525.Az

Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının onlayn təqdimatı olub


 

Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının onlayn təqdimatı olub<b style="color:red"></b>

AMEA Humanitar Elmlər Bölməsinin və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin təşkilatçılığı ilə Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının onlayn təqdimatı keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA-nın birinci vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin rəhbəri, akademik İsa Həbibbəyli açıb. Akademik diqqətə çatdırıb ki, ölkəmizin müstəqillik qazanması Azərbaycanın dövlət dil siyasətinin yeni əsaslar üzərində qurulmasına və dövlət quruculuğu işində dilin mühüm amil hesab edilməsinə geniş üfüqlər açıb. Dünyanın qədim dillərindən biri olan Azərbaycan dilində hələ XIII əsrdən etibarən yazılı ədəbiyyat nümunələri yaradılıb. Azərbaycan dili türk dilləri, ümumiyyətlə dünya dilləri sırasında özünün zənginliyinə və geniş potensialına görə xüsusi yer tutur. Təsadüfi deyil ki, Azərbaycan dili uzun illər Qafqazda ümumünsiyyət dili statusunda çıxış edib.

Akademik İsa Həbibbəyli keçmiş SSRİ dövründə rejimin sərt maneələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail olduğunu xatırladıb. Vurğulayıb ki, Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan dilinin, ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin geniş spektrdə inkişafına mühüm töhfələr verib.

İsa Həbibbəyli diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.1.4-cü bəndi Milli transliterasiya standartlarının hazırlanması məsələlərini özündə ehtiva edir. Dövlət Proqramının digər bəndi – 6.3.9. Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanmasına həsr olunub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadə Milli Transliterasiya Sisteminin veb-saytını təqdim edib. O, institutun mütəxəssisləri tərəfindən hazırlanan saytın Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının İnternet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə uyğunlaşdırıldığını qeyd edib. S.Məmmədzadə onlayn mühitdə işləyəcək açıq transliterasiya sisteminin Azərbaycan, ingilis, rus, fransız, alman dilləri üçün nəzərdə tutulduğunu söyləyib. Həmçinin onun “Ana səhifə”, “Transliterasiya haqqında”, “Transliterasiya standartları”, “Transliterasiya cədvəlləri”, “Əməkdaşlıq” və “Əlaqə” bölmələrindən ibarət olduğunu diqqətə çatdırıb. Layihənin icrası üçün İşçi qrupun təşkil olunduğunu bildirən məruzəçi beynəlxalq standartlar əsasında transliterasiya sisteminin yaradılması məqsədilə xarici təcrübənin araşdırıldığını, Azərbaycanda transliterasiya sahəsində mövcud vəziyyətin öyrənildiyini qeyd edib. Bildirib ki, transliterasiya cədvəlləri müvafiq sahələrin mütəxəssisləri ilə birlikdə tərtib edilib və bu konvertasiya cədvəlləri vasitəsilə mətnləri Azərbaycan dilindən ingilis, rus, fransız, alman, ispan, fars dillərinə və həmin dillərdən Azərbaycan dilinə transliterasiya etmək mümkündür.

O, veb-saytda mətnlərlə yanaşı, həmçinin qeyd olunan dillərdə fəaliyyət göstərən istənilən veb-saytın transliterasiyasının da mümkün olacağını vurğulayıb: “Bunun üçün istifadəçilər saytın transliterasiyası bölməsinə daxil olaraq transliterasiya etmək istədiyi veb-saytın fəaliyyət göstərdiyi dili, onun ünvanını və transliterasiya olunacaq dili seçməlidir”. Bildirib ki, istifadəçilər veb-saytın forum bölməsinə daxil olmaqla transliterasiya ilə bağlı rəy və təkliflərini təqdim edə biləсəklər.

Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İlham Tahirov qeyd edib ki, Milli Transliterasiya Sistemində Azərbaycan dilinə xas olan mətnlərin 8 xarici dilə transliterasiyası – konvertasiyası həyata keçirilib. Alim ana dilimizdə olan şəxs adlarının, coğrafi adların, toponimlərin əcnəbi dillərə konvertasiyası prosesində qarşıya çıxan çətinliklər, xüsusilə “ə”, “ö”, “ü”, “ğ”, “ç” və “x” hərflərinin transliterasiyasının spesifik xüsusiyyətləri barəsində ətraflı danışıb. O, həmçinin transliterasiya və transkripsiya məsələlərinin qarşılıqlı əlaqəsinə də toxunub.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu orta əsrlərdə ərəb və fars əlifbaları ilə yazılan Azərbaycan dilli əsərlərin, bədii ədəbiyyat nümunələrinin, həmçinin “Molla Nəsrəddin” jurnalının və “Əkinçi” qəzetinin Azərbaycan dilinə transliterasiyası məsələlərinə toxunub.

Akademik Milli Transliterasiya Sisteminin hazırlanmasında iştirak edən dilçi alimlərimizin Türkiyə və Gürcüstanın transliterasiya məsələlərinin həlli sahəsində qazandıqları təcrübəyə müraciət etdiklərini də diqqətə çatdırıb. Vurğulayıb ki, biz bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət dil siyasətinin təntənəsinin şahidiyik.

Dilçilik İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli vurğulayıb ki, Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının hazırlanması Nəsimi Dilçilik və İnformasiya Texnologiyaları institutları ilə yanaşı, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, həmçinin Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin, habelə Perunun ölkəmizdəki səfirliyinin ingilis, alman, fransız, italyan, ispan və fars dilləri üzrə mütəxəssisləri ilə birgə məhsuldar əməyin çox dəyərli bəhrəsidir.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət dil siyasəti sahəsində əldə edilən mühüm nailiyyətlər, bu sahədə müntəzəm olaraq qarşıya qoyulan tapşırıqlar və qəbul edilən sənədlər barəsində danışıb. Qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan dilinin informasiya cəmiyyətinin tələblərinə uyğunlaşdırılması, onun elmi-nəzəri əsaslarının araşdırılması istiqamətində bir sıra mühüm işlər həyata keçirilməkdədir. Akademik Azərbaycan dilinin elektron bazasının formalaşdırılması sahəsində əldə edilən nailiyyətlərdən söz açıb, İnformasiya Texnologiyaları və Nəsimi adına Dilçilik institutlarının alim və mütəxəssislərinin birgə fəaliyyətinin bəhrəsi olan Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının – azerbaycandili.az portalının, Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və terminologiya.az veb-portalının hazırlanıb istifadəyə verildiyini xatırladıb. Qeyd edib ki, Milli Transliterasiya Sistemi və “Transliterasiya” veb-portalı müstəsna əməkdaşlığının daha bir qiymətli bəhrəsidir. Alim milli onomastika sisteminin hazırlanması istiqamətində də işlərə start verildiyini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev vurğulayıb ki, virtual məkan öz növbəsində Azərbaycan dilinə klassik yanaşmadan daha fərqli yanaşmaları – təbii dilin kompüter emalı texnologiyalarının tətbiqi, maşın tərcüməsinin keyfiyyətinin artırılmasını zəruri edir. O, Azərbaycan dilində antiplagiat, antivirus proqramlarının, həmçinin axtarış sistemlərinin hazırlanması, kibercinayətkarlıqla mübarizə sahəsində dilin özünəməxsus mövqeyi, eləcə də adıçəkilən istiqamətlərdə aparılan tədqiqatların transliterasiya ilə sıx əlaqəsi məsələlərinə də toxunub. Azərbaycan dilinin digər dillərə statik transliterasiyası ilə yanaşı, intellektual transliterasiyasına da ehtiyac duyulduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycan dilinin virtual məkanda üzləşdiyi çətinliklərin aradan qaldırılması, Text Mining (mətnlərin intellektual analizi) texnologiyalarının inkişaf etdirilməsi məqsədilə bu gün ölkəmizdə kompüter dilçiliyi sahəsində mütəxəssislərin hazırlanmasına böyük ehtiyac var. R.Əliquliyev .az domenində Azərbaycan dilinin orfoqrafiya qaydalarının üzləşdiyi problemlər – xüsusilə “ə”, “ö”, “ü”, “ğ”, “ç” və “x” hərflərinin transliterasiyası və bu kimi mühüm məsələlər barədə də danışıb.

Tədbirin sonunda qarşıda duran problemlər və vəzifələr haqqında müzakirələr aparılıb.

 





21.09.2020    çap et  çap et