525.Az

Belarusda vətəndaş müharibəsi təhlükəsi ehtimalı artır


 

Belarusda vətəndaş müharibəsi təhlükəsi ehtimalı artır<b style="color:red"></b>

Belarusdakı prezident seçkisindən sonra keçirilən etiraz aksiyalarının səngimək əvəzinə, böyüməsi və daha çox siyasi fikir ayrılığının müşahidə olunması bu respublikada vətəndaş qarşıdurması və hətta vətəndaş müharibəsi təhlükəsi yaradır.

Etirazların ilk günləri aşkar hiss olunurdu ki, aksiyalar seçicilərin namizədlərdən birinə - xanım Svetlana Tixanovskaya həmrəylik göstərmək xarakteri daşıyırdısa, indi vəziyyət tamamilə dəyişib. Açıq hiss olunur ki, Belarusda etiraz aksiyalarının mahiyyəti dəyişərək Aleksandr Lukaşenko iqtidarına qarşı yönəlib və siyasi qarşıdurma səviyyəsinə çatıb.  Prezident seçkisindən sonra 40 gündən artıq davam edən etiraz aksiyaları cəmiyyəti faktiki olaraq iki yerə bölüb. Cəmiyyətin bir tərəfində qalib gəldiyini iddia edən və mövqelərini qorumağa çalışan Aleksandr Lukaşenko və onu müdafiə edənlər, digər tərəfində Lukaşenkonun hakimiyyəti altında yaşamaq istəməyən inadkar və fəal təbəqə yer alır. Bu proses dərinləşdikcə tərəflər arasında kompromisin əldə olunması ehtimalı da azalır. Paralel olaraq tərəflər arasında qarşıdurma da sərtləşir və bəzən şiddətli xarakter alır. Bu proses zamanı bir diqqətçəkən məqam da etirazçıların onlara qarşı duran və üzlərində maska olan polislərin kimliyini üzə çıxarmağa çalışmalarıdır. Etiraz aksiyaları zamanı etirazçılar polislərin üzlərindəki maskanı cırmaqla qarşısındakının kimliyini üzə çıxarmağa cəhd göstərirlər. Bu azmış kimi, hakerlər güc strukturlarının on minlərlə əməkdaşının şəxsi məlumatlarını ələ keçiriblər. Bu məlumatların yayılması isə həmin şəxsləri qəzəblənmiş kütlənin hədəfinə çevirib. Etiraz aksiyalarını yönəldən "Nexta" Teleqram kanalında artıq bir neçə polis əməkdaşının şəxsi məlumatları yayılıb. Kanalın yaydığı məlumatda qeyd edilir ki, əgər həftə ərzində zorakılıqlar səngiməsə, o zaman güc strukturlarının on minlərlə əməkdaşının məlumatlarını yaymağa məcbur olacaqlar. Bundan sonra vətəndaş müharibəsinə bir addım qalacaq.

Güc strukturlarının əməkdaşlarının qəddar və qatil obrazlarının yaradılması sıravi asayiş keşikçilərini bərk narahat edir. Onlar cəmiyyətin gözündə düşmən obrazında görünmək istəmirlər. Etirazçılar isə əksinə, polislərin kimliklərini üzə çıxarmağa çalışırlar.

Belarusda vətəndaş qarşıdurması həm də xarici faktorların təsirləri altında artır. Etirazçılara işgəncə verən güc strukturlarının əməkdaşlarının adlarının yer alacağı  "Taraykovski siyahısı" hazırlanır. Aleksandr Taraykovski zorakılıqların ilk qurbanı hesab olunur. Bu arada, prezident Aleksandr Lukaşenkonun Avropa ölkələri tərəfindən təcridi gücləndiyi kimi, müxalifətə verilən dəstək də artır. Litva parlamenti xanım Svetlana Tixanovskayanı Belarusun yeganə qanuni təmsilçisi kimi tanıyıb, Avropa Parlamenti isə Aleksandr Lukaşenkonun legitimliyini tanımaqdan imtina edib. Bu azmış kimi, Avropa Parlamenti Belarusun xarici maliyyə qaynaqları ilə əlaqəsinin tam kəsilməsini də istəyir. Minskin çox ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi indiki vəziyyətdə belə bir addımın atılması Belarusun maliyyə sistemində xaos yarada bilər. Əgər ABŞ-ın rəsmi Minski sərt sanksiyalarla hədələdiyini nəzərə alsaq, Belarusun Avropa tərəfindən də sanksiyaya məruz qalması çox ağır iqtisadi nəticələr doğuracaq. Bu mənada, siyasi gərginliyin yüksək olduğu ölkədə iqtisadi çöküş və maliyyə böhranı da vətəndaş qarşıdurmasını qaçılmaz edən digər faktor ola bilər.

Belarusda vətəndaş qarşıdurmasını gündəmə gətirən digər faktor ayr-ayrı peşə sahiblərinin hakimiyyətə qarşı birliklər yaratmasıdır. İnformasiya texnologiyaları mütəxəssislərinin ardınca elm adamları və idmançılar da iqtidara qarşı birləşiblər.

Aydın görünür ki, Belarus cəmiyyətində qütbləşmə və fikir ayrılığı dərinləşir. Bu isə ölkədə vətəndaş qarşıdurmasının qaçılmaz olması təəssüratını yaradır. Ekspertlər hesab edirlər ki, növbəti həftə Belarusun gələcəyi baxımından çox önəmlidir. Qarşı duran tərəflər arasındakı əsəb savaşı səngiməsə, toqquşma qaçılmaz olacaq.

Bu arada isə Belarus hakimiyyətinin ölkənin Qərb sərhədlərinə nəzarəti gücləndirdiyi və sərhəd-keçid məntəqələrini bağladığı məlum olub. Görünür, rəsmi Minsk də hansısa toqquşmaların qaçılmaz olduğu qənaətindədir. Aleksandr Lukaşenko vəziyyətin gərgin olmasına baxmayaraq, vətəndaş müharibəsinin yolverilməz olduğunu bəyan etsə də, Belarusun belə bir aqibətdən qaçma ehtimalı hər ötən gün daha da azalır.

 





20.09.2020    çap et  çap et