525.Az

Spartalıların fərqli həyat tərzi - Telman Orucovun yazısı


 

Spartalıların fərqli həyat tərzi - <b style="color:red">Telman Orucovun yazısı </b>

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr

(Əvvəli ötən sayımızda)

Qədim yunanlar təbiətin amansız qüvvələrinə qalib gəlmək yollarını aradıqda, elmə müraciət etmiş, könül tüğyanını yatırtmaq üçün teatra, incəsənətə məhz pərəstişə bərabər olan bir hissə sahib olmuşdular. Onlar teatr tamaşalarına baxanda, "katarsis" keçirirdilər, bu da könülün ağır əzablara cavab tapması, yüngülləşdirilməsi, təmizlənməsi mənasını verirdi. Həmin termini Aristotel faciə barədəki təlimində vermişdi. Bu, tamaşaçıların səhnədəkiləri seyr etmək prosesində baş verənlərə ürəkdən yanması idi.

Onlar gözəlliyin ən sadə düsturu olan simmetriyaya, proporsionallığa da ciddi fikir verirdilər və bu, xüsusən arxitektura abidələrində özünü büruzə verir. Parfenonun fasadı forma və proporsiyalılığın möhtəşəm gözəlliyi ilə seçilir.

Yaşayış məkanının relyefinin, landşaftın və iqlimin insan xarakterinə, hisslərinə və şüuruna təsirini antropoloji nəzəriyyələr də təsdiq edir. XVIII əsrin görkəmli fransız mütəfəkkiri Şarl Monteskye özünün "Qanunların ruhu" əsərində iqlimin və landşaftın insanın həyat tərzinə, inancına güclü təsir göstərdiyini əyani misallarla göstərir. Qədim yunanlar təbiətin ecazkar qoynunda, heç də rahat olmayan guşəsində məskunlaşmışdılar, onları ərazinin seysmik aktivliyi də özünün tez-tez qurban tələb etməsiylə narahat edirdi. Lakin bütün sahələrdə qazandıqları nailiyyətlərə görə bu xalqı, bir hissəsi olduğu təbiətin əsl möcüzəsi adlandırsaq, yəqin ki, səhv etmərik.

Erkən tarixdə ərazini məskunlaşdıranlar 

Hindistanın görkəmli siyasi xadimi, 1947-ci ildə ilk baş naziri olmuş Cəvahirləl Nehru qızı İndira Qandiyə dustaqxanalardan yazdığı məktublardan tərtib olunmuş özünün üçcildlik "Ümumdünya tarixinə baxış" əsərində qədim Yunanıstandakı inqilabi sivilizasiya dəyişikliklərini bu əraziyə gəlib çıxmış arilərin fəaliyyəti ilə izah edir. Arilərin Hindistanın şimalından çıxıb dünyaya, Avropaya yayılması güman edilir. Hətta öz fars xalqının ari mənşəli olduğunu nəzərə çarpdırmaq üçün 1935-ci ildə Persiyanın adı dəyişdirilib, farsların yaşadığı ərazinin yunanlardan gəlmiş "ariana" ifadəsinə yaxın olan İran adlandırılmışdı. Hitler isə ariləri yüksək irq səviyyəsinə qaldırmış, slavyanları, yəhudiləri və qaraçıları aşağı irq olduqlarına görə kütləvi surətdə məhv edilmələri üçün belə ağılsız və saxta, əslində, irticaçı bir nəzəri əsas yaratmış və onu həyata keçirməyə başlamışdı. Yunanıstanda arilərin yaşaması və sivilizasiya yaratması barədəki mülahizəyə Avropa ədəbiyyatında rast gəlinmir. Yalnız qədim dövrlərdə burada yaşamış pelasqlardan, axeyalılardan və dorilərdən söhbət gedir. Nehru özü də sonralar bu məsələyə qayıtmamışdı. 1944-cü ildə yenə də əvvəlki kimi həbsxanada yazdığı iki cildlik "Hindistanın kəşfi" əsərində hindarilərdən, arilərin dili olan sanskritdən və bu dildə yazılmış "Riqveda"dan və "Mahabharata"dan geniş söhbət açsa da, arilərin Yunanıstana gəlməsini bir dəfə də olsun qeyd etməmişdir. Həmin əsərdə isə Qədim Yunanıstana da xeyli yer ayrılmışdır.

Qədim Afina demokratiyanı ilk dəfə siyasi quruluşa gətirən şəhər-dövlət hesab olunur, onun vətəndaşları öz iradələrinin diktəsi ilə birbaşa dövlət siyasətinin istilənən xəttinə səs verməklə, onu müəyyən edirdilər. Bu yolla Afina polisi (şəhər-dövləti) uğurla idarə olunurdu. Afinalılar xətaya yol verən ən görkəmli xadimlərini də, onların əvvəlki böyük xidmətlərinə məhəl qoymadan ostrakizmə və ya on il müddətinə sürgünə məhkum edirdilər. Afina vətəndaşı dövlət siyasətində bilavasitə və birbaşa iştirak edirdi. Səs hüququna malik olan 6 min adam dövlətin taleyinə aid olan məsələləri həll etmək yolu ilə, özünün suveren olduğunu həyatda təsdiq edirdi.

Yunanların hər məsələdən ehtirasla yapışdığını Afina və Sparta vətəndaşlarının fərqli qaydada olan timsalında görmək olar. Afinalılar fəlsəfədə, elmdə, arxitekturada, teatrda möcüzələrə xas olan nailiyyətlər qazanmışdılar. Afinanın bəxti onda gətirmişdi ki, bu şəhər çox sayda dahi şəxsiyyətlər yetişdirmişdi, əsrlər, minillər belə onların şöhrətini soldura bilməmişdi. Amerikanlarda belə bir zərb-məsəl vardır ki, "Great minds think alike, though fools seldom differ" - "Böyük ağıllar eyni qaydada düşünürlər, baxmayaraq ki, axmaqlar da bu barədə nadir hallarda fərqlənirlər". Afinada isə böyük ağıllılar olduqca bol idi və onlar öz dövrlərini eyni qaydada şərəfləndirmişdilər.

Spartalılar isə afinalıların həyat tərzini inkar etməklə, hərbi qüdrətə malik olmaq yolunu tutmuşdular və bu sahədə əfsanəvi qəhrəmanlıqları ilə öyünə bilərdilər. Onlar ümumi təhsilə, mədəniyyətin inkişafına əhəmiyyət vermirdilər. İki müxtəlif sahədə bu iki dövlət həsəd aparılmalı, lakin bir-birinə zidd olan nailiyyətlər əldə etmişdilər. Spartalıların seçdikləri həyat tərzi tarixi inkişafa uyğun gəlmədiyindən, bu sistem tez, ya gec iflasa uğramalı idi.

Bütövlükdə, yunan xalqı tarixi inkişafın uzun yolunu keçmişdir. Ən qədim mədəniyyət b.e.ə. III-II minillikdə mövcud olmuş Egey dünyasındakı Krit-Mikena mədəniyyəti idi. Onun əsas abidələri Krit adasında və Mikena şəhər-dövlətinin yerində aşkar edilmişdir. Yüksək inkişaf etmiş mədəniyyət olmaqla, ondan arxitektura inciləri, freska rəngkarlığı nümunələri və yazılar qalmışdır. Onun yaradıcıları Şərqi Aralıq dənizinin ən qədim əhalisi olan pelasqlar idi. Sonralar onları protoyunan tayfaları sıxışdırıb çıxardılar, onlardan ən güclüləri axeyalılar və ionlular idi. Onlar bütün Balkan ərazisini məskunlaşdırdılar. B.e.ə. XII əsrdə isə dorilər gəlib orta və cənubi Yunanıstanı tutdular. Sonrakı XI-VIII əsrlər epoxasını şərti olaraq Homer dövrü adlandırırlar. Çünki həmin dövrdə baş verən hadisələr dahi şairin "İliada" və "Odisseya" əsərlərində təsvir olunur. Poemaların dili isə həmin epoxanın yüksək poeziya üslubunun abidəsi kimi qiymətləndirilir.

Hələ qədim yunanlar Homerin vəsf etdiyi kimi, öz hərbi qüdrətlərini göstərmək, rəqiblərini sıradan çıxarmaq üçün ciddiliyi şübhə doğuran bəhanə ilə Asiya qitəsinə keçmişdilər və Troya şəhər-dövlətini məhv etmişdilər. Sonrakı nəsillər isə Kiçik Asiyanın geniş düzənliklərini görəndə təəccüblənmişdilər, axı öz ölkələrində əkinçiliklə məşğul olmaq üçün olduqca kiçik sahələrə malik idilər. Onlar belə geniş düzənlik ərazilərin mövcudluğunu ağıllarına da gətirə bilməzdilər.

B.e.ə. VII-VI əsrlərdə qədim Yunanıstan özünün gur iqtisadi və mədəni inkişafını yaşadı. Kənd təsərrüfatı və sənətkarlıq ayrıca sahələrə çevrildi. İlk məbədlər tikildi, gəmilər qayırıldı, ticarət inkişaf etməyə başladı, şəhərlər ticarət-sənətkarlıq mərkəzlərinə çevrildilər. İlk dövlətlər sayılan polislərin yaranması baş verdi.

Afina Attika vilayətinin mərkəzi oldu, onun əleyhdarı isə, bütün sahələrdə ona əks olan, Peloponnesin cənub hissəsində yerləşən Sparta idi.  

Spartalıların fərqli həyat tərzi 

Spartalıların məşhur hərbi sənət bacarığı, oğlan uşaqlarının çox ciddi intizama cəlb edilməsi və sərt məşq etdirilməsi hesabına əmələ gəlirdi. Buradan da "Sparta tərbiyəsi" ifadəsi meydana gəlmişdi.

Spartalılarda oğlan uşaqlarının tərbiyəsi tam fərqli idi, onlar 7 yaşından ailələrindən ayrılıb, agellərə (hərfi mənada "sürüyə") verilirdi və orada sərt qaydalar əsasında yaşayır və hərbi qaydada məşq etməklə məşğul olurdular.

Sparta qadınları öz ərlərinə və oğullarına döyüşdə igidlik göstərmək xeyir-duasını verirdilər. Döyüşə gedən oğlanlarına göstəriş tipli "ya qalxanla, ya da qalxan üstündə qayıt", başqa sözlə, "ya qalib kimi, ya da həlak olan kimi qayıt" sözlərini söyləyirdilər. Arxadan yaralanmaqla həlak olanları dəfn etməkdən anaları imtina edirdilər ki, o, geri qaçanda yara almışdır. Sparta qadınlarına onların əxlaq sahəsində tam sərbəstlikləri barədə sual verildikdə, cavab verirdilər ki, "ancaq biz belə igid oğlanlar doğuruq".

B.e.ə. 480-ci ildə Persiya çarı Kserksin komandanlığı altında 200 min nəfərlik ordunun qarşısını son mərhələdə 300 spartalı kəsmişdi. Onların igidlikləri barədə əhvalat əfsanəyə çevrilərək, min illər keçdikdən sonra da ehtiramla xatırlanır. "Axırıncı samuray" filmində yeni,  samuray silkinin ləğv olunması barədəki qanuna qarşı mübarizə aparan bir kəndin əhalisinə qoşulmuş amerikan  mübarizəyə başçılıq edənə spartalıların həmin qəhrəmanlıq əhvalatını danışır. Kiçik bu dəstəyə Sparta çarı Leonid rəhbərlik edirdi. İlk anda onlarla bir yerdə olan 1000 nəfərlik yunan əsgəri sonra döyüş meydanını tərk etmişdi və nəhəng düşmən ordusu qarşısında yalnız spartalılardan ibarət, indiki dillə desək bir rota qalmışdı. Kserks Leonidə qasidlə xəbər göndərmişdi ki, biz o qədər çoxuq ki, nizələrimizi göyə qaldırsaq, günəşin qabağını tutarıq. Leonid spartalılara xas olan bir qaydada ona lakonik cavab vermişdi: "Nə eybi var, kölgədə də vuruşarıq".

Axırıncı, dördüncü döyüş günü başlananda Leonid əsgərlərinin bəzilərinin pərişan olduğunu görüb, bu sözlərlə onları səhər yeməyinə dəvət etdi: "Onsuz da şamı cəhənnəmdə edəcəyik, gəlin yeməyinizi yeyin". Əsgərlərin ruhu yüksəldi və onlar ölüm barədə düşüncələrini kənara atıb, şadyanalıqla və iştahla çörəklərini yedilər.

B.e.ə. IV əsrin əvvəllərində Sirakuza tiranı I Böyük Dionisi Spartaya gələndə onların məşhur şorbasını dadmış, xoşuna gəlmədiyinə görə aşpaza xörəyə ədviyyat qatmaması barədə iradını bildirmişdi. Aşpaz ona cavab vermişdi ki, "Bizim xörəyin ədviyyatı gecə yürüşlərindəki yorğunluğumuz və alın tərimizdir". Tiran da anlamışdı ki, belə qidalananlar, həqiqətən də, ölümdən qorxmamalıdır.

Spartada hər şey hərb sənətinin mənimsənilməsinə tabe edilirdi. Spartalılarda var-dövlət, dəbdəbəli həyat tərzi hərisliyi də yox idi, çar da, sadə adamlar da ümumi ictimai yeməkxanada eyni xörəyi yeyir və söhbət aparırdı. Pul iri dəmir lövhələrdən ibarət idi. Orta bir məbləği öküz arabasında daşımaq olardı və bu pul bir otağı tuturdu. Sparta çarı Likurqun qanununa görə, vətəndaşların ölkədən kənara çıxmasına və əcnəbilərin ölkəyə daxil olmasına icazə verilmirdi ki, pis təsir spartalıların mənəviyyatını poza bilər. 

Yunan koloniyaları. Ellinlər 

Yunanlar başqa ərazilərdə də koloniyalar yaradırdılar. Daha varlı şəhər-dövlətlər Aralıq dənizi və Qara dəniz sahillərində belə yaşayış məntəqələri salırdılar. Dənizçiliyin inkişafı bu proseslərə kömək edirdi. Bir çox koloniyalar yerli xalqlar arasında qədim yunan sivilizasiyasının tarixi mərkəzləri oldu. Koloniyalarda ümumyunan dili yerli dialektləri tədricən sıradan çıxarırdı. Ölkəni məskunlaşdıran xalqın özşüuru onun "ellin" adında ifadə olunurdu. Zaman keçdikcə bütün yunandilli əhali ellin adlanmağa başlandı. Romalılar Cənubi İtaliyanın yerli kolonistlərini də (məsələn, Neapol şəhərinin sakinlərini) bu adla adlandırırdılar.

(Ardı var)

 





21.09.2020    çap et  çap et