı üçün səylər davam etdirilir. İnsan kapitalının gücləndirilməsi sahəsində də problemlər var".

Çıxışda fəxri adların verilməsi prosesinə də toxunularaq deyilib ki, bu sahədə yeniliklər olacaq: "Çünki fəxri adların verilməməsinə görə bəzi şəxslərin Mədəniyyət Nazirliyinə, hətta dövlətə inamı azalıb. Fəxri adların verilməsində bəzi şəxslərin sui-istifadə halları olub. Bu sahədə dəqiq və əvvəlcədən müəyyən edilmiş bir neçə meyar, bu prosesdə qərarverici gizli qurum olacaq. Qərarın gizli olması təklif edilir. Çünki belə olan halda sui-istifadənin qarşısı alınacaq. Fəxri adlar alan insanlar xalq qarşısında öhdəliklər götürməlidirlər. Sovet vaxtında fəxri ad alan şəxslər dövləti tərifləyirdilər. Ancaq biz istərdik onlar xalq qarşısında öhdəlik götürsünlər. Cəmiyyəti həmrəyliyə səsləsinlər".

Göründüyü kimi, A.Kərimovun çıxışında ölkə həyatının mədəniyyət sahəsilə bağlı ən mühüm cəhətlərinin ciddi təhlili və məsələlərə konseptual baxış var. Ümid edirik ki, bütün bunlarla bağlı tezliklə konkret tədbirlərin və effektiv addımların da şahidi olacağıq.

Şahanə MÜŞFİQ

 





20.09.2020    çap et  çap et